Azərbaycan gəncliyi dövlət quruculuğunda fəallığı ilə seçilir

Azərbaycan gəncliyi dövlət quruculuğunda fəallığı ilə seçilir

Son illər ölkə iqtisadiyyatında müşahidə edilən canlanma vətəndaşların maddi vəziyyətinin yaxşılaşmasına, dövlətin və hökumətin qarşıya çıxan problemlərə həssaslıqla yanaşmasına şərait yaradıb. Rifahı, həyat şəraiti yüksələn Azərbaycan vətəndaşları dövlətimizin çiçəklənməsi üçün əllərindən gələni əsirgəmirlər.

Tarixin minillik inkişafı sübut edir ki, insanlar yalnız şəxsi mənfəətlərini düşündüyü, milli məsələlərə biganə yanaşdığı zaman bu, bütün cəmiyyətin mənəvi aşınmasına səbəb olur. Həmçinin vətəndaş-dövlət münasibətlərinə xələl gəlir. Nəticədə, bütövlükdə dövlətin mövcudluğu üçün təhlükə yaranır. Sevindirici haldır ki, ölkəmizdə belə bir vəziyyət mövcud deyil. Yəni xalqımız dövlətimizin iqtisadi və siyasi inkişafına biganə yanaşmır, xalqla dövlət arasında sıx bağlılıq var. Azərbaycan gəncliyi də dövlət quruculuğunda fəallığı ilə seçilir. Təsadüfi deyil ki, hazırda dövlət strukturlarında daha çox gənc kadrlara üstünlük verilir. Şübhəsiz ki, bu sahədə müəyyən çatışmazlıqlar, problemlər də mövcuddur. Ən önəmli məsələ isə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasıdır ki, bu da dövlətimizin diqqətindən kənarda qalmayıb. Çünki gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və dövlətə bağlılığının yaranmasına, öz dövləti ilə qürur duymasına zəmin yaradır. İndiki vaxtda gəncliyə dövlətçilik prinsiplərinin təlqin edilməsi çox vacibdir. Ona görə ki, torpaqlarımızın 20 faizə qədəri işğal altındadır. Tarixi yurd-yerlərimiz mənfur qonşularımız tərəfindən işğal olunub və Azərbaycan ordusu doğma torpaqlarımızı azad etmək üçün hər an hərbi əməliyyatlara başlaya bilər. Gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda yetişdirilməsi, onlara vətəndaşlıq hissinin və dövlətə sədaqət ruhunun aşılanması, bu baxımdan təxirəsalınmaz məsələdir. Qeyd etdiyimiz kimi Azərbaycan dövləti bu mühüm məqamı dəiqqətdən kənarda saxlamır.


Konsepsiya gənclərin vətəndaşı olduğu ölkənin hər bir probleminə can yandırması məsələsini ortaya qoyur

