Dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri gənc nəslin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam formalaşmasına xidmət etməkdir. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində gələcəyimiz olan gənc nəslin inkişaf etməsi üçün lazımi tədbirlər həyata keçirilib, keçirilir və keçirilməkdədir. İndi Azərbaycan gəncləri dünyanın ən qabaqcıl gəncləri sırasındadırlar. Müxtəlif sahələrdə, o cümlədən də idmanda gənc nəslin nümayəndələri özlərinin bacarıqlı, güclü olduqlarını bütün dünyaya bəyan ediblər.
Müstəqil Azərbaycanda son illər inşa edilən idman qurğuları, Olimpiya idman kompleksləri, stadionlar, zallar uşaq və yeniyetmələrimizin sağlamlığının daha da inkişaf etdirilməsinə xidmət edir. Ölkəmizdə gənc nəslin mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olan ən vacib məsələlərdən biri olmuşdur. O, gənclərə milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin aşılanmasına da xüsusi diqqət ayırırdı. Ölkəmizdə uşaq və gənclərin sağlam böyüməsi, mənəvi cəhətdən sağlam nəslin yetişməsi üçün bu, vacib idi.
Azərbaycanın nüfuzunu günbəgün artıran, onu dünyaya geniş miqyasda tanıtdıran amillərdən biri də təmsilçilərimizin mötəbər beynəlxalq turnirlərdə qazandıqları nailiyyətlərdir. Ümumiyyətlə, idman hər bir ölkənin tanınmasında mühüm rol oynayan əsas sahələrdən biridir.
Dünyanın idman arenalarında Azərbaycan atletlərinin qələbəsindən sonra ölkəmizin bayrağının qaldırılması, Dövlət himninin səsləndirilməsi ölkəmizin daha da yaxından tanınmasına zəmin yaradır. Bu gün respublikamız ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur. İdman sahəsində atılan addımlar, beynəlxalq aləmdə qazanılan nüfuz, atletlərimizin ciddi rəqibə çevrilməsi də ölkəmizin nüfuzunu artırır. Müşahidələr göstərir ki, fiziki və mənəvi cəhətdən sağlam olan gənc nəsildə həm də vətənpərvərlik hissləri güclü olur. Vətənə layiqli övlad olmaq yetişmək üçün gənc nəsil millətimizin tarixi keçmişindən, adət-ənənəsindən, milli xüsusiyyətlərindən bəhrələnir. Bu gün Azərbaycan dövlətinin ən başlıca vəzifələrindən biri də uşaq və gənclərdə milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin formalaşdırılmasıdır.
Ulu öndərin layqli davamçısı, Azərbaycan Respbulikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev daim gənclərin problemləri ilə maraqlanır, onlar üçün istənilən şəraiti yaradır. Bu gün ölkə gənclərinin beynəlxalq müsabiqələrdə, festivallarda, olimpiadalarda iştirak edərək və uğur qazanmaları bu sahəyə olan xüsusi dövlət qayğısından və diqqətdən xəbər verir. Uşaq və gənclərin sağlam böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyə alması həmişə dövlət başçısının diqqət mərkəzində olub. Gənclərin sağlam həyat tərzinin formalaşmasında, onların pis vərdişlərdən uzaq olmasında və düzgün istiqamətə yönəlməsində idman böyük rol oynayır.
Hazırda ölkə əhalisinin əsas aparıcı qüvvəsi gənclərdir. Onlarda sağlam həyat tərzinin formalaşması, milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin tərbiyəsində idman böyük rol oynayır. İdmançılarımızın müxtəlif mötəbər yarışlarda iştirakı onlarda qürur yaradır, özünəinam hisslərini daha da gücləndirir. Gənc nəslin nümayəndələri müxtəlif yarışlarda qələbə əzmi ilə yarışırlar. Beynəlxalq yarışlarda üçrəngli bayrağımızın dalğalanması, himnimizin səslənməsi hər bir Azərbaycan vətəndaşının vətənpərvərlik hisslərinin güclənməsinə zəmin yaradır. Eyni zamanda, medal qazanan idmançılarımız yeniyetmə və gənclərimiz üçün nümunəyə çevrilirlər.
