Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında boksçumuz Rüfət Hüseynov Olimpiya çempionu adını qazanaraq boks azarkeşlərinə sevinc bəxş etdi. Boks üzrə ilk Olimpiya çempionluğunun əldə olunması bu növün ölkəmizdə yüksək səviyyəli inkişafını bir daha sübuta yetirdi. Ümumiyyətlə, 2014-cü ili Azərbaycan boksu üçün uğurlu illərdən hesab etmək olar. Dəri əlcək ustalarımızın bu il müxtəlif yaş qrupu üzrə yarışlarda əldə etdikləri nailiyyətlər respublikamızın beynəlxalq aləmdə nüfuzunu yüksəltməklə yanaşı, ölkəmizin idman tarixində də özünəməxsus iz buraxıb.
Bugünlərdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyevlə görüşərək, Yeniyetmələrin II Olimpiya Oyunlarında əldə olunan möhtəşəm uğur, boksçularımızın builki yarışlarda qazandıqları nailiyyətlər, son illərdə ölkəmizdə boksun inkişafı və gələcək planlar barədə söhbət etdik.
- Ağacan müəllim, boksçumuz Rüfət Hüseynov Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazandı. Dəri əlcək ustamızın qızıl medal əldə edəcəyini gözləyirdinizmi?
- İlk növbədə onu deyim ki, Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Olimpiya Oyunlarında qazanılan uğur ölkəmizdə boksun yüksək səviyyədə inkişafını bir daha nümayiş etdirdi. Bu uğur bir daha təsdiqlədi ki, gənclərdən ibarət yığma komandamızın heyətində istedadlı, perspektivli boksçular var. Bu yaş qrupu üzrə ehtiyat qüvvənin formalaşması Azərbaycan boksunun parlaq gələcəyindən xəbər verir. Xatırladım ki, 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin I Olimpiya Oyunları ilə müqayisədə, Nankində yarış iştirakçılarının sayına məhdudiyyət qoyulmuşdu. Gənclər arasında keçirilən dünya çempionatında mükafatalayiq yerləri tutan 3 boksçumuz-Məsud Yusifzadə, Rüfət Hüseynov və Məhəmmədəli Tahirov yarışlarda iştirak hüquq qazandı. Etiraf edim ki, Məsud Yusifzadəyə daha çox ümidlər bəslənilirdi. Olimpiada ərəfəsində uğurlu çıxışları ilə fərqlənən boksçumuz, nədənsə, Nankində imkanlarından aşağı səviyyədə çıxış etdi. O, dünya çempionatında çox gözəl boks nümayiş etdirmişdi. Görünür, Nankində zəif çıxışı onun psixoloji hazırlığı ilə bağlı idi.
- Boksçularımızın çıxışlarını izədinizmi?
- Bəli, izlədim. Budəfəki olimpiadada boks yarışları çox maraqlı oldu. Boksçularımızın çıxışına gəlincə, Rüfət Hüseynov çempion adını qazanaraq bütün rəqiblərindən güclü olduğunu sübuta yetirdi.
Qeyd edim ki, onun çıxışı mənə ötən il boks üzrə dünya çempionu adını qazanan Cavid Çələbiyevin döyüşünü xatırlatdı. Cavid dünya çempionatında yüksək səviyyəli döyüş nümayiş etdirmişdi. Qeyd edim ki, indiyədək boks tariximizdə 6 döyüş keçirərək dünya çempionu titulunu qazanan boksçu olmamışdı. Cavidin çıxış etdiyi çəki dərəcəsində 50-dən çox idmançı mübarizə aparırdı. Maraqlıdır ki, boksçumuzun 6 döyüş keçirməsinə baxmayaraq, bu görüşlərdən sonra onun üzündə heç bir zədə izi yox idi. Rüfət Hüseynovun da yarışlarda üç raund ərzində yorulmadan döyüşməsi onun yüksək səviyyəli hazırlığından xəbər verir. Rüfətin qələbə qazanmasında, ilk növbədə, onun fiziki hazırlığı, eləcə də, özünəinamlı olması böyük rol oynadı. Onu da deyim ki, yeniyetmələr arasında keçirilən Olimpiya oyunlarında boks üzrə iki çempionumuz ola bilərdi. Təəssüf ki, komandamızın ən güclü boksçusu, Avropa çempionumuz Cavid Quliyev (64 kq) Nankinə lisenziya verən dünya çempionatında qara ciyərindən çox ciddi zədə aldı. İdmançımız elə Bolqarıstanda əməliyyat olundu. Cavid dünya çempionatında qələbəyə ən iddialı idmançımız idi. Zədə üzündən idmançımız Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında da iştirak hüququ qazana bilmədi. Qeyd edim ki, həkimlər boksçumuza ən azı bir il idmanla məşğul olmamağı tövsiyə ediblər.
