Azərbaycan dövlətinin sülhsevər siyasəti bölgədə sabitliyin təminatçısıdır

Azərbaycan dövlətinin sülhsevər siyasəti bölgədə sabitliyin təminatçısıdır

I məqalə



Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcəkdir. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Mən Ali Baş Komandan kimi bundan sonra da ordu quruculuğuna, ordunun inkişafına öz dəstəyimi verəcəyəm.

İlham Əliyev

Sabitlik, dinamik iqtisadi inkişaf, güclü ordu quruculuğu müasir Azərbaycanda aparılan ən böyük işlərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin artırılması nəticəsində ordumuzun bütün istiqamətlər üzrə potensialı yüksək səviyyəyə çatdırılıb. Azərbaycanda hərbi sənaye potensialının gücləndirilməsi ilə bağlı görülən işlər nəticə etibarilə orduda aparılan geniş quruculuq işlərinin davamıdır. Bu gün Azərbaycan əsgəri sərhədlərimizi möhkəm qoruyur. Havada, suda və quruda vətənin maraqları müdafiə olunur.
Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.


Azərbaycan ordusu öz sərhədlərini qorumaq, düşmənin
hücumunu dəf etmək gücünə malikdir
Sözsüz ki, respublikamızda ordu quruculuğu ən prioritet məsələlərdən biridir. Müharibə şəraitində yaşayan ölkə üçün bu, xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan Silahlı Qüvvələri əsaslı inkişaf yolu keçib, ordumuzun maddi-texniki bazası hərtərəfli müasirləşdirilib, döyüş qabiliyyəti artıb. Qürurla demək olar ki, respublikamızda dünyanın ən nizami ordularından biri formalaşdırılıb. Maddi-texniki bazası durmadan təkmilləşdirilən ordumuzun peşəkarlığı da artır.
Ordunun təchizat məsələsi də diqqət mərkəzindədir. Bu işdə böyük uğurlara nail olunub. Azərbaycan dövləti hərbi məqsədlər üçün lazımi qədər vəsait xərcləyir. Son illərdə Azərbaycanın Silahlı Qüvvələri ən müasir silahlarla təchiz olunub. Hazırda ordumuzun ixtiyarına verilən zirehli maşınlar, ən müasir tanklar, artilleriya qurğuları və digər texnikalar düşmənin istənilən qüvvəsini məhv etməyə qadirdir.
Azərbaycanda son illərdə müdafiə sənayesi də əsaslı inkişaf yoluna qədəm qoyub. Gələcəkdə yerli istehsalın daha da genişləndirilməsi ilə bağlı böyük işlər görülür. Artıq ölkəmiz güclü hərbi sənayeyə malikdir. Azərbaycanın müdafiə sənayesinin məhsulları dünya sərgilərində nümayiş etdirilir və ildən-ilə respublikamızın ixrac imkanları artır. Ölkəmiz xaricdən ən müasir hərbi texnikalar almaqla yanaşı, yerli hərbi sənayesini daha da inkişaf etdirir və genişləndirir.
Ordumuzun keçirdiyi genişmiqyaslı hərbi təlimlərdə bu silahlar sınaqdan çıxarılır, ordumuzun gücü yoxlanılır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə bu il iyunun 26-da təşkil olunan birgə əməliyyat-taktiki təlimləri Ali Baş Komandan İlham Əliyev də izləyib.
Təlimlərdə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələri iştirak ediblər.
General-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verərək, birgə əməliyyat-taktiki təlimdə nümayiş etdiriləcək təlim yerlərinin ümumi sxemi barədə məlumat verib. Sonra dövlət başçısına Azərbaycan ordusunun yeni, ən müasir standartlara cavab verən hərbi texnika, silah və sursatları təqdim olunub.
Azərbaycan Silahlı Qüvvələrinin texnika, silah və sursatlarına baxışdan sonra yeni silah sistemlərinin nümunəvi atışları keçirilib.
Ümumilikdə, təlimlərə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş vertolyotu cəlb edilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə, hissə və bölmələrinin ərazi müdafiəsi çərçivəsində birgə döyüş tətbiqinin planlaşdırılması və qarşılıqlı əlaqənin təşkili üzrə müxtəlif səviyyələrdə qərargahlar arasında əlaqələndirmənin təmin edilməsi təlimin başlıca məqsədlərindən biri idi. Qarşıya qoyulan tapşırıq bütövlükdə və dəqiqliklə yerinə yetirilib. Bu cür təlimlər bir daha sübut edir ki, Azərbaycan ordusu öz sərhədlərini qorumaq, düşmənin hücumunu dəf etmək gücünə malikdir.
Dövlətimiz münaqişənin sülh yolu ilə həllinə çalışır
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışıları da bunu təsdiqləyir:

"Azərbaycanda güclü ordu vardır. Ordunun potensialı gündən-günə möhkəmlənir, güclənir. Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür. Ordumuz yeni texnika ilə təchiz edilir. Bu gün bu texnikanın bir hissəsi burada nümayiş etdirilmiş və sonra təlimlərdə iştirak etmişdir.
Bu gün Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Bu göstəriciyə görə bizim ordumuz dünyada ən güclü ordular sırasındadır. Hərbi xərclərin artırılması və büdcə xərclərində birinci yeri tutması bizim dövlət siyasətimizin təzahürüdür. Bu, bizim prioritetimizdir və bundan sonra da hərbi xərcləri artıracağıq. Son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artmışdır və bizdə orduya, Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Ən müasir silah-sursat alınır və bu gün bu silahların, texnikanın bir hissəsi burada nümayiş etdirilmişdir.
Ordumuzda nizam-intizam artır, islahatlar aparılır. Bu, çox sevindirici haldır. Ordumuzun döyüş qabiliyyəti artır, güclənir. Bu gün bizim ordumuz istənilən vəzifəni icra edə bilər və bugünkü təlimlər bunu bir daha nümayiş etdirmişdir.
Ordumuzun uğurlu inkişafı üçün həm maddi-texniki təchizat davam etdiriləcək, eyni zamanda, Silahlı Qüvvələrdə aparılan islahatlar dərinləşəcəkdir. Müasir döyüş taktikası tətbiq edilir, dünyada ən qabaqcıl təcrübə öyrənilir və Azərbaycanda istifadə olunur.
Bugünkü dünyada daha çox yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik olan silahlar üstünlük təşkil edir. Bu silahları biz alırıq və alacağıq. Eyni zamanda, Azərbaycanda son illərdə yerli istehsal da təşkil edilibdir. 2005-ci ildən bu günə qədər Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 900 adda hərbi təyinatlı silah-sursat istehsal olunubdur və bu gün bu proses davam etdirilir. Gələcəkdə biz sursatlarla, texnika ilə özümüzü tam şəkildə təmin etməliyik. Eyni zamanda, ən müasir müxtəlif texnika alınır, alınacaqdır. Müasirləşmə prosesi daim aparılmalıdır”.
Ali Baş Komandan İlham Əliyev Azərbaycan hərbçilərinin sosial müdafiəsinin yüksək səviyyədə təmin edildiyini də vurğulamışdır. Qeyd edək ki, ölkəmizdə hərbçilərin maaşları, pensiyaları vaxtaşırı qaldırılır. İlham Əliyevin iki il bundan əvvəl imzaladığı Sərəncama əsasən orduda 20 il qüsursuz xidmət göstərmiş şəxslərə dövlət tərəfindən mənzillər verilir. Hazırda bu kateqoriyadan olan 200-ə qədər hərbçiyə mənzil verilib. Bu ilin sonuna qədər bu say 500-ə çatacaq.
Bu, dövlətin öz hərbçilərinə olan diqqətinin təzahürüdür və hərbçilərin sosial müdafiəsi bizim üçün böyük əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan müharibə şəraitində yaşayır. Belə olan halda ordu quruculuğu nəinki dövlət qurumları, hər bir vətəndaş üçün ən vacib, ən ümdə məsələ olmalıdır.
Ali Baş Komandan İlham Əliyev, Azərbaycan dövlətinin, xalqımızın müharibə istəmədiyini, lakin işğal altında olan torpaqlarımızın mütləq geri qaytarılacağını dəfələrlə vurğulamışdır: "Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin. Ancaq görürük ki, iyirmi il ərzində bu məsələ öz həllini tapmır. Bu məsələni dondurulmuş vəziyyətdə saxlamaq istəyən qüvvələr, əfsuslar olsun ki, öz niyyətlərinə, öz məqsədlərinə nail olurlar. Biz isə bu vəziyyətlə barışmaq istəmirik və barışmayacağıq. Biz sülh istəyirik. Amma, eyni zamanda, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını istəyirik. Bizim tələbimiz əsaslıdır. Bizim tələbimiz tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır.
