XXXIII Yay Olimpiya Oyunları çərçivəsində boks yarışlarının son günündə medal qazanan idmançıların mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə ikinci yeri tutan boksçumuz Alfonso Domimqesə (92 kq) Paris-2024-ün gümüş medalı təqdim edilib.
Qeyd edək ki, A.Dominqes 1/8 finalda kubalı ikiqat Olimpiya çempionu Xulio Sesar la Krusa, 1/4 finalda Aybek Oralbaya (Qazaxıstan), yarımfinalda isə Enmanuel Reyes Playa (İspaniya) qalib gəlib. O, finalda özbəkistanlı Lazizbek Mullojonova məğub olaraq Paris-2024-ün gümüş medalına sahib çıxıb.
Alfonso Dominqes bununla da Azərbaycan idman tarixinə iki Olimpiya medalı qazandıran ilk boksçu kimi düşüb.
Buna qədər boks millimizin hesabında 10 medal (2 gümüş və 8 bürünc) yer alır. Tokio-2020-də 81 kq çəkidə bürünc, Paris-2024-də 92 kq çəkidə gümüş qazanan Alfonsodan başqa, 8 boksçumuz fərqlənib. Lorenso Sotomayor (64 kq) Rio-2016-nın gümüş mükafatına yiyələnib. Vüqar Ələkbərov (75 kq) Sidney-2000, Fuad Aslanov (51 kq) və Ağası Məmmədov (54 kq) Afina-2004, Şahin İmranov (57 kq) Pekin-2008, Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) London-2012, Kamran Şahsuvarlı (75 kq) isə Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc medalına sahib çıxıb.
Alfonso Dominqesə Paris-2024-ün gümüş medalı təqdim edildi