Azərbaycan voleybolu: uğur salnaməsinin parlaq səhifəsi

Azərbaycan voleybolu:  uğur salnaməsinin parlaq səhifəsi

Ölkəmizdə bir sıra qədim ənənələrə malik idman növləri var ki, çoxluq tərəfindən sevilir və maraqla izlənilir. Onlardan biri də komanda idman növü olan voleyboldur. Budəfəki sayımızda biz sizə ölkəmizdə bu idman növünün yaranmasından, milli yığmalarımızın və klublarımızın beynəlxalq turnirlərdə əldə etdikləri nəticələrdən danışacağıq.


Tarixə nəzər salsaq, görərik ki, bu idman növü ölkəmizdə ötən əsrin əvvəllərində, daha dəqiq desək, 1926-cı ildə yaranıb. Həmin vaxtdan voleybol respublikamızda yavaş-yavaş öz inkişaf yolunu tapmağa başladı. Ölkəmizdə təzə yaranmasına baxmayaraq, paytaxt sakinləri bu idman növünə hədsiz maraq göstərirdilər. Paytaxtın bəzi rayonlarında fəaliyyət göstərən idman məktəblərində voleybol torları asıldıqdan sonra oğlanlar və qızlar bu oyunla həvəslə məşğul olmağa başladılar. "Dinamo” və "Kommunalnik” cəmiyyətlərində voleybol bölmələri fəaliyyət göstərməyə başladı. İlk voleybol məşqləri "Dəmiryolçular” klubunda, sonra isə "Neftçi” cəmiyyətində təşkil olundu. 1927-ci ildə klublarımızda voleybol üzrə komandalar yarandı və yarışlar keçirildi. Voleybol mütəxəssislərinin sözlərinə görə, həmin dövrlərdə yarışları yaxından izləmək üçün meydançalara çoxlu sayda tamaşaçı gəlirdi. 
Əlbəttə, bu idman növünün daha da inkişaf etdirilməsi üçün müəyyən qədər vaxt lazım idi. Çünki yaxşı oyun göstərmək üçün bəzi lazımi avadanlıqlar hələ ki çatışmırdı. Bu cəhətdən müəyyən işlər də görülürdü. Gənclərin bu idman növü ilə mütəmadi məşğul olmaları üçün voleybol torları və topları alınaraq ölkəyə gətirilirdi. Artıq 6 ildən sonra bu komanda idman növü ölkəmizdə sürətlə inkişaf etməyə başladı. 
Həmin ildən etibarən şəhər birincilikləri təşkil olundu. Yarışlarda "Jeldor”, "Qornyak”, "Kommunalnik”, "Dinamo”, "Moryak”, "AZNİ” kmi komandalar iştirak edirdilər. Qeyd etmək lazımdır ki, həmin dövrlərdə birinciliklərin keçirilməsi özlüyündə mühüm əhəmiyyət kəsb edirdi. Çünki istedadlı voleybolçuların üzə çıxarılması baxmından yarışlar xüsusi önəm daşıyır. Turnirlərdə yüksək oyun nümayiş etdirən oyunçular isə Bakının yığma kollektivlərinin tərkibinə daxil edilirdilər. O dövrdə bəzi voleybolçularımız var idi ki, SSRİ-də kifayət qədər şöhrət qazanmışdılar. Lyoqonki, Pererva, Rusanov, Simakov, Yurasov, Vasilyev, Fomina, Sluçenkova, Savkina və Qaneker kimi idmançılar Bakı voleybolunun ilk nümayəndələri idi. Məlumat üçün bildirək ki, Lyoqonki Bakıda voleybol üzrə ilk idman ustası adını alan idmançıdır. Qadınlardan və kişilərdən ibarət yığma komandalarımız ölkədaxili yarışlarla bərabər, digər turnirlərdə də qüvvələrini sınayırdılar. 1934-cü ildə Tbilisidə Zaqafqaziya respublikaları birinciliyi keçirildi. Hər iki komandamız bu turnirdə mübarizə aparmaq imkanı qazandı. Qadınlardan və kişilərdən ibarət komandalarımız bu yarışlarda qalib gələrək Ümumittifaq oyunlarında iştirak etmək hüququ əldə etdilər. Artıq bunun özü böyük nəticə idi. 