Şəxsiyyətin formalaşması, hər bir fərdin özünü vətəni ilə eyniləşdirməsi böyük əhəmiyyət kəsb edir. Bu zaman vətən anlayışı təkcə insanların yaşadığı coğrafi ərazi ilə deyil, həm də bütövlükdə cəmiyyətə və dövlətə qarşı emosional-psixoloji münasibəti ilə də müşayiət olunmalıdır. "Torpaq, uğrunda ölən varsa vətəndir” ifadəsi, vətənin sadəcə coğrafi bir ərazi olmadığını bildirir. Bu ifadə "vətən” kəlməsinin müqəddəs bir anlayış olduğunu göstərir. Yəni doğma yurd üçün məqamında canını fəda etməklə onun azadlığını qorumaq mümkündür. 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan xalqı üçün isə "vətən” anlayışı həm də yaratdığı milli dövlətə - Azərbaycan Respublikasına münasibətdə yeni məna kəsb etməyə başladı. Xalq min bir əzabla, şəhidlərin qanı bahasına əldə olunan müstəqilliyin qorunmasının daha böyük məsuliyyət tələb etdiyini anladı. Gənclərimiz müstəqil dövlətimizin güclənməsi, inkişafı və iqtisadi potensialının yaxşılaşmasına öz töhfələrini verdilər. Çünki hər bir dövlətin gələcəyi məhz onun gənc nəslindən asılıdır. Bu baxımdan Azərbaycanda gənclərə vətənpərvərlik və vətəndaşlıq hisslərinin aşılanması bir-birindən təcrid olunmayan vahid konsepsiya şəklində həyata keçirilir. Bu konsepsiya gənclərdə müsbət dünyagörüşünün formalaşması, vətən və dövlət qarşısında məsuliyyət hisslərinin gücləndirilməsi, vətəndaşı olduğu ölkənin hər bir probleminin həllinə çalışması məsələlərini ortaya qoyur. Eyni zamanda, onların doğma vətənin, xalqın, cəmiyyətin, həmçinin özünün mənafeyi naminə düzgün seçim etmək məsələsi konsepsiyada yer alıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi Dövlət Proqramı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1999-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi Proqramı” bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Vahid konsepsiya isə həmin sənədlərin müddəaları ilə zidiyyət təşkil etmir, əksinə, onların həyata keçməsi üçün yardımçı rol oynayır. Daha dəqiq desək, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində konkret istiqamətləri və tədbirlər planını nəzərdə tutan konsepsiya bu sahədə məqsədyönlü fəaliyyətin həyata keçirilməsinə ciddi dəstəkdir.


Milli vətənpərvərlik və dövlətçilik hisslərinin təbliği mənəvi dəyərlərin qorunması ilə müşayiət olunur

Vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində Azərbaycanın dövlət rəmzlərinin təbliğinə də xüsusi əhəmiyyət verilir. Dövlətin rəmzlərinin siyasi və mənəvi mənalarının dərk edilməsi vasitəsilə gənclərin bu sahə üzrə maariflənməsi imkanları da artır. Hazırda bayrağa, gerbə və himnə hörmət hisslərinin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Milli vətənpərvərlik və dövlətçilik hisslərinin təbliği milli-mənəvi dəyərlərin qorunması ilə müşayiət olunur. Dünyanın ən sürətlə inkişaf edən, ailəyə və mənəvi dəyərlərə böyük önəm verilən ölkəsində - Azərbaycanda milli dəyərlərin qorunması və bunun köməyi ilə sürətli inkişafa nail olunması dövlətin prioritet məsələsidir. Bir sözlə, hazırda ölkəmizdə milli və mənəvi dəyərlərin təbliği istiqamətində mühüm işlər aparılır. Dövlətimiz gənc nəslin əxlaqi dəyərlərə münasibətinə də diqqət yetirir. Ən böyük dəyərlərimizdən sayılan İslam dininə hörmət aşılanır. Dini dəyərlər insanlarda vətənə, dövlətə məhəbbət hissi ilə yanaşılmasına kömək edir. Dini və mənəvi dəyərləri milliləşdirmək və dövlət siyasətində ondan səmərəli şəkildə istifadə etmək çox önəmlidir. Buna görə də dini sahədə yarana biləcək problemlərin həlli üçün dəqiq mexanizm işlənib hazırlanıb. Bütün bunlar gəncliyin tarixi dəyərlərimizə hörmətlə yanaşması, onların vətənə, xalqına bağlılığı üçündür. Məhz buna görə də, hazırda cəmiyyətdə gənclərin mənəvi və əxlaqi aşınması müşahidə edilmir. Şübhəsiz, cəmiyyətə yad dünyagörüşünü, ifrat müasirliyi təbliğ edən ədəbiyyatların, televiziya proqramlarının, teleserialların, filmlərin, musiqi janrlarının mövcudluğunu inkar etmək olmaz. Bu, öz tarixi ənənələrinə əsaslanan Azərbaycan cəmiyyətində millətə və dövlətə olan bağlılığın zəifləməsi kimi mənfi tendensiyalar yarada bilər. Bu baxımdan, belə neqativ halların aradan qaldırılmasında, vətənpərvərlik hisslərinin təbliğində ailə dəyərlərinin qorunması mühüm rol oynayır. Çünki ailə gənclərin mənəvi-əxlaqi tərbiyəsinin əsaslarının formalaşdığı vacib sosial institutdur. Azərbaycan dövləti də qeydə alınan neqativ halların qarşısının alınması üçün bütün gücünü səfərbər edib. Əhalinin siyasi biliklərinin və yüksək siyasi mədəniyyətinin yüksəldilməsi də, ölkədaxili sabitliyin təminatçısıdır. Vətəndaşların, o cümlədən gənclərin qanunlar çərçivəsində dövlətin problemlərinə biganə qalmaması, ölkədə baş verən siyasi proseslərə maraq göstərməsi, dövlətçiliyə xələl gətirəcək hallara qarşı mübarizədə dövlət orqanlarına köməklik göstərməsi hazırkı dövrdə olduqca vacibdir. Buna görə də yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, ayrı-ayrı fiziki və hüquqi şəxslər, gəncləri öz ətrafında birləşdirən təşkilatların fəaliyyəti əlaqəli şəklində həyata keçirilir. Bu da, ilk növbədə, həmin fəaliyyətin məqsədyönlü olduğunu, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsinə dair vahid bir proqramın mövcudluğunu göstərir.

