“Tələbələrimizin milli ruhda tərbiyələndirilməsi hər zaman dövlətimizin diqqət mərkəzində olub”

“Tələbələrimizin milli ruhda tərbiyələndirilməsi hər zaman dövlətimizin diqqət mərkəzində olub”


İdman gənc nəslin sağlam formalaşması üçün ən yaxşı vasitələrdən biridir. Buna görə də onların savadı, geniş dünya görüşünə malik olması ilə yanaşı, sağlamlığı da daima diqqət mərkəzindədir. Ölkəmizdə bu istiqamətdə mühüm tədbirdlər həyata keçirilir, yeni layihələr tərtib edilir. Respublikamızın ali məktəblərində də idmanın inkişafına xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, Azərbaycan idmanını beynəlxalq miqyaslı yarışlarda layiqincə təmsil edən idmançıların arasında tələbələr az deyil. Ölkədaxili yarışlarda iştirak edən idmançılar isə məhz orta və ali təhsil müəssisələrinin yetirmələridir. Orta məktəblərdə keçirilən kütləvi idman tədbirləri zaman keçdikcə öz növbəsini ali məktəblərdə təşkil olunan yarışlara təhvil verir. Ali təhsil müəssisələri arasında keçirilən universiada bu qəbildən olan yarışlara daxildir. Ölkənin aparıcı ali təhsil ocaqlarının tələbələri öz fiziki qüvvələrini bu universiadalarda nümayiş etdirirlər. Bu isə Azərbaycanın gələcəyə doğru uğurla addımlayan gənclərinin sağlam formalaşmasına xidmət edir. İllər ötdükcə ölkəmizdə həyatın bütün sahələri ilə birgə, idmanda da böyük nailiyyətlər qazanılıb. Respublikamızda bu sahəyə daima diqqət və qayğı göstərilir, xalqımızın, o cümlədən də gənc nəslin sağlam ruhda tərbiyə olunması, fiziki hazırlığının inkişaf etdirilməsi məqsədilə mühüm addımlar atılır. Məhz bu diqqət və qayğı nəticəsində respublikamızın idmançıları dünya arenalarında ölkəmizin şərəfini ləyaqətlə qoruyurlar. Gənclər arasında müntəzəm olaraq müxtəlif idman tədbirləri də təşkil olunur, onların beynəlxalq arenalarda çıxışları üçün imkanlar yaradılır. Ölkəmizin ali təhsil müəssisələrində tələbələrin idmanla məşğul olmaları üçün şərait yaradılıb, məktəblərin idman bazaları zənginləşdirilib.
Yüzlərlə gənc idmançını öz sıralarında birləşdirən "Gənclik” Tələbə İdman Cəmiyyəti ("Gənclik” TİC) sağlamlığın təminatçısı olan idmanın tələbələr arasında daha geniş miqyasda yayılması üçün il ərzində bir sıra tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də ənənəvi olaraq hər 2 ildən bir keçirilən tələbələrin respublika universiadasıdır. İlin əvvəlində ali təhsil müəssisələrinin arasında təşkil edilən universiada yarışlarında tələbələr böyük fəallıq nümayiş etdirirlər. Hər il keçirilən respublika universiadası tələbə idmançıların mübarizə apardığı ən böyük yarışlardan biri sayılır. Tələbə idmançılar məhz bu geniş miqyaslı yarışda öz bacarıqlarını nümayiş etdirirlər və burada uğur qazananlar ölkəmizi beynəlxalq arenlarda təmsil edirlər.
"Gənclik” Tələbə İdman Cəmiyyətində indiyədək müxtəlif səviyyəli yarışlar keçirilib. Bu turnirlərdə yüzlərlə tələbə qalib adı uğrunda mübarizə aparıb. Cəmiyyətin təşkil etdiyi yarışlar, turnirlər, tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat toplamaq istədik. Bununla əlaqədar "Gənclik” TİC-in sədri Tofiq Xanəlıyevlə görüşdük. Müsahibimiz bizimlə söhbətində cəmiyyətin gördüyü işlərdən ətraflı danışdı.