- Boks yarışlarında digər ölkə təmsilçiləri necə çıxış etdilər?
- Digər mötəbər yarışlarda olduğu kimi, Nankində də dünyanın tanınmış boks ölkələri güclü olduqlarını bir daha sübuta yetirdilər. Boks yarışlarında Kuba 3 qızıl, 1 gümüş medalla birinci pillədə qərarlaşdı. ABŞ, Qazaxıstan, Özbəkistan, Bolqarıstan 1 qızıl, 1 gümüş medalla ilk beşlikdə yer aldı. Bolqarıstanın ilk beşlikdə yer alması maraq doğuran məqamlardandır. Qeyd edim ki, son dövrlərdə Bolqarıstanda elə də güclü boks məktəbi mövcud deyildi. Amma, görünür, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan gənclər arasında dünya çempionatının Bolqarıstanda təşkili bu ölkədə boksun inkişafına güclü təkan verib. İtaliya, Azərbaycan, Almaniya, Ukrayna hərəyə bir qızıl medalla 7-9-cu pillələrdə qərarlaşdılar. Rusiya komandası 1 gümüş, 1 bürünc medalla 10-luğu tamamlayır. Düzü, gənclər və yeniyetmələr arasında güclü boksçuları ilə fərqlənən Rusiya komandasının 10-cu olması da maraqlı məqamlardandır. Xatırladım ki, Sinqapurda keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında boksçularımız 2 gümüş medal əldə etmişdilər. Etiraf etmək lazımdır ki, bir qızıl, iki gümüşdən daha üstün nəticədir. Çünki ölkələrin reytinq sıralaması zamanı, ilk növbədə, qızıl medalların sayı əsas götürülür. Məhz elə buna görə olimpiadada müxtəlif növlər üzrə 5 qızıl, 6 gümüş, 1 bürünc medal qazanan Azərbaycan gümüş və bürünc medalı bizdən çox olan bir sıra ölkələri qabaqladı.
- Ümumilikdə Azərbaycan komandasının çıxışını necə qiymətləndirərdiniz?
- Azərbaycan komandası yüksək səviyyəli çıxışını qazandığı medallarla bir daha nümayiş etdirdi. Sevindirici haldır ki, Sinqapur-2010 Olimpiya Oyunları ilə müqayisədə, təmsilçilərimiz medalların sayını 8-dən 12-yə çatdırdılar. Yay Olimpiya oyunlarında medallarımızın sayı iki-iki artırdısa, gənclər arasında, bu, 4 medal təşkil etdi. Nankində əldə olunan nəticə, 200-dən çox ölkə arasında komandamızın ilk 10-luqda yer alması Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübuta yetirdi. Sevindirici haldır ki, budəfəki oyunlarda idmançılarımız daha çox sayda idman növündə medal qazandılar. Yeniyetmə olimpiyaçılarımız boks, cüdo, taekvondo, avarçəkmə, güləş, atletika idman növlərində medallara sahib çıxdılar. İlk dəfə olaraq Olimpiya oyunlarında taekvondo, avarçəkmə, atletika idman növlərində medalların əldə olunması fərəhli haldır.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi, idmana da göstərdiyi diqqət və qayğı nəticəsində bu gün ölkəmizdə ən mötəbər yarışlar keçirilir, təmsilçilərimiz bu yarışlarda medallar qazanırlar. Boksa göstərilən dövlət qayğısı dəri əlcək ustalarımızın dünya arenalarındakı uğurlarının get-gedə artmasına şərait yaradır. Eyni zamanda, federasiyamızın rəhbərliyi də daim boksçularımızı diqqətdə saxlayır. Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov tərəfindən bokçularımız üçün hər cür şərait yaradılıb. Onların yarışlarda, təlim-məşqlərdə iştirakı tam təmin olunub. Təsadüfi deyil ki, bu gün Azərbaycan boksu dünya reytinqində qabaqcıl pillələrdə yer alır. İnanıram ki, boksçularımız bundan sonra da Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edəcəklər.