Bu gün idman cəmiyyətimizin həyat tərzinə çevrilib. Azərbaycanda idmana göstərilən diqqət və qayğı sayəsində bu sahə uğurla inkişaf edir. Kütləviliyin təmin edilməsi, yeniyetmə və gənclərin idmanın müxtəlif növləri ilə müntəzəm məşğul olması üçün ölkədə idmanın maddi-texniki bazası gücləndirilir. İndi ölkəmizdə idmanla məşğul olmaq üçün yüksək səviyyəli şərait mövcuddur. Bu, Azərbaycan dövlətinin həyata keçirdiyi ən uğurlu siyasətlərdən biridir. Çünki idman insanların fiziki və mənəvi cəhətdən sağlam olmasına kömək edir, eyni zamanda, milli, mənəvi dəyərlərimizi gənclərə, uşaqlara aşılayır.
Uşaq və gənclərin, eləcə də yaşlı nəslin gümrahlığı, sağlam həyat tərzi məhz idmanla tənzimlənir. Müşahidələr göstərir ki, ömrünü idmana həsr edən insanlar fiziki cəhətdən sağlam, enerjili olur, gözəl bədən quruluşu ilə fərqlənirlər. Uşaq və gənclərdə cəldlik, mənəvi saflıq, özünəinamın yaranması məhz idmanla bağlıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, layiqli vətəndaş kimi yetişməsi üçün idmanın təbliğatı vacibdir. Bu, az vaxt ərzində böyük nailiyyətə çatmaq, həmçinin öz sağlamlığını təmin etməyə nail olmaq deməkdir. Fiziki cəhətdən sağlam gənclər vətənin keşiyində daha yaxşı dayana bilərlər. Ordu sıralarına çağırılan hər bir azərbaycanlı gənc, eyni zamanda, mənəvi cəhətdən də sağlam olmalıdır.
Fiziki sağlamlığın qorunmasına göstərilən qayğı Azərbaycan gənclərinin sağlam ruhda böyüməsinə, eyni zamanda, onların vətənin sadiq keşikçilərinə çevrilmələrinə şərait yaradır. Gənclərin vətənpərvərlik, vətənə və dövlətə sədaqət ruhunda tərbiyə olunması müharibə şəraitində yaşayan ölkəmizdə günümüzün vacib məsələlərindəndir. Bu baxımdan, ölkəmizdə hərbi, idman və turizm oyunlarının keçirilməsi böyük əhəmiyyəti daşıyır.
Respublikamızda bütün idman növləri inkişaf edir, idmançıların sayı, qazanılan nailiyyətlər ildən-ilə çoxalır. Bu isə gənclərin həm fiziki, həm də mənəvi sağlamlığına xidmət edir. Çünki idman insanı pis vərdişlərdən uzaqlaşdırır, cəsur və güclü olmağa şərait yaradır. Elə idman növləri var ki, onlar sabahın əsğəri olan oğlanlara daha çox lazımdır. Onlar vətənin keşiyində dayanmalı, torpaqlarımızı qorumalı və onu müdafiə etməyi bacarmalıdırlar. Belə idman növlərindən biri də atıcılıqdır. Atıcılığın olduqca qədim tarixi var. Hələ qədim dövrlərdə insanlar torpaqlarını müdafiə etmək üçün silaha sarılıblar. Qədimdə mahir nişançılar bir-biri ilə yarışıblar. Bu isə sonralar populyarlıq qazanaraq atıcılıq yarışlarının yaranmasına gətirib çıxarıb.
Atıcılıq ölkəmizdə inkişaf edir, sərrastlıq, dəqiqlik tələb edən atıcılıq yarışlarına maraq getdikcə çoxalır. Azərbaycan Atıcılıq Federasiyası (AAF) bu idman növünün inkişaf etməsi üçün səylə çalışır. Bu sahəyə göstərilən diqqət atıcılığa olan marağın çoxalmasına şərait yaradır. İdmançılarımızın beynəlxalq yarışlarda iştirakı, ölkəmizdə keçirilən tədbirlərin yüksək səviyyədə olması federasiya rəhbərliyinin göstərdiyi diqqətin nəticəsidir. Atıcılığın bütün növləri olduqca maraqlıdır. Bu növlər arasında sportinq (ovçuluq ) daha əyləncəli və ən çox müraciət olunan idman növüdür. Sportinq idman növü Olimpiya oyunlarının proqramına daxil olmasa da, bu idmanla məşğul olanlar çoxdur. Sportinqin üstünlüklərindən biri də odur ki, bu idman növü ilə yaşlı insanlar da məşğul ola bilirlər. Bu, idmançıya nə çəki, nə boy, nə də yaş məhdudiyyəti qoymur. Elə idman növləri var ki,orada yaş məhdudiyyəti özünü göstərir.
