Azərbaycan gəncləri dünyanın ən qabaqcıl gəncləri sırasındadırlar

Azərbaycan gəncləri dünyanın ən qabaqcıl gəncləri sırasındadırlar


Həyatın elə bir sahəsi yoxdur ki, orada gəncliyin səsi eşidilməsin, fədakar zəhməti, hərarətli nəfəsi hiss olunmasın. Respublikamızın 70 illik imperiya əsarətindən çıxaraq azadlığa qovuşmasında, müstəqil dövlətimizin və dövlətçilyimizin sarsılmazlığının, əbədiyaşarlığının təminatında gənclərimizin rolu danılmazdır. Ölkəmizin müdafiə qüdrətinin və iqtisadi potensialının artırılmasında, xoşbəxt gələcəyimizin qarantı olan Azərbaycan gəncliyinin misilsiz zəhməti, hünər və rəşadəti ölçüyəgəlməzdir.
Ümummilli lider Heydər Əliyevin hələ 1997-ci ildə hər il fevral ayının 2-nin Azərbaycan Gəncləri Günü kimi elan olunması barədə imzaladığı tarixi sərəncam və ulu öndərimizin siyasi kursunun layiqli davamçısı, Respublika Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı” gənclərə dövlət qayğısının əyani sübutudur.
Gənclərlə bağı dövlət tərəfindən bir sıra qərarlar qəbul edilir, layihələr həyata keçirilir. 1999-cu il iyulun 29-da ölkəmizdə qəbul olunan "Dövlət gənclər siyasəti haqqında” fərman Azərbaycan gənclərinin müstəqil dövlətimizdə hərtərəfli inkişafı üçün əlverişli şərait yaratmışdı. Ulu öndər Heydər Əliyevin imzaladığı bu fərmandan sonra gənclərin cəmiyyətin həyatında fəal iştirakının təmin edilməsi üçün baza yarandı. Həmçinin, bu fərman gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına yaxından köməklik etdi.


"Biz dilimizlə fəxr etməliyik”