Hər bir vətəndaş kimi, gənclərin də dövlətin həyatında mühüm yer tutan məsələlərdə rəyləri öyrənilir

Azərbaycan Respublikası demokratik dövlətdir və hakimiyyətin yeganə mənbəyini Azərbaycan xalqı təşkil edir. Konstitusiyaya uyğun olaraq dövlət hakimiyyəti seçki yolu ilə formalaşdırılır. Seçkilərdə gənc nəslin nümayəndələri də fəal iştirak edirlər. Dövlətimizin belə məqsədyönlü siyasəti gənclərdə demokratik şüurun inkişafında böyük əhəmiyyət kəsb edir. Bundan başqa, gənclərin dövlət hakimiyyətinin strukturu ilə tanış olmaları üçün müxtəlif dövlət hakimiyyəti və yerli özünüidarə orqanları ilə birlikdə tədbirlər təşkil olunur. Gənclərə şəxsiyyət vəsiqələrinin, orta və orta ixtisas təhsili haqqında şəhadətnamələrinin, ali məktəb diplomlarının və bu kimi digər sənədlərin təntənəli şəraitdə və ya fərdi qaydada təqdim edilməsi onların şüurunda vətəndaşlıq hisslərini yüksəldir. Bu sadalananlar gəncləri dövlətin həyatında fəal iştirak etməyə, özünü vətənin bir parçası kimi hiss etməyə həvəsləndirir.
Hər bir vətəndaş kimi, gənclərin də dövlətin həyatında mühüm yer tutan məsələlərdə rəyləri öyrənilir. Tale yüklü problemlərin həllində gənclərin göstərdikləri təşəbbüslər, irəli sürdüyü təkliflər laqeydliklə qarşılanmır. Onların müvafiq dövlət orqanları ilə qanunlar çərçivəsində əlaqələrinin qurulması üçün şərait yaradılıb. Belə görüşlərdə gənclərin problemləri, rəy və təklifləri dinlənilir. Dövlət hakimiyyətinin gənclərlə iş üzrə müvafiq qurumlarının fəaliyyəti "Azərbaycan gəncliyi Dövlət Proqramı”nın müddəaları əsasında həyata keçirilir.