Paytaxtımızla yanaşı, bölğələrimizdə də atıcılığın inkişaf etdirilməsi olduqca vacibdir. Bu məqsədlə respublikamızın bir neçə şəhərində atıcılıq kompleksləri, klublar və tirlər inşa olunub. Belə komplekslər əhalinin asudə vaxtının maraqlı təşkil olunmasında, həmçinin gənclərin orduya hazırlığında xüsusi əhəmiyyət daşıyır.
Ötən illər ərzində sərhədyanı bölgəlirimizdən olan Ağstafada yaradılan Peyntbol və Atıcılıq Mərkəzi bu rayonun gənclərinin ən çox üz tutduqları məkandır. Mərkəzdə tirlər, atəş zonaları, təlim mərkəzləri var. Ərazi abadlaşdırılıb, yaşıllıqlar salınıb. Burada müasir işıqlandırma sistemi qurulub, istirahət üçün hər cür şərait yaradılıb. 2,6 hektar ərazidə inşa edilmiş ikimərtəbəli mərkəzin inzibati binasının ümumi sahəsi 510 kvadratmetrdir. Mərkəzin inzibati binasında silah və ov ləvazimatları mağazası, həkim məntəqəsi, xüsusi geyim otaqları və kafe fəaliyyət göstərir. Burada atıcıların çıxışlarını izləmək üçün müşahidə məntəqəsi də yaradılıb, stend atıcılığı meydançası tikilib. Peyntbol meydançasında süni maneə və taxta evlər quraşdırılıb.
Rayonda gənclərin atıcılıqla məşğul olması onlarda hərbi vətənpərvərlik hisslərinin güclənməsinə zəmin yaradıb. Mərkəzin fəaliyyəti orduya hazırlaşan ağstafalı gənclərin milli-mənlik hisslərini, cəsarətini, atıcılıq qabiliyyətini artırır.
Mərkəzin binası müasir üslubda tikilib. Burada gənclərin atıcılıqla məşğul olması üçün hər cür şərait mövcüddur. Orduya hazırlaşan gənclər bu idman qurğusunda sərrast atıcılığın sirlərinə yiyələnirlər. Bu, sabahın əsgərləri üçün çox vacibdir. Ona görə ki, hərbi xidmətdə olarkən bu gənclərimiz düşmənlə üz-üzə dayanacaqlar. Sərhədlərimizin qorunması naminə onlar hər an silaha sarılmağı və dəqiq nişan almağı bacarmalıdırlar.
Mərkəzdə silahlarla davranışın, təhlükəsizliyin təmin olunmasına ciddi nəzarət var. Atıcılığa maraq göstərənlər təlimatçılar vasitəsilə silahla davranış qaydalarını öyrənirlər. Çünki silahla davranmaq olduqca məsuliyyətli işdir.
