Bu il ölkəmiz ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu möhtəşəm idman tədbirinə hazırlıq işləri sürətlə həyata keçirilir. İdman federasiyaları ölkəmizi Avropa Oyunlarında təmsil edəcək idmançıların hazırlığına xüsusi diqqətlə yanaşırlar. Bakı -2015 Avropa Oyunlarında ölkəmizin yüngül atletləri də mübarizə aparacaqlar. Hazırlıq işləri , atletlərimizin beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlər barədə məlumat almaq üçün Azərbaycan atletika yığmasının baş məşqçisi , "Şöhrət” ordenli əməkdar məşqçi Məhərrəm Sultanzadə ilə görüşdük.
- Keçən il Bakıda Avropanın ən yaxşı atletlərinin mükafatlandırılma mərasimi keçirildi. "Golden Tracks” mükafatına layiq görülənlər arasında sizin də adınız var idi. Yəqin ki, "Golden Tracks” mükafatı heç kimə təsadüfən verilmir.
- Qeyd etdiyiniz kimi, 2014-cü ilin nəticələrinə görə avropalı atletlərin mükafatlandırılması paytaxtımızda həyata keçirildi. Həmin tədbirdə Avropa Atletika Assosiasiyasının prezidenti Hansorq Virç də iştirak edirdi. "Golden Tracks” mükafatı qitənin ən yaxşı 30 məşqçisinə təqdim olundu. Bu mükafata ölkəmizdən ilk dəfə mən layiq görüldüyüm üçün özümü xoşbəxt saya bilərəm. Əməyimə verilən yüksək qiymət məni sevindirdi. Şübhəsiz ki, belə bir mükafat təsadüfən verilmir. Mükafata namizədlərin əldə etdikləri uğurlar, nailiyyətlər nəzərə alınır. Azərbaycan atletləri son illərdə Avropa və dünya çempionatlarında , beynəlxalq turnirlərdə yaxşı nəticələr göstərirlər. Məhz əldə edilən nailiyyətlərə görə Azərbaycan Atletika Federasiyasının nümayəndəsi "Golden Tracks” mükafatın layiq görüldü. Bu, ölkəmizin uğurudur.
- Azərbaycan bu il ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu mötəbər turnirə atletika yığmamız necə hazırlaşır?
- Sözsüz ki, ilk Avropa Oyunlarının keçirilməsinin ölkəmizə həvalə edilməsi Azərbaycanın ən böyük uğurlarından biridir. Gələn il qitənin ən güclü 6 mindən çox atleti paytaxtımıza gələcək. Onlar burada 20 idman növü üzrə mübarizə aparacaqlar. Azərbaycanın diğər idmançıları kimi, atletika yığmamız da Avropa Oyunlarına məsuliyyətlə hazırlaşır. Qeyd etmək istərdim ki, idmançılarımız Avropa Oyunlarında atletikanın bütün növlərində təmsil olunacaqlar. Bizim əsas məqsədimiz Bakı-2015-də ilk üçlükdə yer almaqdır. Əminəm ki, atletlərimiz doğma azarkeşlər önündə yüksək nəticələrə nail ola biləcəklər. Yığma komandamızın məşqləri müntəzəm keçirilir, idmançılarımızın texniki və fiziki hazırlıqları daim diqqət mərkəzində saxlanılır. Yeri gəlmişkən deyim ki, atletika növünün Avropa Oyunlarının proqramına daxil edilməsi ilə bağlı problem yaranmışdı. Qaydalara görə, atletika üzrə keçirilən beynəlxalq yarışların cədvəli 6 il əvvəlcədən təsdiqlənir. Bu cədvəldən kənara çıxmaq isə mümkün deyil. Avropa Oyunlarına ev sahibliyinin ölkəmizə həvalə olunması ilə bağlı qərar 2012-ci ildə qəbul edilmişdi. Beynəlxalq turnirlərin cədvəli isə bu vaxta qədər artıq təsdiqlənmişdi. Bu baxımdan, atletikanın Bakı-2015-in proqramına salınması ilə bağlı çətin bir vəziyyət yaranmışdı. Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadənin Avropa Atletika Federasiyası ilə apardığı danışıqlar öz bəhrəsini verdi. Danışıqlar zamanı bu məsələ ətraflı müzakirə olundu və atletika Avropa Oyunlarının proqramına salındı. Yeri gəlmişkən deyim ki, Avropa Oyunlarının yüngül atletika yarışları, eyni zamanda, Avropa komanda çempionatının Üçüncü Liqası hesab olunacaq. 15 ölkənin 600 atleti iki gün ərzində yüngül atletikanın bütün növləri üzrə xal uğrunda mübarizə aparacaq. Qeyd edim ki, Avropa Oyunları Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının kvalifikasiya standartları əsasında Rio-de Janeyro-2016 Yay Olimpiya Oyunlarına lisenziya verəcək.
- Məhərrəm müəllim, yəqin ki, atletlərimizin ötən il iştirak etdikləri ən böyük beynəlxalq yarış may ayında Bakıda təşkil olunan yeniyetmələrin atletika üzrə Avropa Təsnifat turniri hesab olunur...