Azərbaycan xalqı Dağlıq Qarabağda və bu gün işğal altında olan digər yerlərdə memarlıq əsərləri yaratmışdır. Binalar, şəhərlər salmışdır, infrastruktur yaratmışdır. Dağlıq Qarabağda bütün yer adları, kəndlərin adları Azərbaycan mənşəli adlardır. Bu, bizim əzəli torpağımızdır. Bu, həmişə belə olub, bu gün belədir və sabah da belə olacaqdır. Beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Heç kim heç vaxt qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanımayacaq və Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Bu, bizim prinsipial mövqeyimizdir. Biz bu mövqedən bir addım kənara çəkilməyəcəyik.
Ordu quruculuğu məsələnin həllində mühüm rol oynamalıdır. Hazırda güclənən Azərbaycan ordusu Ermənistan üçün böyük təhlükə mənbəyidir. Onu özləri də etiraf edirlər. Özləri də öz məğlubiyyətlərini etiraf edirlər. Çünki onların yüksək vəzifəli rəsmi şəxsləri dəfələrlə bəyan etmişlər ki, Ermənistan təhlükəsizliyini özü təmin edə bilmir. Bir ölkə ki, öz təhlükəsizliyini təmin edə bilmir, o, müstəqil ölkə sayıla bilməz. Bu etiraf, əslində məğlubiyyətin etirafıdır. Bu etiraf acizliyin etirafıdır. Onlar bizim qarşımızda duruş gətirə bilmir, özləri bunu etiraf edirlər. Bu gün güclənən Azərbaycan ordusu məsələnin həlli üçün ən birinci amildir. Hətta atəşkəs rejimi şəraitində bizim güclənən ordumuz erməniləri təşvişə salır.
Biz hamımız yaxşı bilirik və operativ məlumat da alırıq ki, Ermənistan ordusu təşviş içindədir. Biz təmas xəttində üstünlüyü tam şəkildə əldə etmişik. Təmas xəttində vəziyyətə tam şəkildə biz nəzarət edirik. Ancaq Azərbaycan dövlətinin sülhsevər siyasəti bu gün sabitliyin qarantıdır. Heç bir kənar qüvvə bu bölgədə sabitliyin qarantı ola bilməz. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz”.
Qeyd etdiyimiz kimi, Azərbaycan dövləti bu məsələnin sülh yolu ilə həllinə çalışır. Onu da bilirik ki, bu gün heç bir beynəlxalq güc dövlətimizin iradəsinə, siyasətinə təsir edə bilməz. İlk növbədə Ermənistan və bu məsələ ilə məşğul olan vasitəçilər də bilsinlər ki, ancaq Azərbaycanın sülhsevər mövqeyi bu gün vəziyyəti sülh şəraitində, atəşkəs rejimində saxlaya bilər.
Müstəqil siyasət aparan Azərbaycan güclənir, regionda güc mərkəzinə çevrilir. Ölkəmizin iqtisadi gücü hərbi gücə çevrilib. Azərbaycan dövləti bundan sonra da öz hərbi imkanlarını artıracaq, bundan sonra da danışıqlar masasında prinsipial mövqeyindən geri çəkilməyəcək. Şübhəsiz ki, bizim prinsipial mövqeyimizin əsas mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir, Azərbaycan Ordusudur, Azərbaycan əsgəridir. Biz hər birimiz əminik ki, güclü ordumuz torpağlarımızın işğalına son qoyacaq.
Bu gün təmas xəttində ordumuzun üstünlüyü reallığı əks etdirir. Azərbaycan cəmiyyətində, Azərbaycan ordusunda ruh yüksəkliyi müşahidə olunur.
Sevindirici haldır ki, hazırda xalqımızın vətənpərvərlik ruhu çox yüksəkdir. Xalq öz torpaqlarını işğalçılardan azad etmək üçün döyüşə hazırdır. Ermənilərin nankorluğu, doğma torpaqlarımıza təcavüzü Azərbaycan xalqının mübarizə əhval-ruhiyyəsini xeyli artırıb. Bu gün nəinki gənclər, eləcə də yaşlı insanlar da torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda aparılacaq müharibə üçün Ali Baş Komandandan əmr gözləyir.

