Elə şəxsiyyətlər var ki, onların tərcümeyi-halı xalqına xidməti əks etdirən səmərəli fəaliyyətlə zəngindir. Belə tərcümeyi-hal isə hər insana nəsib olmur. Bunun üçün qeyri-adi bacarıq, məsuliyyət və savad lazımdır. Xalqının tarixinə, gələcəyinə, onun dilinə böyük məhəbbətlə bağlananlar gördükləri işləri vətəndaşlıq borcu hesab edirlər. Həmsöhbətim, tanınmış professor Nizaməddin Şəmsizadə kimi... Nizaməddin müəllim ömrünün 60-cı baharını yaşayır. O, onlarla kitab, 200-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və publisistik məqalənin müəllifidir. Elmi araşdırmaları, adət-ənənələrimizdən, dilimizdən, tariximizdən bəhs edən əsərləri Nizaməddin müəllimin yuxusuz gecələrinin, ağır iş qrafikinin bəhrəsidir. Tanınmış alim milli ideologiyamız - azərbaycançılıq nəzəriyyəsi haqqında qələmə alınan kitabın müəllifidir.
Nizaməddin Şəmsizadənin pedaqoji fəaliyyəti, yaradıcılıq arzuları davam edir. Tələbələri onun dərslərinə böyük maraq göstərirlər. Tanınmış ədəbiyyatşünasla onun dərs dediyi Mədəniyyət və İncəsənət Universitetində görüşüb söhbət etdik. Olduqca səmimi insan olan Nizaməddin müəllimlə müsahibəmizi oxuculara təqdim edirik.
- Nizaməddin müəllim, sizin yaradıcılığınız olduqca çoxşaxəlidir. Gərgin elmi- pedaqoji fəaliyyət, tədbirlər, məişət qayğıları, bütün bunlar sizi yormur ki? - Düzünü deyim ki, çox yoruluram. Yaxşı bilirisiniz ki, zehni fəaliyyət insanı fiziki fəaliyyətdən daha çox yorur. Bütün günü mütaliə, yazı-pozu ilə məşğulam. Bu da səhərlər yorğun oyanmağıma səbəb olur. Hərdən mənə elə gəlir ki, səhərlər bu dünyada olmuram... Şair Ramiz Rövşənin dediyi kimi: "Lap səhər o başdan yorğunam, Allah”. Elə olur ki, günlərlə oturub yazı yazıram. Onu da deyim ki, "Ədəbiyyat nəzəriyyəsi” dərsliyini doğulduğum Quba şəhərində 40 günə yazmışam. Lakin bu kitab ümümiyyətlə, iki ilə ərsəyə gəlib. Yəni iki il müddətində lazım olan materialları toplayandan sonra yazmağa başlamışam.
- Qələm adamı olduğunuz üçün daha çox oturaq həyat tərzi keçirirsiniz. Bu , yəqin ki, sağlamlığınıza öz təsirini göstərir...
- Oturaq həyat tərzi qələm adamlarının , demək olar ki, taleyidir. Əlbəttə, bu, sağlamlığıma mənfi təsir edir. Hərdən özümü narahat hiss edirəm. Lakin həkimlər ciddi bir xəstəliyimin olmadığını deyirlər. Onlar məsləhət edirlər ki, çox gəzim, idmanla məşğul olum.
- Yeri gəlmişkən, idmanla məşğul olmusunuz?
- Tələbə ikən güləşlə, karate ilə məşğul olurdum. Bu idman növlərinə böyük marağım var idi. İdman müəllimləri məşqləri həvəslə keçirdilər. Onlarla indi də görüşürəm. Tələbəlik illərimdə arıq oğlan idim. Lakin sonralar oturaq həyat tərzi, az hərəkətdə olmağım çəkimi artırdı.
- Bəs idmandan niyə uzaqlaşdınız?
