Vətənə olan ülvi məhəbbət ən güclü silahdır

Vətənə olan ülvi məhəbbət ən güclü silahdır


Hər bir gənc həyatının bu dövründən bacardığı qədər səmərəli istifadə etməlidir. Çünki gənclik dövründə boş, mənasız keçirilən hər gün sonra böyük itkilərə gətirib çıxarır. Gənc nəslin nümayəndələri mükəmməl təhsil almalı, günümüzün inkişafı və tələbləri ilə ayaqlaşmalıdırlar. Onlar dövlət müstəqilliyimizin əldə olunmasında öz sözlərini dedikləri kimi, müstəqilliyimizin qorunmasında da, yaxından iştirak etməlidirlər. Çünki hər bir gənc azərbaycanlı yaşadığı coğrafi məkandan asılı olmayaraq, öz vətənini - Azərbaycanı təmsil edir və xalqımızın mənəviyyatının daşıyıcısı, onun simasıdır. Gənclərimiz xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda göstərdikləri qəhrəmanlıqlar kimi, elmdə, istehsalatda, təhsildə də fədakarlıq göstərməli və yüksək ixtisaslı mütəxəssislər kimi yetişməlidir. Respublikamız hüquqi - demokratik dövlət quruculuğu yolu ilə irəliləyir. Milli ideologiya konsepsiyası çərçivəsində gəncləri, birinci növbədə, Azərbaycanın müstəqilliyi prinsiplərinə sadiqlik ruhunda tərbiyə etmək lazımdır. Gənclərin təhsili, tərbiyəsi məhz bu istiqamətdə inkişaf etdirilməli, eyni zamanda ümumbəşəri dəyərlərdən geniş istifadə olunmalıdır. Çünki milli mənəvi və ümumbəşəri dəyərlərin hamısı birlikdə bütün vətəndaşlarımızın və xüsusən gənclərimizin mənəvi kodeksini təşkil edir. Hər bir ölkədə orduda xidmət etmək gənclərin vətəndaşlıq borcu sayılır. Ancaq Azərbaycan övladının vətəndaşlıq borcu başqa ölkələrin gənclərinə nisbətən, daha çoxdur. Çünki torpaqlarımız düşmən tərəfindən işğal edilib, ölkəmizin ərazi bütövlüyü pozulub. Xalqımızın min illər boyu yaratdığı, yaşatdığı və zənginləşdirdiyi dəyərlər saxtalaşdırılıb, özününküləşdirilib, talan edilib, dağıdılıb. Bu vəhşiliyin nəticələrini aradan qaldırmaq, onu bərpa etmək gənclərin öhdəsinə düşür. Bu baxımdan, cəmiyyətimizdə, xüsusən gənclər arasında hərbi xidmətə hörmət və diqqət daim yüksək səviyyədə olmalı, hər bir gəncin orduya yola salınması onun ailəsində bayrama çevrilməlidir. Gənclər bilməlidirlər ki, hər bir azərbaycanlının vətəndaşlıq borcu, vəzifəsi resrublikamızın dövlət müstəqilliyini qorumaq, onu azad, müstəqil dövlət kimi inkişaf etdirmək, Azərbaycan elmini, mədəniyyətini daha yüksəklərə qaldırmaq, Vətənin dünyaya yaxından tanıtmaqdı. Ölkəmizin dünya birliyində layiqli yer tutması üçün xidmət göstərmək də vətəndaşlıq borcudur. Bununla yanaşı, təhsil və tərbiyədə forma və məzmunun vəhdəti həmişə qorunmalıdır. Əgər belə olarsa, gənclərimizdə milli qürur hissi və milli ruh yaranar.


Milli dəyərlərimizin qorunmasının gənc nəslə aşılanması vacibdir
Hər bir xalqın təkamül prosesinin ümdə qayəsini, dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi, pak və ali dəyərləri müəyyən edir. Bu ənənə və dəyərlər vəhdət təşkil etdiyi zaman xalqların məfkurə və düşüncə sisteminin, dünyagörüşünün parlaq təcəssümü kimi meydana çıxır. Dünyanın ən qədim xalqlarından sayılan azərbaycanlılar da tarixən formalaşmış zəngin milli-mənəvi və əxlaqi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib. Mənəvi dəyərlərimiz ülvi və saf ideallara sarsılmaz bağlılığı ilə özünəməxsusluğunu qoruyub. Şərqə məxsus mütərəqqi adət-ənənələrlə Qərbin mötədil dəyərlərinin mənəvi mədəniyyətimizdəki uğurlu harmoniyası, həm də milli təfəkkürümüzdə fərqli dünyagörüşlərini bir araya gətirir. Etiraf edilməlidir ki, müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda yüksək nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açıb. Lakin bu prosesin tarixi-mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə yönəlir. müəyyən təhlükəli meyilləri də özünü qabarıq göstərir.
Şərq-Qərb sivilizasiyasının bir-birinə yaxınlaşdığı bir zamanda soykökə qayıdışın, milli özünüdərkin böyük əhəmiyyəti var. Bu baxımdan Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunmasının zəruriliyinin gənc nəslə aşılanması xüsusilə aktuallıq kəsb edir.

