Paytaxtda və bölgələrdə idmanın kütləviliyinin təmin edilməsi, ayrı-ayrı idman növlərinin inkişafı və kütləviləşməsində klub, cəmiyyət və məktəblərin də rolu danılmazdır. Dövlətimizin diqqət və qayğısı nəticəsində bu idman ocaqları daimi olaraq öz fəaliyyətlərini genişləndirərək minlərlə gənci idmana cəlb edirlər. Gənclərin müraciət etdiyi klublardan biri də əsasən kikboksinq növü üzrə ixtisaslaşan "Sarvan” idman klubudur.
Məktəbin tələbələri klub fəaliyyətə başladığı günəş indiyə kimi qənaətbəxş nəticələr əldə ediblər.
Belə ki, 2009-cu ildə Rauf Əmirbəyov kikboksinq idman növü üzrə keçirilən Azərbaycan birinciliyində 2-ci yeri əldə edib. Gürcüstanda keçirilmiş beynəlxalq turnirdə isə o, ölkə birinciliyində göstərdiyi nəticəni yaxşılaşdıraraq birinci yerə layiq görülüb. Bəyməmməd Lətifov Azərbaycan birinciliyində 3-cü, "Qızıl əlcək” klubunun açıq birinciliyində və Gurcüstanda keçirilmiş beynəlxalq turnirdə isə fəxri kürsünün ikinci pilləsində qərarlaşıb. Elçin Rəcəbli Azərbaycan birinciliyində 3-cü, Gurcüstanda keçirilmiş beynəlxalq turnirdə isə 1-ci yeri tutub. "Sarvan”ın idmançıları 2010-cu ildə də yaxşı nəticələr göstəriblər. Həmin il təşkil olunan Azərbaycan birinciliyində Rauf Əmirbəyov 1-ci, Elçin Rəcəbli 2-ci, Tural Məmmədov isə 3-cü olub. "Sərhədçi” idman klubunun açıq birinciliyində isə Sərdar Şərbətov, Tural Məmmadov və Həsən Xudayev bütün rəqiblərini üstələyərək, birinciliyə yiyələniblər. 2011-ci il də klub üçün əlamətdarlığı ilə yadda qalıb. Belə ki, idman ocağının yetirmələri kikboksinq və boks üzrə keçirilən yarışlarda yaxşı nəticələr qazanıblar. Rauf Əmirbəyov və Həsən Xudayev kikboksinq üzrə təşkil olunan Azərbaycan birinciliyində bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün birinci pilləsində qərarlaşıblar. Tural Məmmədov ölkə birinciliyində 3-cü yeri tutub. Rauf Əmirbəyov İtaliyada keçirilən Avropa cempionatında həlledici mərəhələdə rəqibinə məğlub olaraq, ikinci yerlə kifayətlənməli olub. Elçin Rəcəbli də boks üzrə Azərbaycan birinciliyində 2-ci yeri qazanıb.
Klubla bağlı daha ətraflı məlumat almaq üçün bu idman ocağının direktoru Rafiq Xudayevlə görüşdük. Rafiq müəllim klubun fəaliyyəti ilə bağlı bizi maraqlandıran bəzi sualları cavablandırdı.
- Rafiq müəllim, "Sarvan” idman klubunda məşqlər necə keçilir?
- Bu gün klubumuzda məşqlər ardıcıl davam edir. Yəni mən tələbələrimizin idman səviyyəsini artırmaq üçün əlimizdən gələni əsirgəmirəm. Kikboksinq elə bir idman növüdür ki, bu idmanla məşğul olmağa kiçik yaşlarından başlamaq daha məqsədəuyğundur. Yəni uşağın yaşı artdıqca o daha da kamilləşir. Bununla yanaşı, fiziki cəhətdən də onda artım gedir. 18 yaşında idmana başlayan gənc üçün bir az çətin olur. Çünki bu yaşda əzələlər bərkiməyə doğru gedir. Əgər hər hansı bir uşaq idmana yeddi yaşında başlayırsa, o, inkişaf edir. İdmanda müəllim-tələbə əlaqəsi çox böyük əhəmiyyət daşıyır və fayda verir. Ümumiyyətlə yaxşı idmançının yetişməsində müəllimdən çox şey asılıdır.
- Hazırda klubda neçə idmançı bu idman növünün sirlərinə yiyələnir?
- Bizim klubumuzda çoxlu sayda kikboksçu yetişir. Bu idmançıların qüvvələrini kikboksinq yarışları ilə bərabər, boks üzrə keçirilən turnirlərdə də sınayıram. Ümumiyyətlə, biz, ilk növbədə, yetirmələrimizi yaxşı kikboksçu olmaqla bərabər, həm də yaxşı bir insan kimi yetişdirməyə çalışırıq.
