Döyüş növləri gənclərə mübarizlik ruhu aşılayır

Döyüş növləri gənclərə mübarizlik ruhu aşılayır
Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri gənc nəslin qayğısına qalmaq oldu. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində gələcəyimiz olan gənc nəslin inkişaf etməsi üçün lazımi tədbirlər həyata keçirildi. İndi Azərbaycan gəncləri dünyanın ən qabaqcıl gəncləri sırasındadırlar. Müxtəlif sahələrdə, o cümlədən idmanda gənc nəslin nümayəndələri özlərinin bacarıqlı, güclü olduqlarını bütün dünyaya bəyan ediblər.
Müstəqil Azərbaycanda son illər inşa edilən idman qurğuları, Olimpiya idman kompleksləri, stadionlar, zallar, uşaq və yeniyetmələrimizin sağlamlığının daha da inkişaf etdirilməsinə xidmət edir. Ölkəmizdə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ümummilli lider Heydər Əliyevin əsas diqqət mərkəzində olan ən vacib məsələlərdən biri olmuşdur. O, gənclərdə milli mənlik şüurunun və onlara vətənpərvərlik hisslərinin aşılanmasına da xüsusi diqqət ayırırdı. Ölkəmizdə uşaq və gənclərin sağlam böyüməsi, mənəvi cəhətdən sağlam nəslin yetişməsi üçün bu, vacib idi. 
Azərbaycanın nüfuzunu günbəgün artıran, onu dünyaya geniş miqyasda tanıtdıran amillərdən biri də təmsilçilərimizin mötəbər beynəlxalq turnirlərdə qazandıqları nailiyyətlərdir. Ümumiyyətlə, idman hər bir ölkənin tanınmasında mühüm rol oynayan əsas sahələrdən biridir.
Dünyanın idman arenalarında Azərbaycan atletlərinin qələbəsindən sonra ölkəmizin bayrağının qaldırılması, Dövlət himninin səsləndirilməsi ölkəmizin daha da yaxından tanınmasına zəmin yaradır. Bu gün respublikamız ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur. İdman sahəsində atılan addımlar, beynəlxalq aləmdə qazanılan nüfuz, atletlərimizin idman arenalarında ciddi rəqibə çevrilməsi də ölkəmizin nüfuzunu artırır.
Müşahidələr göstərir ki, fiziki və mənəvi cəhətdən sağlam olan gənc nəsildə milli şüur və vətənpərvərlik hissləri böyük sürətlə inkişaf edir. Vətənə layiq bir vətəndaş kimi yetişmək üçün gənc nəsil millətimizin tarixi keçmişindən, adət-ənənəsindən, milli xüsusiyyətlərindən bəhrələnir.
Bu gün Azərbaycan dövlətinin ən başlıca amallarından biri uşaq və gənclərdə milli mənlik şüurunun vətənpərvərlik hisslərinin dünyəvi prinsiplər əsasında formalaşdırılmasıdır. Mütəxəssislərə görə, mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə münasibətini bildirir, milli hisslər millətin özünü dərk etməsi prosesinə təsir edir.
Ulu öndərin layqli davamçısı, Azərbaycan Respbulikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev daim gənclərin problemləri ilə maraqlanır, onlar üçün istənilən şəraiti yaradır. Bu gün ölkə gənclərinin beynəlxalq müsabiqələr, festivallar, olimpiadalarda iştirakı və uğur qazanmaları bu sahəyə olan xüsusi dövlət qayğısından və diqqətdən xəbər verir. Uşaq və gənclərin sağlam böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyələndirilməsi, geniş dünyagörüşlü, çevik və bacarıqlı nəslin yetişdirilməsi həmişə dövlət başçısının diqqət mərkəzində olub. Gənclərdə sağlam həyat tərzinin formalaşmasında, onların pis vərdişlərdən uzaq olmasında və düzgün istiqamətə yönəlməsində idman böyük rol oynayır.
Hazırda ölkə əhalisinin əsas aparıcı qüvvəsi olan gənclərdə sağlam həyat tərzinin formalaşması, milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin tərbiyəsində idmanın rolunun həlledici olması üçün xüsusi dövlət siyasəti həyata keçirilir.
