Hərbi-vətənpərvərlik tərbiyəsi ümumdövlət işinin mühüm bir sahəsinə çevrilib

Hərbi-vətənpərvərlik tərbiyəsi ümumdövlət  işinin mühüm bir sahəsinə çevrilib



Bölgələrdə "Cəsurlar” və "Şahinlər”in yarışı start götürüb


Gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm vəzifələrdən biridir. Bu tərbiyə işini həyatla əlaqələndirmək sahəsində məktəblər xüsusi rol oynayırlar. Təhsil ocaqları ictimai inkişaf qanunlarını şagirdlərə başa salmalı, məktəbliləri xalqımızın ənənələri, vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyələndirməli, onlarda yüksək vətənpərvərlik hissini, həmçinin əxlaqa zidd təzahürlərə qarşı qətiyyətli mübarizə ruhunu inkişaf etdirməlidir.
Gənc nəslin tərbiyəsi sahəsində məktəbin qarşısında duran ən mühüm vəzifələrdən biri hərbi-vətənpərvərlik tərbiyəsidir. Hərbi-vətənpərvərlik yönündə tərbiyə ümumilikdə təlim-tərbiyə işinin ayrılmaz hissəsidir. Şagirdləri vətənimizin şərəfini və azadlığını qoruyub saxlamış Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixi, onun vətən və bəşəriyyət qarşısında xidmətləri ilə yaxından tanış etmək vacibdir. Onlara sülh və azadlıq ordusu olan Azərbaycan ordusuna məhəbbət aşılamaq, vətənimizin müdafiəsi uğrunda mübarizəyə hər dəqiqə hazır olmaq əzmini qüvvətləndirmək və s. hərbi-vətənpərvərlik tərbiyəsinin ən mühüm tərkib hissələrindən biridir. Məktəblərdə ona nail olmaq lazımdır ki, hər bir gənc doğma ana vətənin müdafiəsi naminə onu çətinliklər gözləsə də, əlindən gələni əsirgəməsin, onu yalnız şərəfli hərbi xidmət, ordumuzun həyatı, qəhrəmanlığı və s. maraqlandırsın. Məhz buna görə də hazırkı şəraitdə hərbi-vətənpərvərlik tərbiyəsi dövlət siyasətinin mühüm bir sahəsinə çevrilmişdir.
Məktəblərin pedaqoji kollektivlərinin qarşısında gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində məsul vəzifələr qoyulması heç də təsadüfi deyil. Hərbi-vətənpərvərlik tərbiyəsi bir məqsədə - gəncləri vətənimizin müdafiəsinə hazırlamağa xidmət edir. Azərbaycan dövləti xalqı, xüsusən də gənc nəsli həmişə sayıq olmağa, vətənimizin hərbi qüdrətini hər vasitə ilə möhkəmləndirməyə, onun müdafiə bacarığını artırmağa çağırır. Gənc nəslin, xüsusilə məktəblilərin orduya hazırlıq işi uğurla həyata keçirilir. Bu məqsədlə orta məkəblərdə "Cəsurlar” hərbi- idman oyunlarının təşkil edilməsi ən vacib amil kimi ortaya çıxır. Hərbi idman oyunları paytaxtımızın, həmçinin rayonların orta məktəblərində müntəzəm keçirilir. Adətən bu cür oyunlar mart aprel aylarında bölgələrdə fəaliyyət göstərən məkəblər arasında zona yarışları formasında təşkil edilir, bu yarışların qalibləri Bakıda keçirilən respublika finalında öz güclərini bir daha sınayırlar. Artıq bölgələrdə "Cəsurlar” hərbi-idman oyununun zona yarışları start götürüb.     
Göyçay Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Təhsil Şöbəsinin dəstəyi ilə "Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə rayon birinciliyi keçirilib.
Göyçay rayon peşə liseyində keçirilən birinciliyin açılış mərasimində çıxış edənlər bildiriblər ki, "Cəsurlar” hərbi-idman və turizm oyununun əsas məqsədi yeniyetmələrin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işini daha da gücləndirmək, şagirdlərin hərbi-idman oyunlarına geniş cəlb olunması ilə onların ordu sıralarında xidmətə hazırlığını və turizm hərəkatının inkişafını təmin etməkdən ibarətdir.
Qeyd olunub ki, "Cəsurlar” hərbi-idman və turizm oyununun məktəbdaxili seçmə yarışları yekunlaşıb və ikinci mərhələdə rayon birinciliyi keçirilib. Yarışda rayonun 31 orta məktəbinin VII-VIII sinif şagirdləri mübarizə aparıblar. Ümumilikdə 217 nəfərin qatıldığı yarış gərgin idman mübarizəsi şəraitində keçib. Şagirdlər sıra hazırlığı, maneə və körpünün üstündən aşmaq, kəndirlə təhlükəli zonanı keçmək, hədəfə qumbara atmaq, zəhərli zonanı əleyhqazla dəf etmək, yaralını döyüş zonasından çıxarmaq, səyyar çadırı qurmaq mərhələləri üzrə bacarıqlarını nümayiş etdiriblər. Yarışda Göyçay şəhər 7 nömrəli tam orta məktəbinin komandası birinci, şəhər 3 nömrəli orta məktəbinin komandası ikinci, şəhər 1 nömrəli məktəbin şagirdləri isə üçüncü yeri tutublar.
Qalib komandalar Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar. Rayon birinciliyində qalib gələn komanda martın 5-də İsmayıllıda keçirilən zona yarışında Göyçayı təmsil edib.

