Paris-2024 Yay Olimpiya Oyunlarında daha bir yarış günü Azərbaycan idmançıları üçün başa çatdı. Komandamız günü 1 gümüş medalla başa vurdu. Yeganə medalı boks yarışlarında iştirak edən Alfonso Dominqes (92 kq) qazandırdı. Finalda özbəkistanlı Lazizbek Mullojonova məğlub olaraq Paris-2024-ün gümüş medalına sahib çıxdı. Qeyd edək ki, A.Dominqes 1/8 finalda kubalı ikiqat Olimpiya çempionu Xulio Sesar la Krusa, 1/4 finalda Aybek Oralbaya (Qazaxıstan), yarımfinalda isə Enmanuel Reyes Playa (İspaniya) qalib gəlib. Bununla da Tokio-2020-də bürünc medal qazanan Alfonso Dominqes Azərbaycan idman tarixinə iki Olimpiya medalı qazanan ilk boksçu kimi düşdü.
Günün digər uğurlu nəticəsini bədii gimnastika üzrə qrup hərəkətləri komandamız qazandı. Komandamız yenilməz iradəsi, layiqli mübarizəsi və qələbə əzmi nəticəsində Paris-2024 Yay Olimpiya Oyunlarında finala vəsiqə əldə etdi. Azərbaycan təmsilçiləri hakimlərdən topladıqları 62.000 xalla siyahıda 8-ci sırada qərarlaşdı. Onlar bu nəticəni 5 halqa, 3 lent və 2 top proqramları üzrə çıxışlarının hesab cəminə əsasən, yəni çoxnövçülük üzrə əldə ediblər.
Sərbəst güləş yarışlarında isə bu gün daha iki pəhləvanımız - Georgi Meşvildişvili (125 kq) və Turan Bayramov (74 kq) xalça üzərinə çıxıb. Təmsilçilərimizdən G.Meşvildişvili 1/8 finalda misirli Diaeldin Abdelmottalebə, 1/4 finalda isə monqolustanlı Lxaqvaqerel Munxtura qalib gəlsə də yarımfinalda gürcüstanlı Geno Petriaşviliyə 0:7 hesabı ilə məğlub olub. Beləliklə, pəhləvanımız avqustun 10-da üçüncü yer uğrunda görüşə çıxacaq.
Komandamızın digər sərbəst güləşçisi Turan Bayramov isə ilk mərhələdə Albaniya təmsilçisi Çermen Valiyevə uduzaraq Paris-2024-lə erkən vidalaşıb.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına avqustun 11-də yekun vurulacaq.