Milli mənlik şüuru sayəsində millət, xalq və etnik qrup dünyada baş verən inkişaf qanunauyğunluqlarına yaradıcı münasibət bəsləyir bu və ya digər hadisələrə öz münasibətlərini bildirir. Məlumdur ki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud deyil və insanın özünün fikir və hisslərinin öyrənilməsində başlıca əhəmiyyət kəsb edir. Mütəxəssislər hesab edirlər ki, sosial şəraitdən asılı olaraq, mənlik şüuru dəyişir, insan başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Mənlik şüuru olan insan özünütəhlil və özünümühakimə qabiliyyətinə malik olur. "Vətənpərvərlik” məfhumu öz məzmununa görə çoxşaxəlidir və onu heç bir sözlə əvəz etmək mümkün deyil. Bu hiss uşaqlarda tədricən formalaşır. İnsan dünyanı dərk etdikcə vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Bu hiss öz dövlətinin tərəqqisi üçün can yandırmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, vətənin rifahı naminə əlindən gələni etmək deməkdir. Mütəxəssislərin fikrincə, mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin əsası məktəbəqədər tərbiyə müəssisələrində, orta məktəblərdə qoyulur. Tədqiqatçılar hesab edirlər ki, milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Burada vicdan, milli mənlik mühüm əhəmiyyət kəsb edir. Danılmaz faktdır ki, vicdanı olan hər bir vətəndaş öz doğulduğu torpağı sevir. Əlbəttə, milli şüurun formalaşmasında xalqın tarixi, onun görkəmli mütəfəkkir və şəxsiyyətləri güclü təsirə malikdir.
Tədqiqatçıların fikrincə, milli mənlik şüuru olan hər bir kəs mənsub olduğu xalqın, vətəndaşı olduğu ölkənin təəssübünü çəkir. Hər bir insan mənsub olduğu xalqın milli əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, tarixi keçmişi ilə fəxr edir. Məhz milli mənlik şüuru sayəsində hər bir fərd tarixin inkişaf xüsusiyyətlərini dolğunluğu ilə dərk edir.
Hər bir millətin gələcəyi uşaqlara və gənclərə bağlıdır
Müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Hazırda torpaqlarımızın bir qismi işğal altındadır. Bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşüb. Vətənin belə bir çətin zamanda mərd, sadiq gənclərə böyük ehtiyacı var. Məhz buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılır. Təbii ki, hər bir millətin gələcəyi uşaqlara və gənclərə bağlıdır. İnsanın mənəvi və fiziki sağlamlığında, vətənpərvərlik hisslərinin tərbiyəsində mühüm rol oynayan idmanın geniş miqyasda yayılması, kütləviləşməsi və yüksək səviyyədə inkişafı gənc nəslin mənəvi saflığını təmin edir. Gənc nəslin sağlamlığının təmin edilməsində, vətənin müdafiəsinə hazır olan mərd, cəsur insanlar kimi yetişməsində idmanın, bədən tərbiyəsinin də rolu əvəzsizdir.
Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir
Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdikdən (1991) sonra onun vətənpərvərliyi azərbaycançılıq idealogiyası əsasında milli vətənpərvərlik məzmunu aldı. Bununla belə, milli vətənpərvərlik yalnız öz millətinin dəyərlərinə aludəçilik demək deyil. Milli əxlaqımızın mühüm hissəsini təşkil edən islami dəyərlərə hörmət milli vətənpərvərlik tərbiyəsinin inkişafında xüsusi rolu olan bir amildir. Milli dəyərlərimiz, ilk növbədə, ana dilimizə hörmət və sədaqət ruhunda tərbiyənin mühüm tərkib hissəsidir. Xalqımızın milli birliyi də müstəqilliyimiz dövründə yarandı. Öz azadlığına qovuşmağa can atan xalqımızın milli mənlik şüuru, vətənpərvərlik hissləri məhz həmin dövrlərdə inkişaf etməyə başladı. Milli birliyin yaradılmasında isə milli vətənpərvərlik tərbiyəsinin təsir və imkanları daha çoxdur. Gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində Bakıda və digər şəhərlərdə ucaldılmış abidələrin, xalqımızın azadlığı uğrunda canından keçən igidlərin uyuduğu şəhidlər xiyabanlarının və digər tarixi abidələrin rolu böyükdür. Bu sözləri rayonlarda yaradılmış diyarşünaslıq muzeyləri haqqında da demək olar. Bu muzeylərdə vətənimizin azadlığı uğrunda şəhid olan igidlərin həyat yolunu əks etdirən sənədlər nümayiş olunur. Bütün bunlar isə, muzeyə gələn gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında önəmli rol oynayır.
