Ölkəmizdə təhlükəsizliyimizin təmin edilməsi üçün bütün tədbirlər görülür. Biz sərhədlərimizin qorunmasını gücləndirməliyik. Dövlətimiz buna artıq nail olub. Bu gün həm texniki vasitələr, həm mühəndis qurğuları, həm də avadanlıq baxımından Sərhəd Xidmətimiz ən yüksək səviyyədədir. Sərhəd Xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması və möhkəmləndirilməsi üçün mütəmadi qaydada ardıcıl tədbirlər görülür, avadanlıq, silah-sursat, texnikalar alınır. Bu gün Sərhəd Xidmətinə lazımi səviyyədə maliyyə vəsaiti ayrılır ki, bütün işlər yüksək səviyyədə həyata keçirilsin. Sərhədçilər üçün, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əməli işlər görülür, evlər tikilir, istirahət mərkəzləri, idman qurğuları yaradılır. Bütün bunlar isə, sözsüz ki, Sərhəd Xidmətinin inkişafına yönələn böyük addımlardır. Bütövlükdə Sərhəd Xidmətinin müasir quruma çevrilməsi istiqamətində çox böyük işlər görülür. Hazırda Sərhəd Qoşunları çox güclü və çevik hərbi birləşmədir. Sərhəd Xidmətinin qarşısına mühüm vəzifə kimi Sərhəd Qoşunlarının döyüş qabiliyyətinin artırılması məsələsi qoyulub. Bu məqsədlər üçün silah-sursat, texnikanın alınması prosesi davam edir. Sərhəd Qoşunları istənilən anda Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ordumuzla bərabər hərəkət etməyə hazırdır. Artıq iki ildir ki, ardıcıl şəkildə keçirilmiş hərbi təlimlər və Sərhəd Qoşunlarının bu təlimlərdə fəal iştirakı bunun bariz nümunəsidir. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycan Dövlət Sərhəd Xidməti bu gün dünya miqyasında özünə layiq yerini tuta bilib və Azərbaycanın sərhədlərinin qorunması işində böyük nailiyyətlər qazanıb. Dövlətimiz əlindən gələni edir ki, gələcəkdə də sərhədlərimiz lazımi səviyyədə qorunsun. Biz inanırıq ki, itirilmiş torpaqlarımızı geri qaytaracaq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Torpaqlarımızı geri qaytarmaq üçün bütün hərbi qurumlar vahid komanda altında birləşib və Ali Baş Komandanın əmrləri ilə hərəkət edirlər. Şübhəsiz ki, bu işi həyata keçirmək üçün güclü iqtisadiyyat və güclü hərbi potensial lazımdır. Qürurla deyə bilərik ki, Azərbaycan həm güclü iqtisadi potensiala, həm də hərbi potensiala malik olan ölkədir.
Ölkəmiz gündən-günə güclənir, möhkəmlənir. Ölkəmizin iqtisadi gücü artdıqca hərbi sahəyə daha çox vəsait ayrılır.
Azərbaycanın hərbi potensialının gücləndirilməsi üçün bütün səylər səfərbər edilib, bütün maliyyə resursları cəmləşdirilib ki, torpaqlarımız işğalçılardan azad edilsin. Bu gün Azərbaycan ordusu, Azərbaycanın hərbi potensialı buna imkan verir. Sadəcə olaraq, istəyirik ki, məsələ dinc yolla, danışıqlar yolu ilə həll olunsun. Danışıqlarda Azərbaycanın mövqeləri güclənir. Azərbaycanın danışıqlarda konstruktiv mövqeyi artıq reallıqdır. Qarşı tərəf isə vaxt uzatmaqla məşğul olmağa və sadəcə olaraq, danışıqları pozmağa çalışır. Ancaq danışıqlar pozularsa, o zaman yeni vəziyyət yaranacaq və məsələnin hərbi yolla həlli məsələsi gündəliyə salınacaq.
"Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq”
Avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyev Ağdam və Bərdə rayonlarına səfər edib.
Prezident döyüş tapşırığını yerinə yetirərkən xüsusilə fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.
Dövlət başçısı hərbçilərlə görüşüb və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış edib. Ali Baş Komandan çıxışında demişdir: "Bu gün təmas xəttində vəziyyətlə tanış oluram. Müdafiə Nazirliyi müntəzəm olaraq operativ məlumat verir. Vəziyyət tam nəzarət altındadır. Bizim mövqelərimiz möhkəmdir, güclüdür və təmas xəttində Azərbaycan ordusu tam üstünlüyü əldə edib.
Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş potensialımızı artıracağıq. Hazırda Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, biz istənilən vəzifəni icra edə bilərik.
