Bu həftə "Hilton” hotelində AFFA Klublar Komitəsinin növbəti iclası təşkil olundu. İclas başa çatdıqdan sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalisltərin suallarını cavablandırdı. Baş katib müsahibə zamanı millimizin qarşıdakı planlarından və Eddi İsrafilovun Bakıya səfərindən danışdı. - Eddi İsrafilovla bağlı İspaniya mətbuatında çıxan xəbərə görə, Bakıya gəlməsinin əsl səbəbi Azərbaycan şəxsiyyət vəsiqəsini götürməsi ilə bağlıdır. Bu doğrudumu?
- Sözün düzü, onun anası bizimlə əlaqə saxladı ki, Bakıya gələcəklər. Dedi ki, Eddi 2 gündür məşqlərə çıxmır, fürsətdən istifadə edib ona Bakını göstərmək istəyirəm. Anası istəmirdi ki, Eddi birbaşa təlim-məşq toplanışına gəlsin. Xəbər gəldi və dedik ki, onu qarşılamaq bizə xoş olar. Bəzi sənədləri də özü həll etməli idi. Eddinin yaxın qohumları, doğma nənəsi də burada yaşayır. Futbolçu AFFA-ya gəldi. Bildiyimə görə, ayrıca olaraq, Robert Prosineçki ilə də görüşüb. Eddi öz işləri ilə bağlı 1-2 günlük gəlib. Bakını çox bəyəndiyini dedi. Rus dilində danışır. Sözün düzü, bunu bilmirdim.
- "Qranada”nın Eddi İsrafilovu millinin fevraldakı toplanışına buraxmayacağı bildirilir...
- Bəli. Prosineçki ilə bu məsələni qısa olaraq, müzakirə etdim. O dedi ki, Eddini bu toplanışa çağırmayacam. Prosineçki istəyir ki, Eddi İsrafilov həmin müddətdə "Qranada”nın oyunlarında iştirak etsin. Bilirsiniz ki, Robert Prosineçkinin İspaniyada nüfuzu böyükdür. Amma o istəmir ki, bundan istifadə etsin. Bizim üçün əsas martdakı oyundur.
- Antalyadakı toplanışda millimizin yoxlama oyunu keçirəcəyi rəqibinin adı hələ də bəlli deyil. Buna nə vaxt aydınlıq gələcək?
- Klublar da gündəmdə var. Bəziləri bizimlə oynamaq istəsələr də, Dubayda olacaqlar. Amma biz bu dəfə Antalyanı seçdik, çünki U-21 və U-16 da orada olacaq. Prosineçki istəyir ki, gənclərin də oyununu izləsin. Əsas komandanı tanımaqdır. Lakin biz istərdik ki, 1 oyun keçirək. İordaniya, Yəmən və Moldova milliləri ilə danışıqlar gedir. Belarus millisi də siyahıda var idi, amma tarixləri bizimlə uyğun deyil. Əgər rəqib tapa bilməsək, milli U-21 ilə məşq xarakterli oyun keçirə bilər.
- Yəmən yığması ilə əvvəl də danışıq gedirdi, amma maliyyə məsələsində razılığa gəlməmişdiniz...
- Onlar bizə öz şərtlərini göndərmişdilər ki, yol pullarını və hoteldə qalmaq xərclərini biz ödəyək. Sonra dedilər ki, ola bilsin, özləri sponsor tapıb gələcəklər. Amma hələlik səs-soraq yoxdur.
- Martda 17 yaşlılardan ibarət millinin elit-raund oyunları var. Futbol azarkeşləri bu görüşləri gözləyir, futbolçular isə maaş dərdi çəkirlər. Deyirlər ki, vəd olunan 3 min manat mükafat hələ verilməyib...
- Birincisi, biz nə mükafat vəd ediriksə, ödəyirik. Bu günə qədər olmayıb ki, hansısa məbləği deyək, ödəməyək. Baş məşqçiyə məlumat verilmişdi ki, fevralın 15-nə qədər həmin pullar ödəniləcək. Kimə nə qədər veriləcəyi müəyyən olunub. Futbolçular bu pulları almalıdılar, çünki nailiyyət əldə ediblər.
- Mirbağır İsayev tarix yazıb, xalqı sevindirmək istəyir. Amma onun yetirmələri 3 min manatdan danışırlar...
