Bəşər sivilizasiyasının əsasında duran humanist ideallardan biri də gənclərin ahəngdar və harmonik inkişafını təmin etməkdir. Fəaliyyətin bütün sahələrində (elm, incəsənət, idman və s.) aparıcı rol oynayan bu ideal gənclərin kamillik zirvəsinə çatmasında əvəzsiz rol oynayır. Şəxsiyyətin hərtərəfli inkişafı uşaq və yeniyetmə yaşlarından başlanır. Ümumilikdə isə, insanların mənəvi və fiziki sağlamlığında mühüm rol oynayan idmanın geniş miqyasda yayılması, kütləviləşməsi uşaq və yeniyetmələrin bu sahəyə fəal surətdə cəlb olunması ən mühüm şərtdir. Bu baxımdan, gələcəyimiz olan gənc nəslin sağlamlığı, fəal həyat tərzi keçirməsi bütün arzuların fövqündə dayanır.
Gənc nəslin fiziki və mənəvi cəhətdən inkişafında, onların sağlamlığının təmin edilməsi, intellektual və mədəni səviyyəsinin yüksəldilməsi, əməyə və vətənin müdafiəsinə hazır olan mərd və cəsur insanlar kimi yetişməsində idmanın, bədən tərbiyəsinin rolu əvəzsizdir. Yeniyetmə və gənclərin fiziki və mənəvi tərbiyəsində müstəsna rol oynayan bədən tərbiyəsi və idmanın inkişafını daha da sürətləndirmək və onun kütləviliyini təmin etmək üçün Azərbaycanda məqsədyönlü və kompleks işlər görülür. Məlum məsələdir ki, idmanda böyük nailiyyətlər qazanmaq üçün uşaq və yeniyetmə idmanına diqqət və qayğı göstərilməlidir. Ölkəmizdə bu sahə xüsusilə dövlət qayğısı ilə əhatə olunub. Uşaq və yeniyetmə idmanının, Olimpiya Hərəkatının inkişafı Azərbaycan dövlətinin diqqətində olan vacib məsələdir.
İdman əvəzedilməz vasitədir
Ölkəmizdə uşaq və gənclərin fiziki sağlamlığına xüsusi diqqət göstərilir. Sözsüz ki, fiziki sağlamlıq mənəviyyatla yanaşı, vətənpərvərliyin də inkişafına müsbət təsir edir. Fiziki sağlamlığın əsas amillərindən biri idmandır. İdmanla məşğul olan uşaq və ya gənc dözümlü, iradəli olur, vətənin müdafiəsində cəsarətlə iştirak edir. Azərbaycan dövləti gənc nəslin bu cür keyfiyyətlərə malik olmasında maraqlıdır. Ölkəmizdə uşaq və gənclərə yaradılan şərait, inşa edilən müasir idman qurğuları məhz gələcəyimiz olan gənc nəslin xoş sabahı üçündür. İstər Bakıda, istərsə də bölgələrdə fəaliyyət göstərən idman ocaqları ən müasir idman avadanlıqları ilə təchiz edilib.
Uşaq və gənclər böyük enerji, həyata yeni baxış, axtarış deməkdir. Gənclər milli adət-ənənələrimizin daşıyıcısı, milli-mənəvi dəyərlərimizin qoruyucusu, cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvənin fiziki və mənəvi sağlamlığı, o cümlədən el-obasına, xalqlna bağlı vətəndaş kimi yetişməsi xüsusi qayğı tələb edir və bu iş ölkəmizdə analoqu olmayan bir səviyyədə həyata keçirilir.
Təəssüflər olsun ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəlində ölkəmizdə hökm sürən xaos, özbaşınalıq, hərc-mərclik, qeyri-sabitlik nəinki uşaq və gənclərin fiziki, mənəvi sağlamlığına əngəl olmuş, hətta ölkənin gənc nəslini kölgədə qoymuşdu. Taleyin hökmünə buraxılan uşaq və gənclərin əksəriyyəti mənəvi dəyərlərimizə zidd olan yollara düşmüşdülər. Belə bir vəziyyətdə nəinki gənclər, hətta yaşlı nəsil də vətənin sabahı barədə düşünmürdü. Daha doğrusu, doğma yurdun gələcəyinə biganə yanaşılırdı. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra xalqımızın həyatında yeni bir dövr başladı. Respublikanın sosial, mədəniyyət, iqtisadiyyat, təhsil, tibb sahələrində, o cümlədən idman sahəsində köklü dəyişikliyin əsası qoyuldu. Siyasi sabitlik, əmin-amanlıq uşaq və gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində geniş fəaliyyət proqramının həyata keçirilməsinə şərait yarandı. Gənclərin fiziki və mənəvi inkişafına nail olmaq üçün mühüm qərarlar qəbul edildi. Bir sözlə, Azərbaycanın uşaq və gəncləri bütün sahələrdə dövlətin qayğısı ilə əhatə olundu. Respublikanın paytaxtında, eləcə də bölgələrdə yeni idman qurğuları inşa edildi. Köhnə idman ocaqları əsaslı təmirdən sonra gənc nəslin istifadəsinə verildi.
"Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər,
Azərbaycanxalqına, millətinə xas olanxüsusiyyətdir”
Görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin təşəkkülündə və inkişafında misilsiz rol oynayıb. Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi məhz ulu öndərin adı ilə bağlıdır.
Dahi şəxsiyətin uzaqgörən siyasəti nəticəsində Azərbaycan idmanı özünün inkişaf dövrünə qədəm qoydu. Atletlərimiz dünyanın ən möhtəşəm yarışlarında uğurla çıxış edərək vətənə medallarla dönməyə başladılar. İdmanı dövlət siyasətinin mühüm qollarından biri kimi ayıran, onu ümummilli mədəniyyətin tərkib hissəsi kimi dəyərləndirən Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycanda idmanın maddi-texniki bazası möhkəmləndi, bədən tərbiyəsi və idman kütləviləşdi, ölkəmiz Olimpiya oyunlarında layiqincə təmsil olundu. Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında Azərbaycan bayrağı yüksəklərdə dalğalandıqca vətənimizin şan-şöhrəti də ucaldı. İdmançılarımız qazandıqları nailiyyətlərlə vətənimzin nüfuzunu ucaltdılar. Bu, Azərbaycan atletlərinin doğma yurda sevgisindən, vətənpərəvliyindən xəbər veriridi.
Ulu öndərimiz idmanın hər bir ölkə üçün beynəlxalq miqyasda da böyük siyasi əhəmiyyət kəsb etdiyini həmişə ön plana çəkirdi.
Azərbaycanın tarixinə, öz xalqının milli xüsusiyyətlərinə dərindən bələd olan Heydər Əliyev xalqımızın idmana marağını yüksək dəyərləndirirdi. "Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər, Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir. Amma bu xüsusiyyət həmişə bizim daxilimizdə qalıbdır. Keçmiş dövrlərdə də, əsrlərdən-əsrlərə pəhləvanlarımız da, güləşçilərimiz də, oxatanlarımız da, fiziki imkanlarını cürbəcür oyunlarda nümayiş etdirənlərimiz olubdur. Ancaq məlum olan səbəblərə görə bunlar yalnız ölkəmizin çərçivəsində qalıb, dünya miqyasına çıxmayıbdır”.
Ulu öndər ölkəmizin uşaq, yeniyetmə və gənclərinin fiziki sağlamlığını ən vacib məsələ kimi önə çəkirdi. Çünki bu fenomen insan gözəl bilirdi ki, vətənimizin sərhədlərinin keşiyini yalnız fiziki cəhətdən sağlam gənclərə etibar etmək olar. Dahi şəxsiyyətin yürütdüyü siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Azərbaycanda idmana göstərilən qayğı atletlərimizin uğurlu çıxışlarına zəmin yaradıb. Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Gənclər və İdman Nazirliyi idmanın, bədən tərbiyəsinin kütləviliyinin artırılması üçün respublikada böyük işlər görür. Paytaxtla yanaşı, regionlarda da müəyyən layihələr çərçivəsində uşaq, yeniyetmə və gənclər üçün kütləvi idman tədbirləri həyata keçirilir.
Mütəxəssislərin fikrincə, idmanın inkişafına təkan verən amillərdən biri də onun uşaq, yeniyetmə və gənclər arasında kütləviliyinin təmin edilməsidir. İdmanda kütləvilik, əsasən, ümumtəhsil məktəblərindən və məktəbdənkənar müəssisələr olan uşaq bağçalarından başlayır. Eyni zamanda, ölkəmizdə uşaq-gənclər idman məktəbləri, müxtəlif cəmiyyətlər yaradılıb ki, bunların da üzərinə kütləviliyi təmin etmək kimi böyük vəzifə düşür. Ümumiyyətlə , ölkəmiz müstəqillik əldə etdikdən sonra respublikamızın hər yerində müasir avadanlıqlarla təmin olunmuş idman qurğuları inşa edilməyə başlayıb. İndi ölkəmizin bölgələrində elə şərait yaradılıb ki, hər kəs istədiyi idman növü ilə məşğul ola bilər. Son illər müasir standartlara cavab verən və hər bir şəraiti olan Olimpiya idman komplekslərinin xalqın istifadəsinə verilməsi idman sahəsinin daha da inkişaf etməsinə səbəb olub.