Son vaxtlar həm Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda, xarici mənbələrdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir qurğular əldə edilibdir. Ordumuzda ən güclü artilleriya qurğuları vardır. Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar - bütün bunlar bu gün Azərbaycan ordusunun potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər. Bunu biz də bilirik, Azərbaycan xalqı da, düşmən də bilməlidir. Bu gün ancaq Azərbaycan dövlətinin siyasəti sayəsində bölgədə sabitlik hələ ki təmin edilir. Azərbaycan sabitləşdirici ölkədir. Biz bu gün öz imkanlarımızı artıraraq daha da güclü orduya malik oluruq və bu ordu istənilən vaxtda istənilən vəzifəni icra edə bilər.
Bu gün təmas xəttində olarkən son günlər ərzində baş vermiş hadisələri də yada salırıq. Düşmən, erməni işğalçı qüvvələri bir həftə bundan əvvəl qorxaqcasına, namərdcəsinə gecə vaxtı bizim mövqelərimizə hücum etmişlər. Biz itki vermişik, əsgərlərimiz şəhid olmuşlar. Allah bütün şəhidlərə rəhmət eləsin, onların ailələrinə, yaxınlarına səbir versin. Ancaq, eyni zamanda, düşmən layiqli cavab aldı. Həmişə olduğu kimi, erməni tərəfi öz itkilərini gizlədir. Ancaq biz bilirik ki, onlarla işğalçı məhv edilmişdir və bu əməliyyatlarda xüsusi rəşadət, cəsarət, peşəkarlıq göstərən əsgər, gizir və zabitlər bu gün bu masa arxasında əyləşmişlər. Mən onları təltif etmişəm. Göstərdiyiniz cəsarətə görə, peşəkarlığa görə sizə Azərbaycan xalqı adından öz minnətdarlığımı bildirmək istəyirəm və əminəm ki, bundan sonra da bütün döyüş tapşırıqlarını ləyaqətlə icra edəcəksiniz.
Bu gün düşmən panikadadır, isterikadadır. Biz bunu bilirik. Bizim kifayət qədər imkanlarımız var ki, qarşı tərəfdə nələr baş verdiyini bilək. Biz tam şəkildə hərbi və mənəvi üstünlüyü əldə etmişik. Biz öz torpağımızdayıq. Bir həftə bundan əvvəl həlak olmuş şəhidlərimiz öz torpağında şəhid olmuşlar. Sual olunur: erməni əsgərinin - işğalçı qüvvələrin əsgərinin Ağdam ərazisində nə işi var? Bu gün Ermənistanın faşist rəhbərliyi, hərbi xunta öz ölkəsini uçuruma aparır. Onlar bizim torpaqlarımızı işğal ediblər, eyni zamanda, bütün Ermənistanı işğal ediblər. Erməni xalqı kriminal, korrupsioner rəhbərlikdən öz canını qurtarmalıdır. Əks təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistan faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər.
Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Həmişə belə olub, bu gün də belədir, sabah da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində baş vermiş hadisələr nəticəsində müvəqqəti olaraq torpaqlarımız işğal altına düşmüşdür. Ancaq biz öz suverenliyimizi bərpa edəcəyik. Bütün işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılacaqdır. Bu, bizim məqsədimizdir. Bu məqsədə doğru gedirik və biz bu məqsədə çatmaq üçün daha da güclü ordu yaratmalıyıq.
Bu gün ölkəmizin iqtisadi, siyasi potensialı Ermənistandan qat-qat artıqdır, üstündür. Son illər ordu quruculuğu sahəsində görülən işlər nəticəsində biz hərbi üstünlüyü də əldə etmişik və öz potensialımızı getdikcə daha da artıracağıq. Münaqişənin həlli yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Tarixi, əzəli Azərbaycan torpağıdır. Beynəlxalq hüquq normaları bizim mövqeyini dəstəkləyir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Dövlətimiz heç vaxt Azərbaycan torpağında ikinci qondarma "erməni dövləti”nin yaradılmasına imkan verməyəcək, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik: ya sülh yolu ilə, ya hərbi yolla. Biz hər iki varianta hazırıq. Son gülər ərzində və ondan əvvəlki dövrdə təmas xəttində müşahidə olunan mənzərə onu deməyə əsas verir ki, biz istənilən varianta hazırıq. Necə ki, siyasi və iqtisadi meydanda ermənilərə qalib gəlmişik, döyüş meydanında da onlara qalib gəlməyə qadirik. Biz güclü hərbi potensiala malikik. Artıq bu, müxtəlif vaxtlarda nümayiş etdirilib. Hərbi