Müasir tələblərə cavab verən atıcılıq komplekslərindən biri də Qəbələdə inşa olunub. Atıcılıq kompleksinə müraciət edənlər arasında gənclərin sayı artmaqdadır. Şübhəsiz ki, buraya vaxtını səmərəli keçirməyə çalışan insanlar və atıcılığa həvəs göstərənlər də üz tuturlar. Gənclər isə, qeyd etdiyimiz kimi, bura daha çox gəlirlər. Bu, gənclərin vətənə olan məhəbbətindən, vətənmpərvərlik hisslərindən xəbər verir. Kompleksdə atıcılıqla məşğul olan hər bir gənc sabah səngərdə dayanacağını aydın dərk edir. Məhz buna görə də onlar silahla davranış qaydalarını dərindən öyrənirlər. Onu da deyək ki, kompleksdə müxtəlif səviyyəli yarışlar da təşkil olunur. Gənclər təlim zamanı öyrəndiklərini yarışlarda sınaqdan keçirirlər. Təşkil olunan yarışları izləmək üçün kompleksdə tamaşaçılar üçün yer ayrılıb, nəticələri qeydə alan elektron tablo yerləşdirilib. Bundan əlavə, klubun ərazisində 1200 kvadratmetr sahədə 10 metrlik, 3 min kvadratmetr sahədə isə 25 metrlik tirlər quraşdırılıb. Ümumilikdə 300 kvadratmetr sahədə silah-sürsat anbarı, 4,5 hektar ərazidə beş dairəvi və səngər stend atıcılığı meydançası, 4 min kvadratmetr sahədə səkkiz sportinq meydançası inşa edilib. Klubun ərazisində 50 atıcılıq yeri olan 25 metrlik , 60 atıcılıq yeri olan 50 metrlik yarım açıq tir , 60 atıcılıq yeri olan 10 metrlik tirlər, səkkiz sportinq meydançası , həvəskarlar üçün 25-50 metr məsafələrdə ox atmaq sahəsi , elektromobilləri yükləmək və saxlamaq üçün otaq , istirahət məkanları istifadəyə verilib. Xüsusi memarlıq üslubunda inşa olunmuş kompleksdə ayrıca tibb məntəqəsi də fəaliyyət göstərir. Burada idman silahlarından istifadə etmək üçün xüsusi qaydalar müəyyən edilib. Təhlükəsizliyin təmin olunması və yanğından mühafizə məqsədi ilə ərazidə müşahidə kameraları və yanğından mühafizə məntəqələri yaradılıb. Qeyd edək ki, atəş zonasında idmançılar saniyədə 15-42 metr sürətlə uçan hədəfləri nişan alırlar. Bu məqsədlə ərazidə ən müasir hədəf tullayıcı avadanlıqlar quraşdırılıb . Klubda atıcılıq idmanının daha çox yayılan və Olimpiya oyunlarına daxil edilən stend atıcılığı növünə də xüsusi yer ayrılıb, uşaq və yeniyetmələr üçün tədris mərkəzi yaradılıb. Mərkəzdə uşaqlarla vətənpərvərlik mövzusunda söhbətlər aparılır, onların orduya hazırlıqları ilə bağlı tövsiyələr verilir.
Daha bir Atıcılıq Mərkəzi 2013-cü il dekabrın 7-də Naxçıvan Muxtar Respublikasında istifadəyə verilib. Ötən il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti, qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Atıcılıq Federasiyasının yaradılması qərara alınıb. Qısa müddət ərzində federasiya formalaşıb, fəaliyyəti təmin edilib. Qeyd edək ki, Atıcılıq Mərkəzində inzibati bina, iki stend və sportinq meydançası, ox atma və tir sahələri, peyntbol meydançası, hərbi-idman oyunlarının keçirilməsi üçün ərazi var. İnzibati binada qeydiyyat, silah və digər otaqlar yerləşir.
Ölkəmiz müharibə şəraitində yaşayır. Ona görə də ölkəmizdə, eləcə də muxtar respublikada gənclərin hərbi vətənpərvərlik ruhunda böyüdülməsi və ordu sıralarına hazırlanması vacib məsələdir. Bu baxımdan atıcılıq idman növünün inkişafı mühüm əhəmiyyət daşıyır. Atıcılıq Mərkəzində hərbi-idman oyunlarının və təlimlərinin keçirilməsi üçün də lazımi şərait yaradılıb. Burada atıcılığın stend və sportinq növləri ilə məşğul olmaq üçün silahlar, qulaqcıq, gözlük və qoruyucu jiletlər var. Mərkəzdə silahla davranış qaydalarına və təhlükəsizliyin təmin olunmasına xüsusi fikir verilir. Təhlükəsizliyin təmin olunması üçün ərazidə müşahidə kameraları və yanğından mühafizə məntəqələri fəaliyyət göstərir. Stend və sportinq atıcılığı meydançaları bütün texniki inventarlarla təchiz olunub. Burada beş ayrı istiqamətdən havaya atılan hədəflər üçün aparatlar quraşdırılıb. Elektron sistem vasitəsilə idarə olunan aparatlardan saniyədə 15-42 metr sürətlə atılan hədəflərin atış sürəti idmançıların istəyinə uyğun olaraq nizamlanır.
