Nuranə Hacızadə: "Çalışacağam ki, bu dəfə Skoyeyə səfərimi medalla tamamlayım"

Nuranə Hacızadə: "Çalışacağam ki, bu dəfə Skoyeyə səfərimi medalla tamamlayım"

Şimali Makedoniya və Xorvatiyada keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycan cüdoçuları da mübarizə aparacaqlar. Olimpnews.az xəbər verir ki, iyulun 22-dən 26-dək davam edəcək cüdo yarışları Şimali Makedoniyanın Skopye şəhərində yerləşən Yan Sandanski İdman Mərkəzinin qapalı zalında təşkil olunacaq. Yarışlarda Azərbaycanı 12 cüdoçu (6 oğlan və 6 qız) təmsil edəcək. Komandamızın heyətində Nuranə Hacızadə də yer alıb. Gənc idmançımız yarışda -48 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. 
Qeyd edək ki, Nuranə Hacızadə son bir ay ərzində ardıcıl ikinci dəfə məhz bu şəhərdə yarışda iştirak edəcək. O, bu dəfəki çıxışının daha uğurlu alınacağına inandığını bildirib və EYOF-da medal uğrunda mübarizə aparmağa hazır olduğunu vurğulayıb. “Bu il üç beynəlxalq yarışda iştirak etmişəm. Festivala qədər Qubada keçirilən Avropa Kubokunda qızıl medal qazanmışam. Berlindəki yarışda isə beşinci yerlə kifayətləndim. İki həftə əvvəl Şimali Makedoniyanın Skopye şəhərində cüdo üzrə Avropa çempionatında iştirak etdim. Təəssüf ki, həmin yarışda mükafat qazana bilmədim. Lakin çalışacağam ki, bu dəfə Skoyeyə səfərimi medalla tamamlayım. Bunun üçün bütün bacarığımı tam nümayiş etdirəcəyəm”, - deyə Nuranə Hacızadə bildirib.