Vətənpərvər oğullar heç vaxt unudulmayacaq
1991-ci il oktyabırn 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni bir dövrü - müstəqil inkişaf dövrü başlandı. Gənc müstəqil Azərbaycan dövlətində iqtisadi, sosial-siyasi və hərbi sahədə ilk əsaslı tədbirlərin həyata keçirilməsi asan olmadı, dövlətimiz və xalqımız xeyli çətinliklərlə üzləşdi. Bu çətinliklər Sovet imperiyası dağılıb tarixə çevrildikdən sonra butun sahələrdə yaranmış gərgin vəziyyətlə, o cümlədən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başladığı hərbi təcavüz və s. amillərlə bağlı idi. Müstəqilliyin əldə olunması çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən bir çox xalqlar kimi azad və müstəqillik şəraitində yaşayaraq, demokratiya yolu ilə irəliləyib, öz müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. Dünya dövlətləri sırasına çıxmaq, Azərbaycan adını, Azərbaycan dövlətini dünyaya tanıtmaq imkanı qazandıq. Lakin, təəssüflər olsun ki, sevincimizlə bərabər, çox acılı, məşəqqətli günlərlə də rastlaşdıq. Millətçi-seperatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salındı. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu və ya xəsarət aldı.
İnsanın vətənpərvərlik hissinə malik olması ən ali əxlaqi-mənəvi məziyyətləri sırasında birincilərdən hesab olunur. Çünki vətənpərvərlik dedikdə onun əsas komponentləri - doğulduğun torpağı, yaşadığın ölkəni sevmək, onun uğrunda çalışmaq, onu qorumaq kimi əlamətlərlə yanaşı, insanın ləyaqətlilik, əqidəlilik, vicdanlılıq, sədaqətlilik keyfiyyətləri də başa düşülür. Bu da təbiidir. Çünki hər birimiz vətənin qədrini bilməliyik, çətinliklərinə dözməliyik. Torpağı qorumalısan ki, o, vətən ola bilsin. Vətən sevgisi, Vətənə sədaqət, onun çiçəklənməsi üçün çalışmağa hazır olmaq ən çətin anlarda belə adamların qüvvələrini vahid məqsəd - Vətənin azadlığı, xilası naminə səfərbər edir.
1988-ci ildə qəsdən ortaya atılan qondarma Dağlıq Qarabağ probleminin ilkin mərhələsində yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından qovuldu. Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarı və Moskvanın, əslində, bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarması respublikamızda ciddi narazılıqla qarşılandı. Xalqımız mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı.
Azərbaycan Respublikası Ali Soveti 1991-ci il oktyabrın 9-da "Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etdi. Bu qüvvələrin ilk hissələri dekabrın 8-də cəbhəyə yola salındı. Cəbhəyə yola düşən ilk özünümüdafiə qüvvələrinin təkibində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri və məzunları da var idi. Qarabağın dağlıq hissəsində baş verən hadisələrdə idmançılarımızdan 62-si torpaqlarımız uğrunda şəhid olub, 24 tələbə-idmançı yaralanıb, 3 tələbə-idmançı itgin düşüb. İdmançılarımızdan 2-i Azərbaycanın Milli Qəhrəman adına layiq görülüb.
1990-cı il yanvarın 20-da Sovet qoşunlarının respublikamıza xaincəsinə qəfil hücumu Azərbaycanın dinc əməyini pozdu. İntiqama, şəhidləri amallarını yaşatmağa, azadlığa, torpaqlarımızın bütövlüyünə and içdik. Bu vəhşiliyi heç cür, heç bir vəchlə bağışlaya bilmərik. Sonra erməni işğalçıları tərəfindən Kərgicahan dağıdıldı, Malıbəyli, Meşəli viran qoyuldu. Azərbaycan xalqı elan olunmamış müharibəyə, Vətəni müdafiəyə qalxdı. Müharibənin ilk günlərindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nəzdində yaradılmış "Qarabağ” qərargahına 200-dən artıq ərizə daxil olmuşdu. Dağlıq Qarabağda, eləcə də Ermənistanla sərhəd rayonlarında erməni quldur dəstələrinin törətdiyi cinayətlərə akademiyada oxuyan tələbələr dözmədilər və cəbhəyə yollandılar. Tələbə döyüşçülərimiz cəbhələrdə böyük igidlik və şücaət göstərdilər. Təkcə Laçın rayonunun müdafiəsində 30-dan artıq tələbə idmanıçı vuruşurdu. Tələbələrimizin döyüş nöqtələrində göstərdikləri şücaətlərə görə "N” hərbi hissənin komandiri tərəfindən akademiyanın rektorluğuna çoxlu teleqram və təşəkkür məktubları göndərilmişdi. Qarabağda və Ermənistanın həmsərhəd rayonlarında vuruşan təbələrlə əlaqələr mümkün olsun deyə akademiyada qərərgah yaradılmışdı. Vətənin müdafiəsi yolunda yaralanan tələbə və məzunlardan Allahverdi Əliyev, Şakir Əhmədov, Qafqaz Əhmədov Şünasi Babayev, Rafiq Zülfüqarov, Sərvər Mövsümov, Şahin Quliyev, Böyükişi Atakişiyev, Baba Babayev, Şaiq Hüseynov və b. müalicə olunduqdan sonra cəbhəyə qayıtmışdılar.