- Güləşlə məşğul olarkən yoldaşlarımdan biri ağır zədə almışdı. Həmin hadisə mənə psixoloji cəhətdən pis təsir etdi. Bu hadisədən sonra həvəsdən düşdüm və idmanla məşğul olmadım. Bu baxımdan, hesab edirəm ki, əsl idmançılar güclü iradəyə malikdirlər. Onlar belə hallarda geri çəkilmir, öz məqsədlərinə çatmaq üçün əzmlə çalışırlar. İnsanların taleyi kimi, maraq dairələri də fərqlidir. Əsas odur ki, seçdiyin sənəti mükəmməl öyrənəsən və öz işinin peşəkarı olasan. Mənim kitablara, mütaliə etməyə uşaqlıqdan böyük marağım var idi. Düzünü deyim ki, bədən tərbiyəsi və əmək dərslərində də kitab oxuyurdum. Yadıma bir əhvalat düşdü . Böyük dilçi, türkoloq alim Bəkir Çobanzadə həm də idmanla məşğul olurmuş . Tələbələri elmi işlərlə əlaqədar onun evinə gedər, yazdıqlarını göstərərmişlər. Bəkir müəllim isə qapının qabağına qoyduğu çəki daşlarını arıq, zəif bədənli tələbələrinə göstərib deyərmiş : "Əvvəlcə məşq edin, bədəniniz bərkisin. Siz bu zəif cüssənizlə güclü nə yaza bilərsiniz ? ". Bəkir müəllim 1937-ci ildə repressiya qurbanı oldu. İdmanla məşğul olması ona o çətin dövrdə çox kömək etmişdi. İşgəncələrə ən çox dözə bilənlər arasında Bəkir müəllimin də adı var idi. Bu da onun idmanda qazandığı dözümdən irəli gəlirdi. Ümumiyyətlə, idman insanlarda igidlik, mübarizlik, vətənpərəvərlik hissini gücləndirir.
"Gənc nəslin vətənpərvər ruhda böyüməsində idmanın böyük rolu var”
- Təsadüfü deyil ki, vətənimizin müdafiəsində qəhrəmanlıq göstərərək şəhid olan əsgərlərimizin əksəriyyəti elə idmançılar olub.
- Doğrudur. Torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmanlıq göstərənlərin əksəriyyəti idmançılardır. Çünki idman insanda cəsarət, mübarizlik hissini gücləndirir. Döyüş qabiliyyəti, özünü müdafiə -bütün bunlar idman sayəsində qazanılır. Gənc nəslin vətənpərvər ruhda böyüməsində idmanın böyük rolu var. İdman həm də mübarizədir. Rəqiblə mübarizədə qalib gələn idmançının psixologiyası adi insanların psixologiyasından fərqli olur. İdmançılar heç nədən qorxmurlar, ölümdən belə. Odur ki, onlarda vətəni müdafiə etmək, qələbə qazanmaq əzmi yüksək olur. Vətənə xidmət etməyin müxtəlif yolları var. Hər kəs öz işi, fəaliyyətyi ilə vətənə xidmət edə bilər. Bu, bütün sahələrdə mümkündür. Lakin vətəni müdafiə etməyi hamı bacarmır. Bu baxımdan, idmançılar vətənin ən yaxşı müdafiəçiləri və təbliğatçılarıdırlar. Onlar beynəlxalq yarışlarda ölkəmizin bayrağını zirvələrə qaldırır, himnimizi səsləndirirlər. Bu, Azərbaycanın ən gözəl təbliğatıdır. İdmançılara dövlətimiz tərəfindən böyük diqqət və qayğı var. Onlar üçün hər bir şərait yaradılıb. Bu gün ölkəmiz idman sahəsində böyük inkişaf dövrünü yaşayır. Biz buna çox sevinirik. Bizim xalqımız istedadlı, bacarıqlı xalqdır. Dünya miqyasında idman ölkəsi kimi tanınmağımız Azərbaycanın inkişafından xəbər verir. İdmançılarımız qazandıqları uğurlarla vətənimizə xidmət edirlər. Dilinə, bayrağına, torpağına xidmət əsl igidlikdir.
