Ölkəmizdə inkişaf etmiş döyüş növlərindən olan kikboksinq idman növündə kifayət qədər peşəkar, təcrübəli və titullu idmançılarımız var. Hazırda kikboksçularımız bir sıra nüfuzlu yarışlarda öz sözlərini deyir, ən güclü ölkələrin idmançıları üçün ciddi rəqib hesab olunur, bir sözlə, aparıcı mövqelərdə dayanırlar. Bu idmançıların yetişdirilməsində isə ən böyük məsuliyyət, sözsüz ki, müxtəlif klublarda fəaliyyət göstərən məşqçilərin üzərinə düşür. Bu gün ölkəmizdə gənclərin vətənpərvər ruhda tərbiyəsində, vətənə layiqli övlad kimi yetişməsində əməyi olan kifayət qədər məşqçilərimiz var. Sirr deyil ki, perspektivli gənclərimiz məşqçilərin onlara göstərdiyi düzgün istiqamət, lazımi məşq proqramı sayəsində yetişir, gərgin əmək sayəsində beynəlxalq arenalara öz sözlərini deyirlər. Ölkəmizdə kikboksinqin inkişafına öz töhfəsini verən tanınmış məşqçilərdən biri də kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Hikmət Hacıyevdir. O, daxili işlər orqanları əməkdaşları arasında keçirilən əlbəyaxa döyüş və silahsız özünü müdafiə üzrə yarışlarda 91 kq çəki dərəcəsində 9 dəfə çempion adını qazanıb. İdmançı kiçik yaşlarından bu sahəyə, xüsusilə də döyüş növlərinə maraq göstərib. Ömrünün ən gözəl çağlarını peşəkar idmana həsr edən Hikmət Hacıyev bu gün biliklərini yetirmələri ilə bölüşür. Qeyd edək ki, təcrübəli idmançı məşqçi kimi öz biliklərini uşaqlara aşılamaq üçün əlindən gələni əsirgəmir. Məşqçiliyə bütün qəlbi ilə bağlanan mütəxəssisin yetirmələri ən mötəbər yarışlarda ölkəmizin bayrağını yüksəklərə qaldırırlar. Yetirmələri beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edən bu məşqçi vətənin müdafiəsi uğrunda döyüşlərdə də igidliyi ilə fərqlənib. Məhz buna görə də o, öz yetirmələrinin vətənpərvər ruhda tərbiyəsinə daha böyük önəm verir.
18 yaşında hərbi xidmətə yollanan Hikmət Hacıyev sonradan könüllü olaraq Qarabağ uğrunda döyüşlərdə iştirak edib. Onun döyüşkənliyi, qələbəyə inamı hətta özündən yaşlı adamları da döyüşə ruhlandırıb.
Uşaqlıq, yeniyetməlik illərinin xoş xatirələri ilə yanaşı, müharibə illərində yaşadığı ağrılı-acılı günlər də Hikmət Hacıyevin yaddaşında özünəməxsus izlər buraxıb. Tanınmış məşqçi və onun yetirməsi Elnur Həmidovla məşq zalında görüşdük. İstəyirdik ki, Hikmət müəllimin idman həyatı, həmçinin vətən uğrunda döyüşlərdə iştirakı ilə bağlı ətraflı məlumat alaq. Vətənpərvər məşqçi ilə maraqlı söhbətimizi oxucularımızın diqqətinə çatdırırıq.
- Hikmət müəllim, özünüz haqqında oxucularımıza məlumat verməyini xahiş edirik.
- 1975-ci il iyulun 21-də Yardımlı rayonunun Nisəqala kəndində anadan olmuşam. Uşaqlıq illərim bu kənddə keçib. Orta təhsilimi Əfqanıstanda şəhid olan əmim oğlu Əmin Hacıyevin adını daşıyan məktəbdə almışam. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollandım. 4 il 7 ay orduda qulluq etmişəm. Hərbi xidmətdə olduğum illər Qarabağ uğrunda gedən müharibə dövrünə təsadüf etdi. Müxtəlif döyüş bölgələrində, Füzulidə, Horadizdə, Lalətəpədə qızğın döyüşlərdə iştirak etmişəm. Daxili Qoşunların xüsusi təyinatlı bölüyündə vuruşurdum. Əsgərliyi başa vurana qədər tağım komandirinin müavini kimi çalışmışam. Xüsusi təyinatlı əməliyyatlarda iştirak etmişəm. Əsgərliyi başa vurdum, və 1998-ci ildən daxili işlər orqanlarında işə başladım. Elə həmin ildən məşqçi kimi çalışıram.