"Vətən sevgisi imandandır”
"Millət və vətən sevgisi necə olmalıdır?” sualına ətraflı şəkildə cavab vermək olar. Bir fərdin millətini, vətənini sevməsi həm də, onun dinini, dilini, əxlaqını və tarixini sevməsi deməkdir. Bir millətin dini, dili, əxlaq və tarixi birlikdə həmin millətin mədəniyyətini əhatə edir. Millətin yaşadığı coğrafi ərazisinin adı vətəndir. Bununla belə, bir millət üçün vətən, sadəcə, üzərində yaşadığı torpaq, gördüyü düzənlik, dağ, meşə və axar sular demək deyil. Əxlaqi dəyərlərimizdə vətənin ayrı bir yeri və mənası var: namus, şərəf, heysiyyət və azadlığımızın başqa bir adı vətəndir. Vətən itiriləndə bütün müqəddəs dəyərlər də onunla birlikdə məhv olur.
Vətənlərinə sahib çıxmağı bacarmamış millətlər, nə dinlərinə, nə də dillərinə sahib ola bilməyiblər. Dilimizdəki "Vətən sevgisi imandandır” sözü, bu baxımdan son dərəcə mənalıdır və sadəcə, bizim mədəniyyətimizə xas bir anlayışdır.
Həqiqətən də, vətən sevgisi imandandır, çünki iman, ancaq azad bir vətən üzərində yaşana bilər. Vətən itirilərsə, din və imanın əldən getməsi qaçılmazdır. Məhz buna görə də, insanlar namus, şərəf vətən sevgisi və azadlıq kimi dəyərlərə hər şeydən daha çox əhəmiyyət verirlər.
Çünki insan ancaq bu dəyərlər yaşam gücünə malik olur. Vətən ifadəsi isə müqəddəs dəyərlərin yaşadığı, yayıldığı coğrafi məkanın dilimizdəki adıdır.
Mütəxəssislərin fikrincə, vətənpərvərlik hissi uşağa, ilk növbədə, atadan, anadan keçməlidir. Məhz ailə uşağı elə tərbiyə edə bilər ki, o vətənə, torpağa, el-obaya, orduya, şəhidlərə məhəbbət ruhunda, düşmənə isə nifrət hissləri ilə böyüsün.
Millətin birliyinin, sakit həyatının və qayda-qanunun düşmənlər tərəfindən pozulmaması üçün Tanrı hər cür tədbirin əvvəlcədən alınmasını vacib sayır. Müqəddəs kitabımız "Qurani-Kərim”dəki ayədə belə buyurulur: "Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!” Ayədən də göründüyü kimi, dövlətin ordu saxlaması, bu ordunu hər cür döyüş vasitələrilə təchiz etməsi vacibdir.
Ancaq müharibə edərkən belə, ədalətdən ayrılmamaq əsas prinsiplərdəndir: "Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!”
İslam dini, hər zaman sülh və dostluğa əsaslanan əlaqələrin inkişaf etdirilməsini buyurur. Ancaq sülhün qorunması üçün birtərəfli müsbət niyyətlər hər zaman kifayət etmir. Yəni qarşı tərəf də sülh üçün əlindən gələni etməlidir ki, müharibələr baş verməsin, insanlar məhv olmasın. Bununla belə, müqəddəs kitabımız yurdumuza edilən təcavüzün qarşısını almağı buyurur. "Qurani-Kərim”də buyurulur: "Ey iman gətirənlər! Kafirlərin bir yerə toplaşdıqlarını görsəniz dönüb onlardan qaçmayın.” Yəni vətənini sevən insanlara buyurulur ki, düşmən sərhədləri keçərsə, yurdu viran qoymaq istərsə onlardan qaçmaq yox, əksinə onların üstünə getmək lazımdır. Bu hər bir vətən oğlunun müqəddəs borcudur.