- Nizaməddin müəllim, elm , sənət adamları da vətənə xidmət edirlər. Yazdığınız dərsliklər bu baxımdan ən yaxşı nümunədir. Elmi əsərləriniz, təqdiqatlarınız gənc nəsillər üçün olduqca əhəmiyyətlidir. Bu, gənclərdə milli mənlik şüurunu formalaşdırır,vətənpərvərlik hissini gücləndirir...
- Mənim ən böyük istəyim gənc nəslin milli dəyərlərimizə sahib çıxmasıdır. Dünyada hər xalqın bizim qədər dərin mədəniyyəti, tarixi yoxdur. Biz ən qədim, zəngin maddi və mənəvi xəzinəsi olan xalqıq. Çalışıram ki, türkçülüyü, türkçülük ideologiyasını gələcəyimiz olan gənclərə təbliğ edim. Hər bir ziyalı, alim istəyir ki, özünün davamçılar olsun və o davamçılar milli dəyərlərimizi yeni nəsillərə çatdırsınlar. Müasirləşən, dəyişən dövrdə yaşayırıq. Biz milli dəyərələrimizə sahib çıxmasaq, bu dəyərlər unudular. Düzdür müasirləşmək lazımdır, lakin özünü, kökünü, milli dəyərlərini unutmadan...
- Nizaməddin müəllim, bu qədər zəngin yaradıcılığı 60 ilə sığdırmaq heç də asan deyil. Sirr deyilsə, bunu necə bacarmısınız?
- Hər şeydən əvvəl, insan uğur qazanacağına özünü inandırmalıdır və məsuliyyətli olmalıdır. İnsan öz qarşısına məqsəd qoymalıdır. Məqsəd olmasa, zəhmət heç bir bəhrə verməz. Mən tələbə olarkən görəcəyim işlərin həftəlik siyahısını tuturdum. Hətta bazar günü nə edəcəyimi də əvvəlcədən bilirdim. Əgər hansısa işi vaxtında yerinə yetirmirdimsə, həmin cədvəldə özümə münasibət bildirirdim. Əğər iki günün işini bir gündə görürdümsə, bu zaman da cədvəldə özümə tərif yazırdım. Bütün bunlar insanın özünü idarə etməsi, daxilindəki "mən”ə hesabatıdır. Məncə, bütün bacarıqlı və yaradıcı insanlar belə planlar quraraq yaşayırlar. Mən plansız, proqramsız yaşamağın nə olduğunu bilmiriəm. Düzünü deyim ki, canımı o qədər də sevən adam deyiləm. Amma qürurumu, adımı, imzamı sevən və hörmətlə yanaşan insanam. Bizim xalqımız çox bacarıqlı, qabiliyyətli və savadlı xalqdır. Lakin hamımız məqsədlə yaşamağı bacarmırıq. Bir çoxu isə savadlı olsa da, nikbin deyil. Bədbinlik və inamsızlıq qarşılaşacağımız bütün uğuru yox edir. Odur ki, yüksək inam hissi və məsuliyyətlə yaşamaq lazımdır. Mən amalıma doğru hər zaman böyük həvəslə irəliləmişəm. Nəticəsini də görmüşəm. Yazı masasına oturanda qarşımda daxilimdəki "ikinci Nizaməddin” oturur. Yorulanda, həvəsdən düşəndə o, mənə deyir : "Professor, özünü ələ al, bu nədir , sən çalışmalısan " (gülür). Su damcısı düşdüyü mərmər daşı da parçalayır. Bu, suyun mərmərdən güclü olduğu üçün yox, "inadla” eyni yerə damlamasına görə baş verir. İstək də, məqsəd də belədir. Ölkəmizdə ədəbiyyatşünaslıq üzrə ən gənc elmlər doktoru adını qazanmağım, zənnimcə, elə qətiyyətli olduğumdan irəli gəlir.