Heydər Əliyev gənclərin təhsilinə də xüsusi önəm verirdi. Ümummilli lider təhsilin məzmununu yeniləşdirərək müstəqil Azərbaycanın tələblərinə, xalqın mənəviyyatına uyğun qurulmasının vacibliyindən danışarkən demişdir: "Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq öz xalqıının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, həqiqi vətənpərvər ola bilməz. Əgər bunu bilməsə, öz millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz. Ancaq təkcə tarix deyil, bizim zəngin ədəbiyyatımız da var. Biz dilimizlə fəxr etməliyik. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin”.
Respublikamızda rəhbərliyinin birinci dövründə Heydər Əliyev gənclərimizin təkcə respublikamızda deyil, eyni zamanda, SSRİ-nin ən nüfuzlu ali məktəblərində də təhsil almalarına xüsusi əhəmiyyət verirdi. Həmin illərdə Azərbaycanın tarixi nailiyyətlərindən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, müxtəlif ixtisaslar üzrə mütəxəssislərin yaradılmasından ibarət idi. Təkcə bir faktı deyək ki, ötən əsrin 70-80-ci illərində hər il 700-800 istedadlı gənc azərbaycanlı təhsil almaq üçün Moskva, Leninqrad (Sankt-Peterburq), Kiyev, Minsk, Odessa, Daşkənd, Novosibirsk və başqa şəhərlərin ali məktəblərinə göndərilirdi. Bu gün Azərbaycan elminə, sənayesinə, mədəniyyətinə, incəsənətinə öz töhfələrini verən və "Heydər Əliyevin yetirmələri” adlandırılan bütöv bir nəsil var. Həmin nəsil 1970-1982-ci illərdə keçmiş SSRİ-nin ən yaxşı ali məktəblərində ümummilli liderin birbaşa təşəbbüsü, təşkilatçılığı və qayğısı nəticəsində təhsil almış şəxslərdir. O vaxtlar böyük öndərimiz tərəfindən hazırlanan kadr potensialı Azərbaycanın müstəqilliyini qorumaq, inkişaf etdirmək üçün bu gün də böyük önəm daşıyır.
"Təhsil millətin gələcəyidir” deyən ulu öndərin respublikamızda milli kadr potensialının formalaşdırılması istiqamətində atdığı mühüm addımlardan biri olan təhsil sahəsində böyük uğurlar əldə edən tələbələrin müxtəlif ölkələrin qabaqcıl universitetlərə oxumağa göndərilməsi ənənəsi bu gün də davam etdirilir. Bu məqsədlə Prezident İlham Əliyevin 2007-ci ilin aprelində təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” mütərəqqi ənənənin bu gün də yaşamasının əyani sübutudur. Bu isə o deməkdir ki, Azərbaycanın hərtərəfli inkişafında böyük rol oynayan mütəxəssislər çoxalmaqdadır. Hazırda Azərbaycan gəncləri təkcə, MDB-də deyil, o cümlədən, dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında biliklərə yiyələnirlər. Bu, bir daha sübut edir ki, dövlətimiz elmin, təhsilin inkişafına xüsusi diqqət göstərir, gənc nəslin intellektual səviyyəsinin artmasını ən vacib məsələlərdən biri kimi daim önə çəkir. Azərbaycandan kənarda oxumağa gedən gənclərə xüsusi diqqətlə yanaşılır, dövlətimiz onların problemləri ilə yaxından maraqlanır və lazımi tədbirlər həyata keçirilir. Uzaqgörənliklə əsası qoyulan bu ənənə elmi potensialımızın inkişafında böyük rol oynayır. Unutmaq olmaz ki, vətəndaşların hərtərəfli təhsil ala bilməsi üçün yaradılan şərait, həm də demokratik cəmiyyət quruculuğunun əsas elementlərindən biridir. Eyni zamanda, bu cür qayğı gənclərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayır. Xaricdə təhsil alan gənclərimiz Azərbaycanın potensial kardlarıdır. Qeyd edək ki, dövlət qayğısı ilə əhatə olunan bu gənclər xarici ölkələrdə təhsil alarkən respublikamızı layiqincə təmsil edirlər. Bu müddət ərzində tələbə gənclərimiz Azərbaycan haqqında müəyyən fikir formalaşdıra bilirlər. Xaricdə fəaliyyət göstərən tələbə təşkilatlarımızın təşəbbüsü ilə keçirilən müxtəlif tədbirlər respublikamızda baş verən iqtisadi, sosial inkişaf barədə məlumatların yerli əhaliyə çatdırılmasında xüsusi əhəmiyyət daşıyır. Bu təşkilatlar xalqımızın üzləşdiyi faciələrin, ədalətsizliklərin bəyan edilməsində də fəallıq göstərirlər. Bu gün az qala bütün dünyada kampaniya halında həyata keçirilən "Xocalıya ədalət” şüarları məhz həmin gənclərin təşəbbüsünün nəticəsidir. Bu onu göstərir ki, gənclərimiz harada yaşadıqlarından asılı olmayaraq, daim ürəkləri vətənimizlə döyünür. Şübhəsiz ki, təbliğatın əsasında milli-mənlik şüuru dayanır. Əlbəttə, bunun üçün gənclər mütəmadi olaraq xalqımızın tarixi ilə dərindən maraqlanmalı, keçmişimizi daha yaxşı mənimsəməlidirlər. Belə olan halda, milli-mənlik şüuru, vətənpərvərlik tərbiyəsi önə çıxacaq.