təlimlərdə və paradlarda bizim texnikamız nümayiş etdirilir. Amma bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti, vətənpərvərliyidir. Bu gün Azərbaycanda elə gözəl gənc nəsil yetişib ki, onların hamısı Ali Baş Komandanın əmrini gözləyir. Son hadisələr də bunu göstərir. Hətta hərb işindən kənarda olan insanlar da öz fikirlərini, istəklərini bildirirlər, könüllü olaraq cəbhə bölgəsinə getmək istəyirlər. Bu, məni çox sevindirir və onu göstərir ki, Azərbaycanda vətənpərvərlik ruhu yüksəkdir. Mənəvi üstünlük bizim tərəfimizdədir. Ermənistandan isə son hadisələrdən sonra əhali kütləvi köçə başlamışdır. Onsuz da son illər ərzində Ermənistanı orta hesabla ildə 70-80 min vətəndaş həmişəlik tərk edirdi. Ancaq son günlər ərzində bu köç daha da güclü olmuşdur. Yəni onlar bizdən qorxurlar, panikadadırlar. Özləri etiraf edirlər ki, xarici yardım olmadan Ermənistanın müstəqilliyini saxlaya bilməzlər. Açıq şəkildə etiraf edirlər ki, xarici qüvvələrə güvənirlər. Azərbaycan isə öz xalqına, öz gücünə güvənirik. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və etməliyik. Azərbaycan xalqı öz ordusunu sevir, ona inanır, güvənir. Bizim, əlbəttə, bütün hərbi hissələrimizdə xidmət edən əsgər, gizir və zabitlər çox böyük qiymətə layiqdirlər. Ancaq sizin əməliyyatlarınızın, xüsusi təyinatlı bölmələrdə xidmət edən əsgər və zabitlərimizin xüsusi xidməti var. Onlar hər an öz həyatınızı risk altına salır, böyük qəhrəmanlıq göstərirlər. Bizim işimiz haqq işidir.
Azərbaycan öz gücünə, öz xlaqına güvənir
Azərbaycan Prezidenti İlham Əliyev hazırda işğal altında olan torpaqlarımızın mütləq azad ediləcəyini vurğulayıb. Ali Baş Komandan öz çıxışında vurğulayıb ki, Azərbaycan xalqı özünün qədim torpaqlarında yaşayıb, yaşayır və yaşayacaq. Ali Baş Komandan demişdir:
- Biz öz torpağımızda yaşayırıq. Bura Azərbaycan torpağıdır. Buradan bir neçə kilometr məsafədə yerləşən Ağdam şəhəri də Azərbaycan torpağıdır, Xankəndi də, Şuşa da, bütün digər işğal edilmiş torpaqlar da. Ağdam şəhərini erməni quldurları, vəhşiləri yerlə-yeksan ediblər. Buradan Ağdam şəhərinin qalıqları açıq-aydın görünür. İki binadan başqa bütün binalar dağıdılıb. Biz Ağdam şəhərini bərpa edəcəyik. İşğal edilmiş, dağılmış bütün şəhərləri bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq, biz bu fikirlə yaşayırıq və yaşayacağıq. Münaqişə öz həllini tapmayana qədər daim öz prinsipial mövqeyimizi nümayiş etdirəcəyik və təmas xəttində üstünlük daim bizdə olacaqdır.
Göstərdiyiniz qəhrəmanlığa görə sizi bir daha təbrik edirəm, sizə öz minnətdarlığımı bildirmək istəyirəm.
Mən hərbi hissələrdə tez-tez oluram. Təmas xəttində də, bu bölgədə də, digər mövqelərdə də olmuşam. Bir daha demək istəyirəm ki, mənə operativ məlumat verilir. Ancaq bu gün gəlmişəm ki, sizinlə birlikdə bu səngərlərdə olum, sizə öz sözümü deyim və Azərbaycan xalqını buradan əmin edim ki, Azərbaycan ordusu Azərbaycan dövlətini qoruyur və öz məqsədinə çatacaq. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Azərbaycan müstəqil
ölkə kimi böyük nailiyyətlər qazanıb
Azərbaycan böyük və gözəl gələcəyi olan bir ölkədir. Bu gün ölkəmiz sözün əsl mənasında intibah dövrünü yaşayır. Bütün sahələrdə quruculuq, abadlıq işləri, sürətli inkişaf təmin olunur. Bütün regionlarda işlər sürətlə gedir. Uğurlu neft siyasətimiz, regionların inkişafı, bir sözlə, Azərbaycanın uğurlu yüksəlişi və bundan sonrakı illərdə dayanıqlı inkişafı artıq reallıqdır.
Azərbaycan müstəqil ölkə kimi böyük nailiyyətlər qazanıb. Respublikamız müstəqil ölkə kimi müstəqil siyasət aparır. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir ölkədir. Azərbaycan etibarlı tərəfdaşdır və regionda gedən proseslərdə fəal rol oynayan ölkədir. Biz bütün sahələrdə, bütün istiqamətlərdə işimizi konkret proqramlar çərçivəsində qurmuşuq. Bütün istiqamətlərdə inkişaf, tərəqqi vardır.