- Təbii ki, bu, düzgün yanaşma deyil. Amma 17 yaşına qədər futbolçular heç bir yerdən pul almırlar, peşələri isə futboldur. Onlar da hardansa pul almalıdılar. Biz onlara kömək məqsədilə pul ayıracağıq, amma bu pullar onların özlərinə yox, valideynlərinə veriləcək. Bu məsələdə Mirbağır İsayevlə razılaşmışıq. Mən elit-raund oyunlarını izlədim, belə "vuruşan” komanda az görmüşəm.
- Nikolay Adamın U-19-dan ayrılıb, Hindistana gedəcəyi ilə bağlı xəbərlər yayılmışdı. O özü sizə bu barədə müraciət edibmi?
- Onunla görüşüm olacaq. Ümumi olaraq, təsdiqlənmiş hazırlıq planı təqdim edəcək. Dediyiniz məsələdən xəbərim var. Hindistandan əlavə, daha bir ölkə təklif göndərib. Nə düşündüyünü onun özündən soruşacam. Nikolay Adamla yeni 6 aylıq müqavilə bağlamışıq. Seçim özünündür.
- U-21-in püşkatmasına az qalıb. Komandanın məqsədi seçmə mərhələdə uğurlu çıxış etməkdir, yoxsa əsas milliyə futbolçu vermək?
- Bəzi ölkələr U-21-ə inkişaf, bəziləri isə nəticə komandası kimi baxırlar. Avropanın inkişaf etmiş ölkələrinə baxsaq, onların 21 yaşlı futbolçuları "Bavariya”dan tutmuş "Everton”a qədər, aparıcı klublarda oynayırlar. Futbolçu nəticə qazanıb ki, belə klublara düşüb. Bizim kimi ölkələrdə isə U-21 "körpü” rolunu oynayır. Balkan ölkələrində isə bu, futbolçuların böyük klublara keçməsi üçün vəsiqə deməkdir. Son 6 ildə Bernard Lippert əsas komandaya nə qədər futbolçu verib. Araz Abdullayevi "Everton” necə görmüşdü? Şotlandiya millisi ilə oyunda Araz gözəl qol vurmuşdu və matçdan sonra Devid Moyesin agenti Lippertə yaxınlaşıb, Arazın oyunçu detallarını verməsini xahiş etmişdi, sonra isə "Neftçi” ilə əlaqə saxlamışdılar. Biz çalışmalıyıq ki, U-21-dən fərqli olaraq, U-17 və U-19 millilərimiz Balkan ölkələri kimi olsun. Seçmə mərhələnin oyunlarında hər iki tərəfimdə təxminən 20 agent əyləşmişdi. Artıq "Malaqa” klubu Qara Qarayevi baxışa dəvət edib. Onu harda görüblər? Təbii ki, həmin turnirdə.
- Səfərlərlə bağlı da məlumat verərdiniz...
- Sankt-Peterburqda Mişel Platini ilə ənənəvi görüşümüz olub. AFFA prezidenti Rövnəq Abdullayev də orada idi. Stadionla bağlı hesabat verdik. Platini stadionun təməlqoyma mərasimində iştirak etmişdi. Bu mənada, biz onunla görüşüb, məlumat verməyi özümüzə borc saydıq. Söhbət etdik. Bizi görən kimi dedi ki, milliyə yeni məşqçi təyin etmisiniz. Gülə-gülə soruşdu ki, o da dünya çempionudur? Görünür ki, Azərbaycan futbolundakı yenilikləri izləyir.
- Robert Prosineçki müsahibəsində Norveçlə oyundan öncə Şotlandiya yığması ilə yoldaşlıq oyunu keçirə biləcəklərini demişdi. Danışıqlar nə yerdə qaldı?
- Şotlandiya millisi ilə danışıqlar gedir. Onların TV agentliyi yayımla bağlı çox ağır şərtlər irəli sürüb. Təəssüflər olsun ki, Azərbaycan televiziya bazarı yayıma o qədər çox pul ödəməyə hazır deyil. Şotlandlar, məhz yayıma görə, həmişə İngiltərə, Almaniya kimi güclü futbol yığmaları ilə oynayırlar.
- Son vaxtlar Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan narazılıqlar geniş vüsət alıb. Baş katib olaraq, bununla maraqlanmısızmı?