Vətənin müdafiəsi və vətənpərvərlik məsələləri həmişə ön planda olub
Tarixi şəxsiyyətlər öz fəaliyyətlər ilə tarixdə dərin iz buraxır və ona görə yaddaşlarda qala bilirlər ki, onların nəzəri və əməli fəaliyyətlərində qırılmaz bir vəhdət olur. Ümummilli lider Heydər Əliyevin vətənpərvərliklə bağlı görüşləri və Azərbaycanda ordu quruculuğu üzrə fəaliyyətinə nəzər salsaq, deyilənlərin şahidi olarıq. Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsi, xalqın mədəniyyətinin və təhsilinin inkişafı, həmçinin gənclərin hərbi xidməti məsələləri ilə bilavasitə məşğul olan ulu öndər üçün vətəni müdafiə və vətənpərvərlik məsələləri həmişə ön planda olub. İkinci dünya müharibəsindən sonrakı illərdə Azərbaycan gəncləri sovet ordusunda xidmətə çağırılarkən onları müasir hərbi texnikanı idarə etmə ixtisasları üzrə mütəxəssisləri hazırlayan hərbi məktəblərə yox, əksər hallarda ümumi hərbi hissələrə göndərirdilər. Bu qeyri-normal vəziyyətin qarşısını almaq üçün Azərbaycanın dahi rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ilin 29 aprelində "Respublika hərbi komissarlığında gənclərin sovet ordusu sıralarında xidmətə hazırlanması və hərbi məktəblərin kompleksləşdirilməsi haqqında” qərarı qəbul edildi. Bu qərar böyük uzaqgörənliklə hazırlanmış və son dərəcə vacib bir məsələyə aid idi. Elə həmin dövrdən Azərbaycanda yüksək ixtisaslı hərbi kadrların hazırlanmasına başlanıldı. Ordu quruculuğunun inkişafında azərbaycanlı zabitlərin köməyindən istifadə olundu. Ümummilli lider Heydər Əliyev öz nitqlərində və çıxışlarında təhsil işçilərinin qarşısında da mühüm və təxirəsalınmaz vəzifələr qoyurdu. Ümummilli lider hər zaman vurğulayırdı ki, müəllimlər bütün qüvvə və bacarıqlarını doğma vətənə sədaqətli, hərtərəfli inkişaf etmiş, müstəqilliyimizi və dövlətçiliyimizi göz bəbəyi kimi qorumağa hazır olan nəslin yetişdirilməsinə sərf etməlidirlər. Hazırda yağı düşmənlə üz-üzə dayanmışıq. Ona görə də gənclərin həqiqi vətənpərvərlik ruhunda tərbiyəsi başlıca vəzifəyə çevrilib. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarına, ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə diqqətlə yanaşıb. Çünki yuxarıda qeyd olunan bu amillər gənclərdə fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, inam hissini gücləndirir, qələbəyə ruhlandırır. Ümummilli lider Heydər Əliyev tərəfindən 2002-ci il mayın 6-da imzalanmış "Gənclər siyasəti haqqında” qanunda deyilir: "Bu siyasət gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət və ənənələrinə, dövlət dilinə və rəmzlərinə - mənəvi ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə birbaşa bağlıdır”. Ümummilli liderin imzaladığı qanundan aydın olur ki, milli vətənpərvərliyin məzmunu təkcə öz vətəninə məhəbbət hissi ilə məhdudlaşmır. Milli ruhda tərbiyə geniş məzmunu əhatə edir. Vətənpərvərlik isə qəhrəmanlığın əsasını qoyan başlıca amildir. Xalqımız şanlı tariximizlə və əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edib. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Əliyar Əliyev, Mübariz İbrahimov, Fərid Əhmədov kimi igid və cəsur oğullarımız Azərbaycan xalqının qəhrəman xalq olduğunu təsdiqləyir. Bu gün öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişməkdədir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında vətən uğrunda qəhrəmancasına həlak olmuş igidlərimizin ibrətamiz həyatı, şəxsi nümunəsi dövlətimizin apardığı hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçib. Respublikamızın istər orta ümumtəhsil və orta ixtisas, istərsə də ali məktəblərində gənclərə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanlar var. Bu gün pedaqoji ali məktəblərdə təhsil alan gənclər gələcəyin müəllimləridir və onlar da gənc nəslin təlim-tərbiyəsi problemləri ilə məşğul olacaq, vətəndaş yetişdirəcəklər. Tələbə-gənclərə hərbi-vətənpərvərlik tərbiyəsi hissi aşılanması üzrə aparılan tədqiqat işi də, bu baxımdan, aktuallıq kəsb edən məsələdir. Gənclərin sağlam böyüməsi, onların fiziki və mənəvi inkişafı, çevik və bacarıqlı nəslin yetişdirilməsi də əhəmiyyətli məsələ kimi dövlətimizin nəzarətindədir.
Məktəblilər öz bacarıqlarını hərbi idman oyunlarında sınayırlar
Azərbaycanda hərbi idman oyunları vasitəsilə uşaq, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin inkişaf etdirilməsi orta məktəblər üçün hazırlanan xüsusi metodik vasitələrlə həyata keçirilir. Metodik vasitələrdə hərbi idman oyunlarının məzmunu, elmi praktik əhəmiyyəti və onların həyata keçirilməsi metodikası öz əksini tapıb. Əsas məqsəd hərbi idman oyunlarının köməyi ilə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin imkanlarını tədqiq etməkdir. Orduda xidmət zamanı zəruri olan keyfiyyətlərin ayrı-ayrı milli oyunlar vasitəsilə şagirdlərə aşılanması da orta məktəblərdə tətbiq edilir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəblərin ən vacib vəzifələrindəndir. Mütəxəssislərin fikrincə, orta məktəbin X-XI siniflərində oxuyan şagirdlərə və ali məktəbdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri tədris edərkən hərbi məzmunlu biliklər də verilməlidir. Hazırda orta məktəblərin dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi-vətənpərvərlik hissləri aşılayan məlumatlara, hərbi məzmunlu biliklərə daha çox yer ayrılır. Bu, şüurlu surətdə edilir ki, gənclər vətənpərvərlik duyğularını, milli hissləri daha yaxından dərk etsinlər.
Orta ümumtəhsil məktəblərində hərbi biliklərə yiyələnən məktəblilər öz bacarıqlarını müxtəlif hərbi idman oyunlarında sınayırlar. Hər il, ənənənəvi olaraq, respublikamızın ayrı-ayrı bölgələrində bu idman oyunları üzrə zona yarışları keçirilir. Həmin yarışlarda qalib adını qazanan komandalar respublika final mərhələsinə vəsiqə əldə edirlər. Burada ən güclülər müəyyənləşir. Yeri gəlmişkən qeyd edək ki, ötən ilin əvvəllərindən başlayan "Şahin” hərbi idman oyunlarının final mərhələsi 2013-cü il may ayının 10-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirildi.Paytaxt və bölgələrdən X - XI sinif şagirdlərindən ibarət 18 komanda birincilik uğrunda mübarizə apardı. İki mərhələdən ibarət olan yarışın birinci mərhələsində komandalar təntənəli marşla mahnı sədaları altında tribuna önündən keçdilər və onların sıra hazırlığının səviyyəsi yoxlanılıldı. Yarışın ikinci mərhələsində isə "şahinlər” müxtəlif sədlərdən keçmək və maneələri dəf etməklə öz fərdi bacarıqlarını nümayiş etdirdilər.
