Gənc nəslin milli mənlik şüurunun inkişaf etməsində, onların vətənpərvər böyüməsində bir çox amilər mühüm rol oynayır. Dastanlar və bədii əsərlər belə amillər sırasına daxildir. Belə əsərlər gənc nəslin milli mənlik şüurunun inkişaf etməsinə, onların vətənpərvər ruhda böyüməsinə öz töhfəsini verir.
İdman və fiziki tərbiyə məsələsi ilə qədim ədəbiyyatımızda tez-tez rastlaşırıq. Qədim dastanlarda elə obrazlar var ki, onlar qəhrəmanlıq nümunəsi kimi təqdim olunurlar. Qədim türk eposlarında igidliyi, mərdliyi məhz güclü, qüvvətli insanlara yaraşdırıblar. Qədim "Kitabi Dədə Qorqud”, "Koroğlu” dastanlarında da güc, qüvvət və qəhrəmanlıqdan bəhs edilir. Qəhrəmanlıqdan bəhs edən bütün əsərlərdə insanın şəxsiyyəti onun fiziki obrazından ayrılmır, şəxsiyyət və güc qəhrəmanlığın əsas simvolları sayılır. Eyni zamanda qəhrəmanlıqdan bəhs edən əsərlərdə fiziki güc qəhrəmanın xoşniyyətli, ədalətli olması ilə vəhdət təşkil edir. Şübhəsiz, bu cür əsərlərin geniş təbliği uşaq, yeniyetmə və gənclərin milli şüurunun inkişafına öz təsirini göstərir.
Vətənpərvər gənclərə böyük qayğı göstərən ümummilli liderimiz Heydər Əliyev milli şüuru inkişaf etmiş gənclərin vətənin, xalqın müqəddəratında önəmli rol oynadığını daim vurğulayırdı. Heydər Əliyev gənclərlə görüşlərinin birində demişdir: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi bilməyən gənc yaxşı vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır”.
Hərbi idman oyunları
bölgələrimizin məktəblərini
geniş şəkildə əhatə edir
Orta məktəblərdə aparılan ideoloji işlər, Qarabağ müharibəsində iştirak edən cəsur oğlullarımızla təşki edilən görüşlərin də əhəmiyyəti az deyil. Belə tədbirlər hər bir şagirdin yaddaşında dərin izlər buraxır. Onlar torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən insanların fədakarlığını unutmurlar. Şagirdlərlə bu mövzuda aparılan söhbətlər də onlara vətənpərvərlik tərbiyəsi aşılayır. Orta məktəb şagirdlərinin orduya hazırlığı sahəsində həyata keçirilən ən əhəmiyyətli və mühüm tədbir isə, heç şübhəsiz, şagirdlərin cəlb olunduğu "Cəsurlar” və "Şahinlər” hərbi idman oyunlarıdır. Bu oyunlar şagirdlərə silahla davranış qadalarını, yaralıların necə xilas edilməsini, sıra hazırlığı, orduya xas olan bir sıra qayda-qanunları öyrətmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Mart ayında ölkəmizin, demək olar ki, bütün bölgələrində müxtəlif sinif şagirdlərinin iştirakı ilə "Cəsurlar” və "Şahinlər” hərbi idman oyunları təşkil olunub.
Ötən ay Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda "Cəsurlar” hərbi idman və turizm oyununun final mərhələsi keçirilib.
Yarış Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının "Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi” bəndinin icrasını təmin etmək məqsədi ilə təşkil olunub. Yarışın keçirilməsində əsas məqsəd yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, orta məktəb şagirdlərinin hərbi-idman oyunlarına marağının daha da artırılması və turizm hərəkatının inkişaf etdirilməsindən ibarət olub.
Yarışda rayonun 21 məktəb komandasının tərkibində 147 nəfər məktəbli (onlardan 42 nəfəri qızlardır) iştirak edib. Yarışın nəticəsinə görə, I yerə 258 saylı məktəbin komandası çıxıb. 193, 212 saylı məktəblərin komandaları isə, müvafiq olaraq, II, III yerləri tutublar. Bu komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom, medal, kubok və qiymətli xatirə hədiyyələri ilə təltif olunublar. Qeyd edək ki, turnirdə fərqlənənlər məktəblilər arasında Bakı şəhəri üzrə zona birinciliyinə vəsiqə qazanıblar.