- Medal qazanan boksçularımızı 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarının çempionları qismində görürsünüzmü?
- Hazırda boks üzrə böyüklərdən ibarət yığma komandanın heyətində kifayət qədər istedadlı, güclü potenisala malik, gənc və təcrübəli boksçularımız var. Dünya çempionu Cavid Çələbiyev, London-2012-nin bürünc mükafatçıları Teymur Məmmədov və Məhəmmədrəsul Məcidovun Olimpiya oyunlarında medal qazanmaq şansları yüksəkdir. Qeyd edim ki, Teymur Məmmədov və Cavid Çələbiyev hələ çox gəncdirlər. Onlar hələ, ən azı, iki Olimpiya oyunlarında iştirak edə bilərlər. Bu boksçularımızla yanaşı, gənclər arasında perspektivli idmançılarımızın yetişməsi, bu sahədə yüksək təcrübə qazanılması fərəhli haldır. Arzu edirəm ki, boksçularımız gənclər, eləcə də böyüklər arasında yarışlarda ustalıqlarını yüksək səviyyədə nümayiş etdirərək daha böyük uğurlar qazansınlar.
- Ağacan müəllim, ümumiyyətlə, yeniyetmələr arasında Olimpiya oyunları kimi mötəbər idman tədbirinin təşkilini necə qiymətləndirirsiniz?
- Bu yarışın əhəmiyyəti təkcə qazanılan medallarla ölçülməməlidir. Əsas odur ki, yeniyetmə idmançılarımız bu cür yarışlarda iştirak etməklə təcrübə qazanırlar. Kiçik yaşlarından belə möhtəşəm yarışda iştirak edən idmançılar Olimpiya Hərəkatı haqqında geniş təsəvvürə malik olur, Olimpiya həyəcanını yaşayırlar. Bu isə böyük idmana gedən yolda stimuldur. Bu gün yeniyetmələr arasında yarışlarda çıxış edən 17-18 yaşlı gənclər bir ildən sonra böyüklər arasında yarışlarda qüvvələrini sınayırlar. Yeniyetmələr arasında Olimpiya oyunlarında iştirak böyüklərdən ibarət yığmaya keçməyə hazırlaşan idmançılara əlavə üstünlük qazandırır.
Ümumiyyətlə, Olimpiya oyunlarının təşkili dostluğa, sülhə, xidmət edir. Oyunların təşkilində məqsəd xalqlar arasında dostluq yaratmaqla yanaşı, uşaqların fiziki və mənəvi cəhətdən inkişafına nail olmaqdır. Müasir Olimpiya oyunları 1896-cı ildə baron Pyer de Kuberten tərəfindən bərpa olunub. İxtisasca müəllim, pedaqoq olan Kuberten gəncləri fiziki cəhətdən sağlam, daim hərəkətdə görmək istəyirdi. O qeyd edirdi ki, hərəkətdə olan insan daim sağlam olur. Gənclərin fiziki və mənəvi inkişafı məqsədilə o, 776-cı ildə keçirilən qədim Yunan Olimpiya oyunlarını bərpa etmək təşəbbüsü ilə çıxış etdi. Məhz bu məqsədlə 1896-cı ildə Olimpiya oyunları bərpa olundu. Kuberten Beynəlxalq Olimpiya Komitəsinə düz 24 il rəhbərlik etdi. Qədim Oyunların vətəni Yunanıstan olduğundan, müasir Olimpiya oyunlarının da məhz Afina şəhərində təşkili qərara alındı. Sonradan Oyunların coğrafiyası daha da genişləndi. Sevindirici haldır ki, böyük tarixə malik Olimpiya oyunları artıq ikinci dəfədir ki, yeniyetmələr arasında da təşkil olunur.