- Daxilinizdəki "ikinci Nizaməddin”lə necə yola gedirsiniz? O, hər addımda sizə nəzarət edir?
- Maraqlı sualdır...O, məni ən çox nəfsimdən qoruyur. Çünki nəfs insanın zəhəridir. İnsan nəfsinə qalib gəlməsə, nəfs ona qalib gələr. Bu baxımdan Allaha şükür edirəm. Sevinirəm ki, nəfsi iradəsinə qalib gələnlərdən deyiləm. İnsan pulu, mal-dövləti hər şeydən üstun tutursa, o nə ziyalı, nə də vətəndaş ola bilməz. Bu dünyada müvəqqətiyik. Allahın qarşısna çıxanda hamımız hesabat verəcəyik. Əbədi həyatımız orada başlayacaq. Nəfsimizi boğmağı bacarmalıyıq ki, günahımız az olsun. Mən günahımın olmadığını demirəm. Günahlardan bacardığım qədər qaçmağa çalışıram. Düşünürəm ki, insan boş, mənasız illər yaşayan varlıq olmamalıdır. İnsanı başqa canlılardan fərqləndirən onun düşünmək bacarığıdır. İnsanın xeyirli işləri, əməlləri isə abidələr kimidir. Bunlar nəsildən-nəslə keçir.
- Nizaməddin müəllim, təkcə yaradıcılığınızı deyil, maraqlı xüsusiyyətlərinizi, xarakterinizi ifadə edən kitab yazmaq barədə düşünürsünüz?
- Bu barədə düşünürəm. Son zamanlar qərara gəldim ki, "Mən kiməm? " adlı kitab yazım. Bu kitabda özümü tam səmimi, olduğum kimi təqdim edim. Hazırda həmin kitab üzərində işləyirəm. Bu ilin dekabr ayında 60 yaşım tatam olacaq. Həmin kitabı yubileyimə hədiyyə edəcəyəm.
- Ümumiyyətlə, özünüzdən bəhs etməyi, özünüz barədə danışmağı xoşlayırsınız?
- Bilirsiniz, mənim "təvazökar” sözündən zəhləm gedir. Məncə, bu sözlə istedadsız adamlar istedadlı adamların qabağına psixoloji sədd çəkirlər. İnsan nəyə qadirdirsə, onu nümayiş etdirməlidir. Bu, hər bir insanın, yaradıcı adamın haqqıdır. Etdiyini demək ayrı seydir, kiçik işi böyüdüb şişirtmək tamamilə ayrı şey. Bunları qarışdırmaq olmaz. Hər bir yaradıcı insan, şair, yazıçı, həm də ona görə yazıb-yaradır ki, onun yaradıcılığı barədə danışsınlar. Hansı bir müəllim, həkim və yaxud usta istəməz ki, ondan bəhs etsinlər ? Hər bir yaradıcı insan hansı səviyyədə olduğunu yaxşı bilir. Bu baxımdan, hansısa tənqidə görə həvəsdən düşmək lazım deyil. Tənqid bəzən insanın xeyrinə olur. Mən çox istəyirəm ki, gənclərimiz tənqiddən qorxmasınlar. Əksinə, onlar tənqidə normal yanaşmaqla inkişaf edə, dəyişə bilərlər.Ümumilikdə isə Azərbaycan gəncliyinin bugünkü fəaliyyəti, vətənə olan sevgisi yüksək qiymətləndirilməlidir. Mən gənclərimizi nikbin, yaxşı əhval-ruhiyyədə görmək istəyirəm .
- Nizaməddin müəllim, şəxsi xarakterinizdə hansı xüsusiyyətləri bəyənirsiniz?
- Olduqca nikbin insanam. Bu xüsusiyyətimi bəyənirəm. Mən nikbinliyi təkcə ona görə sevmirəm ki, öz istədiyim kimi deyib-gülərək yaşayım. Nikbinliyi həm də ona görə sevirəm ki, Tanrının istədiyi kimi yaşayım. Çünki Tanrı nikbin ruhlu, şükürlü insanları sevir, qurub-yaradanlara özü dayaq olur. Ruhumu hər zaman Allaha yaxın hiss edirəm. O böyük Yaradana sığınıram.
