Azərbaycanda bütün sahələrdə sürətli inkişaf müşahidə olunur

Azərbaycanda bütün sahələrdə sürətli inkişaf müşahidə olunur


Azərbaycanda səfərdə olan Moldovanın gənclər və idman naziri Oktavian Bodiştyanu avqustun 18-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı üzərinə gül dəstəsi qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Sonra qonaq Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə gül, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən moldovalı nazirə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Daha sonra Gənclər və İdman Nazirliyində görüş keçirilib.
Görüşdə gənclər və idman naziri Azad Rəhimov Azərbaycan ilə Moldova arasındakı əməkdaşlığın uğurlu inkişafından danışıb. A.Rəhimov qonağa nazirliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Nazir, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlər haqda ətraflı söhbət açıb.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən moldovalı nazir bildirib ki, Azərbaycanda bütün sahələrdə sürətli inkişaf müşahidə olunur.
Görüşdə gənclər və idman sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib.