Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən "Prezident Kuboku-2025" beynəlxalq reqatasına yekun vurulub.
Olimpnews.az xəbər verir ki, Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışların son günündə avarçəkənlərimiz daha 7 (1 qızıl, 3 gümüş, 3 bürünc) medal qazanıblar.
Təmsilçilərimizdən 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında ikinəfərlik kayak qayığında (K-2) 200 metr məsafəyə yürüşdə İvan Vorobyanski - Hüseyn Həsənov cütlüyü ikinci, Vacib Babayev - Nuran Rəhimli cütlüyü üçüncü olub.
İkinəfərlik kayak qayığında (K-2) 200 metr məsafəyə yürüşdə 2011-2012-ci illər təvəllüdlü idmançılar arasında Əziz Əhmədli - Kamal Tağıyev cütlüyü gümüş, Sənan Cəfərzadə - Tahir Mövsümov cütlüyü isə bürünc medalla kifayətlənib.
İkinəfərlik kayak qayığında (K-2) 200 metr məsafəyə yarışlarda Elvin Əliyev - Niyaz Məlikov cütlüyü bürünc medala layiq görülüb.
Millimiz digər medalı ikinəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə yürüşdə 2006-2007-ci illər təvəllüdlü idmançıların mübarizəsində qazanıb. Belə ki, Nurlan Paşayev - Cahangir Məmmədli cütlüyü gümüş medala yiyələnib.
Komandamıza yeganə qızıl medalı isə birnəfərlik kayak qayığında (K-1) 1000 metr məsafəyə yürüşdə 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında çıxış edən Əlimurad Hacızadə qazandırıb. Bu, idmançımızın "Prezident Kuboku-2025" beynəlxalq reqtasındakı ardıcıl üçüncü medalı olub. O, yarışların ilk iki gününü 2 gümüş medalla başa vurmuşdu.
Qeyd edək ki, yarışların ilk iki günündə Azərbaycan idmançıları 4 gümüş və 4 bürünc medal qazanmışdılar. Bununla da Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025" beynəlxalq reqatasını 14 (1 qızıl, 7 gümüş və 7 bürünc) medalla tamamlayıblar.