Uşaqların layiqli vətəndaş kimi böyüməsində cəmiyyətin rolu böyükdür

Uşaqların layiqli vətəndaş kimi böyüməsində cəmiyyətin rolu böyükdür


Vətən anlayışı insanın yaranışı ilə meydana gəlib. İnsan yaranışdan sonra çoxalaraq yer kürəsinin müxtəlif yerlərində yayılmağa başlayıb. Bunun nəticəsində də tayfalar, qəbilələr, millətlər, xalqlar meydana gəlib. Daha sonra bu xalqların özünəməxsus daimi yaşayış yeri, dili, adət-ənənələri və s. ortaya çıxıb. Beləliklə, zaman keçdikcə xalqlar daha da çoxalıb, onların coğrafi əraziləri də bir-birindən müəyyən məsafələrə ayrılmağa başlayıb. Nəticədə, bu xalqlar məskunlaşdıqları yerləri vətən adlandırıblar.
Əlbəttə ki, hər bir xalq yaşadığı yeri "vətən” adlandırarkən bu ifadənin çox böyük bir məna kəsb etdiyini anlayırdı. Çünki əgər bir xalqın, millətin vətəni müəyyən olundusa, bundan sonra bu torpaqda yaşamağın məsuliyyəti daha da artacaqdı: bu torpağı yadellilərdən, xain gözlərdən, düşmənlərdən qorumaq lazım gələcəkdi. Bu məsuliyyət "vətən” deyilən ərazidə yaşayan insanların çiyinlərinə düşəcəkdi. Bunun üçün vətəni sevmək, onu hər şeydən əziz tutmaq lazım idi. Əks halda, onlar düşmən tərəfindən daim təzyiqlərə, işğallara məruz qalacaqdılar. Əlbəttə, hər bir xalq özünün sərhədləri daxilində yaşasa, qonşu xalqların torpaqlarına göz dikməsə, qonşu xalqlarla xoş münasibət qursa idi, həyat tamamilə fərqli olardı. İnsanlar doğma yurd yuvalarını qorumaq üçün silaha əl atmazdılar. Qəsbkarlara qarşı mübarizədə yüzlərlə, minlərlə gənc öz həyatını itirməzdi. Hərbi sahəyə çəkilən xərclər xalqların rifahının yaxşılaşdırılmasına yönəldilərdi. Təəssüflər olsun ki, bu deyilənlərə tarixdə lazımi qədər əməl olunmur. Bütün dövrlərdə, o cümlədən müasir dövrümüzdə də ölkələr arasında torpaq uğrunda müharibələr baş verir, qanlar tökülür.
Vətənpərvərlik insanın daxili aləmini bürüyən duyğudur. Əgər bunlar yoxdursa, o insan mənəviyatsızdır. Əsl vətənpərvərlər vətəni üçün canından keçməyi bacaranlardır. Vətənin qədrini o kəs bilər ki, vətəni ilə ruhən rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün. Yuxarıda qeyd etdiyimiz kimi, vətəni qorumaq hər şeydən vacibdir. Vətəni qoruyacaq vətənpərvər, əqidəli, qətiyyətli vətəndaşlara isə hər zaman ehtiyac duyulub. Etiraf etmək lazımdır ki, əqidəsi möhkəm olan, vətənini canından artıq sevən insanların sayı bütün tarix boyu ümumi kütləyə nisbətən az olub. Bu isə o deməkdir ki, vətən sevgisi həqiqi vətəndaşlara xas olan xüsusiyyətlərdəndir. Vətəni sevmək, vətənpərvər olmaq yalnız bir sahədə uğur əldə etməkdən ibarət deyil. Vətəni sevmək hər kəsin olduğu yerdə üzərinə düşən vəzifələri kompleks şəkildə vicdanla yerinə yetirməsi deməkdir. Bu sevgi torpağa olan bağlılıqdan və hörmətdən qaynaqlanır. Ata-babalarımız məhz bu xüsusiyyətlərinə görə fərqləniblər. Bu vətəni, bu torpağı onlar bizə əmanət qoyublar. Biz isə bu əmanətə xəyanət etmədən onu bizdən sonrakı nəsillərə təhvil verməliyik. Əks halda bu torpaqda yaşamağımıza, faydalanmağımıza haqqımız olmaz.