İdman gənclərə vətənpərvərlik hissləri, vətən sevgisinin aşılanmasında əvəzsiz rol oynayıb
Dünya mədəniyyətinə dəyərli töhfələr vermiş milli mədəniyyətimizin tarixi qədim, keçdiyi yol isə olduqca çətin və şərəfli olub. Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişaf yoluna nəzər salsaq qeyd etdiklərimizi ayıdın şəkildə görə bilərik. Hələ qədim Azərbaycanda baş verən proseslər fiziki qüvvə və bacarıqların təkmilləşməsinə, maddi, mənəvi nailiyyətlərin artmasına, sağlamlığın möhkəmləndirilməsinə səbəb olub. Bütün bunlar isə fiziki tərbiyənin meydana gəlməsinə təkan verib, müdafiə və hücum xarakterli müxtəlif növ fiziki hərəkətlərdə öz əksini tapıb. Məhz həmin dövrlərdə atçapma, nizəatma, çövkən kimi müxtəlif idman oyunları öz inkişaf mərhələsinə qədəm qoyub. Bu oyunlar iştirakçılardan fiziki güc, dəqiqlik, çeviklik tələb edir və bu keyfiyyətləri formalaşdırır. Zaman-zaman təkmilləşən bu və ya digər idman növləri xalqımızın, xüsusilə də gənclərin fiziki sağlamlığında mühüm əhəmiyyət kəsb edib. İdmanın müxtəlif növləri ilə dərindən məşğul olan gənclər dövlət üçün təhlükə yarandığı zaman öz fiziki güclərini bu təhlükənin aradan qaldırılmasına yönəldiblər. Belə demək mümkünsə, idman gənclərə vətənpərvərlik hisslərinin, vətən sevgisinin aşılanmasında əvəzsiz rol oynayıb.
Müasir dövrümüzdə ölkəmizdə idman çox geniş, kütləvi xarakter alıb. Respublikamızın hər bir bölgəsində idmanın və bədən tərbiyəsinin inkişafına xüsusi diqqətlə yanaşırlar. Bütün yaş təbəqələrindən olan insanların idmanla məşğul olması üçün lazımi şərait mövcuddur.
Respublikamızda fiziki tərbiyə sisteminin ideya əsasları Azərbaycan dövlət quruculuğunun, xalqın fiziki tərbiyəsinin əsaslarını, milli adət və ənənələrimizi, islam dəyərlərini özündə birləşdirir. Fiziki tərbiyə sisteminin ideya əsaslarını, eyni zamanda, Azərbaycan dövlətinin bədən tərbiyəsi və idmanın inkişafı ilə əlaqədar qəbul etdiyi qərar, fərman və sərəncamlar təşkil edir. Qeyd olunanlar bədən tərbiyəsi sistemini müəyyən etməklə bərabər, onun inkişafının göstəricisi, həm də praktik cəhətdən həyata keçirilməsinin təminatçısıdır. "Azərbaycan fiziki tərbiyə sisteminin xəlqiliyi” bədən tərbiyəsi hərəkatının kütləviliyi, bədən tərbiyəsi və idmanın xalq kütlələri arasında geniş yayılması, xüsusən milli idman və mütəhərrik oyunların inkişaf etdirilməsi kimi başa düşülür. "Fiziki tərbiyə sisteminin elmiliyi” isə bədən tərbiyəsi və idmanın elmi cəhətdən inkişafını nəzərdə tutur. Yəni bədən tərbiyəsi və idmanın inkişafı bu sahədə aparılan elmi-tədqiqat işlərinə əsaslanır. Bu, nəzəriyyə ilə praktikanın qarşılıqlı əlaqəsi nəticəsində müvəffəqiyyət qazanır. Azərbaycan idmançılarının beynəlxalq arenalarda uğurlu çıxışı məhz nəzəriyyə ilə praktikanın vəhdətinin göstəricisidir. Nəzəriyyədə öyrənilənlər praktikada düzgün yerinə yetirilirsə, bu, nailiyyətlərə zəmin yaradır.