Şirvan şəhərində də " Şahin” hərbi idman oyunları üzrə yarışlar keçirilib. Bu oyunların keçirilməsi gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə diqqəti daha da artırmaq, orta məktət şagirdlərini hərbi idman oyunlarına kütləvi şəkildə cəld etməklə onların ordu sıralarına hazırlanması məqsədini daşıyıb. Yarışda 13 orta məktəbin X-XI sinif şagirdlərindən ibarət komandalar mübarizə aparıblar. Hər komandada 13 oğlan və 4 qız olmaqla ümumilikdə 221 məktəbli mübarizəyə qoşulub. Gərgin və maraqlı keçən mübarizədə 16 saylı tam orta məktəbin komandası I, 11 nömrəli orta məktəbin komandası II, 10 nömrəli orta məktəbin komandası isə III yerə layiq görülüb. 16 saylı orta məktəbin komandası I yerə çıxdığı üçün "Şahin” hərbi idman yarışlarının zona mərhələsində iştirak etmək hüququ qazanıb.
Əsas məqsəd
vətənpərvəlik hisslərinin
tərbiyəsidir
Ötən ay Sumqayıt məktəbliləri də vətənpərvərlik tərbiyəsini təbliğ edən və gənclərin orduya hazırlığında xüsusi əhəmiyyət daşıyan hərbi idman oyunlarında bilik və bacarıqlarını nümayiş etdiriblər. "Gənclik şəhəri”nin "N” saylı hərbi hissəsində "Şahin” respublika hərbi-idman oyunlarının Sumqayıt şəhəri üzrə final mərhələsi keçirilib. Şəhər Gənclər və İdman Baş İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkil etdikləri birincilikdə Sumqayıtdakı 1, 3, 6, 7, 14, 16, 18, 21, 33, 34 nömrəli tam orta məktəblərin, təbiət elmləri təmayüllü gimnaziyanın və texniki və təbiət elmləri təmayüllü liseyin komandaları iştirak ediblər.
Yarışdan əvvəl şəhər mərhələsinə vəsiqə qazanan komandalar Sumqayıtın Bayraq meydanından Heydər Əliyevin abidəsinin önünə qədər sıravi addımlarla marş keçiblər.
Sonra yarışların təntənəli açılışı olub. Yarışın nəticələrinə əsasən, Milli Qəhrəman Mətləb Quliyev adına 3 nömrəli tam orta məktəbin komandası final mərhələsinin qalibi adına layiq görülüb. İkinci, üçüncü və dördüncü yerləri isə, müvafiq olaraq, texniki və təbiət elmləri təmayüllü liseyinin, 21 nömrəli tam orta məktəbin və təbiət elmləri təmayüllü gimnaziyanın komandaları bölüşdürüblər.
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi və şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Mehdi Hüseynzadə adına stadionda "Cəsurlar” respublika hərbi-idman və turizm oyununun şəhər birinciliyinin final mərhələsi keçirilib. Birincilikdə 1, 3, 6, 7, 11, 14, 16, 17, 33, 34 saylı tam orta məktəblərin, təbiət elmləri təmayüllü gimnaziyanın və Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyinin komandaları iştirak ediblər. Komandalar oyunun əsasnaməsinə müvafiq olaraq, sıra hazırlığı, taxta hasarın üstündən keçməklə maneənin, körpünün (taxtanın) üstündən keçməklə xəndəyin, "zəhərli zona”nın dəf olunması, turist çadırının qurulması mərhələləri üzrə yarışıblar. Yarışların yekun nəticələrinə əsasən I yerə Milli Qəhrəman Mətləb Quliyev adına 3 saylı məktəbin komandası layiq görülüb. Yarışın qalibi "Cəsurlar” respublika hərbi-idman və turizm oyununun martın 4-də Xaçmaz rayonunda keçiriləcək zona birinciliyində şəhəri təmsil edəcək. Yarışa təkcə orta məktəb şagirdlərinin deyil, eyni zamanda, digər təhsil ocaqları təmsilçilərinin də cəlb edilməsi bir daha göstərir ki, hərbi idman oyunları bütün məktəblərdə təbliğ olunur.