Mənəvi keyfiyyətlərə malik olan uşaqlar vətəninin tarixini
daha dərindən öyrənir

Respublikamızın ümumtəhsil, orta ixtisas və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar fənlərin, ümumilikdə bütün fənlərin gənclərə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları vardır və bu imkanlardan geniş şəkildə istifadə olunur.
Bu gün müstəqil respublikamızın inkişafı, ilk növbədə, böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaş kimi formalaşmasında asılıdır. Uşaqların bir vətəndaş kimi böyüməsində cəmiyyətin, mühitin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədə alırlar. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanırlar.
İstər ailədə, istər məktəbdə, istərsə də cəmiyyət daxilində aşılanan tərbiyənin əsas məqsədi kamil şəxsiyyət, insan, vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyəsi mənsub olduğu dövlətin inkişafına çalışan, onun mənafeyini gözləyən, təhlükəsizliyi üçün məsuliyyət daşıyan insan yetişdirmək mənasını ifəadə edir. İnsan fərd kimi doğulur, vətəndaş kimi fəaliyyət göstərir. Əsl vətəndaş dedikdə bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Vətəndaşlıq tərbiyəsinin əsası, qeyd etdiyimiz kimi, ailədə qoyulur. Təcrübə göstərir ki, ailədə vətəndaşlıq tərbiyəsi planlı, sistemli, məqsədli şəkildə təşkil olunmadıqda onun heç bir səmərəsi olmur. Hər bir uşağın vətəndaşlıq tərbiyəsi onun yüksək əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnməsinə və şəxsiyyət kimi yetişməsinə zəmin yaradır.
Vətəndaşlıq tərbiysi ilə yanaşı, uşaqların mənəvi tərbiyəsi də diqqətdən kənarda qalmamalıdır. Mənəvi keyfiyyətlərə malik olan hər bir uşaq vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini də dərindən öyrənir. Belə uşaqlar hər bir işə şüurlu şəkildə yanaşmağı da bacarırlar. Onlar məsuliyyətli, vicdanlı, mübariz olur, pis əməllərlə, ədalətsizliklə barışmırlar. Onların davranışlarının düzgün qiymətləndrilməsi çox vacibdir. Çünki uşağın atdığı hər bir addım müsbət və ya mənfi cəhətdən düzgün qiymətləndirilmirsə, bu, uşağın formalaşmasına mənfi təsir göstərir. Davranışları düzgün qiymətləndirilən uşaqlar yeniyetmə və gənclik dövrlərində daha məsuliyyətli olurlar. Bir sözlə, bu amil gənclərin vətən qarşısında öz vətəndaşlıq borclarını yerinə yetirməsində əsas rol oynayır. Vətəndaşlıq hissi güclü olan gənclər vətənin sərhədlərinin qorunmasında və milli dövlətçilik quruculuğunda da fəal iştirak edirlər. Məhz buna görə də gənc nəslin vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılması çox vacibdir.

Əsl vətəndaş yetişdirmək təhsilimizin qarşısında böyük vəzifələr qoyur

Gənclərə hərbi-vətənpərvərlik əzmini daha da qüvvətləndirmək üçün orta məktəbin X-XI siniflərində oxuyan şagirdlərə, həmçinin ali məktəbdə təhsil alan tələbələrə hərbi məzmunlu biliklər də verilir. Sovet dövründə mövcud dərsliklərdə, dərs vəsaitlərində və metodik ədəbiyyatlarda hərbi-vətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklərə az yer ayrılırdı. Əslində, bu, şüurlu surətdə həyata keçirilən bir proses idi. Gənclərin vətənpərvərlik duyğularından, milli hisslərdən məhrum olunması üçün bu cür addımlar atılırdı. Ölkəmiz müstəqillik qazandıqdan sonra yazılan dərliklərdə, metodik tövsiyələrdə vətənpərvərlik mözusuna geniş yer ayrılır. Bu, müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına xüsusi diqqətlə yanaşılmasının göstəricilərindən biridir.
Əsl vətəndaş yetişdirmək təhsilimizin qarşısında böyük vəzifələr qoyur. Bununla belə, dövlətçilik, vətəndaşlıq təkcə orta məktəb dərsliklərində və ya hansısa əyani vasitələrdə əks olunmalı deyil. Onlar bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Bu baxımdan, təbliğatın uğurlu və təsirli olmasında televiziyanın, ümumiyyətlə mətbuatın rolu və xidməti əvəzolunmazdır. Televiziya kanallarında yayımlanan vətənpərvərlik proqramları, tariximizi əks etdirən verilişlər diqqətlə izlənilir. Hərbi xidmətə yola salmanın televiziya vasitəsilə işıqlandırılması da orduya hazırlaşan gənclərin qəlbində müəyyən izlər buraxır. Özündən cəmi bir neçə yaş böyük olan tay-tuşlarını hərbi formada görən gənclərin orduya marağı istər-istəməz çoxalır.