-Bəs, ibadət edirsiniz?
-İbadətim Allaha etdiyim dualardan ibarətdir. Hər gecə yatanda üzümü göyə tutub dua edirəm və mənə verdiyi hər şey üçün Allaha şükür edirəm. Səhərlər oyananda da ruzi-bərəkət üçün və nəfsimlə olan mübarizədə Allahdan kömək istəyirəm. Hərdən bəzi xüsusiyyətlərimə görə məni qınayırlar. Bəzən gülənlər də olur. Dəlilərə də gülürlər. Amma mən ağıllı sözü çox vaxt "dəli” dediyimiz insanlardan eşitmişəm. Biz həqiqəti deyəni, dünyaya fərqli pəncərələrdən baxanları "dəli” hesab edirik. Hamı kimi yaşamayan adamları cəmiyyətdə "qəribə” insan kimi dəyərləndirirlər. Bu mənada mənim cəmiyyətimizdə, psixologiyamızda bəyənmədiyim bir çox məqamlar var..
- Sizin çoxlu sayda tədqiqatlarınız, tənqidi yanaşmalarınız, maraqlı mülahizələriniz var. Ümumiyyətlə, hansı xüsusiyyətlərinə görə cəmiyyətimizə tənqidi yanaşmısınız?
- Cəmiyyətimizin bir çox xüsusiyyətlərinə tənqidi yanaşmışam. Əsasən də, düşüncə tərzinə görə. Bizdə başqaları barədə danışmaq, insanların işinə qarışmaq kimi xüsusiyyətlər var. Lakin bütün bunlara baxmayaraq mən millətimizi çox sevirəm. Bizim xalqımız olduqca qonaqpərvər, mehriban, vətənpərvər xalqdır. Xalqımızın kifayət qədər qəhrəman oğuları var. Lakin bizim birliyimiz, yəni bir-birimizə arxa olmaq kimi xüsusiyyətlərimiz yetərincə deyil. Özümüz , dilimiz və tariximizlə öyünə bilmirik. Halbuki bizim millətimiz bir-birinə söykənərək yaşamağı bacarıb. Biz dəyərlərimizi, əlbəttə ki, saxlamalıyıq. Bəyənmədiyim məqamlardan biri də tariximizlə bağlı həqiqətləri öyrənməkdə tənbəllik etməyimizdir.
- Nizaməddin müəllim , qeyd etdiyiniz kimi, xalqımız olduqca mehriban və qonaqpərvərdir. Topraqlarımızın çox hissəsi bəlkə, elə bu qonaqpərvərliyin qurbanı olub?