Balakən məktəbliləri də "Şahin” hərbi-idman oyununun rayon mərhələsində iştirak ediblər. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, təhsil və müdafiə nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə keçirilən bu yarışlar yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə gənclərin hərbi xidmətə hazırlanması məqsədi daşıyır. Şəhərdəki 2 nömrəli tam orta məktəbin idman meydançasında keçirilən birincilikdə kütləvilik təmin olunub. Belə ki, bu oyunlarda rayonun ümumtəhsil məktəblərini təmsil edən 35 komanda mübarizə aparıb. Komandalar sıra hazırlığı, silahın sökülüb-yığılması, sanitarların hazırlığı, maneənin dəf olunması, mülki müdafiə hazırlığı və digər yarışlarda qüvvələrini sınayıblar. Birinciliyin qalibi olan Qazma kənd 1 nömrəli tam orta məktəbinin komandası, eyni zamanda, aprelin sonunda keçiriləcək zona yarışlarında da vəsiqə qazanıb.
Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə Göyçay Peşə Liseyində "Şahin” hərbi idman oyunu üzrə rayon birinciliyi keçirilib. Birinciliyin təşkilində əsas məqsəd yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi səviyyəsinin yüksəldilməsi, məktəblilərin ordu sıralarına hazırlığının gücləndirilməsindən ibarət olub. Turnirdə rayonun 34 orta ümumtəhsil məktəbinin X-XI sinif şagirdlərindən ibarət komandalar bacarıqlarını nümayiş etdiriblər.
Yarışda məktəblilər sıra hazırlığı, maneələri dəf etmə, avtomatın sökülüb-yığılması, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, mülki müdafiə hazırlığı, sanitarların yarışı, estafet şəklində maneələri dəf etmə və digər mərhələlər üzrə qüvvələrini sınayıblar. Göyçay şəhər 3 nömrəli məktəbinin komandası bu yarışlarda birinci yerə layiq görülüb. Birinci yeri tutan komanda bu ay Bərdə rayonunda keçiriləcək "Şahin” hərbi- idman oyunlarının zona yarışında iştirak etmək hüququ əldə edib.
Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində isə "Cəsurlar” hərbi-idman və turizm yarışlarının Xətai rayonu üzrə final mərhələsi keçirilib.
Yarışlar böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə diqqətin daha da artırılması, orta məktəb şagirdlərinin hərbi-idman oyunlarına cəlb edilməsi, onların ordu sıralarında xidmətə hazırlanması məqsədini daşıyıb. Final mərhələsində Xətai rayonundakı 38 orta ümumtəhsil məktəbinin 300-ə yaxın şagirdi mübarizə aparıb. Əvvəlcə komandalar təntənəli marşla tribuna önündən keçiblər. Komandalar iki mərhələdə 10 idman növü, o cümlədən sıra hazırlığı, tullanma, qaçış, çətin maneələri aşma və atıcılıq üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Mart ayında Siyəzəndə də "Şahin” hərbi-idman oyununun rayon birinciliyi olub. Siyəzən şəhər stadionunda rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən X-XI sinif şagirdlərinin əhatə olunduğu yarışlarda Siyəzən rayon tam orta məktəblərinin 13 komandası mübarizə aparıb. Yarışlarda I yerə Siyəzən şəhər 3 saylı tam orta məktəbinin komandası layiq görülüb. Qalib komanda bu ay Quba şəhərində keçiriləcək "Şahin” hərbi-idman oyununun zona birinciliyinə vəsiqə əldə edib.
Mingəçevir şəhərində gənclər və idman, müdafiə, təhsil, mədəniyyət və turizm nazirliklərinin birgə təşkilatçılığı ilə "Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə zona yarışı keçirilib.
Yarışda Gəncə, Ağstafa, Kəlbəcər, Qazax, Gədəbəy, Tovuz, Şəmkir, Samux, Göygöl, Daşkəsən rayon birinciliklərinin qalib komandaları mübarizə aparıblar. Həmin rayonları təmsil edən VII-VIII sinif şagirdləri sıra hazırlığı, maneələri dəf etmək, hədəfə "qumbara atmaq”, "yaralını” xilas etmək, təhlükəli zonanı tərk etmək və digər mərhələlər üzrə qüvvələrini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Samux komandası turnirin qalibi adını qazanıb. Samuxlu "cəsurlar” zona yarışlarının final mərhələsinə vəsiqə əldə ediblər.