Gənc nəslin orduya hazırlığı barədə danışarkən orta məktəblərdə tədris olunan fiziki tərbiyə dərslərinin rolunu da qeyd etmək yerinə düşər. Müharibə şəraitində olan ölkəmizdə böyüməkdə olan nəslin fiziki tərbiyəsi aktuallıq nöqteyi-nəzərdən müstəsna əhəmiyyət kəsb edir. Hazırda ölkəmizdə istiqlaliyyətimizi qorumaq və inkişaf etdirmək arzusunda olan gənc nəsil yetişib. Bu nəslin fiziki tərbiyəsinin əsası, heç şübhəsiz ki, məktəblərdə qoyulur.
Bədən tərbiyəsi dərsləri orta ümumtəhsil məktəblərindən başlayaraq tədris edilir və bu, bir həqiqətdir ki, Azərbaycan dövləti sağlam gənc nəsil tərbiyə etməyə böyük əhəmiyyət verir.
Azərbaycanda ibtidai məktəb yaşından başlayaraq uşaqların fiziki tərbiyəsinə çox ciddi yanaşılır. Orta ümumtəhsil məktəblərində fiziki tərbiyə işləri bədən tərbiyəsi proqramları əsasında təşkil olunur. Burada hər bir sinif üçün nəzəri və təcrübi proqram bölmələri vardır. Proqram tədris materialları tədricən çətinləşdirilir və ardıcıllıqla öyrədilir. Bu da uşaqların orta məktəbi bitirərkən tam sağlam olmasını, həyata hazırlığını təmin edir. Kiçik məktəblilərin hərtərəfli fiziki inkişafı üçün isə sadə bədən tərbiyəsi hərəkətlərindən istifadə olunur. Əlbəttə, bu zaman uşaqlardan heç bir normativ tələb olunmur. Sədəcə, onlara bədən tərbiyəsi və idmanın "əlifba”sı öyrədilir. Ölkəmizin orta ümumtəhsil məktəblərində keçirilən fiziki tərbiyə dərslərində təxminən bir milyon şagird iştirak edir. Bu, bir milyon gənc vətəndaşın sağlamlığının qorunması deməkdir. Məktəblərdə sinifdən və məktəbdənkənar kütləvi bədən tərbiyəsi və idman işləri də təşkil olunur. Məktəblilər idman bölmələrinə, müxtəlif növ yarışlara, kütləvi idman tədbirlərinə cəlb edilirlər. Bir sözlə, təhsil ocaqlarında aparılan fiziki tərbiyə tədbirləri uşaqların bədəncə və iradəcə möhkəm olmasına zəmin yaradır. Fiziki cəhətdən sağlamlıq şagirdlərə "Vətənin müdafiəsinə hazıram” bədən tərbiyəsi kompleksinin normativlərini yerinə yetirilməsində köməklik göstərir. Bədən tərbiyəsi fiziki tərbiyənin tərkib hissəsidir. O, uşaq orqanizminə mütəşəkkil təsir göstərən pedaqoji proses kimi bütün orqanların düzgün inkişafına, onların funksiyalarının təkmilləşməsinə, sağlamlığın möhkəmləndirilməsinə xidmət edir.
Ümummilli lider Heydər Əliyev hər zaman böyüməkdə olan gənc nəslin sağlamlığına qayğı göstərilməsinin tərəfdarı olmuş və bunu məktəblərin təxirəsalınmaz vəzifəsi hesab etmişdir. Heydər Əliyev Azərbaycan müəllimlərinin VI qurultayındakı nitqində demişdir:
"Böyüməkdə olan nəslin fiziki inkişafına daha çox diqqət verilməli, bədən tərbiyəsinin tədrisi yaxşılaşdırılmalı, hər bir məktəbdə səmərəli idman məşğələləri üçün şərait yaradılmalı, uşaqlar fiziki cəhətdən hər vasitə ilə möhkəmləndirilməli, onların sağlamlığına qayğı göstərilməlidir. Biz respublikamızda əhalimizin, millətimizin sağlamlığı haqqında düşünürük. Bu, bizim vəzifələrimizin içərisində ən böyük, əhəmiyyətli vəzifədir”.