Gənc idmançılarımızın əldə etdiyi nəticələr qürur hissi yaradır

Yaşadığımız dövr elmin, texnikanın və yeni texnologiyaların misli görünməmiş inkişafı ilə fərqlənir. Bu günün informasiya idarəçiliyi xalqın əksəriyyətini təşkil edən və daim yeni informasiya cəmiyyəti yaratmaq eşqilə yaşayan gənc nəsil üçün çox önəmlidir. Bu məqsədlə Gənclər və İdman Nazirliyi tərəfindən yaradılmış "Elektron Gənclik” layihəsi və Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliği istiqamətində həyata keçirilən digər layihələr gözəl bəhrələr verməkdədir. Erməni faşizminin müxtəlif dövlərdə (1905-1907, 1918-1920 və 1988-1993-cü illərdə) ölkəmizin bölgələrində törətdiyi ağlasığmaz vəhşiliklər və soyqırımlarının dünyaya çatdırılması ən vacib məsələdir. 7 rayonumuzun və Dağlıq Qarabağın erməni işğalına məruz qalması, 1 milyondan artıq qaçqın və məcburi köçkünün 20 ildən bəri doğma yurd həsrəti ilə yaşaması barədə məlumatların dünya dövlətlərinin parlamentlərinə, kütləvi informasiya vasitələrinə, beynəlxalq siyasi təşkilatlara çatdırılmasında "Elektron Gənclik” layihəsinin rolu əvəzsizdir. "Kompüter savadsızlığına yox deyək” layihəsi çərçivəsində gənclər arasında müvafiq kursların təşkili də öz bəhrəsini verib. Hazırda respublikamızda yaradılan kompüter mərkəzlərində minlərlə gənc öz intellektual bacarığını artırır. Şübhəsiz ki, bütün bunlarla yanaşı, Azərbaycan gənclərinin fiziki sağlamlığı da diqqətdən kənarda qalmayıb. Gənc nəslin idmanla məşğul olması üçün respublikamızda lazım olan bütün şərait mövcuddur. Dövlətimiz bu sahəyə yetərincə vəsait xərcləyir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "idmana qoyulan vəsait insanın sağlamlığına qoyulan vəsaitdir”. Hazırda ölkəmizin bütün bölgələrində idmanın maddi-texniki bazasının yaradılması və möhkəmləndirilməsi istiqamətində uğurlu addımlar atılır. 2000-ci ildən bu günədək respublikamızın müxtəlif bölgələrində Olimpiya idman kompleksləri, müasir tələblərə cavab verən idman qurğuları, zallar, stadionlar inşa olunub və olunmaqdadır. Belə idman qurğularında məşğul olan Azərbaycan gəncləri dünya, Avropa yarışlarında, Olimpiya oyunlarında ölkəmizi ləyaqətlə təmsil edirlər. Təsadüfi deyil ki, 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında qazanılan medalların (2 qızıl, 2 gümüş və 6 bürünc) əksəriyyəti gənc idmançıların payına düşüb. Hər il beynəlxalq yarışlarda əldə olunan medalların sayı artmaqdadır. Eyni zamanda, respublikamız bir sıra beynəlxalq turnirlərin ev sahibinə çevrilib. Qeyd edək ki, 2013-cü ildə ölkəmizdə 298 respublika səviyyəli yarış (2012-ci ildə 150) təşkil edilib, 57 beynəlxalq turnir (2012-ci ildə 35) keçirilib. Ötən il Olimpiya və qeyri-olimpiya idman növləri üzrə təşkil olunan beynəlxalq yarışlarda dünya, Avropa çempionatları və birinciliklərində ümumilikdə, 782 medal (280 qızıl, 233 gümüş, 269 bürünc) əldə olunub. 2012-ci ildə isə 735 medal (255 qızıl, 244 gümüş, 236 bürünc) Azərbaycan idmançılarının payına düşüb. Bu faktlar sübut edir ki, Azərbaycanda idmanın inkişafına xüsusi diqqət göstərilir. Bu sahənin inkişafı isə gənclərimzin fiziki sağlamlığının qorunmasında əhəmiyyətli rol oynayır. Təbii ki, gənc idmançılarımızın əldə etdiyi nəticələr bizi qürurlandırır, onlarla fəxr etməyimizə zəmin yaradır.
Ümumiyyətlə, idman hər bir ölkənin dünya miqyasında tanınmasında, onun beynəlxalq səviyyədə nüfuzunun artmasında mühüm rol oynayan amillərdən biridir. Dünyanın idman arenalarında Azərbaycan atletlərinin qazandıqları qələbələrdən sonra ölkəmizin bayrağının qaldırılması, Dövlət himnimizin səsləndirilməsi ölkəmizin beynəlxalq aləmdə daha da yaxından tanınması ilə vəhdət təşkil edir. Dünya arenasında bayrağımızın yüksəklərə qaldırılması, himnimizin səsləndirilməsi həm də ölkənin yeniyetmə və gənclərinin vətənə olan məhəbbətini təcəssüm etdirir.