İdmanda kütləvilik əldə etmək üçün, əlbəttə, yuxarıda sadaladıqlarımızla yanaşı, həvəs və rəğbətin yaradılması da mühümdür. Çünki çoxları idmana bir peşə, yaxud iş kimi baxır. Halbuki, müşahidələr göstəririk ki, idmanın başlıca xüsusiyyəti uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığına xidmət etməkdir. Sağlamlıq isə insan həyatında mühüm rol oynayan amildir. Elə buna görə də Azərbaycan dövləti idmanın kütləvi şəkildə yayılmasına lazımi qədər vəsait ayırır.
Ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilib. Hər il paytaxtımızda, eləcə də bölgələrdə müxtəlif beynəlxalq turnirlər, Avropa və dünya çempionatları təşkil olunur. Belə yarışlarda idmançılarımız öz bacarıqları sayəsində yüksək nəticələr qazanırlar ki, bu da bayrağımızın yüksəklərdə dalğalanmasına zəmin yaradır. Vətənpərvər idmançılarımız ölkəmizi layincə təmsil edirlər.
May ayında "Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan qol güləşi üzrə XXIV Avropa çempionatı bir daha göstərdi ki, Azərbaycan, həqiqətən də, idman ölkəsidir və gənclərimiz doğma yurda sıx bağlıdırlar. Avropa çempionatında 30-a yaxın ölkənin 600-dən artıq idmançısı mübarizə aparırıdı. Azərbaycanın qol güləşçiləri bu yarşda 41 medal əldə etdilər. Medallardan 13-ü qızıl, 14-ü gümüş, 14-ü isə bürünc idi. Ölkəmizin üçrəngli bayrağı 41 dəfə qaldırıldı, 13 dəfə himnimiz səsləndirildi.
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov hesab edir ki, belə yarışlarda nailiyyətlərin əldə olunması idmançıların vətən qarşısındakı borclarının bir hissəsi sayıla bilər. "Hər bir azərbaycanlı öz vətənini sevməli, ona bağlı olmalıdır. Vətən sevgisi təkcə sərhədləri qorumaqla başa çatmır. Hər kəs öz sahəsində vətənpərvərlik nümayiş etdirməlidir. İdmançılarmız da doğma yurdumuzu sevir, onun şan-şöhrətini ucaltmaq üçün əllərindən gələni əsirgəmirlər. Hər il Azərbaycanda idmanın müxtəlif növləri üzrə beynəlxalq turnirlər keçirilir. Eləcə də atletlərimiz xarici ölkələrdə təşkil olunan yarışlarda güclərini sınayırlar. Onların hər biri əmzkarlıq göstərir, bayrağımızın dalğalandırılmasına , himnimizin səsləndirilməsinə çalışırlar. May ayında paytaxtımız qol güləşi üzrə Avropa çempionatına ev sahibliyi etdi. Düyanın 30 ölkəsindən bura gələn idmançılar yurdumuzun qonaqpərvərliyinə , gözəlliyinə şahid oldular. Biz qitə çempionatında yüz idmançı ilə mübarizə apardıq. Qol güləşçilərimiz ümumilikdə 41 medal qazandılar. 13 qızıl medalın əldə olunması çox böyük nailiyyət idi. Təsəvvür edin ki, tamaşaçılar və idmançılar 13 dəfə Azərbaycan himnini ayaq üstə dinlədilər. Bu, qol güləşçilərimizin vətənpərvərliyinə sübutdur. Biz iştirak etdiyimiz bütün beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil etməyə çalışırıq. Hər birimiz başa düşürük ki, vətəndən kənarda keçirilən yarışlarda iştirakımızla Azərbaycanı yüksək səviyyədə tərənnüm etməliyik. Bu, nəinki qol güləşçilərinin, eləcə də bütün idmançılarımızın mənəvi borcudur. Vətənimizi seviriksə, onun adını uca tutmalıyıq”, - deyə Cəsarət Əhmədov bildirdi.
İdman ocaqları gəncləri vətənpərvər ruhda tərbiyə edir
Böyük idmana gedən yol uşaq idmanından başlandığı üçün idmana uşaq yaşlarından diqqət yetirilməlidir. Uşaqların fiziki və mənəvi inkişafında, vətənpərvər ruhda böyüməsində böyük rol oynayan bədən tərbiyəsi və idmanın inkişafı bu gün vacib məsələlərdən biri kimi diqqət mərkəzindədir. İdman cəmiyyətləri, klubları, idman növləri üzrə fəaliyyət göstərən federasiyalarla yanaşı, təhsil ocaqları, müəssisə və təşkilatlar da bu inkişafa öz töhfələrini verirlər. İdmanın inkşafı və kütləviləşməsində uşaq-gənclər idman məktəblərinin rolu böyükdür. Statistikaya nəzər salsaq, görərik ki, ölkəmizdə 150-dən çox Uşaq-Gənclər İdman Məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə onlarla təcrübəli məşqçilər tərəfindən uşaq və gənclərə idmanın sirləri aşılanır. Belə idman ocaqlarında minlərlə uşaq, yeniyetmə və gənc müxtəlif idman növlərinin sirlərinə yiyələnməklə yanaşı, həm sağlam olur, həm də asudə vaxtlarını səmərəli keçirir.
Respublikamızda fəaliyyət göstərən idman klubları, cəmiyyətləri və idman mərkəzləri uşaq və gənclərin fiziki sağlamlığının təminatçısıdır. Bu cür idman ocaqları idmanın kütləviliyində xüsusi rol oynayırlar. Şübhəsiz, əsas məqsəd idman məktəblərində yüksək potensiallı idmançılar yetişdirməkdir. Bu məktəblərdə komanda idman növlərinin inkişafı da diqqət mərkəzindədir. İdman ocaqlarında müxtəlif yaş qrupları üzrə çoxlu komandalar var və onlar respublika səviyyəli yarışlarda, eləcə də beynəlxalq turnirlərdə fərqlənirlər. Ümumiyyətlə, komanda idman növlərinin uşaq və gənclərin fiziki və mənəvi inkişafına köməyi çoxdur. Uşaqlar komandanın tərkibində bir məqsəd uğrunda mübarizə aparırlar. Burada fərdi növlərdən fərqli olaraq, birlik, kollektivin ümumi qələbəsi uğrunda mübarizə aparmaq özünü daha çox büruzə verir.
Həm komanda, həm də fərdi idman növlərinin inkişaf etdirildiyi məktəblər də za deyil.
"Təhsil” Respublika İdman Mərkəzinin ("Təhsil” RİM) Sumqayıt filialı da "Gənclik şəhəri”nin uşaq və gənclərinin fiziki sağlamlığına öz töhfələrini verən nüfuzlu idman ocaqlarındandır. Filialda cüdo, ağırlıqqaldırma, boks, sambo, sərbəst güləş, yunan-Roma güləşi, futbol, voleybol, basketbol, taekvondo, tennis, idman gimnastikası, otüstü hokkey bölmələri fəaliyyət göstərir. Məktəbdə uşaq, yeniyetmə və gənclər idmanla məşğul olurlar. Məktəbin məşqçi-müəllimləri Sumqayıtın 20-yə yaxın idman zalında və bazalarında məşq keçirlər. Onu da deyək ki, bu zallarda məşqlərin səmərəli keçirilməsi üçün lazımi şərait yaradılıb. Filialın cüdoçuları Azərbaycan çempionatı və birinciliklərində yüksək nəticələr qazanıblar.Cüdo ustaları beynəlxalq turnirlərdə də öz bacarıqlarının nümayiş etdiriblər.