- Bildiyiniz kimi, idmanda zədələrdə qaçılmazdır...
- Doğrudur, idmanda da təhlükəli anlar ola bilir. Deməliyəm ki, hər bir işin mənfi və müsbət tərəfləri var. İdmanın müsbət və mənfi tərəflərini müqayisə etdikdə yaxşı cəhətlərin üstünlük təşkil etdiyinin şahidi oluruq. Təcrübəmə əsaslanaraq, deyə bilərəm ki, idmanı seçən gənc heç vaxt peşman olmaz. Çünki idmanla məşğul olan uşaqlar fiziki və mənəvi cəhətdən sağlam böyüyürlər.
- Rafiq müəllim, yetirmələrinizi yarışlara psixoloji cəhətdən necə hazırlayırsınız?
- Bəllidir ki, idmaçıların qələbə qazanmasında əsas rol oynayan amillərdən biri də psixoloji hazırlıqdır. Ümumiyyətlə, hər bir idman ocağı, klub və cəmiyyəti öz fəaliyyətlərində qarşıya qoyulan məsələnin aktuallığını başa düşür, təcrübəli və yüksək ixtisaslı psixoloqların işə cəlb edilməsində böyük fəallıq göstərirlər. Çünki psixoloji cəhətdən hazırlıqlı olmayan gəncin müəyyən uğur və nailiyyətlər qazanması, eləcə də gələcəkdə davamlı qələbələrə yol açması mümkün deyil. Hər hansı bir yarışda yaxşı nəticə qazanmayan idmançı özünü pis hiss edir və ruhdan düşür. Bəzən elə olur ki, idmançı uğurla çıxış edir, rəqibindən irəlidə olur. Lakin o, ani zədə üzündən yarışı davam etdirə bilmir. Bu da idmançının psixoloji durumuna mənfi təsir göstərir. Buna görə də hər bir komandanın və idmançının fərdi psixoloqu olmalıdır. Əgər məşqçi idmançını fiziki və mənəvi cəhətdən yarışa hazırlayırsa, psixoloq onu psixoloji cəhətdən hazırlamalıdır. Çünki idmanda fiziki və psixoloji hazırlıq vəhdət təşkil edir. Düşünürəm ki, yeniyetmə və gənc idmançıların psixoloqa ehtiyacı daha çox olur. "Sarvan” klubunda da uşaqların psixologiyasına xüsusi diqqət yetirilir. Psixoloji gərginliyin aradan qaldırılması üçün daim müəyyən işlər görülür. Onlara rinqə çıxmamışdan qabaq başa salmağa çalışırıq ki, siz qələbə qazanmaqla yanaşı, həm də ölkəmizin milli qürur mənbəyi olan bayrağımızı ucaldırsınız.
- Tələbələrinizlə qürür duyursunuzmu?
- Yetirmələrimin uğurları mənim uğurlarımdır. Mənim tələbəm hansısa yarışda uduzanda elə bilirəm ki, mən özüm məğlub oluram. Bu məğlubiyyətin səbəbini özümdə axtarmağa başlayıram. Məncə, tələbənin bəzi səhvi onun müəlliminin səhvi sayılmalıdır.
Şükürlər olsun ki, yetirmələrim onlara bəslədiyim ümidləri bu günə kimi doğrulda biliblər. Fəaliyyət göstərdiyimiz müddət ərzində əldə olunan bütün uğurlar tələbələrimlə yanaşı, məni də sevindirməyə bilməz. Bu qələbələrin davamlı olması üçün var gücümlə çalışıram.
- Bəs bu il idmançılarınız hansı uğurları ilə yadda qalacaq?
- Ümumiyyətlə, çalışırıq ki, ölkə idmanının inkişafında bizim də payımız olsun. Bunun üçün əlimizdən gələni əsirgəmirik. İstedadlı gənclərimizin ölkədaxili və beynəlxalq arenalarda öz güclərini göstərmələri üçün onlara müəyyən imkanlar yaradırıq. Şükürlər olsun ki, onlar da bizim ümidlərimizi puç etmirlər. Şübhəsiz ki, əldə olunan bu cür nəticələr sevindirməyə bilməz. Bundan sonra da çalşacağıq ki, tələbələrimiz əldə etdikləri uğurları ilə ölkəmizin idman şərəfini uca tutsunlar. Biz var gücümüzlə çalışırıq ki, idmançılarımız 2013-cü ildə də əldə etdikləri layiqli qələbələri ilə bizi sevindirsinlər. Qarşıda onları müxtəlif turnirlər gözləyir. Hazırda yetirmələrimiz kikboksinq idman növü üzrə təşkil olunacaq respublika çempionatına hazırlaşırlar.