* * * 
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhərindəki 11 nömrəli tam orta məktəbin tir atıcılıq zalında "Düşmən hədəfindir, Azərbaycan əsgəri!” adlı layihənin ikinci turu keçirilib. Bu turda ali, orta ixtisas və ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan sumqayıtlı gənclər iştirak edib.
Tədbirin açılış mərasimində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin 20 faizi işğal olunduğu barədə söhbət aparılıb. Bildirilib ki, hazırda atəşkəs rejimi hökm sürsə də, düşmən tərəfindən hər an hücum gözlənilir. Məhz buna görə də uşaqların atıcılıq qabiliyyətinin yüksəldilməsi çox vacibdir. Çıxış edənlər qeyd ediblər ki, "Düşmən hədəfindir, Azərbaycan əsgəri!” layihəsinin əsas məqsədi döyüş zamanı silahdan düzgün istifadə etmək, gənclərə düşmənin canlı hədəflərini məhv etmək qaydalarını öyrətməkdir.
Sonra iştirakçı gənclərə bu qaydaları özündə əks etdirən bukletlər paylanılıb. İkinci turun əvvəlində yarış bölünən qruplar arasında keçirilib, növbəti mərhələdə isə qrup qaliblərinin arasında turun ilk üç qalibi müəyyən olunub. Yarış zamanı hər bir iştirakçının topladığı ballar qeydə alınıb və ikinci turun yekun protokolu tərtib edilib. 

* * *
Balakən rayonunda "Cəsurlar” hərbi idman və turizm oyununun zona mərhələsinin yarışları keçirilib. Ənənəvi olaraq hər il təşkil edilən bu yarışlar yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsini daha da gücləndirmək, onları hərbi xidmətə hazırlamaq məqsədi daşıyır. Sarıbulaq kənd tam orta məktəbin hərbi şəhərciyində keçirilən zona yarışında İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax və Zaqatala rayonlarını təmsil edən 6 komanda mübarizə aparıb. Ev sahibi olan Balakən komandası isə Ağcabədi rayonunda keçirilən zona yarışlarında iştirak edib. Komandalar sıra hazırlığı, maneənin dəf olunması, hədəfə qumbara atmaq və digər yarışlarda qüvvələrini sınayıblar. Zona mərhələsində Zaqatala və Oğuz rayonlarının təmsilçiləri, müvafiq olaraq birinci və ikinci yeri tutaraq yarışların Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Qalib komandalara Gənclər və İdman və Təhsil nazirliklərinin diplomları təqdim olunub.

* * *
Ümumtəhsil məktəblərinin yeddinci və səkkizinci sinif şagirdləri arasında "Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Birincilikdə Naxçıvan şəhərində fəaliyyət göstərən 12 məktəbin komandası öz qüvvəsini sınayıb. Oyunun nəticələrinə görə, Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin komandası 1-ci, 17 nömrəli məktəbin komandası 2-ci, 3 nömrəli məktəbin komandası isə 3-cü yerə layiq görülüb. Qaliblər diplom və kubokla mükafatlandırılıblar. Yarışda ilk iki yeri tutan komandalar " Cəsurlar” hərbi- idman və turizm oyununun Muxtar Respublika üzrə zona birinciliyində iştirak etmək hüququ qazanıblar. 
Naxçıvan şəhər birinciliyi başa çatdıqdan bir müddət sonra  ümumtəhsil məktəblərinin şagirdləri arasında "Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə zona birinciliyi keçirilib. Birincilikdə Muxtar Respublikanın 9 məktəbinin komandası öz qüvvəsini sınayıb. Yarışların nəticələrinə görə, Ordubad rayon 3 nömrəli tam orta məktəbin komandası 1-ci, Culfa rayon Saltaq kənd məktəbinin komandası 2-ci, Naxçıvan şəhər 15 nömrəli məktəbin komandası isə 3-cü yerə layiq görülüb. Qaliblər diplom və kuboklarla mükafatlandırılıblar. Yarışda ilk iki yeri tutan komandalar "Cəsurlar” hərbi- idman və turizm oyununun Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

* * *
Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədilə Qəbələdə "Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib. Qəbələ şəhər 2 saylı orta məktəbində təşkil olunan yarışın açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edib. O, yarışın əsas məqsədinin məktəblilər arasında aparılan hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, onların fiziki hazırlığını artırmaq və ordu sıralarında xidmətə hazırlamaqdan ibarət olduğunu qeyd edib.
Sonra hərbi-idman yarışına start verilib. Yarışda iştirak edən  10-11-ci sinif şagirdləri sıra hazırlığı, maneələri dəf etmə, avtomatın sökülüb-yığılması, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, mülki müdafiə hazırlığı və digər mərhələlər üzrə qüvvələrini sınayıblar. Birincilikdə Soltannuxa kənd orta məktəbinin komandası yarışların qalibi adını qazanıb. Qəbələ şəhər 2 və 1 saylı orta məktəblərinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qalib komandalar Qəbələ Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

* * *
Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən Naxçıvanski adına hərbi liseydə "Cəsurlar” hərbi-idman və turizm oyunlarının rayon mərhələsi keçirilib. Bu mərhələyə rayonun 38 orta məktəbinin yeddi və səkkizinci sinif şagirdlərindən ibarət komandaları qatılıb. Qeyd edək ki, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan "Cəsurlar” hərbi-idman və turizm oyunlarının fevral və mart aylarında məktəbdaxili seçmə mərhələsi keçirilib. Rayon mərhələsindən sonra isə "cəsurlar” şəhər mərhələsində mübarizə aparıblar. Rayonun 138 nömrəli tam orta məktəbinin "Cəsurlar” komandası rayon mərhələsində I yeri tutaraq  Bakı şəhər mərhələsinə vəsiqə qazanıb.

* * *
Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 152 saylı orta məktəbdə  gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, onların fiziki hazırlıqlarının artırılmasında, həmçinin ordu sıralarına hazırlanmasında  müstəsna əhəmiyyəti olan "Cəsurlar” hərbi-idman və turizm oyununun rayon mərhələsi təşkil olunub. Rayonun orta ümumtəhsil məktəblərinin komandalarının iştirak etdiyi yarış gərgin mübarizə şəraitində keçib. Yarışın nəticələrinə görə, 44 saylı orta məktəbin komandası  I yerə layiq görülüb. 23 saylı orta məktəbin komandası II olub. 133 saylı orta məktəbin komandası III yerdə qərarlaşıb. 

* * *
Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən "N” saylı hərbi hissəsində Binəqədi rayon orta ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə "Cəsurlar” hərbi-idman və turizm oyununun rayon mərhələsi keçirilib. 224 şagirdin iştirak etdiyi yarışın nəticələrinə əsasən 157 nömrəli tam orta məktəbin komandası birinci, 182 nömrəli tam orta məktəbin komandası ikinci, 248 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb. Yarışların keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi olub.

* * *
Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qəbələ  şəhər 3 saylı tam orta məktəbdə XI sinif şagirdləri arasında yaz çağrışına həsr edilən "Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib. Yarışın təşkil olunmasında məqsəd yeniyetmə və gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, çağırış və çağırış yaşına qədərki gənclərin hərbi hazırlığının gücləndirilməsi, idmançılarda yarış təcrübəsini və ustalığı artırmaq, həmçinin rayon çempionunu aşkar etməkdən ibarət olub. 
Beynəlxalq Poliatlon Çoxnövçülüyü Assosiasiyasının qaydalarına uyğun şəkildə keçirilən və 100 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma növləri üzrə təşkil olunan yarışda rayonun tam orta məktəblərinin komandası iştirak ediblər. Hər komandanın tərkibində 5 idmançı və 1 məşqçi yer alıb. Yarışın yekununa əsasən ən çox xal toplayan komanda qalib hesab edilib. Rayon birinciliyində Kiçik Əmili kənd tam orta məktəbin komandası I yeri tutub. Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası II yerdə, Kiçik Pirəlli kənd tam məktəbin komandası isə, III yerdə qərarlaşıb. Qalib komandalara Gənclər və İdman idarəsinin diplomları təqdim edilib. 

* * *
Masallı şəhərindəki 3 nömrəli tam orta məktəbdə "Şahinlər” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilib. Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Birinciliyin əsasnaməsinə uyğun olaraq, komandalar sıra hazırlığından sonra mübarizəni estafet mərhələsində davam etdiriblər. Yarışların nəticəsinə əsasən, Masallı şəhər 1 nömrəli məktəbin komandası yarışın qalibi olub. Digah və Xırmandalı kənd tam orta məktəblərinin komandaları müvafiq olaraq, ikinci və üçüncü yerləri tutublar. Rayon birinciliyində qalib gələn komanda Salyan şəhərində keçiriləcək zona mərhələsində iştirak etmək hüququ qazanıb.

* * *
İsmayıllı rayon Gənclər və İdman İdarəsi "Şahin” hərbi-idman oyunlarının rayon birinciliyini keçirib. Yarışda rayonun 20 tam orta məktəbinin komandaları mübarizə aparıblar. Açılış mərasimində rayonun Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edib. O, oyunun məqsədinin gənclərdə hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmək,məktəblilərin fiziki hazırlığını artırmaq və ordu sıralarına hazırlamaqdan ibarət olduğunu bildirib. Gərgin keçən mübarizədə I yerə İsmayıllı şəhər 3 saylı məktəbin "şahinləri” layiq görülüblər. II yerə şəhər 6 saylı məktəbin komandası sahib çıxıb. III pillədə isə şəhərin 1 saylı məktəbinin komandası qərarlaşıb. 

* * *
Ağcabədi şəhər mərkəzi stadionunda "Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib. X-XI sinif şagirdləri arasında keçirilən yarışlarda rayonun tam orta məktəblərinin 50 komandası mübarizə aparıb. Tədbir komandaların təntənəli keçidi ilə başlayıb. Daha sonra iştirakçılar sıra hazırlığı və fiziki hazırlıq, əleyhqazdan istifadə, turnikdə dartınma, 100 metr məsafəyə qaçış, mülki müdafiə hazırlığı və digər mərhələlərdə qüvvələrini sınayıblar. Daha yaxşı nəticə göstərən Nəcəfqulubəyli kənd tam orta məktəbinin şagirdləri birinci yerə layiq görülüblər. Şəhərin 1 və 11 nömrəli tam orta məktəblərin komandaları, müvafiq olaraq, ikinci və üçüncü yeri tutublar. Qaliblərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Hərbi idman oyunlarının qalibi seçilən Nəcəfqulubəyli kənd tam orta məktəbinin komandası Qusarda keçiriləcək zona birinciliyində Ağcabədi rayonunu təmsil edəcək.

Ordumuzun sıralarında yer almağa hazırlaşan gənclərin hərbi və fiziki hazırlığını gücləndirməsi çox vacibdir
Azərbaycanın müstəqillik əldə etməsi, qüdrətli dövlətə çevrilmək yolunda atdığı addımlar mənfur qonşularımızın  bizə qarşı olan xəbis niyyətini bir daha sübut etdi. Ölkəmizin iqtisadi və siyasi cəhətdən möhkəmləndiyini, dünya miqyasında aparıcı dövlətlərdən birinə çevrildiyini görən ermənilər bütün vasitələrlə Azərbaycanı ciddi problemlə üz-üzə qoydular. Qaniçən və cəlladlardan təşkil olunan erməni ordusu torpaqlarımızın 20 faizini işğal edib. Hazırda 7 rayonumuz və Yuxarı Qarabağ Ermənistanın işğalı altındadır. Təbii ki, bu torpaqlar ermənilərə hədiyyə edilməyib. Torpaqlarımız uğrunda savaşda minlərlə vətənpərvər Azərbaycan övladı şəhidlik zirvəsinə ucalıb. Torpaqlarımızın işğaldan azad edilməsi dövlətimizin və xalqımızın prioritet məsələsidir. Bu gün Azərbaycanın güclü ordusu var və bu ordu təcavüzkarları torpaqlarımızdan qovmaq gücündədir. 
Ordumuzun sıralarında yer almağa hazırlaşan gənclərin hərbi və fiziki hazırlığını gücləndirməsi çox vacibdir. Bu məqsədlə digər təşkilatlarla yanaşı, orta və ali təhsil müəssisələrinin qarşısında da vacib vəzifələr qoyulub. Orta məktəblərdə təhsil alan yeniyetmə və gənclərin fiziki tərbiyəsinə, o cümlədən, hərbi hazırlığına diqqət yetirilməsi məqsəd və vəzifələrin əsasını təşkil edir. Bu baxımdan ümumtəhsil və ali məktəblərdə, digər təhsil müəssisələrində, müxtəlif idman cəmiyyətlərində yeniyetmə və gənclərin bədən tərbiyəsi və idmana cəlb olunmasına xüsusi diqqətlə yanaşılır. Təhsil müəssisələrində bu sahədə səmərəli işlər aparılır, bədən tərbiyəsi və idman şagirdlərin gündəlik həyatına daxil edilir. Çünki bu yolla dözümlülük, mövkəm iradə, mərdlik və vətənpərvərlik kimi vacib keyfiyyətlər tərbiyə etmək daha asandır. 
Qarabağın azad edilməsi uğrunda aparılacaq döyüşlərdə sağlam gənclərə bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olan əsgərlərə ehtiyac daha çoxdur. İdman cəldlik, çeviklik və möhkəm iradə kimi yüksək key fiyyətləri özündə birləşdirir. Bu keyfiyyətlər isə doğma torpaqlarını işğal altından qurtarmağa hazır olan Azərbaycan əsgərlərinə əlavə güc, ruh verir. 
Sevindirici haldır ki, dövlətimizin xüsusi diqqət və qayğısı sayəsində hərbi xidmətə hazırlaşan məktəbli gənclər vətənpərvər ruhda tərbiyə olunur. Məktəblərimizdə keçirilən hərbi və idman məşğələlərində şagirdlərin fiziki və hərbi hazırlığının daha da möhkəmləndirilməsi üçün bütün vasitələrdən istifadə edilir. Çünki yalnız fiziki cəhətdən hazırlıqlı vətənpərvər gənclər sərhədlərimizin müdafiəsində yaxşı bir döyüşçü kimi fərqlənə bilərlər.

Hürrü Abdullayev

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi 
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun maliyyə dəstəyi ilə çap edilir.