Bakıda yeniyetmələr arasında keçirilən Həzi Aslanovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə filialın tatami ustaları 1 qızıl, 3 bürünc, medal əldə ediblər. Rusiyanın Anapa şəhərində keçirilən turnirdə bir qızıl medal, Türkiyənin paytaxtı Ankara şəhərində isə dörd qızıl, üç gümüş və dörd bürünc medal sumqayıtlı cüdoçuların payına düşüb. Filialın cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən Avropa kubokunda (yeniyetmələr) 2 bürünc medal əldə ediblər. Ukraynanın paytaxtı Kiyev şəhərində təşkil olunan gənclər arasında Avropa kubokunda və Bakıda təşkil olunan Dünya kubokunda filialın iki idmançısı birinci yerə layiq görülüb. İdman ocağının yetirmələri "Təhsil” RİM-in təşkil etdiyi çempionat və birinciliklərdə də uğurla çıxış ediblər. İdman ocağının boksçuları da yarışlarda fərqləniblər. Filialın boksçuları da beynəlxalq turnirlərdə layiqli mübarizə aparıblar. Ukraynanın Berdiçyev şəhərində keçirilən Vladimr Kliçkonun şərəfinə həsr olunmuş beynəlxalq turnirdə filialın bir idmançısı bürünc medala layiq görülüb. Digər bir idmançı isə İrlandiyada təşkil olunan gənclər arasında Avropa birinciliyində isə gümüş medal qazanıb. Bu nailiyyətlər filialın idmnaçılarının vətənpərvərliyinin göstəricisidir. Onlar beynəlxalq arenalarda ölkəmizi yüksək səviyyədə təmsil etmək üçün bütün qüvvə və bacarıqlarını sərf edirlər.
Uşaq və gənclər müasir qurğularda məşq edirlər
Müasir dövr yüksək inkişaf və yüksəliş dövrüdür. İnkişafa öz töhfələrini verənlər isə gənclərdir. Məhz bu baxımdan, hər bir dövlətin gələcəyi yetişməkdə olan gənc nəslin fiziki və mənəvi cəhətdən sağlamlığından, doğma yurda bağlılığından çox asılıdır. Buna görə gələcəyimiz olan gənc nəslin fiziki və mənəvi inkişafına dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Təhlillər göstərir ki, gənclərin fiziki cəhətdən sağlam böyüməsində, vətənpərvər ruhda yetişməsində mühüm rol oynayan əsas amillərdən biri də idmandır. İdman mənəvi dəyərlərin qorunub saxlanmasında, gənclərin vətənpərvərlik və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasında çox mühüm əhəmiyyətə malikdir. Bundan əlavə , fiziki tərbiyə millətin sağlamlığı və xoşbəxt gələcəyinin təminatçısıdır. Bu gün Azərbaycan dövlətinin diqqət və qayğısı sayəsində idman gündən-günə inkişaf edir. Bu sahədə görülən işlərdən ən vacibi isə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsidir.
Sumqayıt şəhərində uşaq, yeniyetmə və gənclərin sağlamlığının qorunması, onların mənəvi inkişafının təmin edilməsi önə çəkilən məsələlərdəndir. Xatırladaq ki, şəhərin məhəllə və mikrorayonlarında 50-dən çox uşaq-idman şəhərciyi, 3 idman kompleksi, 9 süni örtüklü meydança tikilərək uşaq və gənclərin istifadəsinə verilib.
Sumqayıtda, ümumilikdə, 200-dən çox idman qurğusu fəaliyyət göstərir. Şəhərdə uşaq və gənclərin ixtiyarında 16 kompleks idman qurğusu var. Bu idman bazalarının 12-si dövlət vəsaiti hesabına inşa edilib. İdman zallarının ümumi sayı isə 114-ə çatdırılıb. Həmin zallardan cəmi 2-si xüsusi mülkiyyətdir. Şəhərdə kompleks qurğular, idman bazaları ilə yanaşı, sadə idman qurğuları da yaradılaraq uşaq və gənclərin istifadəsinə verilib. Burada olan 128 sadə idman qurğusunun 3-ü isə özəl müəssisədir.
Sumqayıtda hazırda idmanla məşğul olanların ümumi sayı 11 min nəfərdən çoxdur. 14-17 yaşlı oğlanlar arasında 3462 nəfər idmanın müxtəlif növlərində öz gücünü sınayır, fiziki sağlamlığını qoruyur. Bu yeniyetmələr gələcəyin əsgərləridir. Onlar vətənimizin keşiyində dayanacaqlar. Layiqli vətəndaş, vətənpərvər insanlar kimi böyüyən bu uşaqlar yurdumuzun gələcəyinin təminatçılardırlar. Xalqımız və dövlətimiz belə uşaq, yeniyetmə və gənclərə etimad göstərir. Əminik ki, nəinki sumqayıtlı gənclər, eləcə də Azərbaycanın bütün gəncləri vətənimizin onlara göstərdiyi etimadı doğruldacaqlar.
Hürrü Abdullayev
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap edilir.