Orta ümumtəhsil məktəblərində fiziki tərbiyə işləri bədən tərbiyəsi proqramları əsasında təşkil olunur

Bu, bir həqiqətdir ki, Azərbaycan dövləti sağlam gənc nəsil tərbiyə etməyə çox böyük əhəmiyyət verir. Azərbaycanda ibtidai məktəb yaşından başlayaraq uşaqların fiziki tərbiyəsi diqqət mərkəzindədir. Ölkəmizdə məktəb şagirdlərinin bədəncə möhkəmlənməsinə, onların savadlanmasına, ən əsası isə, vətənpərvər ruhda böyüməsinə və hərtərəfli fiziki inkişafına xüsusi fikir verilir. Təsadüfi deyil ki, orta ümumtəhsil məktəblərində keçirilən bədən tərbiyəsi dərslərində 100 minlərlə şagird iştirak edir. Təhsil qaydalarına uğyun olaraq bədən tərbiyəsi dərsləri həftədə 2 dəfə keçirilir. Bundan əlavə, məktəblərdə sinifdən və məktəbdənkənar kütləvi bədən tərbiyəsi və idman işləri də təşkil olunur. Məktəblilər idman bölmələrinə, müxtəlif növ yarışlara, kütləvi idman tədbirlərinə cəlb edilirlər. Bu isə uşaqların bədəncə və iradəcə möhkəm olmasına imkan verir. Məktəblilər "Vətənin müdafiəsinə hazıram” proqramının normativlərini yerinə yetirməklə də fiziki sağlamlıqlarını qoruya bilirlər. Orta ümumtəhsil məktəblərində fiziki tərbiyə işləri bədən tərbiyəsi proqramları əsasında təşkil olunur. Heç şübhəsiz ki, hər bir sinif üçün nəzəri və təcrübi proqram bölmələri mövcuddur. Yaş həddindən asılı olaraq, tədricən çətinləşdirilən tədris materialları şagirdlərə ardıcıllıqla öyrədilir. Bu da uşaqların orta məktəbi bitirərkən tam sağlam olmasını, müstəqil həyata hazırlığını təmin edir.
Təkcə orta məktəblərdə deyil, peşə və ali ixtisas məktəblərində də bədən tərbiyəsi və idman üzrə dərslər təşkil olunur. Orta məktəblərdən fərqli olaraq, həmin təhsil ocaqlarında bədən tərbiyəsi dərsləri, həftədə bir dəfə olmaqla müəyyən müddət ərzində keçirilir. Əlbəttə ki, belə təhsil müəssisələrində idmanın inkişafına göstərilən diqqət təkcə bədən tərbiyəsi dərsləri ilə məhdudlaşmır. Həm peşə, həm də ali məktəblərdə kütləvi idman tədbirləri, müxtəlif növlər üzrə daxili yarışlar da keçirilir. Ölkəmizin tələbə-idmançıları bir sıra beynlxalq turnirlərdə uğurla çıxış edirlər.
Onu da qeyd edək ki, ölkəmizdə ali təhsil sistemində bədən tərbiyəsi üzrə ixtisaslı mütəxəsislər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) hazırlanır. Sözsüz ki, hazırda respublikamızda fəaliyyət göstərən idman üzrə ixtisaslı kadrların əksəriyyəti ADBTİA-nın məzunlarıdır. Ölkə idmanının şan şöhrətini ucaldan, bayrağımızı beynəlxalq yarışlarda zirvələrdə dalğalandıran tanınmış idmançılarımızın əsas hissəsi məhz akademiyada təhsil alıb. Burada yüksək ixtisaslı məşqçilər də hazırlanır. Demək olar ki, ADBTİA ölkəmizin təhsil müəssisələrinin bədən tərbiyəsi və idman kadrlarına olan ehtiyacını təmin edir. ADPU isə əvvəllər orta məktəblər üçün hərbi müəllimlər, hazırda isə orta məktəb və digər tədris müəssisələri üçün gənclərin çağırışaqədər hazırlığı və fiziki tərbiyəsi üzrə mütəxəislər - müəllimlər hazırlayır.