- Döyüş növlərinə uşaqlıqdan maraq göstərmisiniz?
- Etiraf edim ki, orta məktəbdə oxuyarkən bədən tərbiyə dərsindən başqa, heç bir fəndən "beş” almamışam. Uşaqlıqda ən böyük arzum məşqçi olmaq idi. Bu sahəyə çox böyük həvəsim var idi. Döyüş filmlərini çox sevirdim. O vaxtlar kinoteatrlarda döyüş filmləri nümayiş olunardı. Amma bu filmlərə getməyə pulum olmazdı. Həyətimizdən böyürtkən yığıb satır və pul qazanırdım. Həmin pula da döyüş filmlərinə bilet alırdım. Qardaşımın böyük yük maşını var idi. Onun təkərlərini söküb ağaca bağlamışdım və üzərində məşq edirdim. Ucqar bir rayonda yaşayırdım və o vaxtlar indiki kimi şərait yox idi. Mən dünya və Avropa çempionu adını qazanmamışam. Amma bu titullara sahib olan idmançılar yetişdirmişəm. Yetirmələrim qazandıqları medalları mənim boynumdan asanda özümü dünya və Avropa çempionu kimi hiss edirəm. İdmanda arzularımın, demək olar ki, hamısına çatmışam. Yalnız bir məqsədim də var: böyüklər arasında dünya və Avropa çempionu yetişdirmək.
- Bəs nə üçün məhz kikboksinq idman növünü seçdiniz?
- Peşəkar şəkildə əlbəyaxa döyüşlə məşğul olmuşam. Daxili İşlər Orqanları əməkdaşları arasında keçirilən əlbəyaxa döyüş və silahsız özünü müdafiə üzrə yarışlarda 9 dəfə çempion adını qazanmışam. Qatıldığım sonuncu yarışda ən texnikalı idmançı adına da layiq görülmüşəm. Əlbəyaxa döyüş kikboksa yaxın olduğundan sonradan bu növü seçdim. Bu idman növünə gəlişimdə artıq dünyasını dəyişmiş əsgər yoldaşım və yaxın dostum Fərhad Aşurovun böyük rolu olub. O, mənə kikboksinqin sirlərini öyrədib. Ən böyük uğurlara sahib çıxanda belə Fərhad müəllim, sanki, mənimlə birlikdə olub. Qazandığım bütün uğurlara görə ona borcluyam. Qeyd edim ki, Azərbaycan Kikboksinq Federasiyasının tərkibində məşqçimin adını daşıyan klub da fəaliyyət göstərir. Bu cür istedadlı məşqçilərin adını yaşatmaq bizim borcumuzdur.
- Gənc yaşlarınızda silaha sarılıb vətəni müdafiə etmisiniz. Həmin illəri necə xatırlayırsınız?
- Belə bir məsəl var, deyirlər: "Kənardan baxana döyüş asan görünür. Mən də mühariyə yollanarkən elə bilirdim ki, hər şey filmlərdəki kimi asandır. Heç kimə müharibənin acı həqiqətləri ilə üzləşməyi arzulamıram. O günləri xatırlamaq mənim üçün çox ağırdır. Çətin illər yaşadıq. Sıx meşəliklərdə, çətin bölgələrdə döyüşmüşəm. Bəzən güllə-boran səsləri o qədər şiddətli olurdu ki, baş qaldırmaq mümkün deyildi. Günlərlə ac qaldığımız vaxtlar olurdu. Döyüş bölgəsində 40-45 yaşlı kişilərlə çiyin-çiyinə vuruşurdum. Döyüş zamanı hər an ölüm təhlükəsi ilə üz-üzə dayanırsan, bununla belə ölümdən qorxmursan. Torpaqlarımızın işğal olunması ilə barışa bilmirdim. Buna görə də silaha sarıldım. Cəbhədə dostlarımın, səngər yoldaşlarımın bəziləri şəhid oldular. Biz sonadək mübarizə aparmalıyıq. Vətənimizi qorumaq hər birimizin borcumuzdur. İnanıram ki, tezliklə torpaqlarımız düşmən tapdağından azad olacaq.