Vətənimizin adını uca tutmaq niyyəti ilə idmançılarımızın müxtəlif mötəbər yarışlarda iştirakı onlarda milli qürur, vətənpərvərlik hisslərini, milli mənlik şüurunun inkişafın tərbiyəsini daha da gücləndirir. Gənc nəslin nümayəndələri müxtəlif yarışlarda qələbə əzmi ilə yarışırlar. Beynəlxalq yarışlarda üçrəngli bayrağımızın dalğalanması, himnimizin səslənməsi hər bir Azərbaycan vətəndaşının milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə zəmin yaradır.
Eyni zamanda, medal əldə edən idmançılarımız yeniyetmə və gənclərimiz üçün nümunəyə çevrilirlər.
Bu gün idman cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilib. Azərbaycanda idmana göstərilən diqqət və qayğı sayəsində bu sahə uğurla inkişaf edir. Kütləviliyin təmin edilməsi, yeniyetmə və gənclərin idmanla müntəzəm məşğul olması üçün ölkədə idmanın maddi-texniki bazası gücləndirilir. İndi ölkəmizdə idmanla məşğul olmaq üçün yüksək səviyyəli şərait mövcuddur. Bu, Azərbaycan dövlətinin həyata keçirdiyi ən uğurlu siyasətlərdən biridir. Çünki idman insanların fiziki və mənəvi cəhətdən sağlam olmasına kömək edir, eyni zamanda, milli, mənəvi dəyərlərimizi gənclərə, uşaqlara aşılayır.
Uşaq və gənclərin, eləcə də, yaşlı nəslin gümrahlığı, sağlam həyat tərzi məhz idmanla tənzimlənir. Çünki idmanın imkanları genişdir. Müşahidələr göstərir ki, ömrünü idmana həsr edən insanlar fiziki cəhətdən sağlam, enerjili olur, gözəl bədən quruluşu ilə fərqlənirlər. Uşaq və gənclərdə cəldlik, mənəvi saflıq, özünəinamın yaranması məhz idmanla bağlıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, layiqli vətəndaş kimi yetişməsi üçün idmanın təbliğatı vacibdir. Bu, az vaxt ərzində böyük nailiyyətə çatmaq, həmçinin öz sağlamlığını təmin etməyə nail olmaq deməkdir.
Yəni, vətənin keşiyində fiziki cəhətdən sağlam gənclər dayana bilərlər. Ordu sıralarına çağırılan hər bir azərbaycanlı gənc, eyni zamanda, mənəvi cəhətdən də sağlam olmalıdır.
Fiziki sağlamlığın qorunmasına göstərilən qayğı, Azərbaycan gənclərinin sağlam ruhda böyüməsinə, eyni zamanda, onların vətənin sadiq keşikçilərinə çevrilmələrinə şərait yaradır. Gənclərin vətənpərvərlik, vətənə və dövlətə sədaqət, respublikanın ərazi bütövlüyünün müdafiəsinə daim hazır olmaq ruhunda tərbiyə olunması müharibə şəraitində yaşayan ölkəmizdə günümüzün vacib məsələlərindəndir. Bu baxımdan, ölkəmizdə hərbi, idman və turizm oyunlarının keçirilməsinin böyük əhəmiyyəti var.
"Cəsurlar”, "Vətənin müdafiəsinə hazıram”, "Şahin” hərbi idman oyunları gənc nəslin vətənpərvər ruhda yetişməsində, gənclərin həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığında müstəsna rol oynayır. Yeniyetmələrin fiziki hazırlığının daha da inkişaf etdirilməsi hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi ilə bağlı orta məktəb şagirdləri arasında hərbi-idman oyunları təşkil edilir. Hər il ənənəvi olaraq keçirilən "Cəsurlar” və "Şahin” hərbi idman oyunları şagirdlərin ordu sıralarına xidmətə hazırlanmasını təmin etmək məqsədi daşıyır. Danılmaz faktdır ki, bugünün fiziki cəhətdən sağlam yeniyetməsi sabahın əsgəridir. Bu baxımdan, gənclərin hərbi-vətənpərvərlik hisslərini gücləndirən idman növləri ilə məşğul olmaları vacibdir. Bu gün ölkəmizdə taekvondo, kikboksinq, universal döyüş, WKF karate, kyokuşinkay karate, aykido, kunq-fu, uşu-sanda, sindo-ryu-karate, pençak silat, ciu-citsu, mix fayt və s. kimi populyarlığa malik döyüş növləri tədris olunur. Qeyd olunan növlər bütün dünyada sevilir, gənclərin böyük bir qismini öz ətrafına toplayır.
