18 Oktyabr tariximizin şanlı səhifələrindən biridir

18 Oktyabr tariximizin şanlı səhifələrindən biridir

Xalqımız ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanıb. 1918-ci ildə Azərbaycanda Demokratik Respublika qurulub. Lakin xarici müdaxilə, daxili çəkişmələr və digər amillər üzündən Azərbaycan Demokratik Cümhuriyyəti cəmi 23 aydan sonra süqut edib. Sovet hakimiyyəti illərində xalqımız dövlət müstəqilliyindən məhrum olub. Ötən əsrin sonlarında isə yenidən dövlət müstəqilliyi əldə edilib. 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı olan parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edib. Həmin vaxtdan xalqımız azad yaşayır. İndi müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlərə malikdir. Respubilikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilib. Bütün bunların sayəsində ölkəmizdə insanların yaşayış şəraiti yaxşılaşıb, paytaxda, bölgələrdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılır. Şübhəsiz ki, müstəqillik asan yolla qazanılmır. Hər bir xalq müstəqil, azad yaşamaq üçün müxtəlif mərhələlərdən keçməli olur. Azərbaycan xalqı da müstəqil yaşamaq uğrunda illərlə mübarizə aparıb, şəhidlər verib, min bir əzaba-əziyyətə qatlaşıb. Vətən sevgisi ilə aparılan belə mübarizələr xalqımızın əzmkarlığı sayəsində öz bəhrəsini verib. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil, dünyəvi bir ölkədir.

Bu cür ədalətsiz addımlar xalqımızın azadlıq mübarizəsini daha da alovlandırdı
XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ-də baş vermiş ictimai-siyasi proseslər nəticəsində Azərbaycanın müstəqillik qazanması üçün geniş imkanlar yaranmışdı. Ermənistanda və Qarabağın dağlıq hissəsində soydaşlarımıza qarşı yönəldilmiş soyqırımı amansız şəkildə həyata keçirilirdi. SSRİ rəhbərliyi ermənilərlə iş birliyi quraraq, Dağlıq Qarabağın Ermənistanın nəzarətinə verilməsinə çalışırdı. Bu cür ədalətsiz addımlar xalqımızın azadlıq mübarizəsini daha da alovlandırdı. Respublikamızın hər yerində xalq kütləvi etirazlara başladı. Vətənpərvərlik hissini, vətən sevgisini üstün tutan xalqımızın azadlıq mübarizəsi bütün dünyaya səs saldı. Azərbaycanda meydan hərəkatı geniş vüsət aldı. Bu, milli hərəkat, xalqın dirçəlişi idi. Təpədən dırnağadək silahlanmış erməni quldurları isə əliyalın, dinc əhalini qətlə yetirdi. Azərbaycanın o zamankı rəhbərliyi xalqımızın bu faciəsinə biganə münasibət göstərirdi.
Bütün bu ədalətsizliklər və ərazi bütövlüyünə edilən qəsdlərlə razılaşmayan Azərbaycan xalqı kütləvi şəkildə etiraz nümayişinə çıxdı. Respublikamızın şəhər və rayonlarını bürümüş xalq hərəkatı ölkəmizin bütün təbəqələrini əhatə edirdi. Bundan qorxuya düşən imperiya Bakıya qoşun yeritdi. Paytaxtımızda komendant saatı tətbiq olundu. Xalq geri çəkilmədi. Vətənpərvərliyi ilə seçilən xalqımız öz arzusuna nail olmaq iqtidarında idi. Meydanda keçirilən 18 gün xalqın milli özünüdərkində, oyanışında, dirçəlişində, daha sonra əldə olunan azadlığında əhəmiyyətli rol oynadı.
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Bunun üçün sınaqlara hazır olmaq, hər bir əziyyətə və çətinliyə dözməyi bacarmaq tələb olunur. Milli birliyimiz, əzmkarlıq bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Lakin min bir əziyyətlə qazanılan müstəqilliyimiz yenidən itirilmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq müstəqilliyin boğulması təhlükəsini reallaşdırdı. Lakin Azərbaycan xalqının ümid etdiyi, arxalandığı, özünə sipər bildiyi dahi şəxsiyyət Heydər Əliyev ölkəmizi bu bəladan xilas etdi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmləndirildi. Vətənimizin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanıldı, inkişaf etdirildi. Ümummilli lider Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirdi. Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməyə başladı.