- Gənc yaşınızda bu çətinliklərə necə qatlaşdınız?
- Mən rayonda böyümüş uşaq idim, dağ-daşda hərəkət etmək mənim üçün çətin deyildi. Bundan başqa, daxilimdə döyüş ruhu var idi. On birinci sinifdə oxuyanda əmim oğlu Əfqanıstanda şəhid olmuşdu. Dayım isə Cəbrayılda gedən döyüşlərdə həyatını itirdi. Sinif yoldaşlarımdan da bir neçəsi cəbhə bölgəsində şəhid oldu. Vətənpərvər bir gənc kimi bütün bunlara laqeyd münasibət bəsləyə bilməzdim. Buna görə də könüllü olaraq cəbhəyə yollandım. Ölümdən qorxmurdum. Vətən uğrunda canından keçmək, şəhidlik zirvəsinə yüksəlmək hər adama qismət olmur.
- Hikmət müəllim, necə düşünürsünüz, əsl döyüşçü necə olmalıdır?
- Əsl döyüşçü özünə inanmalı, psixoloji cəhətdən güclü olmalıdır. Qəlbində döyüş ruhu olmayan idmançı heç bir nailiyyət əldə edə bilməz. Elə həyatda da belədir. İnsan mübariz olmalıdır. Əgər mən vaxtilə döyüşdən, mübarizədən qorxsaydım, çəkinsəydim heç bir nailiyyət əldə edə bilməzdim. Buna görə məşqlərdə idmançılara xüsusi psixoloji məşqlər də keçirəm.
- Vətənpərvərlik sizin üçün nə deməkdir?
- Vətənpərvər vətənini, torpağını, dilini sevən insandır. Vətənpərvərlik tərbiyəsinin təməli ailədə qoyulur. Sonra əsas məsuliyyət müəllimlərin üzərinə düşür. Gənclərimizin sağlam, vətənpərvər ruhda böyüməsini istəyiriksə, hər şeydən öncə biz onların fiziki sağlamlığına diqqət yetirməliyik. Orta məktəbi bitirən şagirdlər artıq silaha sarılıb vətənin müdafiəsinə hazır olmalıdırlar. Ümumiyyətlə vətənpərvərlik hissi hər bir şəxsin daxilində olmalıdır. Vətənpərvəlik mənəvi tərbiyə məsələsidir. Mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz. Gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, xalqımızın mill-mənəvi dəyərlərindən bəhrələnməlidirlər. İstəyim budur ki, yetirmələrim yüksək nailiyyətlər qazanmaqla yanaşı, daim vətənin keşiyində dayanmağa hazır olsunlar. Təsadüfi deyil ki, Vətən dara düşəndə insanlar onun azadlığı, xilası naminə qüvvələrini səfərbər edirlər. Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar.
- Yeri gəlmişkən, kikboksinq idman növü gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində hansı rola malikdir?