-Bizim ölkəmiz qədim olduğu qədər də zəngindir. Dünyanın heç bir yeri bizim torpaqlarımız qədər bərəkətli deyil. Yurdumuzun suyu, havası, insanları, saymaqla bitməyən sərvətlərimiz tarix boyu başqa xalqların diqqətindən yayınmayıb. Bu zənginliyə sahib olmaq istəyənlərin sayı olduqca çox olub. Tarix boyu bölünmüşük. Bizi rahat yaşamağa qoymayıblar. Lakin onu da deyim ki, xalqımızın vətənpərvərliyinə ən böyük zərbə sovet dövründə vurulub. O dövrdə dilimizi, mədəniyyətimizi bizə unutdurmaq istəyiblər, özü də 70 il. Bu, böyük zamandır. Böyük şairimiz Abbas Səhhətin vətən haqqında gözəl sözləri var:
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətəndən pay olmaz. Biz bu yurdu qoruyub gələcək nəsillərə miras kimi verməliyik. Məni narahat edən məqamlardan biri də bəzi insanların vətənpərvərliklə bağlı soyuqqanlılıqla danışmalarıdır. Bəzi insanlar vətənpərvərliyi yalnız ağızdolusu danışmaqda görürlər. Vətəni sevmək əməldə olmalıdır. Xalq şairi Fikrət Qocanın gözəl bir şeri var. Şeir yadımda deyil, amma orada olan mənanı xatırlayıram. Şeirdə deyilir ki, baba və nəvə dəfn mərasimində iştirak edirlər. Nəvə yolda babasından soruşur ki, baba, biz haradan gəlirik? Baba cavab verir ki, biz qocaları gələcək nəslin bünövrəsinə qoyub gəlirik.Yəni biz gələcək günlərin bünövrəsini bü gündən qoymasaq, gələcək nəsillər üçün çətin olacaq. Milli dəyərlərimizi nəsildən-nəslə ötürərək yaşadırıq. Bu, belə də davam etməlidir. Ona görə ki, milli dəyərlərimiz keçmişimizi, tariximizi özündə əks etdirir. Tariximizin öyrənilməsi isə gənclərimizə babalarımızdan miras qalan vətənpərvərlik, kişilik, igidlik kimi keyfiyyətləri aşılayır. Bir azərbaycanlı kimi sevinirəm ki, gənclərimiz torpaqlarımızın qorunması, azadlığı uğrunda aparılan mübarizələrdə hər zaman öndə olublar.
- Nizaməddin müəllim, sizin belə bir fikriniz var : "Mənim qəfəsə salınan aslana yazığım gəlir”...
- Doğrudur. Mənim qəfəsdəki aslana , həqiqətən, yazığım gəlir. Ən çox darıxdığım yer isə heyvanxanalardır. Ona görə də oraya getmirəm. Heyvanxanada uşaqları güldürmək, təəccübləndirmək üçün əhliləşmiş heyvanları nümayiş etdirirlər. Belə səhnələr məni təəssüfləndirir . Bilirsiniz, insan da belədir. İnsanları əhliləşdirib qəribə vəziyyətlərə sala bilirlər. Mənliyi, xüsusiyyətləri dəyişən, dəyişdirilən bütün canlılar yazıqdırlar. Mənim fikrimcə, fağır kişinin arvadı olmaqdan böyük faciə də yoxdur. "Azərbaycançılıq” kitabımın son cümləsində belə yazmışam : "Cəmiyyət məni öldürə bilər, lakin məğluq edə bilməz”. Mən əsərlərimi bu gün üçün yox, gələcək nəsillər üçün yazıram. Bəlkə də, çoxları məni başa düşmür. Amma əsas odur ki, mən milli-mənəvi dəyərlərimizi sabahın gənclərinə çatdırmaq üçün ömrümü sərf etmişəm. Bu baxımdan özümü rahat hiss edirəm. Vətəndaşlıq borcumu, haradasa, ödədiyimi düşünürəm. İndi bir çox dəyərlərimizin azaldığını görürük. Bunun bir çox səbəbləri var. Şəxsiyyətini qorumaq, sabahını düşünmək yerinə çoxları bu günü düşünürlər. Şəxsiyyəti qorumaq üçün çox qurbanlar vermək lazım gəlir. Bu, heç də asan deyil. Şəxsiyyət kimi yaşamaq, özünə hörmətlə yanaşmaq, cəmiyyətdə nümunəvi olmaq olduqca çətindir. İnsan ya olduğu kimi görünməli, ya da göründüyü kimi olmalıdır. 30-a yaxın kitabın müəllifiyəm. Bunların 3-ü seçilmiş əsərlərdir. Azərbaycan ədəbiyyatşünaslığının min illik tarixini tədqiq etmişəm. Lakin "Azərbaycançılıq” və "Ədəbiyyat nəzəriyəsi” dərsliyi mənim bütün biliyimin, daxili aləmimin ifadəsidir. Bu kitablar gənc nəsl üçün olduqca lazımlıdır. Belə demək mümkünsə, onlar mənim gələcək nəsillərə məktubumdur. 2012-ci ildə "Ədəbiyyat nəzəriyəsi” dərsliyi yazmışam. Bu dərslik son 50 ildə yazılan ən uğurlu əsərlərdəndir. Bunu mən yox, Azərbaycanın görkəmli ziyalıları belə qiymətləndirirlər.