Bu gün regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir

Şübhəsiz ki, Azərbaycan xalqının milli dirçəliş tarixi görkəmli dövlət xadimi Heydər Əliyevin adı il bağlıdır. Bu böyük şəxsiyyət nəhəng imperiyanın çökməsini mahir siyasətçi zəkası ilə dərk edir, öz xalqını istiqlaliyyət yoluna istiqamətləndirirdi. 1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında çıxış edən Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan etdi:
"Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır... Mən bu yoldan dönməyəcəyəm”. Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı. Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız ilk dəfə Naxçıvan Muxtar Respublikasında dövlət bayrağı kimi ucaldıldı. Muxtar respublikanın adından "sovet sosialist” sözləri çıxarıldı, Ali Sovet isə Ali Məclis adlandırıldı. Ali Məclis Azərbaycan rəhbərliyinə müraciət edərək, Bakıda da analoji qərarlar qəbul olunmasını təklif etdi. Sonrakı hadisələr Heydər Əliyevin nə qədər uzaqgörən və müdrik siyasi xadim olduğunu, doğma vətənini ürəkdən sevdiyini parlaq surətdə təsdiqlədi. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra milli dirçəlişimiz yeni mərhələyə qədəm qoydu. Ölkəmiz nəinki regionda, həm də dünyada liderlər sırasına çıxdı. Təsadüfi deyil ki, bu gün regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. Həyata keçirilən neft strategiyası sayəsində ölkəmizə milyardlarla dollar həcmində xarici sərmayə qoyulmaqdadır. Siyasi sabitliyin bərqərar edilməsi, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ilə nəticələndi. Azərbaycanın zəngin tarixi keçmişi, zəngin təbii ehtiyatlara malik olması xalqımıza firavan və təhlükəsiz yaşamaq haqqı verir. Bu haqqa həmişəlik sahib olmaq üçün ölkə daxilində siyasi sabitliyi qorumaq və milli həmrəyliyi təmin etmək lazımdır. Bütün bunlar isə hər bir azərbaycanlının vətəndaşlıq, vətənpərvərlik nümayiş etdirməsi sayəsində mümkündür. Böyük tarixə malik xalqımızın milli həmrəyliyi dövlət müstəqilliyimizin qorunması uğrunda aparılan mübarizənin təntənəsidir. Xalqın şüurunda baş vermiş milli oyanış, əldə olunmuş uğurlar torpaqlarımızın tezliklə işğalçılardan təmizlənməsinin, qaçqınların ata-baba yurdlarına qayıtmasına imkan verəcək. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti məhz müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoyub. Ötən əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır.
Bu gün respublikamızda gənc nəslin milli mənlik şüurunun inkişafına, onların layiqli vətəndaş kimi böyüməsinə xüsusi qayğı ilə yanaşılır. Azərbaycanın gənc nəsli təhsildə, idmanda, eləcə də digər sahələrdə heç bir problemlə üzləşmir. İstedadlı uşaq və gənclərə dövlətimiz tərəfindən etimad göstərilir. Gənc nəslin firavan həyatı üçün bütün maneələr aradan qaldırılıb. Gənclərin mənəvi tərbiyəsinin, milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanması günün vacib məsələsi kimi nəzərdən keçirilir. Bu sahənin önəmli olduğunu əks etdirən müxtəlif proqramların hazırlanması sayəsində gənclər xalqımızın gözəl ənənələrini mənimsəyir, milli adətlərimizi qoruyur, eyni zamanda, mənəvi dəyərlərimizi təbliğ edirlər.
Xalqına bağlı olan hər bir yeniyetmə və gənc qəlbində milli vətənpərvərlik hisslərinə yer ayırır. Azərbaycanın uşaq və gənclərinin vətənpərvərliyi, doğma yurdumuza olan sevgisi məhz bu amillərlə bağlıdır. İndi ölkə gəncləri beynəlxalq müsabiqələrdə, olimpiadalarda uğur qazanmaqla vətənimizə olan bağlılıqlarını ifadə edirlər. Uşaq və gənclərin sağlam böyüməsi, fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyələndirilməsi onların uğurlarının başlanğıcıdır.

