Tarixin müxtəlif dövrlərində törədilən soyqırımlar xalqımızın yaddaşında silinməz iz qoyub

Tarixin müxtəlif dövrlərində törədilən soyqırımlar xalqımızın yaddaşında silinməz iz qoyub

"Azərbaycanlıların soyqırmı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla hayata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir”.

Heydər Əliyev


Ümumiyyətlə, soyqırımı nədir? Beynəlxalq hüquq sənədlərində bu anlayış öz əksini necə tapmışdır və bunu Azərbaycan tarixinin hər hansı dövrünə hansı əsaslarla aid etmək olar?
İlk növbədə, soyqırımı anlayışının nə olduğunu, onun müasir beynəlxalq hüquq elmində necə müəyyənləşdirildiyini dəqiqləşdirmək lazımdır. Soyqırımı ifadəsi ilk dəfə 1949-cu il dekabrın 9-da BMT-nin İnsan Hüquqları Komissiyasının "Soyqırımı siyasəti üçün xəbərdarlıq edilməsi və ona görə cəzalandırma konvensiyası”nın 2-ci maddəsində beynəlxalq hüquqi termini kimi qəbul edilərək istifadə olunub. Dünyanın müxtəlif ölkələri BMT-nin Soyqırımı Bəyannaməsini imzalayıblar. Bu bəyannaməni 1950-ci ildə Türkiyə dövləti də imzalayıb. Həmin maddəyə görə, soyqırımı bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar bir dövlət və ya hərbi-siyasi qurum tərəfindən məqsədli şəkildə yox edilməsi prosesini nəzərdə tutur. Bu prosesin hər hansı ölkənin hökuməti və ya hərbi siyasi təşkilatı tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir. Ümumiyyətlə, soyqırımı hər hansı milli, etnik, irqi və ya dini mənsubiyyətə görə, hər hansı bir xalqın və etnik qrupun qəsdən məhv edilməsi məqsədini güdən hərəkətə deyilir.
Soyqırımı hərəkətini müəyyən edən bütün bu hallara Azərbaycan xalqının XX əsr tarixinin bütün mərhələlərində bir cinayət faktı kimi rast gəlinir. Bu ağır və qeyri-insani hərəkəti törətməkdə ermənilər və onların himayədarları hansı məqsədi güdürdülər? Bu əsas suala cavab vermək üçün tarixi faktlara dönə-dönə müraciət etmək lazımdır. İnkaredilməz bir həqiqətdir ki, ermənilər ta qədim zamanlardan, tarixin bütün mərhələlərində azərbaycanlılara qarşı xəyanət və düşmənçilik mövqeyi tutublar.


