Ölkəmizdə qədim ənənələrə malik olan komanda idman növləri arasında voleybol sevilir və maraqla izlənilir. Bu idman növünün inkişaf etdirilməsi üçün Voleybol Federasiyasının rəhbərliyi tərəfindən müəyyən işlər görülür. Belə ki, ölkəmizdə yeni voleybol klubları yaradılır, idman zalları istifadəyə verilir. Bu gün Super-liqada mübarizə aparan komandaların texniki göstəriciləri, əldə etdikləri nailiyyətlər voleybolun inkişafını əks etdirir. Respublikamızda bu növün inkişafına öz töhfələrini verən klublardan biri də "Rabitə”dir. Bu klub yaradıldığı gündən indiyə qədər əldə etdiyi nailiyyətlərlə diqqət mərkəzində olub. Demək olar ki, "Rabitə” ölkə voleybolunda aparıcı rola malikdir. Komandanın rəhbərliyi tərəfindən yaradılan şərait, göstərilən qayğı "Rabitə”nin beynəlxalq arenalarda yüksək səviyyədə oyun nümayiş etdirməsinə imkan verib.
Bu klub 2013-cü ildə vaxtından əvvəl Azərbaycan çempionu adına layiq görülüb. Komandanın son iki ildə həm Super-liqada, həm də beynəlxalq yarışlarda qazandığı uğurları xronoloji ardıcıllıqla oxuculara təqdim edirik.
"Rabitəçilər” 2-ci dəfə tarixə düşdülər
"Rabitə” klubu 2012-ci ildə Qətərin paytaxtı Dohada keçirilən qadın voleybolçular arasında klublararası dünya çempionatında uğurlu çıxışı ilə diqqəti çəkdi. Qeyd edək ki, Azərbaycan çempionu "Rabitə”nin də mübarizə apardığı çempionat 6-cı dəfə keçirilirdi. 1991-ci ildə Braziliyanın Sao Paulo şəhərində təşkil olunan yarışda "Sao Paulo” klubu qalib gəlmişdi. "Kaetano” (Braziliya) komandası ikinci, "Mladost” (Yuqoslaviya) klubu isə üçüncü yerə layiq görülmüşdü. Bir il sonra İtaliyanın Yezi şəhərində keçirilən analoji çempionatda isə "Ravenna” klubu bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxmışdı. "Minas” (Braziliya) klubu ikinci, "Uraloçka” (Rusiya) komandası isə üçüncü yerlə kifayətlənməli olmuşdu. 2 il sonra klublararası dünya çempionatı yenidən Sao Paulo şəhərində təşkil olundu. Şəhərin eyniadlı komandası ardıcıl ikinci dəfə çempion tituluna yiyələndi. "Parmalat Matera” (İtaliya) ikinci, BCN Quaruja (Braziliya) komandası isə üçüncü oldu. Klublararası dünya çempionatı 2 dəfə Braziliyada, 1 dəfə İtaliyada təşkil edildikdən sonra uzun müddət keçirilmədi.
Nəhayət, 2010-ci ildə turnir yenidən bərpa edildi. Ərəblərin dünya çempionatna ev sahibliyi etmək qərarı turnirin bərpasında böyük rol oynadı. 16 ildən sonra keçirilən yarışda bəzi dəyişikliklər edildi. Əgər ötən əsrdə təşkil olunan çempionatlarda, əsasən, Braziliya və İtaliya təmsilçiləri medalçılar siyahısında yer alırdılarsa, bu dəfə hər şey tərsinə oldu. Belə ki, son iki dünya çempionatı Azərbaycan və Türkiyə təmsilçiləri üçün uğurlu keçdi. Türkiyənin "Fənərbağça” klubu 2010-cu ildə, Azərbaycanın "Rabitə” komandası isə bir il sonra dünya çempionu tituluna sahib çıxdı. Planetin ən nüfuzlu klub turnirində ikinci dəfə qüvvəsini sınayan "rabitəçilər” bu dəfə qalib gəlməklə klublararası dünya çempionatının 2 qat qalibi "Sao Paulo” klubunun (Braziliya) rekordunu təkrarlaya bilərdi. Komandamız həlledici mərhələdə məğlub olsa belə, ardıcıl 2 dəfə bu mötəbər turnirdə mübarizə aparmaqla öz adından söz etdirə bildi. Bu turnirdə ölkəmizin idman şərəfini qoruyan "Rabitə” final mərhələsində Braziliyanın "Sollis Nestle” komandası ilə münasibətlərinə aydınlıq gətirdi. Qrup mərhələsində olduğu kimi, cənubi amerikalılar ikinci qarşılaşmada da komandamızı məğlubiyyətə uğratdılar. Birinci hissədə 25:16 hesabı ilə qalib gələn Braziliya çempionu, ikinci hissədə də komandamızdan üstün oldu - 25:14. Üçüncü hissəni də qələbə ilə bitirən "Sollis Nestle” dünya çempionu tituluna yiyələndi. "Rabitə” klubu isə gümüş medalla kifayətlənməli oldu. "Rabitə” dünya çempionatında gümüş medal qazanmaqla bərabər, həm də 2-ci dəfə finala yüksəlməklə tarixə düşdü. Belə ki, indiyə qədər keçirilən yarışlarda hələ heç bir komanda belə bir nəticəyə imza atmayıb. Yarışdan sonra "Rabitə” klubunun1 voleybolçusu 8 nominasiyadan birinə - dünyanın ən yaxşısı adına layiq görüldü. Belə ki, Angelina Qrün çempionatın topu oyuna ən yaxşı daxil edən voleybolçusu seçildi.
Avropa çempionu olmaq növbəti ilə qaldı
Özünün əzmkar mübarizəsi ilə diqqəti çəkən "Rabitə” Çempionlar Liqasında da uğurlu çıxışı ilə yadda qaldı. Belə ki, komandamız yalnız finalda məğlub olaraq qızıl medal qazana bilmədi. Məlumat üçün bildirək ki, təmsilçimiz qrup mərhələsində "Villa Kortese”, "Atom” və "Agel” komandaları ilə birlikdə B qrupunda yer almışdı. Ümumiyyətlə, yarış başlamamışdan əvvəl "rabitəçilər” yeni voleybolçuların keçidini reallaşdıraraq heyəti gücləndirmişdilər. Məqsəd isə Çempionlar Liqasında uğurla çıxış etmək idi. "Rabitə” keçirilən bütün oyunların hamısında qalib gələrək qrup lideri kimi pley-off mərhələsinə yüksəlmişdi. Belə ki, son ölkə çempionu birinci dövrənin ilk turunda Çexiyanın "Agel” klubu ilə qarşılaşdı. Meydan sahiblərinin bütün cəhdlərinə baxmayaraq, "Rabitə” üstün oyun nümayiş etdirərək birinci görüşdə aktivinə 3 xal yazdırdı. İkinci turda isə komandamızın rəqibi nisbətən güclü idi. Çünki rəqib "dördlər finalı”nın son iştirakçısı olmuşdu. Buna baxmayaraq, baş məşqçi Marçello Abbondanza sabiq komandasını məğlub etməyin yolunu yaxşı bildiyindən Azərbaycan çempionunun qələbə qazanacağı inandırıcı görünürdü. Üstəlik, qarşılaşmanın Bakıda keçirilməsi də "Rabitə” yə böyük üstünlük verirdi. Birinci hissə komandamızın qələbəsi ilə yekunlaşdı. İkinci hissədə isə təmsilçilərimiz rəqibin hücumları ilə qarşılaşdılar. Onlar ikinci hissədə 3 xal fərqi ilə komandamızı məğlubiyyətə uğratdılar. Bu, italiyalıların son qələbəsi oldu. Ardıcıl olaraq üçüncü və dördüncü hissədə qalib gələn Marçelo Abbondanzanın yetirmələri aktivlərinə növbəti xalları əlavə etdilər. Üçüncü turda isə komandamızın rəqibi "Atom” oldu. Polşada keçirilən qarşılaşma komandamızın qələbəsi ilə yekunlaşdı. Birinci dövrədə inamlı təsir bağışlayan "Rabitə”nin ikinci dövrədə də yüksək oyun nümayiş etdirəcəyinə heç kəs şübhə etmirdi. Çünki italiyalı baş məşqçi Marçello Abbondanza güclü bir komanda formalaşdırmışdı. Birinci dövrədə təşkil olunan 3 oyunda maksimum nəticə göstərən son ölkə çempionu ikinci dövrənin oyunlarına da yüksək əhval-rühiyyə ilə başladı. Dördüncü turda komandamız yenidən Polşanın "Atom” komandası ilə qarşılaşdı. "Rabitəçilər” ardıcıl bütün hissələrdə qalib gələrək pley-off mərhələsinə bir qədər də yaxınlaşdılar. Beşinci turda isə komandamız növbəti dəfə İtaliyanın "Villa Kortese” klubu ilə üz-üzə gəldi -3:1. Qrup mərhələsinin son oyununda isə "Rabitə” təzədən Çexiyanın "Agel” klubunu sınağa çəkdi. Digər oyunlar kimi, bu qarşılaşmada təmsilçimiz üçün asan keçdi. Son oyunda da qalib gələn "Rabitə” mövsümdə yüksək nəticə göstərərək ÇL-də rekorda imza atdı. Bununlada komanda pley-off mərhələsinə yüksəldi. Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan "Rabitə”nin də bu mərhələdə rəqibi kifayət qədər güclü idi. "Rabitəçilər” növbəti mərhələyə yüksəlmək üçün mütləq Fransa çempionu "Kann”ı məğlubiyyətə uğratmalı idilər. Bu komandalar arasında təşkil olunan oyunda birinci hissədə təmsilçimiz qələbə qazandı. Belə ki, həmin oyunda ilk hissəyə yaxşı başlayan voleybolçularımız fasiləyə 25:17 hesabı ilə üstün yollandı. İkinci hissədə meydan sahibləri qalib gəldilər- 25:15. Daha sonra "Rabitə” ardıcıl olaraq hər iki hissədə yaxşı oyun nümayiş etdirərək rəqibini məğlub etdi -3:1. Cavab oyununda da komanda rəqibindən üstün olduğu üçün növbəti mərhələyə vəsiqə qazandı. Onlar bu nəticəyə rəqiblərinə hər üç hissədə qalib gələrək nail oldular. Növbəti mərhələdə də komandalarımız üçün çətin olacağı hamı tərəfindən gözlənilirdi. Çünki "dördlər finalı” yaxınlaşdıqca zəif komandalar sıradan çıxırdılar. Buna görə güclü komandalar arasında rəqabət getdikcə artırdı. II pley-off mərhələsində "Rabitə” Kazan "Dinamo”sunun rəqibi oldu. "Rabitəçilər” birinci görüşü səfərdə keçirdilər. Kazan "Dinamo”su ilə keçirilən ilk oyun qarşılıqlı hücumlar şəraitində başladı. Bu da başa düşülən idi. Çünki meydan sahibi "Dinamo” qələbə qazanıb səfər oyununa yüksək əhval-ruhiyyə ilə yollanmaq əzmində idi. Təmsilçilərimiz isə oyunun taleyini "qızıl set”ə saxlamaq istəmirdilər. Meydan sahiblərinin bütün cəhdlərinə baxmayaraq, voleybolçularımız qələbə qazandılar. İtaliyada əldə etdiyi qələbədən sonra "Rabitə”nin doğma meydanda təşkil olunacaq görüşdə də azarkeşlərini sevindirəcəyi gözlənilən idi. Birinci hissədə "rabitəçilər” qələbə qazandılar. İkinci hissədə də rəqibindən üstün oyun nümayiş etdirən komandamız qələbəyə sevindi. Növbəti hissədə isə təmsilçilərimiz 6 top fərqi ilə məğlub oldular. Dördüncü hissədə qalib gələn "Rabitə” "dördlər final”ına vəsiqə qazandı. Türkiyənin İstanbul şəhərində təşkil olunan "dördlər finalı”nın birinci oyun günündə Azərbaycanın "Rabitə” komandası ilə İtaliyanın "Yamamay” klubu qarşılaşdılar. Bu mərhələyə qədər heç bir görüşdə məğlubiyyətlə üzləşməyən paytaxt təmsilçisi bu oyundan da qələbə ilə ayrıldı. Qarşılaşmaya təmsilçimiz daha fəal başladı. İlk iki hissə komandamızın qələbəsi ilə yekunlaşdı. Çoxları üçüncü hissədə qarşılaşmanın taleyinin həll olunacağını düşünsə də, hər şey tərsinə oldu. Belə ki, sonrakı iki hissə Butso Arsizio təmsilçisinin xeyrinə bitdi. Qalib gələn komandanın adını müəyyənləşdirmək üçün klublar taybrekdə qüvvələrini sınadılar. Bu hissədə isə komandamız daha güclü olub. "Rabitəçilər” qalib gələrək finala yüksəldilər. "Rabitə” Çempionlar Liqasının finalına yüksəlməklə yanaşı, həm də özünə məxsus Azərbaycan rekordunu təzələdi. Belə ki, Azərbaycan çempionu 2 dəfə həlledici mərhələyə-finala yüksəlməklə bu rekorda imza atdı. Bu uğura hələ ki Azərbaycan klublarından heç biri nail ola bilməmişdi. Beləliklə, uzun sürən mübarizənin sonunda "Rabitə” ilə "Vakıfbank” komandaları üz-üzə gəldi. Final görüşündə isə komandamızın hansı nəticəyə nail olacağını qabaqcadan proqnozlaşdırmaq bir qədər çətin idi. Çünki rəqib kifayət qədər güclü idi. Bundan əlavə, oyunun Türkiyədə keçirilməsi də rəqibə üstünlük verirdi. Amma komandamız da asan məğlub olmaq fikrində deyildi. "Rabitəçilər” bu oyunda da qalib gəlib, vətənə qızıl medalla dönmək niyyətində idilər. Oyuna gəldikdə isə, qarşılaşmaya komandamız daha fəal başladı. Lakin "rabitəçilər” bu üstünlüyü sonadək qoruya bilmədilər. Türkiyə təmsilçisi getdikcə oyunda üstünlüyü ələ aldı. İlk texniki fasiləyə 4 top fərqi ilə üstün yollanan "Vakıfbank” ikinci texniki fasiləyə də 16:10 hesabı ilə irəlidə çıxdı. Birinci hissədə heç cür üstünlüyü əldən verməyən Covanni Quidettinin yetirmələri qələbə qazandılar. İkinci hissənin əvvəlində komandamız öz oyununu nümayiş etdirə bildi. Belə ki, Marçello Abbondanzanın yetirmələri ilk texniki fasiləyə 8:6 hesabı ilə üstün yollandılar. Lakin komandamızın ikinci hissədə bundan artığına gücü çatmadı. Üstünlüyü yenidən bərpa edən "Vakıfbank” ikinci hissədə də qələbə qazandı. Üçüncü hissədə isə komandamızın qələbə qazanmaqdan başqa yolu yox idi. Çünki, "Rabitə” qalib gələcəyi təqdirdə, hissələrin sayını artıra bilərdi. Əks təqdirdə, "rabitəçilər” gümüş medalla kifayətlənməli olacaqdılar. Lakin üçüncü hissə sonuncu oldu. Komandamız bu hissədə "xala-xal” prinsipi ilə mübarizə aparsa da, sonda məğlub oldu. Bununla da, "Rabitə” gümüş medal qazanaraq Avropa ikinciliyinə sahib çıxdı. Vətənə dönən voleybolçularımızı isə azarkeşlər böyük çoşqunluqla iqarşıladılar. "Rabitə”nin prezidenti Cəlil Cəfərov isə hava limanında jurnalistlərin suallarını cavablandırarkən növbəti illərdə Avropa kubokunun Azərbaycana gətirəcəklərini qarşılarına məqsəd qoyduqlarını bildirdi.
Sona 3 tur qalmış qazanılmış çempionluq
Super-liqanın qurtarmasına 3 tur qalmış "Rabitə” ölkə çempionu olmaqla bu il daha bir uğura imza atdı. Belə ki, "rabitəçilər” XXV turda "İqtisadçı” komandasını məğlubiyyətə uğradaraq bu nəticəyə sahib çıxdı. Qeyd edək ki, çempionatın sonuna 3 tur qalmış , "rabitəçilər”in qızıl medal qazanmaları üçün bir xal kifayət edirdi. Marçello Abbondanzanın yetirmələri isə onlara bəslənilən ümidləri doğruldaraq vaxtından əvvəl çempionluğa sevindilər. Belə ki, "Rabitə”yə çempionluq qazandıran oyunun birinci hissəsinə universitet komandası fəal başladı. "Tələbələr” bu hissədə qonaq komandanı 3 top fərqi ilə məğlubiyyətə uğratdılar. İkinci hissədə isə "Rabitə” öz gücünü "tələbələr”ə göstərdi. Meydan sahiblərinin bütün cəhdlərinə baxmayaraq, son ölkə çempionu "Rabitə” rəqibə heç bir şans vermədi. Üçüncü hissə də "rabitəçilərin” üstünlüyü ilə başladı. Onlar ikinci hissədə olduğu kimi, üçüncü hissədə də rəqibi 4 top fərqi ilə məğlubiyyətə uğratdılar. Dördüncü hissə isə digər hissələrə nisbətən, daha maraqlı keçdi. "Rabitə”nin çempion olması üçün bu hissədə qələbə qazanması mütləq idi. Çünki, "İqtisad”çı komandası bu hissədə qələbə qazanacağı təqdirdə, oyunun taleyinə tay-brekdə aydınlıq gələcəkdi. Universitet komandası qalib gələrək tay-brekdə qüvvəsini sınamaq imkanı qazandı. Lakin "tələbələrin” bundan artığına gücü çatmadı. Çempionluğu növbəti tura saxlamaq istəməyən "Rabitə” bu hissədə də rəqibini məğlubiyyətə uğradaraq altıncı dəfə ölkə çempionu oldu. "Rabitəçilər”in çempion olmasına baxmayaraq, Super-liqada mübarizə davam edir. Gümüş medallar uğrunda əsas mübarizədə hazırda "Azərreyl”in imkanları daha yüksək qiymətləndirilir. Çünki, "Rabitə”nin "İqtisadçı” komandasına qalib gəlməsindən sonra "Azərreyl”in turnir cədvəlində mövqeyi bir qədər də möhkəmləndi. "Lokomotiv” isə bürünc medallar uğrunda mübarizəni davam etdirir. Onlar bu XXV turda qələbə qazanmaqla medal qazanmaq şanslarını bir qədər də artırdı.
Zaur Mehtiyev