Qarabağın dağlıq hissəsində baş verən hadisələrdə igidlik, şücaət və vətənpərvərlik göstərdiklərinə görə, akademiyanın iki məzunu Milli Qəhrəman (Əliyar Əliyev və İlqar İsmayılov), 26 tələbə və məzunumuz torpaqlarımız uğrunda şəhid olmuşdur.
Müharibənin ilk günlərindən Azərbaycan DBTİA-nın kollektivi xalqımızın bu faciəsinə biganə qalmayıb. Akademiyanın rektoru prof. Ağacan Abiyevin əmri ilə akademiyanın prorektoru D.Quliyevin rəhbərliyi altında 25 tələbədən ibarət dəstə 1989-cu ildə Bərdə şəhərində təmənnasız olaraq çalışıb. Əldə edilən 30 min manatlıq gəlir Ermənistandan qovulmuş köçkünlərin 70076 nömrəli fonduna köçürülüb.
Həmin ərəfədə Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş və cəbhə xəttinə yaxın olan rayonlarının başqa yerə köçürülən əhalisi üçün çox ağır vəziyyət yaranmışdı. Minlərlə adamı müxtəlif rayonlarda yerləşdirmək, onları ərzaq, yanacaq və işlə təmin etmək lazım idi. Bu, heç də asan məsələ deyildi. Lakin akademiyanın tələbələri o dövrlərdə əllərindən gələni əsirgəmədilər.
Azərbaycan DBTİA-nın kollektivi qısa müddətdə Kəlbəcər və Füzulidən qovulmuş köçkünləri qəbul edib, onlara müvəqqəti sığınacaq vermək üçün ciddi tədbirlər görmüşdü. Akademiyanın 9 mərtəbəli yataqxanası köçkünlərin xidmətinə verildi. Habelə akademiyanın tələbələri M.Mirqasımov adına 1 nömrəli Respublika Klinik Xəstəxanasında yerləşdirilən 31 nəfər kimsəsiz uşağın, Göz Xəstəlikləri İnstitutundan isə 7 xəstənin müalicəsini öz üzərinə götürmüşdü. Həmin ərəfədə tələbələr Kəlbəcərdəki yerli batalyona 37 min manatlıq yardım etmişdilər. Akademiyanın nəzdində yaradılmış "Qarabağ” qərərgahı heyətinin təşəbbüsü ilə 1990-1992-ci illərdə bir qrup tələbə üç ay ərzində Xocalı, Şuşa, Ağdam və b. rayonların məktəblərində bədən tərbiyəsi müəllimlərinə kömək etmişdi. ADBTİA-nın tələbələri Bakı şəhərinin 196 nömrəli qanköçürmə məntəqəsində və süd kombinatında yaralılar üçün qan vermişdilər.