Hərbi-vətənpərvərlik tərbiyəsi əsgəri borcu yerinə yetirməyə hazır olmağa xidmət edir
Hərbi-vətənpərvərlik tərbiyəsinin əsas vəzifəsi yüksək ideya - siyasi, psixoloji və fiziki keyfiyyətləri inkişaf etdirmək, hərbi və hərbi-texniki biliklərin mənimsənilməsinə kömək etməkdir. Həmin xalqın və onun Silahlı Qüvvələrinin döyüş ənənələrini, ölkənin nailiyyətlərini, suverenliyini, ərazi bütövlüyünü müdafiə etməyə hazır və qadir olan vətənpərvərlər tərbiyə etməkdir.
Hərbi-vətənpərvərlik tərbiyəsi əsgəri borcu yerinə yetirməyə hazır olmaq, ölkənin müdafiə qüdrətinin möhkəmlənməsində məsuliyyət daşımaq, Silahlı Qüvvələrə hörmət, Vətənə sədaqət, öz xalqının qəhrəmanlıq ənənələrini qorumaq məqsədi ilə həyata keçirilir. Hərbi-vətənpərvərlik tərbiyəsi əsasən orta və ali məktəblərdə tədris prosesində, siyasi maarif sistemində, hərbi dərsliklər, mətbuat, radio, televiziya, internet vasitəsilə, kütləvi-təbliğat, ədəbiyyat və incəsənətin köməyi ilə həyata keçirilir.
Bu tərbiyə ölkə vətəndaşlarımız üçün məsuliyyət və borc olmalıdır. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, onun apardığı mübarizədə inam hissini gücləndirir. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır.
Bu məhəbbət həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərməkdir. Gəncləri vətənimizin şərəfini və azadlığını qoruyub saxlamış Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixi, onun vətən və bəşəriyyət qarşısında xidmətləri ilə yaxından tanış etmək vacibdir. Onlara Azərbaycan ordusuna məhəbbət vətənimizin müdafiəsi uğrunda mübarizəyə hər dəqiqə hazır olmaq əzmini aşılamaq hərbi-vətənpərvərlik tərbiyəsinin ən mühüm tərkib hissələrindən biridir. Bu baxımdan Azərbaycan vətəndaşının qanında, canında hərbi-vətənpərvərlik hissi, döyüş əzmi olduğunu deyə bilərik. Torpaqları düşmən əlində olan bir xalqın vətənpərvərlik hissi itməməlidir. Hər kəsə bəllidir ki, Azərbaycan torpağı əsrlər boyu döyüş meydanı olub. Bu torpaq saysız-hesabsız hərbi xadimlər, qəhrəmanlar yetirib ki, onlar el qeyrəti çəkən, ana torpağın başı üstünü təhlükə alanda ayağa qalxan, onun hər qarışı uğrunda canlarından keçən oğullar olublar. İstər müstəqillik dövründə, istər sovet illərində, istər inqilabdan qabaqkı illərdə, istər orta əsrlər və feodalizm dövründə xalqımız hərb tarixinə öz möhürünü qızıl hərflərlə vurub. Bu onu göstərir ki, vaxtilə bu torpaqda böyüyən qəhrəmanlarımız və görkəmli hərbçilərimiz , indiki nəsilə bir qəhrəmanlıq nümunəsi olmalı, hər bir Azərbaycan vətəndaşında hərbi-vətənpərvərlik tərbiyəsi yüksələn xətt üzrə inkişaf etməli, əli silah tutan hər kəsdə qəhrəmanlıq əzmi, Vətənə sədaqət və Vətən yolunda döyüşməyə təpər olmalıdır.


"Əgər sən ölsən, vətəni kim qoruyar?”
Vətənpərvərlik tərbiyəsi bəşər tarixi yarandığı vaxtdan aktual olmuşdur. Qloballaşmanın genişləndiyi, texnika və texnologiyanın inkişafının sürətləndiyi şəraitdə vətənin təhlükəsizliyini təmin etmək, onu qorumaq son dərəcə vacib amildir. Bu amil məktəbəqədər təhsil müəssisələrindən başlanmalıdır. Yəni həm tərbiyəçilər, həm də müəllimlər öz işini düzgün qurmağa çalışmalıdır. Lap kiçik yaşlarından başlayaraq uşaqlara vətənpərvərliyin üstün cəhətləri aşılanmalıdır. Uşaqlara izah olunmalıdır ki, vətənpərvərlik təkcə vətən üçün canından keçmək deyil. Bu barədə əsərlərin birində deyilir: Komandir əsgərdən soruşur ki, sən vətən üçün nə edə bilərsən? Əsgər cavabında: "Mən vətən üçün canımdan keçməyə hazıram”, - deyir. Komandir isə, "Əsgər, vətənə sənin ölümün yox, düşmənin ölümü lazımdır, əgər sən ölsən, vətəni kim qoruyar”, - deyə bildirir.