Hələ ölkəmiz yenicə müstəqillik qazanmağa başladığı dövrlərdə bütün dünyada populyarlıq qazanan döyüş növləri Azərbaycan gənclərinin də bu idman növlərinə marağını artırmışdı. Bu gün ölkəmizdə minlərlə gənc müxtəlif döyüş növləri ilə məşğul olur. Azərbaycan Gənclər və İdman Nazirliyinin şöbə müdiri Cəbrayıl Həsənov ölkəmizdə döyüş növləri ilə məşğul olan gənclərin sayının Olimpiya idman növləri ilə məşğul olanların sayından çox olduğunu bildirdi. Ölkəmizdə Şərq Döyüş Növləri Federasiyaları Şurası fəaliyyət göstərir ki, buraya 18 idman növü daxildir.
Döyüş idman növləri idmançılarda sağlamlığın möhkəmləndirilməsi, orqanizmin daim gümrah vəziyyətdə qalması, özünəinam hisslərinin yaranması, psixoloji gərginliyin aradan qaldırılması və s. kimi müsbət keyfiyyətləri formalaşdırır.
Döyüş idman növləri gənclərin hərbi-vətənpərvərlik ruhunda böyüməsində böyük rola malikdir. Döyüş növləri ilə məşğul olan yeniyetmə və gənclərdə vənpərvərlik, vətəni qorumaq, vətənin adını ucaltmaq kimi hisslər daha tez formalaşır. Mütəxəssislərin fikrincə, məhz kiçik yaşlarından döyüş növlərinə həvəs göstərən uşaqlarda vətənpərvərlik hisslərinin formalaşması onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə, milli ordumuz üçün güclü əsgər kimi yetişməsinə şərait yaradır. Bu gün gənclərimizin hərbi-vətənpərvərlik vərdişlərinə yiyələnmələri, ordumuzun döyüş hazırlığının artırılması çox vacibdir. Bu, bir reallıqdır ki, ölkəni, həqiqətən də, fiziki cəhətdən sağlam, çevik, cəsur, iradə əzminə, dözümə, fiziki hərəkətlərə, idman vərdişlərinə yiyələnmiş şəxslər daha yaxşı müdafiə edirlər. Lazım gələndə fəndlər işlətmək, çevik olub vəziyyətdən çıxmaq, əlbəyaxa döyüşdə qalib gəlmək, zərbə endirməyi və s. bacarmaq çox vaxt döyüşün taleyini həll edir.
Döyüş idman növləri gənclərdə daxili inam hissini artırmaqla yanaşı, onların psixoloji cəhətdən güclənməsinə də böyük təsir göstərir. Bu idman növləri ilə məşğul olan gənclərin təkcə fiziki hazırlıqlı olması kifayət deyil: idmançı mənəvi cəhətdən də güclü olmalı, qarşısına məqsəd qoyaraq ona doğru irəliləməlidir. Döyüş növləri həm də gənclərin pis əməllərdən çəkinmələrinə, valideynə, cəmiyyətə hörmət hisslərinin aşılanmasına şərait yaradır. Döyüş idman növləri üzrə bölmələrdə xüsusi psixoloji məşqlər keçirilir ki, bu da idmançının mübarizə ruhunu, döyüş ruhunu gücləndirməyə kömək edir. Daim qələbəyə can atan idmançılar həyatda da çox əzmkar olur və qarşılarına qoyduqları məqsədə nail olmağa çalışırlar.