Akademiyanın məzunu polis kapitanı İlqar İsmayılov 1959-cu il martın 29-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1966-cı ildə 45 saylı şəhər orta məktəbində, sonra isə 6 saylı idman təmayüllü internatda təhsil alıb. İnternat məktəbində təhsilini başa vurandan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. Cüdo idman növü üzrə idman ustası idi. 1982-ci ildə hərbi xidməti başa vuran İlqar "Dinamo” idman cəmiyyətində və tələbə idman cəmiyyəti adlanan "Buravestnik” idman cəmiyyətində cüdo üzrə məşqçi işləyib. 1986-cı ildə polis sıralarına daxil olan igid eloğlumuz Sabunçu RPİŞ-də əməliyyat müvəkkili idi. 1987-ci ildə İlqar İsmayılovun tale kitabına bir parlaq səhifə də yazıldı. Sevib-seçdiyi Vəfa xanımla ailə həyatı qurdu. Sonra Gültəkin və Nərgiz adlı iki gül balası dünyaya gəldi. Anası Fatma xanımın dediklərindən: "İlqar hələ məktəbdə oxuyarkən idmana böyük həvəs göstərirdi. 9 yaşından "Lokomotiv” idman cəmiyyətində sambo ilə məşğul olmağa başlamışdı. İlqar çox zirək, cəld uşaq idi. Uduzmağı sevməzdi. Bütün yarışlarda qalib gəlməyə çalışardı. İnanırdı ki, nə vaxtsa ölkəmizi mötəbər turnirlərdə təmsil edəcək. 1970-ci ildə cudoçuların Bakı şəhərində ümumittifaq turniri keçirildi. Turnir general H.Aslanovun xatirəsinə həsr olunmuşdu. 160 idmançı birincilik uğrunda mübarizə aparırdı. Oğlum bu turnirdə birinci oldu. Məktəb üzrə çempion olması yüksəkliyə gedən yolun başlanğıcı idi. O, vətənimizi çox sevirdi. Bütün qəlbi ilə Azərbaycana bağlı idi. Məhz bu sevgi onu cəbhəyə apardı. Ermənilərin vəhşiliyi, ərazi iddiası ilə barışa bilmirdi. İlqar döyüşlərdə kişi kimi vuruşdu. Son nəfəsinə qədər mübarizə apardı”.
İlqar 1973-cü ildən respublikanın idman şərəfini onun hüdudlarından kənarda qorumağa başlamışdır. O, keçmiş Sovet İttifaqının müxtəlif - Leninqrad, Kişinyov və başqa şəhərlərdə keçirilən idman yarışlarında dəfələrlə birinci yerə layiq görülmüşdür.
İdman yarışlarından, turnirlərdən hər dəfə yeni-yeni qələbələrlə geri dönən, gətirdiyi diplom və kuboklarla xalqa baş ucalığı gətirən İlqar 1975-ci ildə Azərbaycan Döalət Bədən Tərbiyəsi İnstitutuna (indiki ADBTİA) müsabiqədənkənar qəbul edilmişdi. Zəhmətdən zövq alan, planlı iş görməyi bacaran, dostluqda nümunə olan, biliklərə əzmlə yiyələnən İlqar həm də yaxşı ictimaiyyətçi kimi tələbə əmək semestrində də çox fəal idi. "Məşəl-78” tələbə inşaat dəstəsində Xaçmaz rayonunda İlqar İsmayılovun təşəbbüsü ilə xeyirxah xidmətlər bürosu yaradılmışdı. Büronun yaradılmasında məqsəd məzillərin, evlərin, məişət texnikasının, ev əşyalarının təmirində yerli əhaliyə kömək etmək idi. O, adamlara fərdi yanaşmağı, hər kəsin özünəməxsus fərdi psixoloji xüsusiyyətlərindən düzgün istifadə etməyi bacarırdı.
Qarabağa erməni təcavüzünün elə ilk günlərindən bütün polis əməkdaşları kimi, İlqar İsmayılovun da rahatlığına son qoyuldu, adət etmədiyi güllə səslərinə, mərmi partlayışlarına alışmalı oldu. O, müharibənin ilk günlərindən vaxtaşırı döyüş bölgələrinə ezamiyyətə gedir, ermənilərin işğal etdikləri torpaqlarımızın müdafiəsinə qalxırdı.