- Hazırda dünyanın idman mərkəzlərindən birinə çevrilən ölkəmiz bir sıra mötəbər turnirlərə uğurla ev sahibliyi edir. Beynəlxalq idman qurumları iri miqyaslı yarışları tərəddüd etmədən Azərbaycana həvalə edirlər. Bu, ölkəmizdə idmanın inkişafı, yeni və müasir tələblərə cavab verən infrastrukturun yaradılması üçün lazımi addımların atılması sayəsində mümkün olub. Respublikamızda hər il müxtəlif növlər üzrə beynəlxalq turnirlər, Avropa və dünya çempionatları keçirilir. Ölkəmizin ev sahibliyi etdiyi mötəbər yarışlardan biri də atletika üzrə Avropa təsnifat turniri idi. Azərbaycanda atletika idman növü üzrə bu cür yarış ilk dəfə təşkil olunurdu. Təsnifat turnirinin əhəmiyyəti ondan ibarət idi ki, bu yarış Çinin Nankin şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyırdı. Bakıda mübarizəyə qoşulan 690 atlet 38 ölkəni təmsil edirdi. Onlar 18 növdə mübarizə apardılar. Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına 82 oğlan, 108 qız atlet Bakıda lisenziya qazandı. Təsnifat turnirində Azərbaycan 16 idmançı ilə mübarizə aparırdı. İlk medalı ölkəmizə 3 min metr məsafəyə qaçışda Behafeta Hadiyes qazandırdı. O, gümüş medala sahib çıxmaqla Nankin Olimpiadasına vəsiqə əldə etdi. Şüvüllə tullanma yarışlarında təmsilçimiz Yelena Qladkova, üçtəkanla tullanmada isə Nazim Babayev finala vəsiqə qazandılar. Yelena mükafatçılar sırasına düşə bilməsə də, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına vəsiqəni özü üçün təmin etdi. Nazim Babayevin çıxışı isə hamımızın ürəyincə oldu. Perspektivli atletimiz üçtəkanla tullanma yarışlarında 16,14 metr nəticə ilə qızıl medala layiq görüldü. Turnirin və Azərbaycanın yeniyetmələr arasında rekordunu təzələyən Nazim həm də Nankin Olimpiadasına lisenziya qazandı. Beləliklə, Azərbaycan atletika komandası Avropa Təsnifat turnirində 1 qızıl və 1 gümüş medala sahib çıxdı. Bu yarış bir daha göstərdi ki, ölkəmizdə bütün idman növləri ilə yanaşı atletika da sürətlə inkişaf edir.
- Yetirmələrinizin Nankin Olimpiadasındakı çıxışı sizi qane etdimi?
- Xatırladım ki, Yeniyetmələrin I Yay Olimpiya Oyunları 2010-cu ildə Sinqapurda keçirildi. Burada ölkəmiz 12 idmançı ilə təmsil olunurdu. Onlar 6 növdə güclərini sınadılar. Qazandığımız 5 qızıl və 3 gümüş medal Azərbaycanın dünya ölkələri arasında 11-ci, Avropa ölkələri arasında isə 6-cı yeri tutmasına imkan verdi. Nankində isə ölkəmizin 21 idmançısı qələbə uğrunda yarışdı. Azərbaycan yığması 9 növdə mübarizə apardı. Yeniyetmələrimiz II Yay Olimpiya Oyunlarında tarixi qələbə qazandılar. Nankində əldə olunan 12 medaldan 5-i qızıl idi. Bu nəticə ilə Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə I yeri tutduq. Nankin Olimpiadasında 200 ölkənin mübarizə apardığını nəzərə alsaq, doğrudan da, tarixi qələbə qazadığımızı deyə bilərik.
Qeyd edim ki, Sinqapur Olimpiadasına atletika növündə lisenziya əldə edə bilməmişdik. Nankində isə atletika növündə 3 idmançımız yarışırdı. Üçtəkanla tullanmada Nazim Babayev inamla çıxış etdi. O, avqustun 22-də yarışların ilk mərhələsində 15,65m nəticə göstərdi və finalda mübarizə aparmaq hüququ qazandı. İdmançımız final mərhələsində 15, 96 m nəticə ilə bürünc medal əldə etdi. Gənc və perspektivli atletimizin mükafatçılar arasında yer alacağına inanırdıq. Nazim ümidlərimizi doğrultdu. Xatırladım ki, Nazim Babayev 2013-cü ildə Hollandiyanın Utrext şəhərində təşkil olunan Avropa Yeniyetmələrinin Olimpiya Festivalında qızıl medala layiq görülüb. 2013-cü ildə o, Gürcüstanda keçirilən komandalararası Avropa çempionatında, ötən il isə Qafqaz kubokunda bürünc mükafat əldə edib. Əminəm ki, atletimiz Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında da mükafatçılar arasında yer alacaq.
Hürrü Abdullayev