- Tofiq müəllim, rəhbərlik etdiyiniz "Gənclik” TİC-in əsası nə vaxt qoyulub? Cəmiyyətin həyata keçirdiyi işlərin əsasında nələr dayanır?
- Əvvəlcə onu deyim ki, 1936-cı ildə Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının qərarına əsasən "Burevestnik” könüllü tələbə idman cəmiyyəti təşkil edilmişdir. "Burevestnik” idman cəmiyyətinə müxtəlif illər ərzində ayrı-ayrı insanlar rəhbərlik etmişlər. 1987-ci ildə bütün idman cəmiyyətləri ləğv olunmuş, onların yerində isə Həmkarlar İttifaqları Ümumittifaq Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətlərinin Respublika Şurası yaradılmışdır. 1992-ci ildə həmkarlar ittifaqlarında edilmiş struktur dəyişiklikləri nəticəsində bu idman təşkilatı da ləğv olunmuş və xidmət sahələri üzrə fəaliyyət göstərən əvvəlki idman cəmiyyətlərı yenidən bərpa olunmuşdur. Belə idman cəmiyyətlərindən biri də "Gənclik” Tələbə İdman Cəmiyyətinin Respublika Şurasıdır. Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbə gənclərin bədən tərbiyəsi və idmana kütləvi surətdə cəlb olunması, onların fiziki hazırlıqlarının inkişaf etdirilməsi, habelə müstəqil respublikamızın tələbə idmançılarının beynəlxalq miqyaslı yarışlarda iştirakını təmin edə biləcək bir təşkilatın yaradılmasına ehtiyac duyulurdu. Bütün bunları nəzərə alaraq, 1992-ci il may ayının 15-də Təhsil Nazirliyi, Respublika İdman Komitəsi Azərbaycan Həmkarlar İttifaqlari Şurasının təsisçiliyi ilə keçmiş "Burevestnik” idman cəmiyyətinin varisi kimi "Gənclik” Tələbə İdman Cəmiyyətinin Respublika Şurası bərpa olundu. Hazırda respublikamızda fəaliyyət göstərən idman qurumlarından bir də məhz "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasıdır . Azərbaycan Həmkarlar İttifaqlarının nəzdində fəaliyyət gostərən bu qurum tələbə gənclərin sağlam həyat tərzinin təşkilini təmin edir. Təsadüfı deyildir ki, orta və ali təhsil ocaqlarında yüksək hazırlıqlı idmançıların yetişməsində və idman növlərinin hərtərəfli inkişafında "Gənclik” TİC RŞ-nin böyuk rolu var. Cəmiyyət həmçinin tələbələr arasında idmanın bir çox növləri üzrə respublika səviyyəli spartakiada və universiadanın, eləcə də çempionat və birinciliklərin də təşkili ilə məşğuldur. Tələbə- idmançılar cəmiyyətimizin rəhbərliyi ilə dəfələrlə ümumdünya universiadalarında və idmanın ayrı-ayrı növləri üzrə tələbələrin dünya çempionatlarında iştirak ediblər. Onlar bu yarışlarda respublikamızın adını yüksəklərə qaldırıb, dəfələrlə beynəlxalq arenalarda himnimizi səsləndiriblər. Yəni dediyim oduki, "Gənclik” TİC-in idman sahəsində qazandığı uğurlar yetərincədir. Biz öz işimizi bu gün də davam etdirir, idmanda yüksək nəticələr qazanmaq üçün lazım olan tədbirlər həyata keçiririk.