Şagirdlərə həyatdan, əməkdən yaranan estetikanı başa salmaq üçün bütün imkanlardan, o cümlədən bədən tərbiyəsinin bütün vasitələrindən istifadə etmək zəruridir.
Bədən tərbiyəsi məşğələlərinin estetik cəhətdən düzgün qurulması şagirdlərin idman geyimlərinin münasibliyindən, məşğələ yerinin, geyinib-soyunma otaqlarının səliqəli olmasından, bədənin təmiz saxlanılmasından asılıdır. Məşğələlər zamanı istifadə olunan idman geyimlərinin eyni rəngdə olması şagirdlər arasında nizam-intizam qaydalarının əsasını əşkil edir. Bu geyimlər bədəni sıxmamalı, vaxtlı-vaxtında yuyulmalı, ütülənməli və yalnız dərs zamanı geyinilməlidir. Geyim şagirdlərin zahiri görkəmini gözəlləşdirir və zövqünü inkişaf etdirir. İdman zalının geniş və səliqəli olması, alət və qurğuların şagirdlərin yaşına uyğun seçilib yerləşdirilməsi də onların estetik zövqünün inkişafına zəmin yaradır.
Fiziki tərbiyə dərslərində, eləcə də müxtəlif idman yarışlarında iştirak edən şagirdlərin istirahət saatı da yetərincə olmalıdır. Çünki orqanizmin normal inkişafında gün rejimi, düzgün qidalanma, normal yuxu böyük rol oynayır. İstirahət saatlarına, o cümlədən qidalanmaya düzgün əməl etdikdə şagirdlərin iş qabiliyyəti, xəstəliklərə qarşı orqanizmin müqaviməti də artır. Şagirdlərin zehni yorğunluğunun aradan qaldırılmasında bədən tərbiyəsi saatlarının və fasilələrdə keçirilən hərəkət və mütəhərrik oyunların çox böyük əhəmiyyəti vardır.
Bədən tərbiyəsi və idman sağlamlığı uzun müddət saxlayan, ömrü uzadan faydalı vasitədir. Həm də o, daxili üzvləri məşq etdirərək fəallaşdırır. İdman adamda sevinc hissi oyadır, əzələləri möhkəmləndirir, enerjini artırır, insana gümrahlıq və şənlik gətirir. Filosoflardan birinin dediyi kəlamı sağlamlığa verilən ən böyük dəyər kimi qiymətləndirmək olar: "Əgər insan sağlamdırsa və bədəninin bütün əzələləri düzgün işləyirsə, o, həyatın bütün məşəqqətlərinə daha asanlıqla dözə bilər. Buna görə də sağlam olmaq və həyatın bütün çətinliklərinə dözə bilmək üçün siz bədən tərbiyəsi ilə məşğul olmalısınız”.
Bədən tərbiyəsinin hər hansı bir elementi icra edilərkən əzələlərin gözə görünməyən hərəkət mexanizmi fəaliyyətdə olur. Bu da əzələlərin vəziyyətinə, hərəkət fəallığına, sürətinə və iş qüvvəsinə müsbət təsir edir. Məsələn, partadan qalxıb, sıra ilə idman meydançasına getdikdə əzələ, sadəcə, iş qüvvəsi sərf edir.
Lakin meydançada qaçdıqda, tullandıqda, hər hansı bir əşyanı müəyyən məsafəyə atdıqda əzələ müxtəlif iş görür. Bu zaman əzələlər tez-tez yığılıb-açılmaqla hərəkətə gəlir, fəallaşır. Bütün bunlar əzələ hərəkəti ilə əzələnin bir vəhdət təşkil etməsi nəticəsində yaranır.
Bədən tərbiyəsi hərtərəfli və ahəngdar inkişafına müsbət təsir göstərməklə, onların fiziki cəhətdən normal inkişafına, fiziki təhsilinə, onun düzgün idarə edilməsinə yönəldilməklə uşaqların sağlamlığını möhkəmləndirir. Bədən tərbiyəsi həmçinin insan orqanizminin morfoloji və funksional inkişafına, təkmilləşməsinə yönəldilir, gənclərin əməyə və orduya hazırlığı məqsədi daşıyır.