2000-ci ildə yaradılan universal döyüş idman növü ölkəmizdə 2004-cü ildən fəaliyyət göstərir. Azərbaycan Universal Döyüş Federasiyasının bu idman növ üzrə paytaxt və regionlarımızda 50-dək nümayəndəliyi var. Hazırda ölkəmizdə 5000-ə yaxın gənc bu idman növü ilə məşğul olur. Universal döyüş idman növü özündə boks, kikboksinq, əlbəyaxa döyüş, güləş kimi növləri birləşdirir. Universal döyüş üzrə yarışlarda 10 yaşından iştirak etməyə icazə verilir. Uşaqların bu idman növü ilə 9 yaşından məşğul olmaları məqsədəuyğundur. Bıçaqatma, gülləatma, maneələr silsiləsini özündə birləşdirən universal döyüş gənclərin hərbi-vətənpərvərlik ruhunda böyüməsi, fiziki cəhətdən daha güclü olması və özünümüdafiə baxımından faydalıdır. Qeyd edək ki, bu idman növündən orduda desant hazırlığında istifadə olunur. Mütəxəssislər bu idman növünün gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində, onların məhz hərbi vərdişlərə yiyələnmələrində böyük rola malik olduğunu bildirirlər. Azərbaycan Universal Döyüş Federasiyasının Prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov bu idman növünün fəlsəfəsi olduğunu bildirdi. O, bu növün gənclərin hərbi-vətənpərvər ruhda tərbiyə olunmasındakı rolundan danışdı: "Vətənpərvərlik - doğulduğun torpağa, yaşadığın ölkəyə sədaqətli vətəndaş olmaq, doğma vətəninin keşiyində dayanmaq, bu ölkənin rifahı naminə bütün qüvvəni səfərbər etməkdir. Döyüş növləri gənclərimizdə məhz bu keyfiyyətləri formalaşdırır. Universal döyüş idman növü Azərbaycanda 14 ildir ki, fəaliyyət göstərir. 10-11,12-13, 14-15, 16-17,18-20 yaş qrupları üzrə oğlanlar və qızlar, 20 yaşdan yuxarı kişilər və qadınlar arasında hər il bu növ üzrə dünya və Avropa birincilikləri və çempionatları keçirilir. İdmançılarımız bu yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Bu idman növünün öz fəlsəfəsi var. bu növün tədrisində əsas məqsəd gənclərin fiziki ilə yanaşı, mənəvi cəhətdən güclü olmasına nail olmaqdır. Məlumdur ki, yalnız mənəvi cəhətdən güclü olan insan hər bir çətinliyə qatlaşır, o, vətənini, doğma torpağını ürəkdən sevir. Qeyd edim ki, universal döyüş növü üzrə yarışlar iki mərhələ üzrə keçirilir. İlk mərhələyə maneələr silsiləsi daxildir. Digər mərhələ isə rinqdə (klassik versiya) və tatami üzərində (layt versiya) döyüşdən ibarətdir. Artıq iki ildir ki, qış universal döyüş növü də fəaliyyət göstərir. Burada idmançılar buz üzərində məsafəni qət edərkən müxtəlif maneələri dəf edirlər. Maneələri dəf etdikdən sonra idmançılar qar üzərində döyüşürlər. Bu cür döyüşlər orduda xidmət etməyə hazırlaşan gənclərimizin fiziki sağlamlığında mühüm rol oynayır. Bəllidir ki, orduda əsgərlər müxtəlif vaxtlarda-qışda, kəskin hava şəraitində hərbi təlim keçirlər. Müharibə şəraitində olan Azərbaycan dövlətinin əsgərləri isə, qeyd etdiyim belə hallarla daha tez rastlaşa bilərlər. Klassik versiya üzrə yarışlarda birinci hissədə idmançı əvvəlcə labirint maneəni dəf edir, 2 m hündürlüklü səddi aşır, 2 m hündürlüklü, 4 m uzunluqlu dəmir əl pilləkənlərdən keçir, uzunluğu 5 m, eni isə 12 sm olan bumun üzəri ilə qaçır, diametri 80 sm, uzunluğu 3 m olan tuneldən keçir. İdmançılar eyni zamanda 15 m məsafədən tapança ilə hədəfə atəş açır, 3 m məsafədən bıçaqla hədəfi vurur, sonra 6 m hündürlükdə