- Respublikamızda gənclərə xüsusi qayğı göstərilir. Bu sırada tələbələr daha çox yer alır. Ali təhsil müəssisələrində oxuyan tələbələrin vətənpərvərlik tərbiyəsi də diqqətdən kənarda deyil. Sizin rəhbərlik etdiyiniz cəmiyyət öz ətrafında məhz tələbələri birləşdirir. İstərdik ki, bu nəslin vətənə olan sevgisi, onlara milli şüurun necə aşılanması barədə danışasınız.
- Ümümiyyətlə, respublikamızda gənclərin, o cümlədən tələbələrin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ümummilli lider Heydər Əliyevin əsas diqqət mərkəzində olan ən vacib məsələlərdən biri olmuşdur. Xalqına bağlı olan dahi siyasətçi gənclərin milli mənlik şüurunun inkişafına və onlara vətənpərvərlik hisslərinin aşılanmasına xüsusi diqqət ayırırdı. Azərbaycanın uşaq və gənclərinin sağlamlığı, sağlam nəslin yetişməsi üçün bu, vacib idi. Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev daim gənclərin problemləri ilə maraqlanır, onlar üçün lazımi şərait yaradır. Bu gün ölkə gənclərinin beynəlxalq müsabiqələrdə, festivallarda, olimpiadalarda iştirakı və uğur qazanmaları bu sahəyə olan xüsusi dövlət qayğısından və diqqətdən xəbər verir. Tələbələrimizin milli ruhda tərbiyələndirilməsi hər zaman dövlətimizin diqqət mərkəzində olub. Bu gün ali təhsil məktəblərində tələbələrlə görüşlər keçirilir. Onların müxtəlif müsabiqələrdə, festivallarda iştirakı təmin olunur. Gənclərlə aparılan söhbətlər bu nəslin vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərir. Hamımız bilirik ki, Azərbaycanın şanlı ordusunun tərkibində yer alanların əksəriyyəti gənclərdir. Onlara orta məktəblərdən başlayaraq vətən sevgisi aşılanır. Bu iş ali təhsil ocaqlarında da daima diqqət mərkəzindədir. Məhz buna görədir ki, gənclərimiz sərhədlərimizin keşiyində mərdliklə dayanırlar. Çünki onların qəlbində vətənə məhəbbət çox güclüdür.