Ordumuzun güclənməsi, ən müasir silahlarla təchiz olunması xalqımızın qəlbində bir arxayınlıq, güvənc yaradıb

Ordumuzun keçirdiyi təlimlərdə göstərilən peşəkarlıq bir daha sübut edir ki, Azərbaycan əsgəri vətənpərvər ruhlu bir əsgərdir və o, hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır.
Ordumuzun və xalqımızın əsas vəzifəsi ərazi bütövlüyümüzün bərpasıdır. Qədim yurd yerlərimiz Azərbaycanın nəzarətində olmalıdır. Azərbaycan bayrağı işğal edilmiş bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndində qaldırılmalıdır və qaldırılacaq.
Azərbaycan xalqı öz ordusuna, öz dövlətinə inanır, ordusuna və dövlətinə güvənir. Azərbaycan dövləti və Azərbaycan Ordusu isə öz növbəsində bu ölkənin vətəndaşlarını müdafiə edir.
Ordumuzun güclənməsi, ən müasir silahlarla təchiz olunması xalqımızın qəlbində bir arxayınçılıq, güvənc yaradıb. Bu amillər soydaşlarımızın vətənpərvərlik hisslərinə də öz müsbət təsirin göstərib. Cəmiyyətdə yaşanan və güclənən vətənpərvərlik ruhu Qarabağ məsələsinin istənilən anda hərbi yolla həll edilməsinə şərait yaradır. Bütün bu qeyd olunanlar Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin çıxşlarında öz əksini tapmış, xüsusi vurğulanmışdır.



Silahlı qüvvələrimiz birlikdə modern bir orduya çevrilməkdədir

Bu gün Azərbaycan ordusunun inkişafı göz qabağındadır. Ordumuzun hərbi avadanlıqlarla təchizatı yüksək səviyyədədir. Qeyd edək ki, bu avadanlıqlar, təkcə xarici ölkələrdən alınmır. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Azərbaycan artıq silah və müxtəlif növ hərbi texnika istehsal edir, hətta bu silahlar dünya bazarında satışa da çıxarılır. Ölkəmizin hərbi texnika və silah baxımından xarici şirkətlərdən və dövlətlərdən asılılığı indi xeyli azalıb.
Azərbaycan əsgərinin ərzaq və geyimlə təminatı da 90-cı illərə nisbətən xeyli yaxşılaşıb və bu tendensiya davam etməkdədir. Bir sözlə, bu gün düşmən qarşısında 90-cı illərdəkindən fərqli olaraq, daha hazırlıqlı nizami Azərbaycan milli ordusu dayanır. Bu ordu artıq regionda bir güc mənbəyidir. Bu ordu status-kvonu Azərbaycanın xeyrinə dəyişmək üçün tam hazırdır. Azərbaycan əsgəri beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanıb. Silahlı qüvvələrimiz birlikdə modern bir orduya çevrilməkdədir. İldən-ilə hazırlıq səviyyəsi yüksələn və təkmilləşən zabit heyəti ordunu yumruq kimi bir mərkəzdən idarə edir və istənilən tapşırığı yerinə yetirməyə daima hazır vəziyyətindədir.