Azərbaycan tarixinin hər bir səhifəsi hadisələrlə zəngindir
Azərbaycan Cənubi Qafqazın və Ön Asiyanın ən qədim tarixə və zəngin mədəniyyətə malik bir ölkəsidir. Bu zəngin tarix iki milyon ildən çox bir dövrü əhatə edir və bəşər tarixinin bütün mərhələləri Azərbaycan torpağında öz silinməz izini qoymuşdur. Qədim Azərbaycan tarixinin hər bir səhifəsi hadisələrlə zəngindir. Bu qədim və zəngin tarix isə ümumiləşdirilmiş şəkildə tarixçi alimlər tərəfindən Azərbaycan xalqına yalnız XX əsrin ikinci yarısında və XXI əsrin başlanğıcında çatdırılıb. Onu da qeyd etmək lazımdır ki, bu zəngin tarixin həm də qanlı səhifələri vardır. Məlumdur ki, Azərbaycan öz geosiyasi vəziyyətinə görə bütün dövrlərdə nəhəng imperiyaların maraq dairəsinə düşüb, əraziləri işğal edilib, müəyyən mərhələdə öz dövlətçiliyindən məhrum olub, əhalisi isə dəfələrlə deportasiyaya, etnik təmizləmələrə və soyqırıma məruz qalıb. Bütün bəşəriyyət üçün ən ağır cinayət sayılan bu proseslər Azərbaycan xalqına qarşı XVIII-XX əsrlərdə çar Rusiyası, onun varisi olan SSRİ dövləti və onların hər ikisinin əlində alət olan ermənilər, 1918-ci ildən isə Qərbi Azərbaycan torpaqlarında yaradılan Ermənistan dövləti tərəfindən həyata keçirilib.
XVIII əsrin I yarısında çar Rusiyasını imperiyaya çevirən I Pyotrun xarici siyasətində ən mühüm istiqamətlərdən biri Türkiyə və Qafqazı ələ keçirmək idi. Bunu həyata keçirmək üçün Rusiya imperiyasına bu ərazilərdə, həm keçmiş, həm də müasir Rusiya hakim dairələri nümayəndələrinin dedikləri kimi, hərbi-siyasi qüvvə-forpost lazım idi. Bu rolu isə Türkiyə və Qafqazın xristian əhalisi oynaya bilərdi. Lakin qeyd etmək lazımdır ki, hələ XVIII əsrdə İran və Osmanlı Türkiyəsi ərazilərində yaşayan və Cənubi Qafqaza heç bir aidiyyatları olmayan ermənilər öz "zülmkarlarından” azad olmaq üçün Qərbi Avropaya ümid bəsləyirdilər. Bu məqsədlə 1678-ci ildə Azərbaycan Səfəvilər dövlətinin üçüncü paytaxtı olan İsfahan şəhəri yaxınlığında I Şah Abbas tərəfindən ermənilər üçün salınmış Culfa şəhərində katalikos Akopun sədrliyi ilə erməni Qriqoryan kilsəsinin və tacirlərinin xüsusi müşavirəsi keçirilir və yeddi nəfərlik nümayəndə heyəti Avropaya göndərilir. Avropada heç bir nəticə əldə edə bilməyən ermənilər Avstriya imperatorunun məsləhəti ilə Rusiya çarı I Pyotra müraciət edirlər və bu müraciət onun tərəfindən böyük razılıqla qarşılanır. Avstriya monarxı I Pyotra yazdığı məktubunda ermənilərin əsas məqsədini belə izah edir: "Ermənilər mənim yanıma Beros nəslindən olan Uri adlı bir məlikzadəni və vartapet Minası göndərmişlər. Onların əsas məqsədi Ermənistanı İran zülmündən azad etməkdir...,” Belə bir fürsəti çoxdan gözləyən I Pyotr Qafqazın işğalı üçün hərbi-strateji planların hazırlanmasına 21 il vaxt sərf etdi. Bu hazırlanan planların əsas mahiyyətini Cənubi Qafqazın böyük hissəsini və İranın şimalını əhatə edən bütöv Azərbaycanı ələ keçirmək, buraya Türkiyə və İrandan erməniləri köçürmək, Rusiya imperiyasının Ön Asiya, Yaxın Şərq ölkələrinə və Hind okeanına çıxışını maneəsiz təmin edə biləcək qondarma bir erməni dövlətinin - forpostun yaradılması təşkil edirdi. Məlumdur ki, o zaman bu planların həyata keçirilməsinə I Pyotrun ölümü mane olsa da, onun 1724-cü ilin oktyabrında gələcəkdə işğal ediləcək ərazilərə ermənilərin köçürülməsi ilə bağlı verdiyi fərman mühüm rol oynadı. Məhz bu dövrdən azərbaycanlı əhaliyə qarşı deportasiya, etnik təmizləmə və soyqırımı siyasətinin əsası qoyuldu.
Dünya mədəniyyətini yaradan xalqlardan biri olan azərbaycanlılara qarşı tətbiq edilibmiş və onu törədənlərə qarşı belə bir ağır ittihamı irəli sürməyə həm tarixi, həm də hüquqi əsas varmı? Azərbaycanın XVIII-XX əsrlər tarixinə nəzər saldıqda azərbaycanlılara qarşı törədilmiş cinayətlərin ağırlığı və miqyası bu ittihamın, ilk növbədə, beynəlxalq hüquq normaları baxımından əsaslı olduğuna heç bir şübhə qalmır. İlk növbədə, bu fikri qeyd etmək lazımdır ki, Çar Rusiyasının və Sovet Rusiyasının Azərbaycana müvafiq olaraq 1722-1723, 1796-1797, 1801-1803, 1804-1813, 1826-1828, 1920, 1990-cı illərdə etdikləri hərbi təcavüzlər xalqımızın iki yerə parçalanmasına, deportasiya və soyqırımına məruz qalmasına və nəticə etibarilə, öz tarixi və etnik torpaqlarını itirməsinə səbəb olub.
Rus alimi F.Semyonovun "Orta əsrlər tarixi” əsərində qeyd edildiyi kimi, XI-XIII əsrlərdə Roma papalarının çağırışı ilə türklərə qarşı təşkil edilən xaç yürüşlərinin əsas bələdçiləri yenə də ermənilər olub. Uzun müddət Səfəvi və Osmanlı imperiyaları kimi qüvvətli dövlətlərin təəbələri sayılan bu bədnam kütlə xəyanət üçün fürsət axtarırdı.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımı faciələri dedikdə, hər kəsə yaxşı bəlli olan tarixi ardıcıllıq yada düşür: 1905-1907, 1915-1918-1920, 1948-1953, 1988-ci ildən bu günə qədər olan dövr. 1988-1994-cü illərdə Xocalıda və başqa yerlərdə Ermənistan dövləti tərəfindən həyata keçirilən qırğınları da soyqırımı adlandırmaq olar. İndi diqqət yetirək: tarixdən məlum olan hansı soyqırımı hadisəsində belə bir uzun tarixi dövrə rast gəlinir? Demək olar ki, heç birində. Buradan aydın olur ki, zaman, şərait, siyasi mühit dəyişmiş, lakin ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti dəyişməyib.

Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər
Azərbaycanlılara qarşı soyqırımı siyasəti ermənilərin qəddar, qaniçən, uşağa, qocaya, ağbirçəyə rəhm etməyən bir insan olduğunu sübut edib. Bu vəhşilik 1918-ci ildə törədilən qırğınlarda daha aydın göründü. Həmin dövrdə erməni qoşunları Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakıda ağılasığmaz vəhşiliklə həyata keçirdilər. Ermənilərin çoxluq təşkil etdiyi Bakı Soveti əksinqilabi elementlərlə mübarizə adı altında, 1918-ci ilin əvvəllərindən başlayaraq, bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədini güdən cinayətkar planı reallaşdırmaq üçün silahlandı. Həmin ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatdı. Mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana”, "Məmmədli” və başqa məhəllələrə hücum etdilər. Erməni daşnakları heç kimə rəhm etmir, qarşılarına çıxan hər kəsi dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: "Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir”. Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçərişəhərə hücum zamanı bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyəni” yandırmış, "Açıq söz”, "Kaspi”, "Baku” qəzetlərinin redaksiyalarını dağıtmış, "Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilmişdi. Bundan başqa, Bakıda qırğın törədən "Qırmızı qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. Əvvəlcədən hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçmişdi. Erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında olan sənədlərdə deyilir: "Hətta bolşevik olan müsəlmana belə, aman verilmədi. Müsəlmanlara qarşı hər cür cinayət etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər”.