- Şübhəsiz ki, vətən sevgisi, vətənə məhəbbət hissləri çox vacib amildir. Bununla yanaşı, gənclərin fizik sağlamlığı da hər zaman diqqət mərkəzindədir. Ölkəmizin ali təhsil ocaqlarının əksəriyyətində idmanla məşğul olmaq üçün lazımi şərait var...
- Ümumiyyətlə, idman insanlara mənəvi qüvvə, nikbinlik, həyat eşqi bəxş edir. Erkən yaşlardan idmanla məşğul olmaq insanın sağlam həyat tərzinin formalaşmasını sürətləndirir. Xüsusilə gənclər və yeniyetmələrin bədən tərbiyəsi, həmçinin mənəvi və estetik tərbiyəsinin düzgün formalaşması onların əxlaqına, davranışına, kollektivə və cəmiyyətə inteqrasiyasına müsbət təsir edir. İdman insanların həyat yolunu arzuolunmaz istiqamətlərə deyil, sağlam həyat tərzinə, mədəniyyətə, incəsənətə yönəldir, intellektual səviyyəsinin formalaşmasına yardımçı olur. Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi çox böyük əhəmiyyət daşıyır. Hazırda ölkə əhalisinin əsas aparıcı qüvvəsi olan gənclərin sağlam həyat tərzinin formalaşmasında, milli mənlik şüurunun inkişafında, vətənpərvərlik hisslərinin tərbiyəsində idmanın rolunun həlledici olması üçün xüsusi dövlət siyasəti həyata keçirilir. Bu baxımdan, "Gənclər siyasəti haqqında” qanunda sözügedən məsələ ilə bağlı xüsusi müddəalar əksini tapıb. Bu müddəalarda gənclərin sağlamlığının qorunması, fiziki inkişafı, milli mənlik şüurunun formalaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi geniş yer alıb. Respublikamızda istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün geniş şərait yaradılır. Ölkəmizdə kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi gənclərin düzgün tərbiyəsi və sağlam həyat tərzinin formalaşmasına kömək edir. Dövlətin idmana və gəncliyə qayğısı millətimizi sağlam görmək istəyindən irəli gəlir. Bu məqsədlə ali təhsil ocaqlarında yaradılan idman bazaları, meydançalar, zallar tələbələrin fiziki sağlamlığına xidmət göstərir. Təhsil və fiziki sağlamlıq uşaqların, yeniyetmələrin gələcəyi üçün nəzərdə tutulan ən vacib amillərdən sayılır. Məktəbəqədər təhsil müəssisələrində, məktəblərdə, kolllec və universitetlərdə elmə yiyələnən uşaq və yeniyetmələr cəmiyyətimizin gələcəyidir. Müstəqil ölkəmiz fiziki və mənəvi cəhətdən sağlam, elmli və savadlı yeniyetmələrin sayəsində gələcəkdə daha sürətlə inkişaf edəcək. Dövlətimizin əsas prioritet məsələlərindən biri də məhz uşaq və yeniyetmələrin sağlam gələcəyidir. Sağlam gələcəyin təməli isə elə uşaq vaxtlarından qoyulur.
İdman gənclərimizə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qorumağa hazır olmaq ruhunu aşılayır. Erməni təcavüzkarlarının respublikamıza qarşı apardığı elan olunmamış müharibə göstərir ki, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi bu gün daha önəmlidir. Sevinirik ki, Azərbaycanda sağlam əhval-ruhiyyə, ictimai-siyasi sabitlik mövcuddur. Ölkəmizin əldə etdiyi ən böyük nailiyyətlərdən biri sağlam, yüksək ideallarla yaşayan, xalqına, vətəninə, torpağına hədsiz sədaqət hissləri ilə çalışan gənclərin yetişdirilməsidir. Azərbaycan gəncliyi doğma torpağına sədaqət nümayiş etdirir. O heç vaxt unutmur ki, vətəninə, xalqına, dövlətinə sədaqətli olmalı, cəmiyyətdə özünəlayiq yer tapmalıdır. Azərbaycanın müstəqilliyi gənc nəslə ən böyük töhfədir. Hər bir azərbaycanlı gənc bu müstəqil dövlətin torpaqlarını göz bəbəyi kimi qorumalıdır.

- Sizcə, orduya hazırlaşan gənclərə vətən sevgisi aşılamaq üçün nə etmək lazımdır?
- Bu gün Azərbaycan hərbi qüdrətə malikdir. Bizim güclü ordumuz var. Ölkəmiz ən müasir silahlara malikdir. Bu silahlar vətənimizin sərhədlərinin qorunması üçün bizə lazımdır. Heç şübhəsiz ki, gənclərin vətənə və dövlətə sədaqət, respublikanın ərazi bütövlüyünün müdafiəsinə daim hazır olmaq ruhunda tərbiyə olunması ölkəmizdə günün vacib məsələlərindəndir. Sevinirik ki, ordu sıralarında yer alacaq gənclərimiz fiziki cəhətdən sağlam yetişdirilir, həmçinin vətənpərvər ruhda tərbiyə olunurlar. Orta məktəbi bitirən və həddi-buluğa çatan gənclərimiz hərbi xidmətə çağırılırlar. Onların hər birindən yüksək fiziki hazırlıq, silahla davranış bacarığı və dözümlülük tələb olunur. Məncə, ordu sıralarında yer almağa hazırlaşan gənclərimizlə daha əhatəli söhbətlər aparmaq, torpaqlarımız uğrunda döyüşən qəhramanlarımız barədə geniş məlumat vermək çox vacibdir. Çünki Qarabağ savaşında igidlik göstərən hər bir eloğlumuz bugünkü gənclərə örnəkdir. Əlbəttə, qeyd etdiyim işlər hazırda orta məktəblərdə, gənclər təşkilatlarında, ali təhsil ocaqlarında uğurla həyata keçirilir. KİV-də aparılan təbliğatlar da xüsusi əhəmiyyət kəsb edir. Unutmaq olmaz ki, vətənpərvərliyin mühüm əlamətlərindən biri olan hərbi-vətənpərvərlik tərbiyəsinin təbliği gənclərə doğma vətəni dərin məhəbbətlə sevməyi öyrədir.