İstedadlı gənclərin aşkar edilməsi də mühüm məsələlərdən biridir

Öz məişət şəraitlərinin yaxşılaşdırmaq üçün gənc ailələlərə güzəştli ipoteka kreditlərinin verilməsi barədə Respublika Prezidentinin fərmanı gənclərə göstərilən qayğıdan xəbər verir. Bu, yeni ailə qurmuş gənc mütəxəssislərin - hərbi qulluqçuların, idmançıların, alimlərin və qeyri-peşə sahiblərinin sosial problemlərinin həllinə dövlət qayğısının əyani sübutu kimi dəyərləndirilməlidir.
Elm, mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində fəaliyyət göstərən gənc istedadların aşkar edilməsi də mühüm məsələlərdən biridir. Müvafiq dövlət orqanları və yaradıcılıq ittifaqları ilə birgə gənclər arasında olimpiadaların, müsabiqələrin, bilik yarışlarının, elmi-əyləncəli oyunların və festivalların mütəmadi olaraq keçirilməsi ənənə şəkilini alıb. Bundan başqa, yaradıcı gənclərin əsərlərindən ibarət sərgilərin təşkili, onların kitablarının dövlət hesabına nəşri, müsabiqə və yarışlarda fərqlənənlərin diplom və mükafatlarla təltif olunması ölkəmizin gələcək qurucularına dövlət qayğısının əyani sübutudur.


Ali hərbi məktəblərə daxil olmağa can atan bölgə gənclərinin sayı ildən-ilə çoxalır

Ölkəmizdə gənclərin vətənpərvər ruhda formalaşması, onların orduya hazırlığı da xüsusi nəzarət altındadır. Bu məqsədlə, hər il müxtəlif səpkili layihələr, proqramlar hazırlanır və həyata keçirilir. Respublikamızın orta təhsil müəssisələrində şagirdlər arasında keçirilən "Şahin” və "Cəsurlar” hərbi idman oyunları dediklərimizə bariz nümunədir. Qeyd etdiyimiz bu oyunlar gənc nəslin fiziki hazırlığının yüksəlməsində, hərb sənətinə maraq və meyllərinin artmasında mühüm rol oynayır. Bölgələrdə bu sahədə görülən işlər olduqca ürəkaçandır. Bölgə gənclərinin sorağı mötəbər yarışlardan qalib kimi gəlir. Məktəblərin hərbi hazırlıq müəllimlərinin böyük əməyinin sayəsində hərbi idman oyunlarına həvəs göstərən uşaqların sayı ilbəil artır. Bölgə məktəbliləri zona birinciliklərində uğurla çıxış etməyə çalışırlar. Bu mərhələdə qalib olanlar növbəti mərhələdə - respublika final mərhələsində iştirak etmək hüququ qazanırlar. Sevindiricidir ki, hərbi idman oyunlarında təkcə oğlanlar deyil, qızlardan ibarət komandalar da güclərini sınayırlar. Onlar bütün bölgələri əhatə edən "Mahir nişançı” respublika atıcılıq turnirində də uğurla yarışırlar. Bu, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin, hərbi sahəyə marağın və sevginin artdığının göstəricisidir. Təsadüfi deyil ki, hazırda hərbi liseylərə və ali hərbi məktəblərə daxil olmağa can atan bölgə gənclərinin sayı ildən-ilə çoxalır. Bu gənclərlə söhbət insanda iftixar hissi yaradır.
Respublikamız 20 ildən artıqdır ki, müstəqillik yolunda inamla addımlayır. Azərbaycan bu gün dünyanın ən aparıcı dövlətləri ilə eyni sırada dayanmaq iqtidarındadır. Buna ölkəmizin son 20 ildə nail olduğu iqtisadi və siyasi güc, qazandığı beynəlxalq nüfuz imkan verir. Əlbəttə ki, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Respublikanın əksər gəncləri vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər. Vətənin taleyinin təhlükə altında olduğu bir zamanda xalqın məhz belələrinə - vətəni qorumağa qadir, mərd, sadiq gənclərə böyük ehtiyacı var. Sevinirik ki, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılır. Heç kimdə şübhə doğurmur ki, insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətəni hər yerdə layiqincə təmsil etməkdir. Vətənpərvərlik hissi ana bətnində yaranır. Lakin o, bütün digər hisslər kimi, tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, güclənir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, cəmiyyətin ən vacib vəzifələrindən biridir.
Fikrimizcə, ölkəmizdə qəhrəmanlıq estafeti ümidverici gəncliyin əlindədir. Onu da nəzərə alaq ki, bu gənclik torpaqlarının 20 faizdən artığının işğal altında olduğu bir ölkənin vətəndaşlarıdır. Nəticə verməyən sülh danışıqları müharibənin labüdlüyünü hər an aktuallaşdırır. Lakin Azərbaycan gəncliyi hər şeyə hazırdır. Gənclərimiz orduya hazırlıq prosesində hərbin incəliklərini dərindən öyrənirlər. İnanırıq ki, ordumuzun əsas hissəsini təşkil edən gənclərimiz torpaqlarımızın işğaldan azad edilməsində müstəsna rol oynayacaqlar.