Ölkəmizin təhlükəsizliyinin qorunması üçün Sərhəd Xidmətinin çox böyük rolu var. 1990-cı illərin əvvəllərində Azərbaycanda sərhəd infrastrukturu yox idi və xaricdən erməni terror təşkilatlarının təşkil etdiyi terror aktları Azərbaycan dövlətini sarsıtmışdı. Bu gün Azərbaycan sərhədləri lazımi səviyyədə qorunur. Bu, bizə imkan verir ki, ölkə daxilində bütün işləri lazımi səviyyədə aparaq. Ölkə daxilində mövcud olan sabitlik, ictimai-siyasi asayiş, əmin-amanlıq bizim böyük nailiyyətimizdir. Biz bu vəziyyəti qorumalıyıq və qoruyacağıq. Azərbaycan xalqının firavan gələcəyini təmin edəcəyik. Azərbaycan dövlətinin möhkəmlənməsi üçün bütün tədbirləri görəcəyik.
Bir daha qeyd etmək lazımdır ki, Sərhəd Xidmətinin bu işlərdə böyük rolu və töhfəsi vardır. Sərhədçilər ölkəmizini bütövlüyünü müxtəlif yollarla pozmaq istəyənlərə qarşı mübarizə aparırlar, döyüşürlər və qələbə qazanırlar.
Heydər Əliyev Dövlətimizin memarı və qurucusu olmaqla yanaşı, həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş hərbi parad ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramın təntənəsi olmaqla yanaşı, Silahlı Qüvvələrimizin güc və qüdrətinin nümayişi idi.
Silahlı Qüvvələr Gününün tarixləşməsi də ümummilli liderimizin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən artıq 13 ildir ki, 26 İyun - Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. Ümummilli lider Heydər Əliyev imzaladığı Fərmanla tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası ilə bağlı çox böyük əhəmiyyətə malik bir addım atmışdır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra məhz onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşmışdır.
1993-cü il noyabrın 1-də Azərbaycanda Müdafiə Şurası yaradılmış, noyabrın 2-də isə Prezident Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı televiziya ilə xalqa müraciət etmişdi. Bu müraciət Azərbaycan Silahlı Qüvvələri quruculuğunda yeni mərhələnin - Heydər Əliyev mərhələsinin başlanğıcı oldu.
Xalqımızın ümummilli lideri Heydər Əliyev müasir müstəqil dövlətimizin memarı və qurucusu olmaqla yanaşı, həm də qüdrətli Azərbaycan ordusunun yaradıcısıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Bu gün Azərbaycanın güclü ordusu var. Azərbaycan ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur.
Bu, doğrudan da, belədir. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İyunun 25-də Azərbaycan Prezidentinin hərbi qulluqçuların təltif edilməsi və Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması barədə imzaladığı sərəncamlar Silahlı Qüvvələrin şəxsi heyətini daha qətiyyətli, vətənin müdafiəsi işində daha əzmkar və ayıq-sayıq olmağa ruhlandırıb.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 96 il ötür. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.
Məlum olduğu kimi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Milli Ordunun təşkili idi. Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış, ulu öndər Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin cəsarətli addımları sayəsində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da Heydər Əliyevin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Təsadüfi deyildir ki, Cəmşid Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrilmişdi.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi vəziyyətlə üzləşmişdi. Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verilmişdi. Azərbaycan ordusunun yaranması, sadəcə, kağız üzərində qalmışdı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə ilə üz-üzə qoymuşdu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda Milli Ordunun güclənməsi daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.
Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci ildə Silahlı Qüvvələrin yaradılmasının 90 illik yubileyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paraddakı nitqində o dövrü xarakterizə edərkən demişdir: "1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, əlbəttə ki, Milli Ordunun yaranması çox vacib məsələ idi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda nizami ordu yarana bilmədi. Azərbaycanda ordu quruculuğu lazımi səviyyədə aparılmırdı. Yalnız Azərbaycan xalqının tələbi ilə ümummilli lider, ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra ölkədə ordu quruculuğu prosesi başlandı. Əslində, Azərbaycanda dövlət quruculuğu prosesi başlanmışdır və müstəqil ölkəmizin qurucusu Heydər Əliyevin səyləri nəticəsində, müstəsna xidmətləri nəticəsində Azərbaycanda ordu quruculuğu prosesi çox sürətlə aparılırdı. Qısa müddət ərzində nizami ordunun yaranması mümkün olmuşdur və bu gün ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür, peşəkarlıq artır. Mən çox şadam ki, bu gün Azərbaycan Ordusu ən yüksək standartlara cavab verir”.
Ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur.
Azər Əlizadə
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap edilir.