Fiziki tərbiyə, pedaqoji proses kimi pedaqoqika elminin prinsiplərindən, təlim metodlarından qidalanır

Fiziki tərbiyə sisteminin elmi əsasları görkəmli Azərbaycan fizioloq alimlərinin fiziki tərbiyə və idman üzrə elmi-tədqiqat işlərinin nəticəsinə əsaslanır. Həmin tədqiqat işlərinə istinad olunmaqla fiziki tərbiyənin metod və prinsipləri, məşqlərin aparılması, müəyyən vərdişlərin formalaşdırılması, bədən tərbiyəsi dərslərinin quruluşu və sxemi müəyyənləşdirilir. Bədən tərbiyəsi dərslərinin və idman məşqlərinin təlimində yaşın, cinsi xüsusiyyətlərin, həmçinin hərəki keyfiyyətlərin inkişafının nəzərə alınması da fizioloqların idman üzrə təliminə əsaslanır.
Fiziki tərbiyə, pedaqoji proses kimi, pedaqoqika elminin bütün qanunlarından, prinsiplərindən, təlim metodlarından qidalanır. O, məhz bunun nəticəsində inkişaf edir, nəzəri və təcrübi cəhətdən daha da təkmilləşir. Müasir şəraitdə pedaqoqika elminin fiziki tərbiyə prosesi ilə qarşılıqlı əlaqəsinin genişlənməsi, onun təkmilləşməsinə zəmin yaratması, ilk növbədə isə, bu sahədə tədqiqatın aparılması idmanın inkişafına öz bəhrəsini verir.
Fiziki tərbiyənin inkişafı Azərbaycan torpaqlarının erməni işğalçılarından azad edilməsi məsələsində də əhəmyyətli rol oynayır. Məlumdur ki, orduya gənclər çağırılır. Yəni Azərbaycan Silahlı Qüvvələrinini əsasını gənclər təşkil edir. Orduya çağırılan hər bir gənc isə fiziki cəhətdən sağlam olmalıdır. Fiziki gücə, sağlamlığa malik olan gənclik isə vətən torpaqlarının keşikçisi deməkdir. Bu baxımdan, fiziki tərbiyə və idmanın inkişafına xüsusi diqqət ayrılır. Ölkəmizdə Hərbi Donanma və Hərbi Hava Qüvvələrində xidmət edən gənclərin də fiziki tərbiyəsi ön plandadır. Burada hərbi-fiziki tətbiqi xarakterli təlim-tərbiyə işləri, eləcə də idmanın hərbi-tətbiqi növləri üzrə müntəzəm və məqsədyönlü tədbirlər həyata keçirilir. Əsgərlərimizin idmanda öyrəndikləri hərbi təlimlər zamanı diqqətlə yoxlanılır. Belə təlimlərdə hərbi xidmətdə olan gənclərimiz müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnirlər. Bütün bunlar torpaqlarımızın müdafiəsi zamanı qələbənin təmin olunmasına şərait yaratmaq üçündür. Silahla rəftar etmək vərdişlərindən əlavə, müxtəlif məsafələrə qaçış, tullanmaq, sıçramaq, dırmanmaq, güləşmək, əlbəyaxa döyüş, üzgüçülük kimi idman növləri üzrə məşqlər milli ordumuzda geniş miqyasda tətbiq olunur. Unutmaq olmaz ki, torpaqlarımızın azad edilməsi Milli Ordunun fiziki hazırlığından, əsgərlərimizin vətənpərvərliyindən, dözümlülüyündən, cəsurluq və çevikliyindən, möhkəm iradəsindən çox asılı olacaq.
Azər Əlizadə

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi 
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun maliyyə dəstəyi ilə çap edilir.