Martın 4-də Xaçmaz şəhərində "Cəsurlar” respublika hərbi-idman və turizm oyununun zona birinciliyi keçirilib. Yarışda Sumqayıt, Abşeron, Siyəzən, Xızı, Şabran, Qusar, Quba və Qubadlı rayonlarının komandaları iştirak ediblər. "Gənclik şəhərini” zona birinciliyində Sumqayıt şəhər Milli Qəhrəman Mətləb Quliyev adına 3 nömrəli tam orta məktəbinin komandası təmsil edib. Yarışın nəticələrinə əsasən, Sumqayıt məktəbliləri "Cəsurlar”ın zona birinciliyinin qalibi olublar. Milli Qəhrəmanın adını daşıyan məktəbin "cəsurlar”ı hərbi idman və turizm oyununun respublika finalında iştirak etmək hüququnu qazanıblar.
Kürdəmirdəki mərkəzi stadionda da "Cəsurlar” hərbi-idman və turizm oyunları keçirilib. Yarışlarda rayonun 35 ümumtəhsil məktəbinin komandası iştirak edib. Yeniyetmələrin yüksək fəallığı ilə keçən yarışlarda Çöhranlı kənd tam orta məktəbinin komandası I yerə çıxıb.
Sərhəd Qoşunlarının Şəki şəhərində yerləşən "N” saylı hərbi hissəsində "Şahin” hərbi-idman oyunu üzrə şəhər birinciliyi keçirilib. Birincilikdə rayonun ümumtəhsil məktəblərini təmsil edən 14 komanda mübarizə aparıb.
Komandalar sıra hazırlığı, silahın sökülüb yığılması, hədəfə atəş açma, maneənin dəf olunması, sanitarların hazırlığı və digər yarışlarda qüvvələrini sınayıblar. Birincilikdə qalib gələn 11 saylı tam orta məktəbin komandası, eyni zamanda, apreldə keçiriləcək zona yarışına da vəsiqə qazanıb.
Göyçay məktəbliləri də ordu hazırlığına zəmin yaradan hərbi idman oyununda iştirak ediblər. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Təhsil Şöbəsinin dəstəyi ilə keçirilən "Cəsurlar” hərbi-idman oyunu üzrə rayon birinciliyi məktəblilərin orduya hazırlığı üçün sınaq olub. Yarışda rayonun 29 orta məktəbinin VII-VIII sinif şagirdləri mübarizə aparıblar. Göyçay şəhər 3 saylı tam orta məktəbinin komandası I yeri tutub. Xatırladaq ki, "Cəsurlar” hərbi-idman və turizm oyununun əsas məqsədi yeniyetmələrlə aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığını və turizm hərəkatının inkişafını təmin etməkdən ibarətdir.
Ordubad Rayon Gənclər və İdman İdarəsi də yeniyetmə və gənclərin fiziki hazırlıqlarının yüksəldilməsi, onlarların hərbi vətənpərvərlik tərbiyəsi hisslərinin gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili, gənc nəslə milli-mənəvi dəyərlərin təbliği, istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması məqsədi ilə bir sıra tədbirlər həyata keçirmişdir. Hələ bu ilin əvvəlində 20 Yanvar faciəsinin ildönümü və həmin vaxt şəhid olmuş qəhrəman vətən övladlarının xatirəsinin əziz tutulması məqsədilə 5-21 yanvar tarixləri "Şəhidlik ucalıq, şəhidlik şərəf” devizi altında vətənpərvərlik həftəsi elan olunub. Həmin həftə çərçivəsində rayonun digər təşkilatları ilə birlikdə IX-XI sinif şağirdləri arasında "Torpaq uğrunda ölən varsa, vətəndir” mövzusunda inşa yazı məsabiqələri təşkil olunub. Qeyd edilən tarixdə rayonun tam orta məktəblərinin IX-XI sinif şagirdləri arasında "Şəhidlər unudulmaz, hər zaman anılar” mövzusunda rəsm və şeir müsabiqələri də keçirilib.
2 Fevral - Gənclər Günü ilə əlaqədar isə 40 nəfər rayon gəncinin iştirakı ilə "2 fevral Gənclər Günüdür” mövzusunda dəyirmi masa keçirilib. Əksər məktəblərdə isə həmin təhsil ocaqlarının məzunu olmuş ali məktəb tələbələrinin iştirakı ilə bayram tədbirləri təşkil olunub. Xalqımızın ən ağrılı yeri olan Xocalı Soyqırımının yad edilməsi ilə əlaqədar ötən il rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm, şeir və inşa yazı müsabiqələri keçirilib, fərqlənənlərə rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin diplomları və təqdim edilib.