olan 90 dərəcə meyilli torla yuxarı qalxmaqla torun yuxarısındakı dəlikdən kəndirlə sürüşmədən (əllərinin köməyi ilə) yerə enir. Yerə endikdən sonra qaçaraq rinqə birinci çatan idmançı bu mərhələni qalib kimi başa vurur. Maneələr silsiləsini keçmək hər bir yeniyetmənin birbaşa olaraq fiziki gücünü artırır, onun kiçik yaşlardan hərbi vərdişlərə yiyələnməsinə şərait yaradır. Göründüyü kimi, maneələr silsiləsində icra olunan hərəkətlərdən məhz orduda geniş şəkildə istifadə edilir. Müharibə şəraitində yaşayan gənclərin bu cür kəşfiyyat xarakterli vərdişlərə yiyələnmələri vacibdir. Bu baxımdan deyə bilərik ki, universal döyüş idman növü gənclərin sabahın əsgəri kimi formalaşmasını təmin edir. Bu maneələrin çətinliklərlə keçilməsi idmançıda mətinlik, dözümlülük, iradəlilik kimi keyfiyyətlərin formalaşmasına şərait yaradır. Bu ruhda formalaşan gənci heç bir çətinlik qorxutmur. Belə çətin maneələri dəf etdikdən sonra rinqdə davam edən döyüş, bir növ, geniş şəkildə əsgərin səngərdə düşməni zərərsizləşdirməsinə bənzəyir. Rinqdə döyüş zamanı idmançı əl və ayaq hərəkətlərindən, boğucu və ağrıdıcı fəndlər, bir sözlə, özünümüdafiə fəndlərindən istifadə edərək rəqibi üzərində qələbə qazanmağa can atır. Bu cür hallarla səngərlərdə tez-tez rastlaşmaq mümkündür. Onu da deyim ki, bütün bu döyüş növü beynəlxalq qaydalar əsasında keçirilir. Universal döyüş idman növünə uşaqlar 9 yaşından qəbul edilirlər. Hər yaş qruplarına müxtəlif hazırlıq proqramı üzrə məşqlər keçirilir. Sözsüz ki, fiziki, taktiki və texniki məşqlərlə yanaşı, kiçikyaşlı idmançılara psixoloji məşqlər də keçirilir. İdmançıların bu cür güc tələb edən idman növü ilə məşğul olmaları üçün, ilk növbədə, onların psixoloji cəhətdən buna hazır olmaları vacibdir. Belə gənclər güclü olur, vətənə həmişə ürəklə xidmət etməyə çalışırlar. Bu isə onların milli mənlik şüurunun formalaşmasına şərait yaradır, yeniyetmə və gənclərin vətənpərvərlik ruhda böyümələrinə səbəb olur. Qeyd etmək istəyirəm ki, Azərbaycan Universal Döyüş Federasiyasının ölkəmizdə 50-dən çox nümayəndəliyi fəaliyyət göstərir. Bu bölmələrdə məşq keçən məşqçilər həmçinin idmançıların dərsə davamiyyətinə də nəzarət edir, idmançıların vətənpərvər ruhda inkişafı üçün xüsusi məşqlər təşkil edirlər”.
Məlum olduğu kimi, 2012-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "İdman ili” elan olunmuşdu. Universal Döyüş Federasiyası "İdman ili”ndə bir sıra idman tədbirlər həyata keçirib. Paytaxtla yanaşı, Qusar, Ağdam, Bərdə, Tərtər, Kürdəmir rayonunda və Gəncə şəhərində yerləşən orta məktəblərdə bu idman növünün təbliği ilə bağlı tədbirlər həyata keçirilib, zona yarışları təşkil edilib.
Qeyd edək ki, iki ilə yaxındır ki, universal döyüş üzrə güc strukturlarının əməkdaşları arasında beynəlxalq turnirlər təşkil olunur. Bu yarışlarda 25-dən artıq ölkənin nümayəndələri mübarizə aparırlar. Bu yarışlarda Azərbaycan güc strukturlarının əməkdaşları da iştirak edirlər.
Vətəni Yaponiya olan sindo-ryu idman növü ilə respublikamızda 4500 yeniyetmə və gənc məşğul olur. Bu idman növü ilə 13 yaşından məşğul olmaq məqsədəuyğundur. 1996-cı ildən ölkəmizdə tədris olunan sindo-ryuda yaş məhdudiyyəti yoxdur. Belə ki, bu növlə 7 yaşından 50 yaşa kimi hər bir kəs məşğul ola bilər.