Onu da deyək ki, hərbi idman oyunlarının final mərhələsi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə üst-üstə düşürdü. Açılış mərasimində qeyd olundu ki, ümummilli lider müstəqil Azərbaycanın şanlı ordusunun yaradıcısıdır. Məhz ulu öndərimizin apardığı düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan hərbi qüdrətə malikdir. Şübhəsiz ki, ordumuzun əsasını gənclər təşkil edir. Buna görə də, gənclərin fiziki və mənəvi inkişafına, onların hərbi vətənpərlik ruhunda tərbiyəsinə böyük önəm verilir. Fiziki sağlamlığın qorunmasına göstərilən qayğı Azərbaycan gənclərinin sağlam ruhda böyüməsinə, eyni zamanda, gənclərimizin vətənin sadiq keşikçilərinə çevrilməsinə zəmin yaradır. Natiqlər qeyd etdilər ki, gənclərin vətənə və dövlətə sədaqət, respublikanın ərazi bütövlüyünün müdafiəsinə daim hazır olmaq ruhunda tərbiyə olunması müharibə şəraitində yaşayan ölkəmizdə günümüzün vacib məsələlərindəndir. Bu baxımdan, hərbi idman oyunları böyük əhəmiyyətə malikdir. "Şahin” hərbi idman oyunları gənc nəslin vətənpərvər ruhda yetişməsində, gənclərin həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığında müstəsna rol oynayır. Respublikamızın bütün bölgələrində bu işə xüsusi diqqətlə yanaşılması hər birimizi sevindirir. Ordu sıralarında yer alacaq gənclərimiz fizik cəhətdən sağlam yetişdirilir, həmçinin onlar vətənpərvər ruhda tərbiyə olunurlar. Yeniyetmələrin fiziki hazırlığının daha da inkişaf etdirilməsi, hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi ilə bağlı orta məktəb şagirdləri arasında hərbi idman oyunları müntəzəm keçirilir. Hər il ənənəvi olaraq təşkil edilən "Şahin” hərbi-idman oyunları şagirdlərin ordu sıralarında xidmətə hazırlanmasını təmin etmək məqsədi daşıyır. Orta məktəbin son siniflərində təhsil alan şagirdlər arasında keçirilən hərbi idman oyununda əsas diqqət şagirdlərin məhz fiziki hazırlığının yüksəlməsinə və orduya hazırlanmasına yönəlib. Hər il bu yarışların yüksək səviyyədə təşkil edilməsi və oyunlarda kütləviliyin təmin edilməsinə xüsusi diqqət yetirilir. Bu da təsadüfi deyil. Orta məktəbi bitirən və həddi-buluğa çatan gənclərimiz hərbi xidmətə çağırılır. Onların hər birindən yüksək fiziki hazırlıq, silahla davranış bacarığı və dözümlülük tələb olunur. Məhz bu baxımdan "Şahin” hərbi idman oyunlarına hazırlıq çərçivəsində gənclərin silahla davranış bacarığına yiyələnməsinə xüsusi diqqət ayrılır. Bir sözl, gənclərimizin vətənpərvər ruhda böyüməsində, xalqımızın, dövlətimizin sadiq keşikçisi kimi yetişməsində "Şahin” hərbi idman oyunlarının xüsusi rolu var.
Sevindirici haldır ki, ulu öndərin həyata keçirdiyi işlər bu gün də ləyaqətlə davam etdirilir. Azərbaycan gəncliyi doğma vətəninə, xalqına sədaqət ruhunda tərbiyə alır. Şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsini, milli mənlik şüurunun formalaşmasını hərbi idman oyunları vasitəsilə həyata keçirmək daha məqsədəuyğundur. Ona görə ki, hərbi idman oyunları gənc nəslə öz doğma vətəninə hədsiz sədaqət göstərmək, vətəni şüurlu və fəal tərzdə sevmək imkanı yaradır.