Azərbaycan artıq 23 ildir ki, müstəqil bir dövlətdir. Respublikamız bu illər ərzində sürətlə inkişaf edib. Bəs görəsən, 23 il bundan əvvəl baş verənləri paytaxt sakinləri necə xatırlayırlar? Onlar müstəqilliyimizi necə dəyərləndirirlər? Bu suallara cavab almaq üçün həmin hadisələrin bir başa iştirakçıları ilə söhbət etdik.

Hüseyn Məmmədov (təqaüdçü):
- Xalqımız bu gün azad, müstəqil bir dövlətin vətəndaşı kimi firavan həyat sürür. Ölkəmiz günü-gündən inkişaf edir, gözəlləşir. Mən bir ağsaqqal kimi deyirəm ki, Azərbaycan öz tarixinin heç bir dövründə indiki kimi gücə, inkişafa nail olmayıb. Azərbaycan müstəqil siyasətə, güclü ordu və iqtisadiyyata, yüksək potensiala malik bir dövlətdir. Azərbaycan indi bütün dünyada böyük nüfuza malikdir. Dünyanın ən iri dövlətləri cəmi 2-3 il bundan əvvəl müstəqil olmuş Azərbaycanla hesablaşırlar. Şübhəsiz, belə bir inkişaf heç də asan başa gəlməyib. Xalqımız çox əzablı, iztirablı yollardan keçib. Ölkəmizin müstəqilliyi yolunda minlərlə şəhid vermişik. Yaxşı yadımdadır. 1988-ci ildən başlayan xalq hərəkatı bütün respublikanı əhatə etdi. yüz minlərlə insan indiki Azadlıq meydanına toplaşaraq, müstəqillik uğrunda mübarizə aparırdı. Xalq 70 illik əsarətdən qurtulmaq üçün bütün gücünü ortaya qoymuşdu. Xalqımızın bütün təbəqələrini əhatə edən insanlar öz etiraz səslərini ucaltmışdılar, hamı bir yumruq kimi birləşmişdi. Heç bir çətinlik, təzyiq xalqımızı mübarizədən çəkindirə bilmədi. Azərbaycan xalqının dirçəliş günlərinin təməli məhz həmin vaxtlardan başladı. Birliyin, mübarizliyin bəhrəsini gördük. Əzab-əziyyətlərlə dolu olan illər artıq arxada qalıb. Bayaq qeyd etdiyim kimi, indi Azərbaycan dünyanın sabit, əmin-amanlıq içində olan bir dövlətidir. Xalqımızı 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm.

