XX əsrin əvvəllərində dünyada baş vermiş böyük tarixi hadisələr - Birinci Dünya Müharibəsi (1914-1918-ci illər), Rusiya fevral burjua inqilabı və 1917-ci il siyasi çevrilişi nəticəsində dünyanın ictimai-iqtisadi və siyasi sistemində parçalanmalar yaratmışdı. Rusiya imperiyasının əsarəti altında olan müxtəlif xalqlar, o cümlədən azərbaycan xalqı bu dövrdə çox böyük və çətin tarixi hadisələrlə üzləşməli olmuşdu. XX əsrin əvvəllərində xalqımız olum və ya ölümlə üz-üzə qalmışdı. 1905-1906 illərdə ermənilərin məkrli siyasəti nəticəsində İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndi talan edildi. Statistik göstəricilərə nəzər salsaq, görərik ki, 1905-1907-ci illərdə baş verən hadisələrdən sonra azərbaycanlılara qarşı gizli şəkildə kütləvi repressiyalar aparılırdı. Həmin dövrdə İrəvan quberniyasında və ətraf yerlərdə yaşayan soydaşlarımız öz evlərindən çıxmağa məcbur edilirdi. Buna görə də bu ərazilərdə əhalinin say tərkibi ermənilərin xeyrinə dəyişirdi. Məkrli plan müxtəlif dövrləri əhatə edib. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra keçmiş SSRİ-də baş verən qarışıqlıq ermənilərin xeyrinə oldu. Belə ki, həmin qarışıqlıqdan istifadə edən erməni ideoloqları azərbaycanlıların köçürülməsinə nail oldular.
1948-1953-cü illərdə ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını, eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam ediblər. 1943-cü ildə Tehranda keçirilən konfransda ermənilər İranda yaşayan ermənilərin Sovet İttifaqına köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər nazirinə müraciət ediblər. Bu məsələyə müsbət yanaşılması faktiki olaraq azərbaycanlıların 1948-1953-cü illərdə kütləvi şəkildə Ermənistandan deportasiya olunmasının əsasını qoyub. 1988-ci ildən başlayan yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaratdı. 1945-ci ildə müzakirəyə çıxarılmış guya, Ermənistanla Qarabağın iqtisadi cəhətdən bir-birinə bağlı olması barədə əsassız iddialarla erməni millətçiləri yenidən azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. Kütləvi hədə, qorxular, fıziki güc, qətliamlar, kəndlərin talan edilərək yandırılması daha böyük miqyasda həyata keçirildi. Qukarkda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürüldü. Onların 21-i qadın, 6-sı uşaq idi. Vardenis rayonunda isə 40 nəfər qətlə yetirildi. Ermənistanın Masis, Kalinino, Kadjaran, Qafan, Kirovakan, Qoris, Sisian, Amasiya və Alaverdi rayonlarında yaşayan 250 min azərbaycanlı öz ev-eşiyindən didərgin düşdü. Qanlı 1905-1920-ci illər tarixi yenidən təkrar olundu - qadın və uşaqlar, yaşlılar şaxtalı qış günlərində qarlı dağlar aşaraq Azərbaycana üz tutdular. Həmin vaxt sovet rəhbərliyi bir daha azərbaycanlılara ögey münasibət göstərdi. İttifaqın mərkəzi hakimiyyətinin qərarları ilə azərbaycanlı qaçqınların Qarabağda yerləşdirilməsinə icazə verilmədi, onlar özlərinə çadır şəhərciklərində sığınacaq tapdılar. 1991-ci il avqustun 8-də sonuncu Azərbaycan kəndi Nüvədi (18 fevral 1929-cu ildə Ermənistanın tərkibinə verilib) boşaldıldı. Buradan əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi. Bu faktlardan göründüyü kimi, ermənilər öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan istifadə ediblər. Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını, eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam ediblər. Ümumiyyətlə, ermənilər qərb dövlətləri və Rusiyanın hərtərəfli köməyindən istifadə edərək, türklərin əzəli torpaqlarında silah gücünə özlərinə dövlət qurmaq fikirinə düşmüşdülər. Onlar bu məkrli planı Azərbaycanın torpaqları hesabına həyata keçirmək fikirində idilər. Xalqımıza qarşı erməni şovinistlərinin törətdiyi soyqırımı siyasətinin tarixi, əsasən XVIII əsrdən başlayır. Həmin dövrdə Rusiyanın qafqaz xalqlarına qarşı təcavüzkar siyasəti rəsmi dövlət səviyyəsinə qalxmışdı. Bu siyasətin əsas istiqamətlərindən biri də cənubi qafqaza yönəlmişdi. Erməni şovinistləri XVIII əsrin əvvəllərindən çar rusiyasının açıq və gizli formada himayəsinə arxalanıb "Böyük Ermənistan” xülyasını reallışdırmaq üçün cənubi qafqazın yerli sakinlərinə qarşı etnik təmizləmə siyasətinə başladılar. Planlı surətdə həyata keçirilən cinayətlər sayəsində 2 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından qaçqın düşmüş və 1,5 milyon soydaşımız qətlə yetirilmişdi. Xalqımızın tarixi və mədəni abidələri də yerlə yeksan edilmişdi. Həmin dövrdən bu günə kimi xalqımız ermənilərin təcavüzünə məruz qalmışdır və indi də, bu təcavüzkarlıq siyasəti davam etməkdədir. Erməni şovinistləri XX əsrdə azərbaycanlılara qarşı yenidən soyqırımı törətdilər. Belə ki, 1988-ci ildə başlayan məkrli siyasət əzəli torpaqlarımız olan Dağlıq Qarabağı viran qoydu.