- Kikboksinq hərbi döyüş növüdür və şübhəsiz ki, bu cür döyüş vərdişlərinə yiyələnmək gənclərimiz üçün vacibdir. Bu gün müharibə şəraitində yaşayan ölkənin gəncləri özünü müdafiə etməyi, silahla davranmağı bacarmalı, fiziki cəhətdən hazırlıqlı, cəsarətli olmalı, döyüşməyi, mübarizə aparmağa, vətəninin keşiyində dayanmağa hər an hazır olmalıdır. Kikboksinq gənclərin nəinki fiziki, həm də mənəvi cəhətdən güclü olmasına kömək edir. Sirr deyil ki, yüksək psixoloji hazırlıq bəzən döyüşün, mübarizənin taleyini həll edir. Bu döyüş növü idmançılara iradəli, səbirli olmağı, məşğul olduğu idman növünə, vətənə, milli-mənəvi dəyərlərimizə sadiq olmağı öyrədir. Hər bir gənc vətənini sevməli, onun rifahı uğrunda canından belə keçməyə hazır olmalıdır. Hesab edirəm ki, mübariz döyüş növləri gənclərin hərbi-vətənpərvər ruhda böyüməsində böyük rola malikdir. Məhz döyüş növləri ilə məşğul olan yeniyetmə və gənclərdə vənpərvərlik, vətəni qorumaq, vətənin adını ucaltmaq kimi hisslər daha güclü olur. Yetirmələrim arasında kiçikyaşlı idmançılar da var. Dəfələrlə müşahidə etmişəm ki, bu növlə mütəmadi məşğul olan yeniyetmə və gənclərdə kiçik yaşlarından vətənpərvərlik hissləri formalaşır, onlar fiziki və mənəvi cəhətdən sağlam böyüyür, milli ordumuza güclü əsgər kimi yetişirlər.
Buyaxınlarda yetirmələrim bir hərbi tədbirdə hərbi geyimdə çıxış etməli idilər. Bir gün içində 15-ə yaxın yetirməm hərbi formanı əldə etdi. Bu amil onu göstərdi ki, gənclərimiz hərbi sahəyə nə qədər meyillidirlər. Bu o deməkdir ki, biz doğru yoldayıq və uşaqların düzgün tərbiyəsi istiqamətində doğru addımlar atılır.
Bütün bunlarla yanaşı, məhz bu cür idman növləri ilə məşğul olan gənclər pis əməllərdən çəkinir, onlarda valideynə, müəllimə hörmət kimi hisslər daha güclü olur. Bir məşqçi kimi mənim də əsas məqsədim cəmiyyətimiz üçün sağlam insan yetişdirməkdir. İdman mübarizə deməkdir. Sağlam mübarizənin əsasını bədəninin tərbiyəsi, əxlaqi tərbiyə təşkil edir. Hər bir insan məşğul olduğu peşədən asılı olmayaraq, bədənin fiziki tərbiyəsinə xüsusi diqqət yetirməlidir. Azərbaycan Kikboksinq Federasiyası tərəfindən idmançılarımızın təlim-məşq və yarışlarda iştirak etməsi ilə yanaşı, onların vətənpərvər ruhlu gənclər kimi yetişməsi istiqamətində də xüsusi tədbirlər həyata keçirilir. Qeyd edim ki, Azərbaycan Kikboksinq Federasiyasının əsas devizi belədir: "Kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı”. Federasiyanın əsas məqsədi gənclərin hərbi-vətənpərvər ruhda tərbiyəsi, pis əməllərdən çəkinməsi, sağlam böyüməsi, vətənə layiqli övlad kimi yetişmələrinə nail olmaqdır. Fürsətdən istifadə edib Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevə idmançılarımıza yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Qeyd edim ki, federasiya prezidenti kikboksçulara daim dəstək olur, onların problemləri ilə mütəmadi maraqlanır, idmançıların mötəbər yarışlarda yüksək nəticə qazanmaları üçün hər bir şərait yaradır. Federasiyada tez-tez gənclərin düzgün tərbiyəsi və yetişdirilməsi istiqamətində işlərin görülməsi ilə bağlı iclaslar keçirilir. Bu iclaslarda federasiyanın prezidnti Adil Əliyev məşqçilərə öz tapşırıq və tövsiyələrini verir.
Qeyd edim ki, kikboksinqdə nailiyyət qazanmış yetirmələrimin əksəriyyəti bu gün dövlət qulluğunda çalışır. Zalda məşq edən kiçikyaşlı idmançılara belə hərbi bilikləri aşılamağa çalışıram. Onlara məşqlər zamanı sırada addımlamaq, silahdan atəşaçma və s. məşqləri də keçirik. Müharibə şəraitində yaşayan bir ölkənin gənci uşaq yaşlarından hərbi sahədə biliklərə malik olmalıdır. Məncə, bu sahədə uşaqlarla daha çox təbliğat xarakterli söhbətlər aparılmalıdır. Adətən, məşqlərimiz Azərbaycanın himninin oxunması ilə başlayır. Bunun özü də vətənə sevgi aşılamağın bir növüdür. Deyirlər ki, kiçikyaşlı uşağın beyni ağ vərəq kimidir. Onu necə tərbiyə etsən, uşağın psixologiyası, xarakteri də o cür formalaşacaq.