"Vətənpərvər olmaq dilini, torpağını, bir sözlə, millətinə aid olan hər şeyi sevmək və ona sahib çıxmaqdır”
- Nizaməddin müəllim, pedaqoji fəaliyyətlə də məşğulsunuz. Bildiyimizə görə, dəsrləriniz olduqca maraqlı keçir. Tələbələriniz sizi maraqla dinləyirlər. Onlara daha çox hansı xüsusiyyətləti aşılayırsınız?
- Mən tələbələrimlə olduqca səmimi davranıram. Gənclərin səmimiyyətə, mədəni rəftara ehtiyacları var. Onlar universitetdə formalaşır, təhsil alırlar. Əgər müəllim tələbə ilə sərt rəftar edirsə, bu, gəncin psixologiyasına mənfi təsir göstərir. Belə halda tələbələr dərs öyrənməkdən soyuyurlar. Müəllimlik asan iş deyil. Gərək, ilk növbədə, uşaqları sevəsən və onlara hörmət qoyasan. Hörmət qoyulduğunu görən gənc daha məsuliyyətli olur. Mən çalışıram ki, tələbələrimə türkçülük ideologiyasını, milli-mənəvi dəyərlərimizi və vətənpərvər olmağı öyrədim. Vətənpərvər olmaq dilini, torpağını, bir sözlə, millətinə aid olan hər şeyi sevmək və ona sahib çıxmaqdır. Sahib olduğumuz dili, adətlərimizi qorumasaq, gələcək nəsillərə miras qoya bilməliyik. Bizim özünə hörmətlə yanaşan və milli dəyərlərimizi hər şeydən üstün tutan gənclərə ehtiyacımız var. Hər bir valideyn övladını vətənpərvər ruhda böyütməlidir. Hesab edirəm ki, indiki vaxtda ölkəmizdə ən sevilən və dəbdə olan geyim əsgər geyimi olmalıdır. Çünki bu geyim torpaqlarımızı müdafiə edən, bu müqəddəs işi yerinə yetirən oğullarımızın libasıdır. Görün bu libas nə qədər müdəqqəsdir ?! Məncə, vətəni sevmək üçün vətənpərvər insanların əhatəsində olmaq lazımdır. Bu hissi uşaqlara daim aşılamaq çox vacibdir. Çünki biz müharibə şəraitində yaşayırıq.
- Uşaqlar eşitdiklərini, gördüklərini mənimsəyirlər. Bu isə onların yaddaşına yazılır.
- Vətənpərvərlik daim təbliğ olunmalıdır. Bu gün məqsədi, mənası bilinməyən teleseriallara baxan gənclər necə vətənpərvər ola bilərlər? Əvvəllər uşaqlar torpağın üstünə yıxıla-yıxıla böyüyürdülər. Yıxılan uşaqların ağzına torpaq dolurdu. Bəlkə, elə o torpağın dadını bildiyi üçün onlar daha çox vətənpərvər olurdular. Uşaq vaxtından mübarizə ruhunda böyüməyən insan böyüyəndə vətənpərvər ola bilməz. Vətənpərvərlik uşaqların qanına hopmalıdır. İstər evdə, istər məktəbdə uşaqlara torpağın, el-obanın dəyərini başa salmaq lazımdır. Bizim gənclər nə qədər vətənpərvər olsalar, bu, bizim qazancımızdır. Şübhəsiz, söhbət təkcə gənc nəslin nümayəndələrindən getmir.Vəzifəsindən, yaşından, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, hər birimiz vətənimizi qorumağı bacarmalıyıq.
Jalə Rzabəyli
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap edilir.