Milli mənlik şüuru müstəqil dövlətimizin sadiq vətəndaşlarının yetişməsinə zəmin yaradır
Vətənpərvərliyin mühüm əlamətlərindən biri olan hərbi-vətənpərvərlik tərbiyəsi məktəblilərə doğma vətəni dərin məhəbbətlə sevməyi öyrədir. Eyni zamanda, məktəblilərdə vətən torpaqlarına göz dikənlərə qarşı amansız olmaq, vətən uğrunda sona kimi döyüşmək kimi keyfiyyətləri tərbiyə edir. Hərbi-vətənpərvərlik tərbiyəsi tələb edir ki, gənc nəsil, xüsusilə yuxarı sinif şagirdləri vətənin xidmətində dayanmağa orta məktəb illərində hazırlansınlar. Bu istiqamətdə aparılan tərbiyəvi işlər elə qurulmalıdır ki, hərbi xidmətə hazırlaşan hər bir gənc bunun üçün iftixar hissi duysun. Şagirdlərdə milli mənlik şüurunun inkişaf etdirilməsi onların müstəqil dövlətimizə sadiq vətəndaş kimi yetişməsinə zəmin yaradır. Unutmaq olmaz ki, vətənin taleyi üçün məsuliyyət hissinə sahib olmaq, hərbi bilik və vərdişlərə yiyələnərək iradəlik, mərdlik və qəhrəmanlıq kimi xüsusiyyətlərə yiyələnmək hər bir gəncin müqəddəs vəzifəsidir. Unutmaq olmaz ki, Azərbaycan dövlətinin müstəqillik uğrunda mübarizəsi kəşməkəşli yollardan keçib. Ümummilli liderimiz Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra respublikamız özünün nicatını tapıb. Onun apardığı uğurlu siyasət nəticəsində ölkəmiz suveren bir dövlətə çevrilib. Suverenliyimizin toxunulmazlığı, sərhədlərimizin etibarlı şəkildə qorunması, torpaqlarımızın bütövlüyünün təmin edilməsi, hər şeydən əvvəl, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsindən başlanır. Azərbaycan gəncliyinin millli mənlik şüurunun inkişafı da bu yolda əvəzsiz rol oynayır. Milli özünüdərk amili vətənin müstəqilliyinin qorunmasına, yetişməkdə olan gənclərin mənəvi tərbiyəsinə müsbət təsir göstərir. Məhz milli özünüdərk amili gənclərin qəlbində vətən sevgisi oyadır. Özünü dərk edən, milli şüura sahib olan insanın doğma vətənini sevməməsi isə mümkün deyil. Belə məsuliyyətli işin yüksək səviyyədə təşkilinin əsas vəzifələrindən biri məktəblərdə hərbi-vətənpərvərlik tərbiyəsinin rolunu yüksəltməkdən ibarətdir. Respublikamızın tanınımış elm xadimləri, tədqiqatçılar şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə dair kitab və metodik vasitələr hazırlamaqla bu məsələnin həllinə müəyyən qədər köməklik göstərirlər. Qeyd olunmaqdadır ki, gənclərimizin hələ orta təhsil illərindən başlayaraq ordu sıralarında xidmətə hazırlanması, müasir döyüş təliminə bacarıqla yiyələnməsi Azərbaycanda xüsusi diqqət mərkəzindədir. Şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsini gücləndirmək aktual məsələ olaraq qalır.
Hərb sənətinin incəliklərinə yiyələnən gənclərimiz Azərbaycan ordusunun qüdrətini, əzəmətini əks etdirir. Bu da onu göstərir ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində ölkəmizdə ən müxtəlif səviyyələrdə daim məqsədyönlü tədbirlər həyata keçirilir. Şübhəsiz ki, gənclərin vətənpərvər ruhda tərbiyəsində onların sağlamlığı da başlıca əhəmiyyətə malikdir. Çünki fiziki cəhətdən sağlam olan hər bir gənc, eyni zamanda, sağlam düşüncə, güclü iradə sahibi, hər bir çətinliyə sinə gərməyi bacaran əsgərdir.
Hürrü Abdullayev
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.