Müstəqilliyimizi göz bəbəyi kimi qorumaq ən əsas vəzifədir

Hər il olduğu kimi, bu il də 2 Fevral - Gənclər Günü təntənə ilə qeyd edildi. Gənclər və İdman Nazirliyinin, eləcə də digər gənclər təşkilatlarının keçirdiyi tədbirlərdə gənc nəslin ölkəmizin həyatında oynadığı roldan, gənclərin fəallığından söhbət açıldı. Respublikamızın ictimai-siyasi və sosial həyatında fərqlənən gənclər mükafatlandırıldılar. Belə tədbirlərin keçirilməsi, layiqli gənclərin mükafatlandırılması bir daha təsdiq edir ki, gənclərin mənəvi inkişafı, milli ruhda tərbiyələndirilməsi, geniş dünyagörüşlü, çevik və bacarıqları nəslin yetişdirilməsi həmişə dövlətimizin diqqət mərkəzində olub.
Qürurla bildirək ki, indi Azərbaycan gəncləri dünyanın ən qabaqcıl gəncləri sırasındadırlar. Müxtəlif sahələrdə çalışan gənc nəslin nümayəndələrinin özlərinin bacarıqlı, güclü olduqlarını bütün dünyaya bəyan etməsi belə deməyə əsas verir.
Bir sözlə, ölkəmizdə gənclərə, onların hərtərəfli inkişafına göstərilən dövlət qayğısı ürəkaçandır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif sahələrdə uğur qazanmış gəncləri və tələbə gənclər təşkilatlarının nümayəndələrini, mütəmadi olaraq, qəbul etməsi, daha çox onları dinləməyə üstünlük verməsi də bunun bariz nümunəsidir. Həmin görüşlərdə ölkə başçısının söylədiyi nitqdə Azərbaycan gəncliyinin qarşısında duran vacib məsələlərlə yanaşı, onların gücünə, potensialına, intellektinə olan inam da əks olunur. Belə görüşlərin birində Respublika Prezidenti demişdir: "Biz çox istəyirik ki, gənclərimiz həm peşəkar, həm bilikli, həm də Vətənə, dövlətə bağlı olsunlar, Vətəni sevsinlər. Haqlı olaraq fəxr etsinlər ki, onlar Azərbaycan vətəndaşlarıdır. Biz çalışırıq öz işimizlə ölkəmizi elə inkişaf etdirək ki, hər bir vətəndaş haqlı olaraq fəxr etsin ki, müstəqil Azərbaycanın vətəndaşıdır”. Bu sözlərdə gəncliyin qarşısında duran öhdəliklə yanaşı, gəncliyin öhdəliyi, bu nəslin məsuliyyəti və vəzifəsi də öz ifadəsini tapır. Bu vəzifə isə ulularımızın bizə əmanəti olan Azərbaycanı daha xoşbəxt gələcəyə qovuşdurmaq, onun ən böyük sərvəti olan müstəqilliyini göz bəbəyi kimi qorumaq, əbədiliyini təmin etməkdir.
İnanırıq ki, Azərbaycan gəncləri dövlətin onlara göstərdiyi diqqət və qayğını vətənə, xalqa tükənməz məhəbbətləri, ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmlənməsinə bəxş edəcəkləri layiqli töhfələrlə doğruldacaqlar.

Rahib Səmədov

Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət 
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.