1991-ci il dekabrın 5-də Ağdam rayonunun Meşəli və Malıbəyli kəndləri erməni yağılarından təmizlənərkən İ.İsmayılovun göstərdiyi igidliyi dostları heç vaxt unutmayacaqlar. Həmin döyüşdə dayısı erməni olan bir nadürüst döyüşçülərimizi əvvəlcədən hazırlanmış tələyə salmağa müvəffəq olur. Otuz nəfər döyüşçümüz mühasirəyə düşür. Təhlükənin ciddiliyini dərk edən polis kapitanı İlqar İsmayılov qeyri-adi cəsarətlə ermənilərdən ələ keçirdiyi maşınla mühasirədən çıxa bilir. Az keçmir ki, Ağdam yaxınlığındakı hərbi hissədən götürdüyü canlı qüvvə ilə geri qayıdır. Onun igidliyi sayəsində vəziyyət dəyişir. İlqarın rəhbərliyi altında döyüşənlər erməniləri geri çəkilməyə məcbur edirlər. Döyüşçülərin otuzu da mühasirədən azad olur. Hər iki kənd erməni işğalından təmizlənir. Ağdam bölgəsindəki döyüşlərinə görə İlqara sağlığında Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi təklifi irəli sürülür. Lakin bu cəsur həmyerlimiz həmin təklifi qətiyyətlə rədd edərək deyir: "Mən nə etmişəm ki? Mən yalnız Vətən qarşısında öz borcumu yerinə yetirirəm. Qəhrəman tankın içində döyüş vaxtı yanan oğlanlardır”. Oğul dağını saçlarının ağına, üzünün, alnının qırışlarına çəkən Fatma xanımın dediklərindən: "Bir gün İlqar evə gəldi ki, ana, cəbhəyə gedirəm. Ona dedim: "Oğul, "Vətən” sözündən əziz söz bilmirəm. Oğul ananı və ana torpağını qorumaq üçün yaranıb. Səndən bir xahişim var. Kökümüz-soyumuz Qazaxdadır. Qazax da döyüş bölgəsidi, sərhəd rayonudur, orada da döyüşlər gedir. Get Qazaxda döyüş”. İlqar sərt baxışlı, amma mülayim insan idi. O, çoxdanışan deyildi. Hərdənbir təbəssüm ilə qımışardı. Astaca dilləndi: "Mən polisəm, Azərbaycan oğluyam, borcum xalqıma xidmət etməkdir. Harada lazım olsam, ora da gedəcəyəm. Artıq hər şey mənə aydın oldu. Bildim ki, mənim sözlərim İlqara təsir etməyəcək. O, çox sevdiyi Vətənimizin istənilən bölgəsində döyüşməyə hazır idi: 1992-ci il sentyabrın 23-ü idi. Özündən bir yaş kiçik olan polis qardaşı İlhamın ad günü idi. Axşamüstü evə gəldi. Məni yana çəkib dəri çantasını mənə uzatdı, "paltarlarımı yığ, səs salma, cəbhəyə gedirəm”, - dedi. Cəld sumkanı yığdım. Məclisdəkilərlə duzlu-məzəli söhbət edirdi. Ayağa qalxıb, qardaşını öpdü, təbrik etdi, süfrədən isti bir təndir çörəyi götürdü, üzünü atasına tutub dedi: "Mən Kiyevə ezamiyyətə gedirəm, təcili iş var, salamat qalın. Heç kim yerindən durmasın. Oktyabrın 2-də qayıdacağam”. Mən yerimdə donmuşdum. O isə oxuya-oxuya (gözəl səsi var idi) pilləkəni cəld düşdü. Birdən sanki oyandım, tez ayaqlayın dalınca küçəyə qədər qaçdım. Onun mindiyi ağ "Jiquli” artıq tərpənmək üzrə idi. Açıq pəncərədən başını çıxardıb dedi: "Hə, bilirəm, öpmək istəyirsən, qalsın qayıdana”. Maşın getmişdi, mən isə hələ dayanıb qalmışdım”.
Şuşanın, Laçının işğalından ürəyi göynəyən Xocalı faciəsinin intiqamını bir an belə unutmayan İlqar səngərləri özünə sirdaş etdi. Hər qaya, hər daş uğrunda mərdliklə döyüşdü. Laçın rayonunun neçə-neçə kəndinin, o cümlədən Səfiyan kəndinin azad edilməsində hünər göstərdi.
Döyüş dostunun dediklərindən: "Ağır döyüşdən sonra vətənin qeyrətli oğulları bir yerə cəmləşdilər. Yorğunluğa, yaraların sızıltısına baxmayaraq, qələbəyə can atan əsgərlər gələcək döyüşlərdən danışırdılar. Yaxın dostu, milis kapitanı Əli Məmmədov zarafatla İlqara dedi:
- İlqar, vallah, sən qızışanda hər şeyi unudursan. Ağlın idman zalına, yarışa getməsin. Biz indi məkrli və hiyləgər erməni ilə vuruşuruq.