Vətən sərhəddən başlayır

İstənilən cəmiyyətdə hər hansı tərəqqinin, inkişafın əsasında dayanan əsas amillərdən biri daxili sabitlik və təhlükəsizlikdir.
Azərbaycanda bu şərəfli və məsuliyyətli vəzifəni Daxili Qoşunlar yerinə yetirir. Bu qurumun şəxsi heyəti torpaqlarımızın qorunmasında fədakarlıq göstərib, yüzlərlə şəhid verib. Eyni zamanda ölkəmizdə müstəqilliyin, daxili sabitliyin qorunmasında əzmkarlıq nümayiş etdirib.
Sərhədlərimizin qorunması, düşməndən müdafiəsi uğrunda aparılan döyüşlərdə, demək olar ki, bütün qoşun hissələri, o cümlədən Daxili Qoşunların şəxsi heyəti də mərdliklə iştirak edib. Onlar ölkə daxilində asayişin qorunması ilə yanaşı, düşmənin hücumlarını da mərdliklə dəfə edənlərin sırasında yer alıblar.
Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların 510 hərbi qulluqçusu həlak olub, 1166-sı yaralanıb. 268 nəfəri itkin düşüb, 9 əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu, Daxili Qoşunların xalqımıza, Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət etməsinin göstəricisidir. Daxili Qoşunların hərbi qulluqçularının fədakarlığı ulu öndər Heydər Əliyevin və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqətindən kənarda qalmayıb. Bir çox hərbi qulluqçu dövlət mükafatlarına layiq görülüb. Prezident İlham Əliyevin Silahlı Qüvvələrə diqqəti və qayğısı nəticəsində Daxili Qoşunlarda da davamlı olaraq inkişaf prosesi gedir.
Dövlətimizin başçısının tələb və göstərişlərinin, xüsusi diqqət və qayğısının nəticəsi olaraq Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Qoşunlar milli mənafelərimizin keşiyində ayıq-sayıq dayanır və ölkədə daxili sabitliyin qorunmasında əsas qüvvələrdən birinə çevriliblər. Ordu quruculuğu çərçivəsində aparılan işlər sayəsində Daxili Qoşunlar yüksək döyüş hazırlığı olan peşəkar və mobil bir qurum kimi formalaşıb. Şəxsi heyət doğma torpaqlarımızın azadlığı üçün hər an hazırdır.
Sərhəd hər bir dövlətin rəmzidir və vətən sərhəddən başlanır. Bayraq, gerb və himn kimi, dövlətin sərhədləri də lazımi səviyyədə qorunmalıdır. Azərbaycanda bu iş xüsusi diqqət mərkəzində saxlanılır. Ölkəmizin Sərhəd Xidmətinin formalaşması işində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra, demək olar ki, sərhədlərimiz açıq idi, sərhəd infrastrukturu mövcud deyildi. Əvvəlki illərdə yaradılmış sərhəd infrastrukturu isə dağıdılmışdı. Ulu öndərin rəhbərliyi altında qısa müddət ərzində bütün sərhədlərimizdə tikinti-quruculuq işləri aparıldı, sərhəd mühafizə infrastrukturu yaradıldı. Bu proses bu gün uğurla davam etdirilir. Azərbaycanın bütün sərhədləri boyunca lazımi səviyyədə texniki qurğular yaradılıb. Sərhəd zonalarında təkmilləşmiş dəstələr, qarnizonlar fəaliyyət göstərir. Azərbaycan sərhədləri bütün istiqamətlərdə - quruda və dənizdə lazımi səviyyədə qorunur. Sərhədlərimizin qorunması isə təhlükəsizliyimizin təmin edilməsi deməkdir.
Anar Əhmədov

Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət 
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.