Saleh Nağıyev (Qarabağ müharibəsi veteranı):
- Azərbaycan tarixində bayram günləri, əlamətdar günlər az deyil. Xalqımız bayramları yüksək səviyyədə qeyd edir. Tarixi günlərimizdən biri də 18 Oktyabr Dövlət Müstəqillik Günüdür. Yəqin ki, müstəqillikdən gözəl bir nemət yoxdur. Dövlət müstəqilliyimiz heç də asan qazanılmayıb. Bu yolda aparılan mübarizələrdə minlərlə şəhid vermişik. Xalq öz azadlığına qovuşmaq üçün soyuq gecələrdə belə azadlıq meydanını tərk etmirdi. Vətənpərvər insanlar öz haqlarını sona qədər müdafiə etmək əzmində olduqlarını göstərdilər. Torpaqlarımıza edilən təcavüz, soydaşlarımızın yurd-yuvasından didərgin salınması xalqımızın milli-mənlik şüurunda oyanış yaratdı. Müstəqilliyimizə qarşı çıxan sovet rejimi 1990-cı il yanvarın 20-də Bakıya qoşun yeritdi. Yüzlərlə soydaşımız qanına qəltan edildi. Lakin xalqımızı qorxutmaq mümkün deyildi. Qanlı qırğınlar azərbaycanlıların qəlbində alovlanan azadlıq alovunu söndürə bilmədi. 1991-ci ildə xalqın tələbi ilə Azərbaycanın Müstəqillik Aktı qəbul olundu. Qeyd edim ki, həmin illərdə milli-mənlik şüuru yüksək şəkildə formalaşmışdı. Vətənpərvərlik hissləri çox güclü idi. Məhz bu amillər müstəqilliyimizin əldə olunmasında mühüm rol oynadı. Xalq öz vətənini dərin məhəbbətlə sevdiyini bir daha göstərdi. İndi müstəqil bir dövlətin sakinləriyik. Azərbaycan inkişaf edir, çiçəklənir. Gələcəyimiz olan gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi şəxsən məni çox sevindirir. Mənim indi 46 yaşım var. Gənclik illərimdə Qarabağ uğrunda döyüşlərdə iştirak etmişəm. O dövrdə gənclərimiz heç nədən qorxmadan döyüş bölgələrinə yollanır, düşmənə layiqli cavab verirdilər. Hazırda Azərbaycanın güclü ordusu var. Ordunun tərkibində yer alanlar fiziki və mənəvi cəhətdən sağlam gənclərdir. Mən əminəm ki, belə gənclərimiz torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan mübarizədə öndə olacaqlar. Məhz vətənpərvər gənclərimizin sayəsində müstəqilliyimiz əbədi olacaq.


Akif Salahlı (tibb elmləri doktoru):
- Azərbaycan xalqı bütün dövrlərdə öz yurduna bağlı olub və dünya sivilizasiyasına böyük töhfələr verib. Bizim tarixi keçmişimiz, qədim mədəniyyətimiz hər zaman yadellilər tərəfindən təzyiqlərə məruz qalıb, torpaqlarımız parçalanıb. Yurdumuzun bərəkətli torpaqları düşmənlərimizin tapdığı altında qalıb. Bu, azərbaycanlıların zəifliyi, vətəni müdafiə edə bilməməsi anlamına gəlməsin. Xalq hər zaman vətən uğrunda döyüşlərə atılıb. Minlərlə igid eloğlumuz şəhidlik zirvəsinə ucalıb. Bir sözlə Azərbaycan xalqı doğma torpaqlarının bütövlüyü yolunda heç bir mübarizədən çəkinməyib. Vətən sevgisi xalqımızın qəlbində dərin kök salıb. Məhz bu sevgi hissləri, vətənpərvərlik oğullarımızın canını fəda etməsinə səbəb olub. Azərbaycan xalqı müstəqillik yollarında aparılan mübarizədə çox əzab çəkib. Ötən əsrin 80-ci illərinin sonlarında azadlıq mübarizəsi yenidən alovlandı. Respublikamız sovet buxovundan azad olmaq üçün ayağa qalxdı. Həmin illərdə mən gənc idim. Tələbə yoldaşlarımla birlikdə Azadlıq meydanına gedir, mitinqlərdə iştirak edirik. Ölkəmizin müstətqil bir dövlət statusu alması, azad yaşamaq haqqımızın olduğunu sübut etmək üçün əlimizdn gələni əsirgəmirdik. Əmin idik ki, yüz minlərlə insanın etiraz səsi öz bəhrəsini mütləq verəcək. Bildiyiniz kimi, həmin illərdə ermənilər soydaşlarımızı dədə-baba yurdlarından qovurdular. Tarixi torpaqlarımız işğala məruz qalmışdı. Bu cür ədalətsizliyə mərkəzi hökumətin biganə yanaşması xalqımızın etirazına səbəb oldu. Azərbaycanlılar bir tərəfdən erməni təcavüzünə etiraz edir, digər tərəfdən müstəqillik uğrunda mübarizə aparırdılar. Şübhəsiz ki, mərkəzi hökumət müstəqilliyimizin əleyhinə idi. Moskva Azərbaycan kimi bir "yağlı tikəni” əlindən vermək istəmirdi. Lakin xalqın əzmkarlığı, mübarizliyi müstəqilliyimizin bərpasına yaşıl işıq yandırdı. 1991-ci ildə xalqın tələbi ilə müstəqilliyimiz elan olundu. Elə həmin vaxtdan 18 oktyabr Dövlət Müstəqilliyi Günü kimi qeyd edilir. Təəssüf ki, əzab-əziyyətlə əldə olunan müstəqilliyimiz böyük təhlükə qarşısında idi. 1992-1993-cü illərdəki hakimiyyət boşluğu, xaos, özbaşınalıq belə bir təhlükənin yaranmasına səbəb olmuşdu. Xalqın tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin dahiliyi, uzaqgörənliyi Azərbaycanı xilas etdi. Ölkəmizin müstəqilliyi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər müasir və müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, inkişafı üçün təxirəsalınmaz addımlar atdı. Xalq özünün həqiqi müstəqilliyinə qovuşdu. Hazırda respublikamız bütün dünyada tanınır. Ən mötəbər tədbirlərdən səsimiz gəlir. Azərbaycan, demək olar ki, bütün beynəlxalq qurumların tam hüquqlu üzvüdür.