Azərbaycanda böyük populyarlığa malik olan WKF karate ilə 14000-ə yaxın uşaq və gənc məşğul olur. Bu idman növü üzrə fəaliyyət göstərən bölmələrə 5-7 yaşlı uşaqların yazılması mümkündür. Ölkəmizdə gənclərin maraq göstərdiyi idman növlərindən biri olan ciu-citsu döyüş növü idmançıdan xüsusi psixoloji hazırlıq tələb edir. Bu idman növü insanda bir sıra müsbət keyfiyyətləri formalaşdırır. Ciu-citsunun mənası "yumşaq döyüş sənəti”, başqa sözlə, "sərt hücuma qarşı yumşaq müdafiə” deməkdir. Bu idman növündə edilən hər bir həmlə rəqibin öz enerjisindən istifadə edilərək ona qarşı tətbiq olunur. Bu növdə də yaş həddi yoxdur. Əksinə, ciu-citsu insanın ruhunu cavanlaşdırır.
5 min ildən artıq tarixə malik Çin döyüş sənəti olan uşu özündə bu ölkənin elmini, mədəniyyətini, fəlsəfəsini və incəsənətini əks etdirir. Ruhun yüksək kamillik həddinə çatma yollarını birləşdirir. İdmançının formalaşmasında əhəmiyyətli rola malik uşunun taolu hissəsində tədris olunan kompleks hərəkətlərə əl-ayaq zərbələri, xüsusi duruşlar, akrobatik hərəkətlər, tullanmalar, düz qılınc, əyri qılınc, ağac, nizə və digər alətlərdən istifadə daxildir. Bu növlə məşğul olan idmançılarımız uzun illər ərzində uşunu daha da dərindən mənimsəmək üçün böyük əmək sərf ediblər. Çin fəlsəfi təlimi olan uşu insanın hərtərəfli sağlam inkişafı baxımından şərq təlimləri arasında ən səmərəli metoddur. Çin ustadları bütün ömürlərini qədim növün öyrənilməsinə həsr edib, bu həyat təlimini nəsildən-nəsilə ötürərək bizə çatdırıblar. Onu da qeyd edək ki, Çində uşunun tədrisi uşaq bağçalarından başlayır. Bu idman növündə bütün hərəkətlər təkcə insanın fiziki hazırlığına yönəlməyib, onun daxili aləmi ilə də sıx bağlıdır.
Bu gün gənclərimizin orduya qədərki dövrdə silahla davranma bacarığı, dözümlülük keyfiyyətlərinin gücləndirilməsi vacib amillərdəndir. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. İdmanda əldə olunan uğurlar gənc nəslin vətənə sədaqət hisslərini yüksək şəkildə inkişaf etdirir, ümumilikdə milli mənlik şüurunu formalaşdırır. Beynəlxalq arenalarda əldə olunan qələbələr sayəsində bayrağımızın yüksəklərə qaldırılması, himnimizin səsləndirilməsi ölkənin yeniyetmə və gənclərinin vətənə olan məhəbbətini təcəssüm etdirir. Bayrağımızın ən möhtəşəm idman yarışlarında, Olimpiya oyunlarında dalğalandırılması gənclərimizin milli mənlik şüurunda müsbət dəyişikliklər yaradır. Gənc nəslə dövlət səviyyəsində göstərilən diqqət və qayğı onların vətənpərvər ruhda böyümələrinə, formalaşmasına şərait yaradır.
Yeniyetmə və gənc bütün varlığı ilə vətəni sevməli və ona bağlı olmalıdır. Vətənpərvərlik tərbiyəsi uşaqların milli mənlik şüurunun formalaşması və inkişafına, həmçinin onun dünya görüşünə, həyat hadisələrini düzgün dərk etməsinə rəvac verir. Bir sözlə, idman yeniyetmə və gənclərin milli mənlik şüurunun, vətənpərvərlik və mübarizlik hisslərinin formalaşmasında əvəzsiz vasitədir.





Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya 
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.