- Bildiyimizə görə, övladlarınız da idmanla məşğul olurlar. Bəs onların vətənpərvər ruhda tərbiyəsi üçün nə edirsiniz?
- İki oğlum var. Hüseyn 6-cı, Rəsul isə 4-cü sinifdə oxuyur. Hər ikisi şahmat və kikboksinqlə məşğul olur, məktəbdə isə əla qiymətlərlə oxuyur. Hər ikisinin şahmat üzrə idman dərəcəsi alıblar. Rəsul kikboksinq üzrə kadetlər arasında respublika çempionu adını qazanıb. Onlara əsas tövsiyəm odur ki, savadlı olsunlar, vətənə layiq övladlar kimi yetişsinlər. İdman sahəsində qazandığım bilikləri onlara öyrədirəm. Amma övladlarımın savadlı olmalarını da vacib sayıram. Müxtəlif ölkələrə səfərlər edərkən övladlarıma oyuncaq deyil, kikboks əlcəkləri, idman ləvazimatları hədiyyə alıram. Bir sözlə, onları sağlam ruhda, idman ruhunda tərbiyə etməyə çalışıram. Hüseyn və Rəsul uşaqlıqdan Azərbaycanın himnini əzbər bilir, milli atributlarımız barədə geniş məlumata malikdirlər.
- Maraqlıdır, sizin məşq üslubunuz digər məşqçilərinkindən nə ilə fərqlənir?
- Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti ölkənin aparıcı idman ocaqlarından biridir. İdmançılarımız mötəbər yarışlara hazırlığı bu cəmiyyətdə keçirlər. Kikboksinq bölməsində yeniyetmə və gənc idmançılar üstünlük təşkil edir. Cəmiyyətin əksər idmançıları yığma komandanın tərkibində yarışlara qatılaraq nailiyyətlər qazanırlar. Artıq
5-ci ildir ki, kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisiyəm. Bu, mənə federasiya rəhbərliyi tərəfindən göstərilən etimaddır. Mən də öz işimin öhdəsindən layiqincə gəlməyə çalışıram. Deməzdim ki, mənim keçdiyim məşqlər digər məşqlərdən fərqlidir. Hər bir məşqçi yetirmələrinin kiçik yaşlarından sağlam və vətənpərvər ruhda böyüməsinə çalışmalıdır. Peşəkar idmançıların yetişdirilməsi ilə yanaşı, biz bu məqamlara da xüsusi diqqət yetiririk. Hazırda Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinə (DİN İC) polis polkovniki Sahib İsmayılov sədrlik edir. Qeyd edim ki, cəmiyyətin sədri idmançılara öz diqqət və qayğısını əsirgəmir. Klubun yetirmələri onların üzərinə düşən vəzifəni çox yaxşı başa düşürlər və nəticələrini yaxşılaşdırmaq üçün öz üzərlərində daim işləyirlər. Çünki idmançılarımız beynəlxalq yarışlarda şəxsi uğurları üçün mübarizə aparmırlar. Onlar Azərbaycanı təmsil edir, bayrağımızı qaldırmaq, himnimizi səsləndirmək üçün mübarizə aparırlar. İdmançılarımızın hər il keçirilən mötəbər yarışlarda uğur qazanmaları məşqçi kimi məni çox sevindirir. Çünki məşqçinin ən böyük uğuru yetirməsinin əldə etdiyi qələbədir. Bu il yetirmələrim kişilər arasında ölkə çempionatında 7 qızıl medal qazanaraq Azərbaycan kubokuna sahib çıxdılar. Yeniyetmələrdən ibarət komanda isə 3 qızıl medal əldə etdi. Keçən il yeniyetmələrdən ibarət komandamız ölkə çempionatında birinci oldu. Məncə, uğurumuzun əsas sirri idman ocağında saf abu-havanın olması ilə bağlıdır. Biz məşqlərdə bir ailə kimiyik. Yetirmələrim mənə işimdə də yaxından köməklik göstərirlər.