Çünki Ümumittifaq oyunlarında mübarizə aparmaq hər bir komandaya qismət olmurdu. Moskvada keçirilən bu yarışlarda qadınlardan ibarət yığma komandamız gümüş medala layiq görüldü. Nəzərə alsaq ki, bu nəticə cəmi 2 il ərzində görülən işlərin sayəsində əldə edilib, bunu qızıl medal kimi də qiymətləndirmək olar. Kişilərdən ibarət komandamız isə bir qədər zəif nəticə göstərdi. Onlar bu turnirdə 4-cü yerlə kifayətlənməli oldular. Üçüncü Ümumittifaq oyunları bir il sonra Azərbaycanda təşkil olundu. Bu yarışın keçirilməsinin ölkəmizə həvalə olunması artıq bu idman növünün respublikamızda inkişafından xəbər verirdi. Hər iki komandamız bu turnirdə inamla çıxış edərək üçüncü yeri tutdu. İllər ötdükcə ölkəmizdə təcrübəli volebyolçularla bərabər, məşqçilər də yetişirdi. Şamil Şamxalovun adı təkcə vətəni Azərbaycanda deyil, həm də keçmiş Sovet ittifaqının müxtəlif respublikalarında, hətta bir çox ölkələrin idman mütəxəssisləri arasında xüsusi hörmət və ehtiramla çəkilir. Uzun illər səmərəli işləyən tanınmış mütəxəssis yüksək dərəcəli voleybolçular hazırlamağa nail olmuşdur. 
Onun yetirmələri yeniyetmə və gənclər arasında keçirilən müxtəlif yarışlarda uğurla çıxış ediblər. Ötən əsrin ortalarında Şamil Şamxalovdan başqa, digər təcrübəli məşqçilərin başçılıq etdikləri komandalarda da çoxlu sayda təcrübəli oyunçular yetişirdi. Anatoli Makaqonov, Roman Eydelman, Yaşar Abbasov, Oqtay Ağayev, Xəyyam Zülfüqarov, Feliks Məmmədov, Telman Səfərov, Gennadi Rudnov, Ramiz Xismətov kimi voleybolçular artıq öz sözlərini deməyə başlamışdılar. Qadınlardan isə Nelli Lukanina, Tamara Tixonina meydanda güclü oyunları ilə azarkeşlərin rəğbətini qazanmışdılar. Onların çoxu ölkənin yığma komandasına cəlb edilmişdi. 1960-cı ildə Azərbaycan voleybolunda İnna Rıskal kimi oyunçu parlamağa başladı. Azərbaycan voleybolçusu gözəl və yaddaqalan oyunu ilə öz adını Olimpiya və idman tarixinə əbədi yazanlardan biri oldu.
XX əsrin ən güclü üç qadın voleybolçusu sırasında onun da adı var.
Belə ki, Beynəlxalq Voleybol Federasiyasının keçirdiyi sorğu zamanı İnna Rıskal qadınlar arasında ötən əsrin ən güclü üç voleybolçusu arasında ikinci olub. O, 1961-ci ildə əvvəlcə 16 yaşında Bakıda keçirilən məktəblilərin Ümumittifaq Spartakiadasında iştirak etmiş və oradan birbaşa SSRİ-nin yığma komandasına dəvət almış, "Məhsul”, sonra isə "Neftçi” komandasında çıxış edərək və təcrübə qazanmışdı. 1963-cü ildə keçirilmiş Avropa çempionatında ilk dəfə çıxış edən həmyerlimiz qitə çempionu adını qazanmaqla çempionatda ilk dəfə iştirak edən "Gənc oyunçuların ən güclüsü” üçün təsis edilmiş mükafata yiyələnmişdi. Bir il sonra 1964-cü il Tokio Olimpiya Oyunlarında jurnalistlər İnnanı "Xəzər şimşəyi” adlandırdılar. Onda 19 yaşlı İnna vətənə gümüş medalla qayıtmışdı.
Ümumiyyətlə, o, Olimpiya oyunlarında 2 qızıl və 1 gümüş medala yiyələnmiş idmançılardan biridir. 1965-ci ildə Rıskal Avropanın ən güclü voleybolçusu seçildi.