"Azərbaycan xalqı sübut etdi ki, onun mənliyi var, milli qüruru var”
Ulu öndərimiz, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verirdi. Təhsil işçiləri ilə görüşlərinin birində böyük öndər demişdir: "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin”.
Ulu öndər Heydər Əliyevin milli vətənpərvərlik konsepsiyasında gənc nəslin milli şüurunun formalaşdırılması mühüm tələb kimi qoyulub. O, xalqımızın azadlıq hərəkatında gənclərimizin rolunu yüksək qiymətləndirib və azadlıq uğrunda mübarizənin milli şüurda oyanışa müsbət təsir etdiyini bildirib: "O vaxt Azərbaycan gəncləri, vətənpərvərlik şüuru ilə yaşayan insanlar Azərbaycana qarşı ədalətsizliyə etiraz əlaməti olaraq meydanlara çıxdılar, böyük mitinqlər keçirildi. 20 Yanvar hadisələri Azərbaycan xalqının milli şüurunun daha da yüksəldiyini göstərdi. Eyni zamanda, bu hadisələr milli hərəkatın, milli şüurun imperiya qüvvələri tərəfindən boğulduğunu göstərdi. Ancaq, eyni zamanda, Azərbaycan xalqı sübut etdi ki, onun mənliyi var, milli qüruru var”.
Azərbaycan Demokratik Respublikasının hərb tarixinə parlaq səhifələr yazmış S. Mehmandarovun, Ə. Şıxlinskinin, İ. Vəkilovun, İ. Usubovun misilsiz xidmətlərindən ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə nümunələr gətirməklə şagirdlərin vətənpərvərlik tərbiyəsinin keyfiyyətcə dəyişməsinə nail olmaq mümkündür. Abasqulu ağa Bakıxanovun fikrincə, tərbiyənin məqsədi həqiqi insan yetişdirməkdir. Şagirdlərin "Faktiki və atəş hazırlığı”, "Sıra təlimi”, "Hərbi topoqrafiya” ilə bağlı bilik və bacarıqlar qazanmaları onların vətənpərvərlik tərbiyəsinin inkişafı ilə şərtlənir.
Tərbiyənin məqsədi cəmiyyətin obyektiv inkişaf qanunları əsasında müəyyən edilir, məhsuldar qüvvələrin inkişafı ilə şərtlənir, onunla bərabər dəyişir. Vətənpərvərlik tərbiyəsi əxlaq tərbiyəsinin tərkib hissəsi olub digər komponentlərlə (dostluq və yoldaşlıq, qarşılıqlı yardım, beynəlmiləlçilik, fəaliyyətə şüurlu münasibət, intizam, məsuliyyət, düzlük, doğruçuluq, sadəlik, təvazökarlıq, insanlara humanist münasibət, təbiətə qayğılı münasibət və s.) qarşılıqlı əlaqədə insan şəxsiyyətinin formalaşmasına təsir edir.


Fənnindən asılı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır
Məlumdur ki, təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası ibtidai siniflərdə qoyulur və o, sonrakı təlim pillələrində daha da inkişaf etdirilir. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə ilk günlərdən Vətənə məhəbbət aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar. Şagirdlərin vətənpərvərlik və vətənə məhəbbət hissi tərbiyəsinin ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır.
Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır.
Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir.
Şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir.
Pedaqoqika sahəsində uzun müddət yorulmaz tədqiqatlar aparan müəlllim və mütəxəssislər bir sıra maraqlı fikirlər irəli sürüblər. Tədqiqatlar göstərir ki, orta məktəblərdə uşaqlara vətənpərvərlik duyğusunu aşılamaq üçün fənn seçimi edilməməlidir. Hər fənnin öz funksiyası, öz vəzifəsi var. Fənnindən asılı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır. Çünki müəllim məktəbdə ilk növbədə şəxsiyyət yetişdirir və çalışmalıdır ki, həmin şəxsiyyət də vətəninə, millətinə layiq bir tərzdə yetişsin. Bu yolla uşaqlara Qarabağı tanıdırıq, onun başına gətirilən faciələri öyrədirik.
Təbiət haqqında danışan müəllim hər hansı bir bitki haqqında məlumat verərkən, ilk növbədə Azərbaycanın əraziləri, bölgələri haqqında danışmalıdır. Onlara bu bitkinin ölkənin hansı ərazisində bitməsi ilə bağlı məlumatlar verməlidir. Eyni zamanda həmin bitkinin ölkəmiz üçün strateji əhəmiyyətindən söz açıb, onlara həmin bitki haqqında, onun vətəni haqqında geniş məlumat toplamağı tapşırmalıdır. Bu vasitə ilə şagirdər həm bölgələrimizi tanıyır, həm də müxtəlif bitkilər haqqında öyrənirlər. Bu da bir növ şagirdlərdə vətənə olan sevgi hissini, milli ruhu oyadır. Çünki bir insan öz ölkəsi, vətəni haqqında nə qədər çox məlumatlı olarsa, torpağını da bir o qədər çox sevər. Onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz iplərlə bağlanar.
Bir sözlə, hərə öz proqramına uyğun olaraq dərsini keçməklə yanaşı, şagirdlərinə, az da olsa, vətənpərvərliyi təbliğ etməlidir.

Anar Əhmədov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi 
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun maliyyə dəstəyi ilə çap edilir.