İmran Nəcəfov (jurnalist):
- Hər bir xalqın arzusu, istəyi müstəqil dövləti vətəndaşı olmaqdır. Çünki azadlıqdan gözəl nemət yoxdur. Azərbaycanın böyük oğlu, sərkərdəsi Babəkin belə bir ifadəsi var: "Bir gün azad yaşamaq 40 il kölə kimi yaşamaqdan yaxşıdır”. Bu söz çox dərin məzmun ifadə edir. Azərbaycan xalqı hər zaman azadlığı, müstəqilliyi uğrunda mübarizə aparıb və buna nail olub. Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda qurulduğu heç kimdə şübhə doğurmur. Təəssüf ki, xalqın 1918-ci ildə min bir əzabla qurduğu dövlət tez bir vaxtda süquta uğradı. 1920-ci ildə xarici müdaxilə, eləcə də içimizdəki xain qüvvələr Azərbaycanı yenidən asılı vəziyyətə saldı. Lakin xalqın iradəsini sındırmaq mümkün olmadı. 70 ildən sonra ayağa qalxan Azərbaycan müstəqilliyini bərpa etdi. Özünün etmraz səsini ucaldan xalqımızı heç nə ilə qorxutmaq mümkün olmadı. Milli birlik, vətən sevgisi ölkəni bir yumruq kimi birləşdirmişdi. Müstəqillik uğrunda aparılan mübarizə 1991-ci ildə Azərbaycan tarixinə yeni şanlı bir səhifə yazdı: 18 oktyabr Dövlət Müstəqilliyi Gününə çevrildi. Məncə, ən böyük bayramlarımızdan biri məhz oktyabrın 18-də qeyd olunur. Hazırda Azərbaycan Respublikası müstəqil bir dövlət kimi bütün dünyada tanınır. Bölgənin ən aparıcı dövləti olan Azərbaycan böyük iqtisadi gücə malikdir. Arxada qalan illər ölkəmizdə bütün sahələrdə inkişafla yadda qalıb. Müstəqil Azərbaycanın elm, mədəniyyət, iqtisadiyyat, tibb sahələrinin inkişafı göz qabağındadır. Respublikamızın ən ucqar bölgələri belə abadlaşdırılıb, insanların həyat şəraiti yaxşılaşdırılıb. İdmanın inkişafı istiqamətində atılan addımlar isə bizim hər birimizin ürəyincədir. Gənc nəslin sağlam həyat tərzi keçirməsi günümüzün ən vacib məsələsidir və Azərbaycan dövləti bu məsələnin müsbət həlli üçün əlindən gələni əsirgəmir. 2015-ci ildə ilk Avropa Oyunları Bakıda təşkil olunacaq. İlk dəfə keçirilən belə mötəbər yarışın paytaxtımıza həvalə edilməsi adi məsələ deyil. Bu, bir daha sübut edir ki, Azərbaycan güclü dövlətdir və bu dövlət ən böyük idman tədbirlərini təşkil etməyə qadirdir. Mən xalqımızı 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm. İnanıram ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq.
Hürrü Abdullayev

Azərbaycan Respublikasının Prezidenti yanında
 Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət 
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.