Milli sülhə və birliyə qarşı "sinfi mübarizə” və "sinfilik” mövqeyindən çıxış edən S. Şaumyan başda olmaqla Bakı bolşevikləri "Bakı Sovetini Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına çevirmək” yolunu seçdilər. Onlar daşnaklarla birlikdə "antisovet qiyamına”, "əksinqilabçılara” qarşı mübarizə adı altında milli qırğın təşkil etdilər. Bu, müsəlmanlara qarşı, xüsusilə azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi.
Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi. Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şayiə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Yerli əhali isə küçələrə çıxıb zabitlərin tərkisilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırımı başladı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir. 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən törədilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoydu. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edildi. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və respublikamızın digər ərazilərində həyata keçirilirdi. Əzəli torpaqlarımızda yaşayan dinc əhali kütləvi şəkildə öldürülür, kəndlər yandırılır, milli mədəniyyət abidələri tamamilə məhv edilirdi. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirdilər, 10 minlərlə insan öz torpaqlarından qovuldu. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürüldü. Şamaxıda 58 kənd dağıdıldı, 7 min nəfər (1653 qadın, 965 uşaq) xüsusi qəddarlıqla qətlə yetirildi. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yer üzündən silindi. Həmin ərazilərdə yaşayan əhalinin yaşına və cinsinə məhəl qoymadan qətliam həyata keçirilirdi. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür. Bununla kifayətlənməyən ermənilər heç bir şeyə məhəl qoymadan "Böyük Ermənistan” ideyası ətrafında Gürcüstanın tərkibində olan Axalkalaki, Borçalı, Azərbaycanın Qarabağ, Naxçıvan, Gəncə quberniyasının cənub hissəsinə iddia irəli sürürdülər.


Tarixi həqiqətlər uzun illər gizlədilib
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Təəssüf ki, həmin qırğınlar haqqında sovet dövründə yazılmış əsərlərdə az məlumat verilib, sovet ideologiyası çərçivəsindən kənara çıxılmayıb.
Sovet tarix elmi erməni şovinist millətçilərinin bolşevik-sovet bayrağı altında Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli qırğınları bilərəkdən gizlədib və hadisələrə sinifi mövqedən yanaşaraq, sovet ideologiyasına xidmət göstərib. Tarixçilər hesab edirlər ki, 1917-1918-ci illərdə Cənubi Qafqazda böyük əraziyə və əhaliyə malik olan Azərbaycanda baş vermiş hadisələrin düzgün araşdırılması üçün yazılmış əsərləri bir neçə dövrə bölmək mümkündür. Buraya sovet hakimiyyətinin qurulmasına qədər mövcud olan sənədləri, sovet dövründə problemlə bağlı yazılan tarixi əsərləri, nəhayət, sovet imperiyası dağıldıqdan sonra yazılan kitabları daxil etmək olar. Bununla belə, 1917-1918-ci illərdə azərbaycanlıların soyqırımı probleminin geniş və obyektiv təhlili 1991-ci ilin dekabr ayında, yəni SSRİ dağıldıqdan sonra mümkün olub. Çünki XX əsrin 90-cı illərinə qədər dövlət arxivlərindən istifadə olunmasına çox böyük məhdudiyyətlər qoyulmuşdu.
"Məxvi” sənədlərlə tanış olan sovet tarixçiləri isə həqiqətləri təhrif olunmuş halda oxuculara təqdim edirdilər. Yalnız sovet imperiyası dağıldıqdan sonra həmin arxiv sənədləri geniş surətdə tədqiqat obyektinə çevrildi. Bundan sonra Bakıda baş vermiş 1918-ci ilin mart qırğınları Azərbaycan tarixində geniş öyrənilib. 1991-cı illərdən başlayaraq, yəni Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra həmin hadisələrlə bağlı elmi araşdırmalar aparılıb. Bu da baş vermiş hadisələrə obyektiv qiymət verilməsi üçün tarixi şəraitin yetişməsi ilə bağlı olub. Eyni zamanda, bu hadisələrə qiymət verilməsi Azərbaycanın vətənpərvər oğlu Heydər Əliyevin adı ilə bağlıdır.
Bu tarixi faciəni xalqın yaddaşında əbədiləşdirmək üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımı” haqqında fərman verdi. Bu fərmanla ilk dəfə olaraq 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan olundu. 2006-cı il martın 28-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciət etdi.
Azərbaycan xalqına qarşı törədilən cinayət - deportasiya, etnik təmizləmə və soyqırımın ümumi sahəsi 46,7 min kvadratkilometr ərazini əhatə etsə də, buna yalnız Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanında qiymət verilib. Bəzən cəmiyyətdə elə təsəvvür yaranır ki, bu məsələni araşdırmaq yalnız tarixçilərin işidir. Əsİində, bu, belə deyil. Soyqırımı ilə bağlı məsələlər ümummilli mahiyyət daşıdığından təkcə tarixçilərin, psixoloqların, hüquqşünasların deyil, həm də hərbçilərin və bir sıra digər sahələr üzrə mütəxəssisləriın iştirakı ilə araşdırılmalıdır. Aşkara çıxan acı həqiqət ondan ibarətdir ki, Azərbaycan xalqı bir əsrdə həm obyektiv, həm də subyektiv səbəblərdən onun varlığına qarşı yönəlmiş soyqırımı kimi dəhşətli faciənin qarşısını almağa hazır olmayıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı fərman bir neçə mühüm vəzifəni həll etmək üçün ciddi sənəddir