Güclü voleybolçulardan təşkil olunmuş Azərbaycanın qadınlardan ibarət komandası daima diqqət çəkən oyunu ilə yadda qalıb. 1955-ci il Azərbaycanın qadınlardan ibarət voleybol komandası üçün uğurlu illərdən biri olub. Belə ki, onlar əzmkar oyun nümayiş etdirərək, həmin il yüksək liqada mübarizə aparmaq imkanı qazandılar. Azərbaycan voleybolu tarixində ilk dəfə 1956-cı ildə Moskvada keçirilən Məktəblilərin Ümumittifaq Spartakiadasında respublikanın yeniyetmə voleybolçuları qızıl medala layiq görüldülər. Bir il sonra Zaqafqaziyanın VIII Spartakiadasında qadınlardan və kişilərdən ibarət yığma komandalarımız uğurla çıxış edərək qızıl medal qazandılar.
Elə həmin il Böyük Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş kubok yarışlarında kişilərdən ibarət komandamız bütün rəqiblərini məğlubiyyətə uğradaraq fəxri kürsünün birinci pilləsində qərarlaşdı. 
Artıq ildən-ilə komandalarımızın uğurları artırdı.
1965-ci il qadınlardan ibarət komandamız üçün dönüş ili oldu. Həmkarlar İttifaqlarının VIII Ümumittifaq Spartakiadasında komandamız Ukrayna komandasına qalib gələrək 1-ci yeri tutdu.
1961-ci ildə "Məhsul” komandası yüksək liqaya vəsiqə qazandı.
SSRİ çempionatının yüksək liqasında oynayan bu komanda 12 il (1961-73) bu liqada dəfələrlə yüksək yerləri tutdu.
1962-ci ildə "Məhsul” və "Neftçi” komandalarının heyətlərindən vahid bir komanda BMKZ ("Neftçi”) yaradıldı.
1972-ci ildə təcrübəli məşqçi Feliks Məmmədov BMKZ ("Neftçi”) komandasına baş məşqçi təyin olundu. Elə həmin il komanda ölkə çempionatında 3-cü yeri tutdu. Təəssüf hissi ilə qeyd etməliyik ki, 1972-ci ildə "Neftçi” komandasının qazandığı bürünc medal sonuncu oldu. Belə ki, komanda 1973-78-ci illər ərzində o qədər də yüksək oyun nümayiş etdirə bilmədi və 1979-cu ildə yüksək liqanı tərk edərək I liqaya keçdi.
1986-cı ildə Faiq Qarayev komandaya baş məşqçi təyin olundu. Çoxları bu gənc məşqçinin institutu yenicə qurtardığını nəzərə alaraq, onun təcrübəsiz olduğunu zənn edirdi.
O, zaman elə hesab edirdilər ki, kollektivimiz heç birinci dəstədə də qala bilməyəcək. Lakin gənc məşqçi tez bir zamanda səmimi bir komanda yaratdı və qızların qarşısına çətin bir vəzifə, kollektivdə əsl işgüzar əhval-ruhiyyə yaratmaq vəzifəsi qoydu.
BMKZ ("Neftçi”) komandası 1987-ci ildə ölkə çempionatının I liqasında uğurla çıxış edərək 1-ci yeri tutdu. Lakin onlar keçid turnirində güclülər dəstəsinin komandalarına məğlub olaraq əsas liqaya çıxmaq hüququndan məhrum oldular.
Nəhayət, on illik fasilədən sonra, yəni 1988-ci ildə Faiq Qarayevin rəhbərliyi altında BMKZ ("Neftçi”) voleybolçuları birinci dəstənin yarışlarının başa çatmasına bir tur qalmış qalib adını özləri üçün təmin etdilər. Bununla bərabər, onlar gələn mövsümdən etibarən güclülər dəstəsində çıxış etmək hüququ qazandılar. Bir neçə il ərzində yüksək sürətlə inkişaf edən komanda güclü oyunu ilə ölkənin ən güclü kollektivləri sırasına daxil oldu.
Artıq SSRİ imperiyasının getdikcə dagılması ilə əlaqədar ölkə çempionatı və kubok yarışları dayanmaq məcburiyyətində idi.
Belə ki, 1991-ci ildə keçirilmiş ölkə kuboku yarışları SSRİ məkanında sonuncu oldu. Xoş bir təsadüfdür ki, məhz BMKZ voleybolçuları həmin kubokun sonuncu sahibi oldular və Azərbaycan voleybolçuları tarixində ilk dəfə belə bir fəxri kürsüyə yüksəldilər.