İlqar bığaltı gülümsündü:
- Ay Əli, təkcə mən yox, hamımızın vətən məhəbbəti ermənilərin məkrini də, özünü də məhv edəcək. Axı hamımız yaxşı bilirik ki, qələbə üçün düşmənə nifrət cana məhəbbətdən güclü olmalıdır”. Sentyabrın 24-də Mazutlu kəndi uğrunda döyüş gedirdi. Təpədən dırnağa kimi silahlanmış erməniləri "Qızartı” yüksəkliyindən qovmaq lazım idi.
Cəsur oğullarımız rəşadətlə vuruşurdular. Milli bayrağımızı başı üstünə qaldıran İlqar polis dostları, o cümlədən Əli Məmmədovla birlikdə yüksəkliyə doğru irəliləyirdi. İlqar həmişə olduğu kimi, bu dəfə də polis yoldaşlarından 20 metr irəlidə gedirdi. O, bayrağı yüksəkliyə sancmağa gedəndə demişdi: "Söz verirəm ki, xüsusi əhəmiyyəti olan Laçın dəhlizini könüllü döyüşçülərimizin rəşadəti sayəsində bağlayacağam.
Bizdən sonra dəhlizi əldə möhkəm saxlayın. Mən şəhid olsam, uğrunda canımdan keçməyə hazır olduğum ana torpağa tapşırın. Cəsədimin ermənilər tərəfdə qalmasına imkan verməyin”. Bu son söz Əli Məmmədov və başqa döyüş yoldaşlarına çox pis təsir etmişdi. Könüllülərdən ibarət 23 polis döyüşçü "Qızartı” yüksəkliyinə qalxdı. Bu yüksəklikdə çox çətin döyüş getdi. İlqar irəlidə addımlayırdı. O, bir anlığa ermənilərin səsini eşidib, ayaq saxlayıb, döyüş yoldaşlarını xəbərdar edib ki, artıq ermənilərlə üz-üzə gəliblər. Əmr edib ki, bıçaqları çıxardın, əlbəyaxa döyüşə hazırlaşın. İlqarın rəhbərlik etdiyi dəstə ermənilərlə əlbəyaxa döyüşdə də böyük şücaət göstərib. İlqar İsmayılovun cəbhə dostunun dediklərindən: "Bu döyüşdə sağ qalmağımızın əsas səbəbi yalnız İlqarın idmançı olması idi. İlqar çox güclü cüdoçu idi. Əlbəyaxa döyüşdə təkbaşına 26 erməni ilə bacardı və hamısını məhv etdi. Onlarının avtomatını və bir ədəd snayper tüfəngini qənimət götürmüşdü. İlqar İsmayılov Azərbaycanın üçrəngli bayrağını "Qızartı” yüksəkliyinə taxdı, bayraq vüqarla dalğalandı. Düşmən Azərbaycanın bayrağını görəndən sonra böyük qüvvə ilə hücuma keçdi, lakin çoxlu itki verib geri çəkildi. Bu qeyri-bərabər döyüşdə İlqar İsmayılovun vətən eşqi ilə çırpınan ürəyi düşmən gülləsinə tuş gəldi. O, neçə-neçə şirin arzusu ilə birgə ana torpağa qovuşdu”.
Bu döyüşdə polis kapitanı Əli Məmmədov da böyük qəhrəmanlıqla şəhid olub. O, İlqarın meyidini götürmək üçün var qüvvəsi ilə vuruşub. İlqar İsmayılovun meyidini bizimkilər götürəndən sonra Əli Məmmədov ermənilərin gülləsinə tuş gəlib. İlqarın anası Fatma xanım həmin hadisəni söyləyərkən hönkür-hönkür ağladı. "Əli Məmmədov oğlum İlqardan ötrü şəhid olmuşdur”, - dedi.
O, 1992-ci ilin oktyabr ayının 1-də Laçın rayonundakı Mazutlu kəndi yaxınlığında "Qızartı” yüksəkliyini alarkən xüsusi igidlik göstərərək şəhid olan İlqar İsmayılov və Əli Məmmədov Şəhidlər xiyabanında yanbayan dəfn olunublar.