Lakin XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra və xalqımız öz taleyini, torpaqlarının və milli sərvətlərinin sahibinə çevrildikdən, xüsusilə də ümumilli lider Heydər Əliyevin bu həlledici tarixi mərhələdə milli dövlətçiliyə rəhbərlik etməyə başlamasından sonra azərbaycanlılara qarşı törədilmiş cinayətlərin üstünü açmaq, onlara siyasi və hüquqi qiymət vermək mümkün oldu. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri, 1997-ci il 18 dekabr tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında” və digər sənədlər əsasında 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən "Azərbaycanlıların soyqırımı haqqında” fərman verilib. Bu fərman həm hüquqi, həm də siyasi cəhətdən əsas bir sənəd olaraq azərbaycanlılara qarşı törədilən cinayətlərin aşkara çıxarılması və onları törədənlərinı beynəlxalq hüquq baxımından mühakimə olunması üçün zəmin yaradıb.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı fərman bir neçə mühüm vəzifəni həll etmək üçün ciddi sənəddir. Birinci, bu sənəd tariximizə düzgün və obyektiv qiymət verilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İkincisi, həmin fərman azərbaycanlıların soyqırımı məsələsini dünya siyasəti səviyyəsinə çıxarır və dünyanın bütün mütərəqqi qüvvələrini, xalqımızın dostlarını əsl həqiqətlərlə tanış edir, dünya azərbaycanlılarının bu məsələ ilə bağlı mövqe və baxışlarını konkretləşdirir. Üçüncüsü, bu fərman ermənilərin "erməni soyqırımı” məsələsi üzərində qurulmuş təbliğatının effektini azaldır, onların təbliğatını neytrallaşdırır.
Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırım və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması təsbitlənmişdir. Ötən dövr ərzində Azərbaycan dövləti tarixi gerçəklikləri, xalqımızın iki əsr boyu məruz qaldığı soyqırım və etnik təmizlənmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün xeyli iş görüb.
Şübhəsiz, görülən işlərlə arxayınlaşmaq olmaz. Bədnam qonşularımızın saxta "erməni soyqırımı” iddialarının cəfəngiyyat olduğunu sübuta yetirmək üçün sistemli və ardıcıl surətdə iş aparılmalıdır. Tarix boyu xalqımızın başına hansı faciələrin gətirildiyini, çəkdiyimiz müsibətlərin gerçək miqyasını və mahiyyətini, ilk növbədə, özümüz dərindən dərk etməliyik. Bunun üçünsə, həmin tarixi təkcə 31 mart günü deyil, hər gün xatırlamağa, öyrənməyə və unutmamağa borcluyuq.
Dilqəm Quliyev

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi 
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun maliyyə dəstəyi ilə çap edilir.