- Ölkəmizin idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər. Qazanılan qələbələrdən sonra Azərbaycan bayrağının yüksəklərdə dalğalandırılması gənc nəslə müsbət təsir göstərir...
- Şübhəsiz ki, bu belədir. Hər bir idmançımızın beynəlxalq arenada qazandığı uğur nəinki, gənclərimizə, ümumiyyətlə bütün xalqımıza sevinc bəxş edir. Biz hamımız qürur duyuruq. İdmanda əldə olunan uğurlar gənc nəslin vətənə sədaqət hisslərinin yüksək şəkildə inkişaf etdirilməsində xüsusi əhəmiyyət daşıyır. Həmçinin gənclərin milli şüurunu formalaşdırır. Beynəlxalq arenalarda qazanılan qələbələr sayəsində bayrağımızın yüksəklərə qaldırılması, himnimizin səsləndirilməsi ölkənin yeniyetmə və gənclərinin vətənə olan məhəbbətini təcəssüm etdirir. Bayrağımızın ən möhtəşəm idman yarışlarında, Olimpiya oyunlarında dalğalandırılması hər bir Azərbaycan vətəndaşının, o cümlədən gənclərimizin milli mənlik şüurunun inkişafında müsbət dəyişikliklər yaradır. Bu ülvi hisslər gənclərimizin vətən torpaqları uğrunda döyüşlərdə igidlik göstərməsinə də təsir edir. Vətənimizin bütövlüyü yolunda canını fəda edən igidlərimiz, Mübariz İbrahimov kimi milli qəhrəmanlarımızın keçdiyi həyat yolu gənclərin milli mənlik şüurunun oyanmasında, onların vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan idmançılarımızın xatirəsinə həsr olunan turnirlər də gənc nəslin milli mənlik şüuruna təsir edən amillərdən biridir. Belə turnirlər gənc və yeniyetmə idmançılarımızı vətəni sevməyə, bu yolda igidlik nümunəsi göstərməyə sövq edir.

- Respublikamızda gənclərlə bağlı aparılan siyasət öz bəhrəsini verməkdədir?
- Qeyd etdiyim kimi, Azərbaycan dövləti gənc nəslin uğurlu gələcəyini təmin etmək üçün onların milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində məqsədyönlü siyasət aparır. Bu gün Azərbaycan dövlətinin apardığı gənclər siyasəti ölkənin gənc vətəndaşlarının siyasi və iqtisadi hüquqlarını müdafiə eməklə yanaşı, onun əmək, məişət və sosial şəraitinin yaxşılaşdırılmasına da xidmət edir. Dövlət gənclərin sosial və mədəni həyatın bütün sahələrində sərbəst, fəal iştirakı üçün lazımi şəraitin yaradılmasını öz üzərinə götürüb. Müasir dövrümüzdə gənclərin cəmiyyətdə özünə yer tapması, vətəni müdafiəyə hazır olması, eləcə də onlarda vətəndaşlıq mövqeyinin formalaşması Azərbaycan dövlətini ciddi düşündürür. Məhz buna görədir ki, bu gün uşaqlarımız və gənclərimiz milli ruhda tərbiyə olunur, tariximiz dərindən öyrənilir. Gənc nəslin vətənə, yurda məhəbbət ruhunda tərbiyəsi uğurla həyata keçirilir. Ümumiyyətlə, millətin, xalqın tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən öyrənilməsi və qorunması hər bir ölkə vətəndaşında vətən sevgisi yaradır. Bu hisslər olmadan əsl insan, vətəndaş, vətənpərvər kimi yetişmək çox çətindir. Öz xalqının tarixini, dilini, mədəniyyətini bilməyən insanda milli mənlik şüurunu inkişaf etdirmək mümkün deyil. Vətənpərvər insan doğulduğu torpağın tarixini, mənsub olduğu xalqın mədəniyyətini, adət-ənənələrini dərindən bilməlidir. O, öz dövlətinin tərəqqisi üçün can yandırmalı, doğma xalqının tarixi ilə fəxr etməli, vətənin rifahı naminə əlindən gələni əsirgəməməlidir.