Azərbaycan Respublikası 1992-ci ildə müstəqillik əldə etdikdən sonra beynəlxalq miqyaslı yarışlarda öz milli komandası ilə çıxış etməyə başladı.
1992-ci ildə yaranan Azərbaycan Voleybol Federasiyası elə həmin ildən etibarən Beynəlxalq Voleybol Federasiyasına (FIVB) və Avropa Voleybol Federasiyasına (CEV) 2005-ci ildə isə Şərqi Avropa Voleybol Zona Assosiasiyasına (EEVZA) daxil oldu.
1997-2000-ci illər ərzində komandalarımız rəsmi beynəlxalq yarışlarda iştirak etmədilər. Onlar yalnız 4 illik fasilədən sonra - 2001-ci ildən başlayaraq yenidən beynəlxalq yarışlarda iştirak etmək hüququ qazandılar. 2001-ci ildən etibarən kişilər və qadınlar arasında liqalar üzrə Azərbaycan çempionatı keçirilməyə başlanıldı. Təcrübəli mütəxəssis Faiq Qarayev qadınlardan ibarət yığma komandaya və "Azərreyl” voleybol klubuna baş məşqçi təyin olundu. "Azərreyl” milli komandanın da əsas bazasına çevrildi. Bu klub 2002-ci ildə Avropa "Top komandalar” kubokunu qazanmaqla müstəqil Azərbaycanın idman tarixində komanda idman növlərində kuboka yiyələnən ilk komanda oldu. 2004-cü ildə isə "Azərreyl” Avropa Çempionlar Liqasının "dördlər finalı”nda gücünü sınadı.
"Azərreyl”lə bərabər, ölkəmizdə digər voleybol klubları, yaranmağa başladı. Bu da zəruri idi. Çünki ölkə çempionatında rəqabəti artırmaq üçün yeni komandaların yaranmasına ehtiyac vardı. Getdikcə "Rabitə”, "İqtisadçı”, "Lokomotiv” kimi güclü klublar yarandı. Heyətini güclü voleybolçulardan təşkil edən bu komandalar yarandıqları ildən etibarən ölkə idmanına, voleybola öz töhfələrini verməyə başladılar. Bu komandaların yaranması, bir növ, ölkə yığmasına da köməklik göstərirdi. Çünki klublarda yüksək oyunu ilə diqqət çəkən voleybolçular yığma komandaya cəlb olunurdular. 
Qadınlardan ibarət milli komandamız 2005-ci ildə Avropa "Qran-pri” turnirin qalibi oldu və Xorvatiyada keçirilən Avropa çempionatında 4-cü yeri tutdu. 2011-ci ildə "Rabitə” klubu Qətərin paytaxtı Dohada təşkil olunan klublararası dünya çempionatında iştirak etmək hüququ qazandı. İlk dəfə çıxış etməsinə baxmayaraq, komandamız möhtəşəm oyunu ilə yadda qaldı. Bütün rəqiblərini asanlıqla məğlub edən voleybolçularımız vətənə qızıl medalla döndülər. Bir il sonra komandamız yenidən analoji yarışda qüvvəsini sınamaq imkanı əldə etdi. Lakin bu dəfə təmsilçilərimiz finalda Brazilyanın güclü komandası hesab edilən "Solist-Nestle” komandasına məğlub olaraq gümüş medalla kifayətlənməli oldu. Komandalarımız Çempionlar Liqasında da yüksək oyunu ilə diqqəti çəkir. Belə ki, həmin turnirdə iştirak edən komandalarımız inamla mübarizə aparırlar. Hazırda 3 komandamız ÇL-də qüvvəsini sınayır. İnamla irəliləyən təmsilçilərimiz I pley-off mərhələsində iştirak edirlər. Təəssüf ki, qadın voleybolçularımızın əldə etdiyi uğurları kişi voleyboluna şamil etmək olmaz. Çünki, kişi voleybolçularımızın elə böyük uğurları yoxdur. Komanda bir müddət fəaliyyət gösərdikdən sonra çıxışını dayandırdı. Artıq komanda təzəcə yaranıb. İnanırıq ki, kişilərdən ibarət komandalarımız, qadın voleybolçularımız kimi, ölkəmizin idman şərəfini gələcəkdə beynəlxalq turnirlərdə layiqincə qoruya biləcəklər.