- Ağacan müəllim, 2014-cü ilin geridə qalan aylarını Azərbaycan boks idmanının inkişafı üçün necə dəyərləndirirsiniz?
- Qeyd edim ki, son illərdə boks ölkəmizdə yüksək səviyyədə inkişaf etdirilir. Boks idman növündə əldə olunan uğurlar bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir. 2009-cu ildə Azərbaycan Boks Federasiyasının rəhbərliyinə Kəmaləddin Heydərovun gəlişindən sonra bu sahədə böyük irəliləyişlər əldə olunub. Bu gün federasiya rəhbərliyi tərəfindən paytaxtla yanaşı, respublikamızın bölgələrində də bu idman növünün inkişafına yüksək səviyyəli diqqət və qayğı göstərilir. Bölgələrimizdə müasir standartlara cavab verən boks zalları tikilərək idmançıların istifadəsinə verilib.
Hər il olduğu kimi, bu il də boksçularımız uğurlu nailiyyətlərə imza atıblar. Bu ilin əsas yarışı Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunları idi. Bu il əsas diqqət bu yarışa hazırlığa yönəlmişdi. Məlum olduğu kimi, bu oyunlarda da boksçumuz ümidləri doğruldaraq qızıl medal qazandı. İnanıram ki, yay Olimpiya oyunlarında da boks üzrə qızıl medal əldə edəcəyik. Hazırda əsas məqsədimiz gələn il ölkəmizdə təşkil olunacaq Avropa Oyunlarında yüksək səviyyədə çıxış etməkdir. Məlum olduğu kimi, Avropa Oyunlarına təşkilati işlər yüksək səviyyədə gedir. Biz sübut etməliyik ki, Azərbaycan böyük yarışları əla təşkil etməklə yanaşı, yüksək nailiyyətlər qazanmağa da qadirdir.
Bu ilin dekabr ayında gənclər arasında Abbas Ağalarovun xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri keçiriləcək.
Gələn ilin mart ayında beynəlxalq "İpək yolu” turniri, may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir təşkil ediləcək.
Qeyd edim ki, 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək növbəti yay Olimpiya oyunlarına boks üzrə lisenziya verən Avropa Təsnifat turniri Bakıda təşkil olunacaq. Olimpiadaya lisenziya qazandıracaq digər yarış 2016-cı ilin əvvəllərində Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatı olacaq.
Qeyd edim ki, Azərbaycan Boks Federasiyası tərəfindən görülən işlər AİBA tərəfindən də yüksək qiymətləndirilir. Məhz bunun nəticəsidir ki, bu cür mötəbər tədbirlərin təşkili Azərbaycana həvalə olunur. Beynəlxalq qurumların məhz ölkəmizə etimad göstərməsi respublikamızın ən mötəbər yarışlar keçirmək sahəsində yüksək təcrübəyə malik olduğunu nümayiş etdirir. Qeyd edim ki, hazırda paytaxtımızda Boks Evinin tikintisi davam edir. Orada boks, təlim-məşq zalları ilə yanaşı, qonaqların qalması üçün geniş mehmanxana da inşa olunur. Boks Evinin Avropa Oyunlarına qədər təhvil verilməsi planlaşdırılır. Bu gün boksun regionlarda inkişafı da bizi sevindirməyə bilməz. Qəbələdə boks üçün hərtərəfli təlim-məşq bazası yaradılıb. Sumqayıt, Dəvəçi, Gəncə, Şəmkir, Astara, Lənkəran və Şirvanda boksçularımız üçün ideal şərait var. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin iştirakı ilə Masallıda boks mərkəzinin açılışı oldu. Bölgələrdə yaradılan şəraitin nəticəsidir ki, yarışlarda bölgə təmsilçiləri də fərqlənirlər. Bu gün yüksək nəticə əldə edən Rüfət Hüseynov, Cavid Çələbiyev kimi boksçularımızın regionları təmsil eməsi bölgələrdə bu idman növünün inkişafının göstəricisidir.
Aysel Sultanova