Tarixən Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək Xocalını yerlə-yeksan etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə, hələ də dəqiq olmayan məlumatlara görə, 613 nəfər Xocalı sakini xüsusi amansızlıqla qətlə yetirildi. Onlardan ancaq 335 nəfərinin meyidini dəfn etmək mümkün oldu. 1275 nəfər dinc sakin girov götürüldü, 150 nəfərin taleyi bu gün də məlum deyil.
Hələ XIX əsrdə Qarabağın xəritəsini tərtib etmiş rus tədqiqatçısının yazdığına görə, əsrin sonunda azərbaycanlılar Qarabağın 338 kəndində yaşayırdılar. 1899-cu ilin məlumatına görə burada azərbaycanlıların sayı ümumi əhalinin 70 faizini, ermənilər isə 16,6 faizini təşkil edirdilər. Sonrakı dövrlərdə isə, qeyd etdiyimiz kimi, yerli əhalinin-azərbaycanlıların əzəli torpaqlarından qovulmasına və onların sıxışdırılmasına başlanmışdı. Tarixi faktlar sübut edir ki, XX əsrin əvvəlinədək Zaqafqaziyada yaşayan 1 mln. 300 min ermənidən bir milyon nəfərdən çoxu sonradan bu yerlərdə məskunlaşmışdı. Öz himayədarlarına arxalanan ermənilər qədim Azərbaycan torpaqlarında məskunlaşmaqla yanaşı, həm də yerli sakinlərə qarşı dəhşətli və kütləvi qırğınlar törədiblər. Təkcə bir faktı deyək ki, 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin, Qayın və başqalarının rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı nəticəsində İrəvan qəzasında 32 (3015 ailədə 19005 nəfər), Eçiməzdin qəzasında 84 (5493 ailədə 35784 nəfər), Nor-Bəyazid qəzasında 7 (668 ailədə 4649 nəfər), ümumiyyətlə, 197 kənd dağıdılmışdı.
Yuxarıda adları qeyd olunan qəzalarda azərbaycanlı əhalinin sayı 59,438 nəfərə çatırdı. Bu insanların bir qismi qətlə yetirilmiş, digər bir qismi isə öz doğma ev-eşiklərindən qaçqın düşmüş, əmlakları qarət edilmiş, evləri isə yandırılmışdı.
Azərbaycanlılara qarşı soyqırımı
siyasəti, ölkənin milli istiqlalına
xəyanətkar sui-qəsd idi
Azərbaycanlılara qarşı soyqırımı siyasəti ermənilərin qəddar, qaniçən, uşağa, qocaya, ağbirçəyə rəhm etməyən bir insan olduğunu sübut edib. Bu vəhşilik 1918-ci ildə törədilən qırğınlarda daha aydın göründü. Həmin dövrdə erməni qoşunları Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakıda ağılasığmaz vəhşiliklə həyata keçirdilər. Ermənilərin çoxluq təşkil etdiyi Bakı Soveti əksinqilabi elementlərlə mübarizə adı altında, 1918-ci ilin əvvəllərindən başlayaraq, bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədini güdən cinayətkar planı reallaşdırmaq üçün silahlandı. Həmin ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatdı. Mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana”, "Məmmədli” və başqa məhəllələrə hücum etdilər. Erməni daşnakları heç kimə rəhm etmir, qarşılarına çıxan hər kəsi dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: "Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir”. Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçərişəhərə hücum zamanı bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyəni” yandırmış, "Açıq söz”, "Kaspi”, "Baku” qəzetlərinin redaksiyalarını dağıtmış, "Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilmişdi. Bundan başqa, Bakıda qırğın törədən "Qırmızı qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. Əvvəlcədən hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçmişdi. Erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında olan sənədlərdə deyilir: "Hətta bolşevik olan müsəlmana belə, aman verilmədi. Müsəlmanlara qarşı hər cür cinayət etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər”.
Milli sülhə və birliyə qarşı "sinfi mübarizə” və "sinfilik” mövqeyindən çıxış edən S. Şaumyan başda olmaqla Bakı bolşevikləri "Bakı Sovetini Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına çevirmək” yolunu seçdilər. Onlar daşnaklarla birlikdə "antisovet qiyamına”, "əksinqilabçılara” qarşı mübarizə adı altında milli qırğın təşkil etdilər. Bu, müsəlmanlara qarşı, xüsusilə azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi.
Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi. Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şayiə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Yerli əhali isə küçələrə çıxıb zabitlərin tərkisilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırımı başladı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir. 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən törədilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoydu. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edildi. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və respublikamızın digər ərazilərində həyata keçirilirdi. Əzəli torpaqlarımızda yaşayan dinc əhali kütləvi şəkildə öldürülür, kəndlər yandırılır, milli mədəniyyət abidələri tamamilə məhv edilirdi. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirdilər, 10 minlərlə insan öz torpaqlarından qovuldu. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürüldü. Şamaxıda 58 kənd dağıdıldı, 7 min nəfər (1653 qadın, 965 uşaq) xüsusi qəddarlıqla qətlə yetirildi. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yer üzündən silindi. Həmin ərazilərdə yaşayan əhalinin yaşına və cinsinə məhəl qoymadan qətliam həyata keçirilirdi. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür. Bununla kifayətlənməyən ermənilər heç bir şeyə məhəl qoymadan "Böyük Ermənistan” ideyası ətrafında Gürcüstanın tərkibində olan Axalkalaki, Borçalı, Azərbaycanın Qarabağ, Naxçıvan, Gəncə quberniyasının cənub hissəsinə iddia irəli sürürdülər. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Təəssüf ki, həmin qırğınlar haqqında sovet dövründə yazılmış əsərlərdə az məlumat verilib, sovet ideologiyası çərçivəsindən kənara çıxılmayıb.
Sovet tarix elmi erməni şovinist millətçilərinin bolşevik-sovet bayrağı altında Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli qırğınları bilərəkdən gizlədib və hadisələrə sinifi mövqedən yanaşaraq, sovet ideologiyasına xidmət göstərib. Tarixçilər hesab edirlər ki, 1917-1918-ci illərdə Cənubi Qafqazda böyük əraziyə və əhaliyə malik olan Azərbaycanda baş vermiş hadisələrin düzgün araşdırılması üçün yazılmış əsərləri bir neçə dövrə bölmək mümkündür. Buraya sovet hakimiyyətinin qurulmasına qədər mövcud olan sənədləri, sovet dövründə problemlə bağlı yazılan tarixi əsərləri, nəhayət, sovet imperiyası dağıldıqdan sonra yazılan kitabları daxil etmək olar. Bununla belə, 1917-1918-ci illərdə azərbaycanlıların soyqırımı probleminin geniş və obyektiv təhlili 1991-ci ilin dekabr ayında, yəni SSRİ dağıldıqdan sonra mümkün olub. Çünki XX əsrin 90-cı illərinə qədər dövlət arxivlərindən istifadə olunmasına çox böyük məhdudiyyətlər qoyulmuşdu.
"Məxvi” sənədlərlə tanış olan sovet tarixçiləri isə həqiqətləri təhrif olunmuş halda oxuculara təqdim edirdilər. Yalnız sovet imperiyası dağıldıqdan sonra həmin arxiv sənədləri geniş surətdə tədqiqat obyektinə çevrildi. Bundan sonra Bakıda baş vermiş 1918-ci ilin mart qırğınları Azərbaycan tarixində geniş öyrənilib. 1991-cı illərdən başlayaraq, yəni Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra həmin hadisələrlə bağlı elmi araşdırmalar aparılıb. Bu da baş vermiş hadisələrə obyektiv qiymət verilməsi üçün tarixi şəraitin yetişməsi ilə bağlı olub. Eyni zamanda, bu hadisələrə qiymət verilməsi Azərbaycanın vətənpərvər oğlu Heydər Əliyevin adı ilə bağlıdır.