- Tofiq müəllim, "Gənclik” TİC-in idmançıları hansı beynəlxalq yarışlarda mübarizə aparırlar və indiyidək nə kimi nəticələr əldə olunub?
- Qeyd edim ki, "Gənclik” TİC RŞ respublikada fəaliyyət göstərən 43 ali və 69 orta ixtisas təhsili məktəbində oxuyan idmançı tələbələri özündə birləşdirir və idman klubları vasitəsilə onların arasında yarışlar keçirir. Bu təhsil ocaqlarında 10 mindən artıq tələbə bədən tərbiyəsi və idmanla məşğul olur. Ümumilikdə ölkəmizdəki ali və orta ixtisas təhsil müəssisələrində 37 idman növü üzrə 551 bölmə fəaliyyət gostərir. Bu bölmələrdə 10336 nəfər tələbə-idmançı var. Onlardan 2484 nəfəri qızlardır.
Hazırda respublika üzrə ali və orta ixtisas təhsili məktəblərində 29 idman klubu mövcuddur. Həmin klublarda 199 məşqçi, 74 təlimatçı dərsdənkanar idman məşğələlərində idmanın sirlərini tələbələrə öyrədir. Təsadüfi deyil ki, son ilin statistik göstəricisinə əsasən, idman bölmələrində 231 idman ustası, 564 idman ustalığına namizəd, 2677 birinci dərəcəli, 6088 kütləvi idman dərəcəli idmançı yetişmişdir. Eyni zamanda, "Gənclik” cəmiyyətinin basketbol, həndbol, badminton və voleybol üzrə yığma komandaları ölkə kuboku və çempionatlarında mübarizə aparırlar. 1992-2011-ci illər ərzində bizim cəmiyyət ali və orta ixtisas məktəbləri arasında 10 universiada və 10 spartakiada, idmanın ayrı-ayrı növləri üzrə isə 186 respublika çempionatı və birinciliyi keçirmişdir. Bu tədbirlərdə 42 mindən çox tələbə-idmançı iştirak edib. Azərbaycan tələbə idmançıları beynəlxalq yarışlarda da güclərini sınayıblar. ABŞ (1993), Yaponiya (1995), İspaniya (1999), Çin (2001), Cənubi Koreya (2003), Türkiyə (2005), Tailand (2007), Serbiya (2009) və Çində (2011) keçirilən Tələbələrin Ümumdünya Universiadasında mübarizə aparıblar. 23 dəfə isə ayrı-ayrı idman növləri üzrə tələbələtin dünya çempionatlarında iştirak ediblər. Tələbə-idmançılarımız qeyd etdiyim bu yarışlarda ümumilikdə 64 medal - 16 qızıl,21 gümüş və 27 bürünc qazanıblar.
Tələbə-idmançılarımızın ən böyük nailiyyətlərindən biri 2013-cü ildə Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin XXVII Ümumdünya Universiadasında oldu. Bu yarışda təmsilçilərimizin onlara olan etimadı layiqincə doğrultdular. Belə ki, komandamız 16 medal (4 qızıl, 5 gümüş, 7 bürünc) əldə etdi. Təmsilçilərimiz 162 ölkə arasında 15-ci yeri tutdular. Bu, çox yüksək nəticədir. Kazanda Azərbaycan bayrağı 16 dəfə dalğalandı, himnimiz 4 dəfə səsləndirildi. Əldə olunan bu nəticələr onu göstərir ki, Azərbaycan idmançıları öz vətənlərinin idman şərəfini ləyaqətlə qorumağı bacarırlar. Bu, vətənpərvərliyin, vətən sevgisinin bariz nümunəsidir.

Zaur Mehtiyev

Azərbaycan Respublikasının Prezidenti yanında
 Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət 
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.