21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə Ordubad şəhərindəki M.Fizuli adına internat tam orta məktəbində rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa yazı və şeir ifaçılığı müsabiqələri təşkil edilib. Fevral ayında M.T.Sidqi adına şəhər 1 saylı tam orta məktəbinin akt zalında 65 nəfər şagirdin iştirakı ilə vətənpərvərlik mövzusuna həsr olunmuş görüş keçirilib.
Yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik hisslərinin yüksəldilməsində hərbi-idman oyunları müstəsna əhəmiyyətə malikdir. Bu məqsədlə mart ayının 2-də Səfərbərlik və Hərbi Xidimətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsində 28-nəfər hərbi müəllimin iştirakı ilə hərbi-idman və turizim oyunlarına hazırlığın vəziyyəti müzakirə edilib. Mart ayının 15-də "Cəsurlar” hərbi-idman və turizim oyunu üzrə, 30 martda isə "Şahin” hərbi idman oyunu üzrə rayon birincilikləri keçirilib. Qalib komandalar Naxçıvan Muxtar Respublika birinciliyində iştirak etmək hüququ qazanıblar.
"Cəsurlar” hərbi-idman və turizim oyununun Naxçıvan şəhərində keçirilən zona birinciliyində Ordubadı təmsil edən Gilançay kənd tam orta məktəbinin 10 nəfərdən ibarət komandası birinci yerə layiq görülərək Bakı şəhərində keçirilən final mərhələsinə vəsiqə qazanıb və burada 5-ci yeri tutub.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Ordubad şəhərindəki internat tam orta məktəbində şeir ifaçılığı müsabiqəsi keçirilib. Müsabiqədə fərqlənən Aygün Zeynallı Naxçıvan Muxtar Respublikası mərhələsində də birinci yerə layiq görülüb. Ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ölkəmizin hər yerində olduğu kimi, Ordubad rayonunda da təntənəli şəkildə qeyd olunub. Bu tarixi günlə bağlı 25 şagirdin iştirakı ilə rayon mədəniyyət evində "Heydər Əliyev və uşaqlar” mövzusunda musiqili tədbir təşkil edilib və rayonun "Nuh yurdu” intellektual müsabiqəsində 8 nəfər ilə təmsil olunan komandası 4-cü yerə layiq görülüb. Ötən il iyun ayının 1-də Naxçıvan şəhərində 18 yaşınadək sağlamlığı məhdud uşaqlar arasında "xalq və uşaq oyunları” adı altında keçirilən muxtar respublika birinciliyində rayonu "Göygöl” komandası təmsil edib və üçüncü yeri tutub.
2012-ci ilin oktyabr və noyabr aylarında rayonun Əndəmic və Nüsnüs kənd tam orta məktəblərində rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Polis Şöbəsinin, eləcə də rayon mərkəzi xəstəxanasının nümayəndələrinin "zərərli vərdişlərdən necə qorunaq” mövzusunda VIII-XI sinif şagirdləri ilə görüşü keçirilib. Belə tədbirlər məktəbliləri pis əməllərdən çəkindirmək, onların dürüst, vicdanlı vətəndaşlar kimi yetişdirilməsi məqsədini daşıyır. Dekabr ayında isə Əndəmic məktəbində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə V-VIII sinif şagirdləri arasında "Şən startlar” yarışı təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2012-ci il ölkəmizdə "İdman ili” elan olunmuşdu. Gənclər siyasətinin uğurla həyata keçirilməsinə xidmət edən bu qiymətli dövlət sənədinin müddəalarına uyğun olaraq, Ordubad rayonunda da il boyu müxtəlif idman yarışları, o cümlədən vətənpərvərlik tərbiyəsini təbliğ edən tədbirlər keçirilib və bu kimi tədbirlərin 2013-cü ildə davam etdirilməsi nəzərdə tutulub.
Paytaxtımızda və bölgələrdə təşkil olunan belə tədbirlər Azərbaycanın gənc nəslinin milli mənlik şüurunun inkişafına və vətənpərvərlik hisslərinin tərbiyəsinə yönəldilib. Sevindirici haldır ki, respublikamızın gəncləri "Cəsurlar” və "Şahinlər” hərbi idman oyunlarında həvəslə iştirak edir, orduya hazırlıqlarını yüksək şəkildə həyata keçirirlər.
Hürrü Abdullayev
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.