Bu tarixi faciəni xalqın yaddaşında əbədiləşdirmək üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımı” haqqında fərman verdi. Bu fərmanla ilk dəfə olaraq 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan olundu. 2006-cı il martın 28-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciət etdi.
Azərbaycanın tarixi həqiqətlərini aşkara çıxarmaq vacibdir
Üzləşdiyimiz faciələr dünyanın bir sıra ölkələrində keçirilən aksiyalarla qeyd olunur. Məsələn, Niderland krallığında fəaliyyət göstərən Beniluks Azərbaycanlıları Konqresinin və onun nəzdindəki Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin təşəbbüsü ilə 2009-cu ildə Rotterdam şəhərində etiraz aksiyası təşkil olunub.
Tədbirə Azərbaycan və türk icmalarının, habelə Polşa diasporunun nümayəndələri qatılıblar. Aksiyada iştirak etmiş 150-yə yaxın gənc ön hissəsində Azərbaycanın xəritəsinin və işğal olunmuş ərazilərimizin, arxa hissəsində isə soyqırımı qurbanlarının sayının göstərildiyi ağ köynəklər geyinib, başlarına mavi papaq qoyublar. Etiraz aksiyasına toplaşanlar holland dilində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımını pisləyən şüarlar səsləndiriblər. Həmin gün azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə ətraflı məlumatın əks olunduğu Holland dilində hazırlanmış 10 minə yaxın vərəqə yerli sakinlər arasında paylanıb. Azərbaycanlıların soyqırımı günü Türkiyədə də anılıb. 2009-cu ildə Türkiyənin İzmir şəhərinin mərkəzi Konak Meydanında 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar etiraz aksiyası keçirilib. Aksiya Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Cəmiyyəti, İzmir universitetlərində təhsil alan azərbaycanlı tələbələr tərəfindən təşkil olunub. Aksiyada 31 Mart soyqırımını əks etdirən fotoşəkillər nümayiş etdirilib və broşürlər paylanıb. 31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə bağlı Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası da bəyamat yayıb. Bəyanatda 31 mart soyqırımını törədənlər, onlara dəstək verənlər və tarixi saxtalaşdırıb ikili standartlardan çıxış edən etməni diasporunun yalanlarına alət olanlar nifrətlə qınanılıb. Elə həmin il ABŞ-ın Nevada ştatının qubernatoru Cim Qibbons 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə ştat ərazisində matəm elan edib. Onu da qeyd edə ki, bu, ABŞ tarixində Azərbaycanlıların Soyqırımı Günü münasibətilə matəm elan olunmasına dair ilk haldır. Qubernator Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) vasitəsilə ona ünvanlanan onlarla məktuba cavab olaraq tariximizin qanlı səhifəsinə həsr olunan bəyanat yayıb.
Bəyanatda ermənilərin 1918-ci ilin mart ayında Bakı və Azərbaycanın digər şəhərlərində on minlərlə mülki azərbaycanlını qətlə yetirməsi münasibətilə başsağlığı verilir. Qubernator Cim Qibbons məktubunda həmçinin qeyd edib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və rəsmi Vaşinqton Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi sayır. Xatırladaq ki, ABŞ-da bir çox qubernator və şəhər merləri 28 May - Respublika Günü, həmçinin 18 Oktyabr - Milli Müstəqillik Günü münasibətilə yerli azərbaycanlılara təbrik məktubları yollayıblar. Həmin məktublarda Azərbaycanın ərazi bütövlüyü tanınıb və Ermənistanın işğalçı dövlət olduğu qeyd olunub. USAN həmçinin Amerika kitabxanalarına Azərbaycan həqiqətləri haqqında bir çox akademik kitablar yollayıb.
Bu faktlar onu göstərir ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, xalqımızın üzləşdiyi faciələr haqqında ayrı-ayrı xalqlara məlumat vermək çox vacibdir. Çünki məhz bu vasitə ilə Azərbaycanın tarixi həqiqətlərini aşkara çıxarmaq, müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni lobbisinin yalanlarının qarşısını almaq mümkündür.
Hürrü Abdullayev
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap edilir.