- Təbii ki. Məsuliyyət birbaşa Xaqani Məmmədovundur. Çünki sədr odursa, cavabdeh şəxs də odur. Biz bu məsələni hələ noyabrda Ramin Musayevlə müzakirə etmişdik və təbii ki, Xaqani müəllimin özü ilə də. Anara həmin vaxt şans verilmişdi. Amma I Divizionda da səhvlər etmişdi. İnsan öz üzərində işləməlidir. Mən Xaqani Məmmədovu müdafiə etməyə çalışmıram, gördüyümü deyirəm. Anar Salmanova da dedim ki, FİFA-ya namizədliyi Xaqani müəllim verir. Bu, onun vəzifəsidir. Bu gün FİFA-nın müvafiq şöbəsi baxır ki, biz Anar Salmanovun adını təqdim etmişik, amma o, öz çempionatında oyun idarə eləmir. Düzdür, belə hakimlər dünyada çoxdur. Maraqlıdır ki, Miroslav Zelinka keçən il öz ölkəsində az oyun keçirdiyi halda, UEFA onu vacib oyuna göndərmişdi.
- Məşqçilər Komitəsinin fəaliyyətini necə dəyərləndirirsiniz?
- Bu təşkilat iki aydır yaranıb. Amma çox yaxşı, aktiv işləyirlər. Martın 6-da İcraiyyə Komitəsinin iclasında hesabat veriləcək. Onlar futbol veteranı deyil, mütəxəssisləridir. Onlar Azərbaycandakı bütün futbolçuları yaxşı tanıyırlar, boş-boşuna danışmağı sevmirlər. Mən onların işinə diqqətlə yanaşıram. Görürəm ki, konstruktiv təkliflər verir, Klublar Komitəsi ilə də görüşürlər. Biz heç düşünmürdük ki, bu iki komitə tandem təşkil edə bilər.
- Yunis Hüseynovun 50 illik yubileyini, təbrik etmisiniz. Buyaxınlarda Nazim Süleymanovun da yubileyi olacaq. "Alaniya” ona yubiley matçı keçirməyi təklif etdiyi halda, Nazim Azərbaycanda işsiz qalıb...
- Nazim Süleymanov millidə işləyib və öz xahişi ilə "Neftçi”yə getmişdi. Mütəmadi olaraq, onunla danışırıq, iş də təklif edirik. Nazim müəllim elə səviyyəli məşqçidir ki, o artıq Premyer Liqa klublarından birində işləməlidir. Onu yenidən U-17, U-19-a dəvət etmək, bəlkə də, düzgün deyil. N. Süleymanovun məşqçi kimi imici artıq formalaşıb. Məşqçilər Komitəsinə o insanlar seçilib ki, onların klublarda işləmək iddiaları yoxdur. Vaqif, Ağasəlim müəllim millidə, klublarda işləyib. Böyükağa müəllim tarix yazıb. Diniyev də millidə işləyib. Şakir Qəribovu isə komitə üzvləri seçiblər. Nazim Süleymanova gəlincə, onun adı U-21-ə namizədlər sırasında var idi. Amma birinci sırada, Yaşar Vahabzadənin adı yazılmışdı. Bu da normaldır. Çünki 8 ildir ki, Yaşar müəllim U-21-də işləyirdi. PRO kateqoriyasını da alıb və imtahanda Şahin Diniyev, Qurban Qurbanov kimi ən yüksək qiymətlərə layiq görülüb. Biz yerli məşqçilərin işləməsini istəyirik.
- "Bakı”nın bazası ilə bağlı da fikirlərinizi bilmək istərdik. Bazanın suyunu da kəsiblər...
- Orada vəziyyət pisdir, PFL çox çətin vəziyyətdədir. Çempionat 10 komanda ilə başladı, indi 9-u qalıb. Ramin Musayevlə də mütəmadi danışıram və futbolumuzda ciddi problem var. Azərbaycan futbolunun birinci problemi çempionatdır. 2001-ci ildən bu günə qədər yüksək dəstədə oynayan 17 peşəkar futbol klubu bağlanıb. Bu bizim üçün böyük faciədir. "Bakı” klubunun su problemi var. Rövnəq Abdullayev tapşırıq verib. Biz çalışırıq ki, onlara kömək edək. Amma bizim də imkanlarımız məhduddur. Hansısa layihədən pul çıxardıb, ora yatırdırıq. Mən iqtisadçıyam, sizə açıq deyəcəm. Bu tunelin ucunda işıq görünmür. Bilmirik ki, ordakı vəziyyət necə olacaq. Problem odur ki, hazırda çempionat gedir. Yay olsa idi, oturub bu məsələni müzakirə edərdik. Hamı maliyyə böhranı yaşaya bilər. Ümid edirik ki, Hafiz müəllim bu problemi həll edəcək.
Rahib Səmədov