Atıcılıq Mərkəzinin ərazisində oxatma idman növü ilə də məşğul olmaq üçün hədəflər quraşdırılıb, oxlar və yaylar alınıb. Burada 10 və 25 metrlik məsafələrdə tirlər hazırlanıb. Mərkəzdə eni 54, uzunluğu 93 metr olan peyntbol meydançası yaradılıb. 150 yerlik ikihissəli tribuna inşa olunub. Tribunanın bir hissəsi peyntbol, diğər hissəsi isə stend və sportinq yarışlarının izlənilməsi üçün nəzərdə tutulub. Həmçinin ərazidə müasir işıqlandırma və suvarma sistemləri qurulub, geniş yaşıllaşdırma və abadlıq işləri görülüb, kafe fəaliyyətə başlayıb. Mərkəzdə təlimlər təşkil edilir, şagird və kursantlara silahdan istifadə qaydaları öyrədilir, onların ilkin hərbi hazırlıq səviyyələrinin yüksəldilməsi diqqətdə saxlanılır. Hazırda federasiyanın 300-dən artıq üzvü var. Bunların əksəriyyəti gənclərdir. Atıcılıq Mərkəzinin yaradılması və gənclərin bura cəlb olunması hazırda blokada şəraitində yaşayan Naxçıvan üçün böyük əhəmiyyət daşıyır. Atıcılıq Mərkəzi Muxtar Respublikanın yeniyetmə və gənclərinin orduya hazırlıq işində xüsusi rol oynayır. Qeyd edək ki, Naxşıxanda uşaq və gənclərin idmanla məşğul olması, onların müxtəlif çempionat, turnir və yarışlarda iştirak etməsi üçün hər çür şərait mövcuddur. Naxçıvan Atıcılıq Federasiyası tərəfindən Naxçıvan, Şərur, Culfa şəhərlərində və Kəngərli rayonunda müxtəlif atıcılıq klubları yaradılıb. Mərkəzin fəaliyyəti gənclərin atıcılıq idman növlərinə olan marağının artırılmasına yönəldilib. Həmçinin federasiya naxçıvanlı gənclərin milli və vətənpərvər ruhda tərbiyəsində xüsusi proqramlar üzrə təlim keçir. Federasiya atıcılıqla məşğul olan gənclər üçün vətənpərvərlik mövzusunda tədbirlər təşkil edir.
Gənc nəslin vətənpərvərlik hisslərinin güclənməsinə xidmət edən bu mərkəzin fəaliyyətini genişləndirmək məqsədi ilə respublikadakı ümumtəhsil məktəblərinin və Heydər Əliyev adına Hərbi Liseyin Atıcılıq Federasiyası ilə əlaqələri genişləndirilir.
Qeyd edək ki, federasiyaların əsas məqsədi idmançıların yetişməsi və idmanın kütləviliyinə nail olmaqdır. İdmanın kütləviliyinin təmin olunması fiziki cəhətdən sağlam gənc nəslin yetişməsində vacib amillərdən biridir. Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyətə başlaması və Atıcılıq Mərkəzinin yaradılması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Mərkəzdə gənclərin atıcılıq idman növləri ilə məşğul olmaları üçün hər cür şərait var. Burada stend və sportinq atıcılığı ilə yanaşı, əyləncəli idman növləri ilə də məşğul olmaq mümkündür. Mərkəzdə tir, peyntbol və digər sahələr də istifadəyə verilib. Bu da gənclərin asudə vaxtının səmərəli təşkilinə, həmçinin onların silahdan istifadə qaydalarının mənimsənməsinə imkan yaradır.
Sevindirici haldır ki, bu gün bölğələrdə yaşayan gənclər idmanın müxtəlif növləri ilə məşğul ola bilirlər. Çünki yaradılan şərait, fəaliyyət ğöstərən idman ocaqları, idman qurğuları və komplekslər gənc nəslin sağlam böyüməsinə, o cümlədən idmanın inkişafına xidmət edir. İnşa olunan atıcılıq kompleksləri də elə bu amala xidmət göstərir. Belə komplekslərin fəaliyyəti atıcılığın daha da inkişaf etməsinə zəmin yaradacaq. Atıcılıq kompleksləri gələcəkdə mahir nişançıların yetişməsində böyük rol oynayacaq. Gələcək nəslin idmanla, atıcılıqla məşğul olması ölkəmizdə idmançıların çoxalmasına və qazanılan nailiyyətlərin artmasına imkan yaradacaq.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.