- Həyatınızın ən yadda qalan hadisəsi hansı olub?
- Yetirmələrimin dünya və Avropa çempionu titulunu qazandıqları günlər həyatımın ən xoşbəxt günü olub. Həmin vaxt sevincimdən göz yaşlarımı saxlaya bilmirdim. Həm də ona görə ki, yetirmələrim Azərbaycan bayrağını yüksəklərə qaldırmışdılar. İnanın ki, əgər 10 il bundan əvvəl mənə desəydilər ki, nə vaxtsa yığmanın məşqçisi olacağam, WAKO üzrə dünya çempionu yetişdirəcəyəm, inanmazdım. Amma insan zəhməti sayəsində hər bir uğura nail ola bilər.
- Həyatınızdan razısınızmı?
- Əlbəttə ki, insan hər bir günə görə Tanrıya şükür etməlidir. Həyatda ağrılı-acılı günlərim çox olub. Amma neyləmək olar, bu da bir qismətdir. Sevinirəm ki, bu gün ətrafımda istedadlı yetirmələrim var, onlar vətənimizə ürəkdən bağlıdırlar. Düzdür, həyatda heyifsiləndiyim məqamlar da olub. Təəssüf edirəm ki, mənim gənclik dövrümdə idmana indiki kimi diqqət və qayğı yox idi. Əks halda idmançı kimi daha da böyük nailiyyətlər qazana bilərdim.
- Çətin anlarda çıxış yolunu necə tapırsınız?
- Səbirli olmaqda. Qeyd etdiyim kimi, ətrafımda yaxşı insanlar, istedadlı yetirmələrim var. Onlar mənə bəzi anlarda qardaşı, yaxın dostu əvəz edir, yaxından dəstək olurlar. Düzdür, tələbələrimin yaşı az olanda, çox əziyyət çəkmişəm. İndi isə onlar mənə təkcə məşqçi kimi deyil, bir qardaş, dost kimi münasibət bəsləyirlər. Həmçinin çətin anlarımda onlara arxalanıram.
Söhbətimizin bu anında Hikmət müəllimin yetirməsi, kikboksinq üzrə dünya və Avropa çempionu Elnur Həmidov xahiş etdi ki, "Bəs sizcə, nə üçün yetirmələriniz hər zaman sizin ətrafınızdadırlar?” sualını məşqçisinə ünvanlaya. Hikmət müəllim isə cavabında belə dedi:
- Çünki öz yetirmələrimi övladlarımdan ayırmıram. Məncə, həyatda düzgün insan olmaq ən əsas amildir. Belə olan halda, səni saf insanlar əhatə edəcəklər.
- Maraqlıdır, boş vaxtlarınızı necə keçirirsiniz?
- Daha çox asudə vaxtlarımı yetirmələrimlə birgə bərpa məşqlərinə həsr edirəm. Övladlarımla Dənizkənarı Milli Parka gəzməyi də çox sevirik. Evdə olarkən isə idman verilişlərinə baxır, idmanla bağlı mətbuatı oxuyuram. Musiqiyə, vətənpərvər ruhlu mahnılara qulaq asmağı çox sevirəm. Şəmistan Əlizamanlının ifasında səslənən "Leytenant” mahnısı bizim evdə ən sevilən mahnılardan biridir. Bu mahnıya qulaq asanda sanki dincəlirəm. Eyni zamanda, bu mahnı mənə müharibə illərini, səngərdə keçirdiyim günləri xatırladır. Məncə, mənim kimi bir çox gənclər də vaxtilə "Leytenant” mahnısına qulaq asaraq müharibəyə yollanıblar. Övladlarım da bu mahnını çox sevirlər.
- Döyüş janrında hər hansı filmə dəvət alsanız çəkilərdinizmi?
- "Küləklər şəhəri” filmində məşqçi rolunda çəkilmişəm. Yenidən belə bir təklif alsaydım, onu dəyərləndirərdim. Milli Qəhrəmanımız Mübariz İbrahimovun rolunu canlandırmağı çox istəyərdim.
Aysel Sultanova
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.