Bədən tərbiyəsi fiziki tərbiyənin tərkib hissəsi kimi geniş mənada başa düşülür. Bədən tərbiyəsi ilə məşğul olanların fiziki bacarıq və vərdişləri onların xüsusi biliklərə yiyələnməsinə kömək edir. Həmin biliklər isə insanların fiziki inkişafına və hərəki keyfiyyətlərinin təkmilləşməsinə səbəb olur.
Bunlar isə orqanizmin forma və funksiyalarına müsbət təsir göstərir. Bu, hazırda məktəblilərin hərtərəfli inkişaf etdirilməsi, fiziki cəhətdən kamilləşməsi və vətənpərvər ruhda böyüməsi üçün mühüm bir vəzifə kimi qarşıya qoyulub.
Fiziki tərbiyə cəmiyyətin tələbatına uyğun şəkildə insanların fiziki və mənəvi inkişafını təmin edir, onları əməyə və müdafiəyə fəal hazırlayır. Fiziki tərbiyə pedaqoji proses kimi, estetik və etik normalara cavab verə biləcək davranış və qabiliyyətlərin yaranmasına yönəldilib. O, cəmiyyətin məqsəd və vəzifələrinin həyata keçirilməsinə uyğun olan insan mədəniyyətinin tərkib hissəsi kimi geniş anlayışdır. Çünki o, insanların fiziki kamilliyi üçün tarix boyu hərəki fəaliyyət sahəsində qazandığı bilik, bacarıq və vərdişlər üzrə bütün nəzəri və təcrübi nailiyyətləri özündə cəmləşdirir. Fiziki tərbiyə tərbiyənin tərkib hissəsi, fiziki inkişafın, fiziki hazırlığın və s. idarəetmə prosesidir. O tədris-pedaqoji anlayışlar sırasına daxil olub, mütəşəkkil pedaqoji proses kimi, müəllim-tərbiyəçi və valideynlərin rəhbərliyi və nəzarəti altında uşaqların bilavasitə iştirakı ilə cəmiyyətin tələbatına müvafiq dərs məşğələ formasında həyata keçirilir.
Məktəbli yaş dövründə uşaqların hərtərəfli inkişafına nail olmaqdan ötrü onların hərəki keyfiyyətlərini inkişaf etdirmək çox vacibdir. Bu, bir sıra cəhətdən xüsusi əhəmiyyətə malikdir. Məktəbyaşlı uşaqlarda fiziki keyfiyyətlərin inkişaf etdirilməsi onların hərtərəfli fiziki inkişafına kömək edir, şəxsiyyət kimi formalaşmasına zəmin yaradır, fiziki bacarıq və vərdişləri daha da təkmilləşdirir, sağlamlığı möhkəmləndirir. Ümumiyyətlə, fiziki keyfiyyətlər yaşından asılı olmayaraq, insan həyatı üçün, onun inadla mübarizə aparmasından ötrü olduqca əhəmiyyətlidir. İnsan həyatı onsuz keçinə bilməz. İnsan üçün ən zəruri fiziki keyfiyyətlər bunlardır: sürət, cəldlik, dözümlülük, çeviklik, güc və s. Həmin keyfiyyətləri bədən tərbiyəsi məşğələlərində, gəzinti, yürüş və ekskursiyalarda, müxtəlif cür əyləncələr təşkil etməklə, həmçinin müxtəlif hərəkətlərin, oyunların icra olunması, eləcə də çətinləşdirilmiş maneələrin qət edilməsi yolu ilə inkişaf etdirmək mümkündür. Bu şərtlə ki, hərəkət və oyunlar düzgün təşkil olunsun və lazımi səviyyədə keçirilsin.
Bədən tərbiyəsi və idman uşaqların fiziki sağlamlığının bünövrəsini qoyur. Bu sağlamlıq hərbi xidmətə hazırlaşan gənclər üçün çox vacibdir. Çünki məhz sağlam bədənə malik olan gənclər yurdumuzun sərhədlərinin keşiyində dayanacaqlar.

Azər Əlizadə

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi 
İnformasiya Vasitələrinin İnkişafına Dövlət 
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.