Bakının Nərimanov rayonunda küçələrin biri İlqar İsmayılovun adını daşıyır. Təhsil aldığı 45 saylı orta məktəbin qarşısında İlqar İsmayılovun abidəsi qoyulub.
Xalqına, vətəninə qəlbən bağlı olan İlqar Sədi oğlu İsmayılov Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli, 273 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Milli Qəhrəman adına layiq görülümüş şəhid idmançılarımız
Əliyev Əliyar Yusif oğlu (1957-1992) Azərbaycan DBTİA-nı fərqlənmə diplomu ilə bitirən (1979) Əliyar Qubadlı rayon Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri vəzifəsində çalışıb. O, yunan-Roma güləşi üzrə idman ustası idi. Qubadlı rayonunda ilk könüllü batalyon yaradanlardan biri və bu batalyonun komandiri olub. 1992-ci il oktyabrın 2-də Laçının 7 kilometrliyində gedən döyüşlərdə batalyon komandiri mayor Əliyar Əliyev qəhrəmancasına həlak olub. Ölümündən sonra Azərbaycan Prezidentinin 10 noyabr 1992-ci il taixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Abbasov Mehdi Yusif oğlu (1960-1992) Azərbaycan Pedaqoji İnstitutunun bədən tərbiyəsi və hərbi hazırlıq fakültəsini bitirib. Stavropol Ali Hərbi Məktəbinə daxil olub (1989). Polis bölməsində baş leytenat rütbəsi ilə post-patrul xidmətində çalışıb. Sərbəst güləş üzrə SSRİ idman ustası idi. Erməni quldurları torpağımıza təcavüz edəndə Mehdi Abbasov Qazaxıstanda xidmət edirdi. Ermənilərin fitnəkarlığını eşidən Mehdi vətənpərvər bir azərbaycanlı kimi dözməyib, doğma torpağa olan borcunu yerinə yetirmək üçün Vətənə qayıdıb. 1991-ci ilin mayında XTPD-nin rota komandirinin müavini, sonra isə rota komandiri təyin edilib. O, 8 ay müddətində Füzuli, Şuşa, Laçın, Goranboy, Tərtər, Cəbrayıl və digər odlu nöqtələrdə vuruşub. 1992-ci il yanvar ayının 13-də Füzuli rayonunda gedən döyüşlərdə misilsiz igidlik göstərərək şəhid olub. Ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Rəhimov Cavanşir İzzət oğlu (1973-1992) 1989-cü ildə 5 saylı texniki-peşə məktəbini bitirib. Sərbəst güləş üzrə idman ustası idi. Bir neçə beynəlxalq yarışların qalibi olub. Torpaqlarımızın üzərini qara buludlar alanda o, könüllü olaraq, Qala qəsəbəsində 843 saylı hərbi hissədə təlim-məşq keçib və vertolyot pulemyotçusu kimi döyüşə yollanıb. Avqustun 6-da üçüncü uçuşda Cavanşir əlindən yaralanıb. Həkim ona növbəti uçuşa icazə verməsə də, Cavanşir inadından dönməyib. "Mİ-24”-də səmaya qalxan cəsur döyüşçü həm düşmən mövqeyini atəşə tutub, həm də yaralıları və meyidləri döyüş meydanından çıxarıb. Həmin vaxt vertolyot düşmən gülləsinə tuş gəlib. İgid pilotlar özlərini itirməyib, son anda belə göydən düşmənin başına od yağdırıblar. 1992-ci il avqustun 7-də Cavanşirin son döyüşü olub. Ölümündən sonra Cavanşir İzzət oğlu Rəhimova Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adı verilib.
İbrahimov Mübariz Ağakərim oğlu (1988-2010).
Mübariz İbrahimov 1988-ci il fevralın 5-də Biləsuvar rayonunun Əliabad 2005-ci ildə həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət edib.
18 iyun 2010-cu il tarixində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək düşməni ağır itkilərə məruz qoyub. Azərbaycanın cəsur döyüşçüsü qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.
Azərbaycan Prezidenti İlham Əliyevinin sərəncamı ilə Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı” adı (ölümündən sonra) verilib. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Milli Qəhrəmanımız 2010-cu ildə "ilin adamı” seçilib.
Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə Mübariz İbrahimovun adı verilib.
"Palmali” Şirkətlər Qrupunun tankerlərindən biri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyır.
Dilqəm Quliyev
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap edilir.