Orduya hazırlaşan gənclərimiz fiziki cəhətdən də inkişaf edir, vətənimizin keşikçilərinə çevrilirlər

Orduya hazırlaşan gənclərimiz fiziki cəhətdən də inkişaf edir, vətənimizin keşikçilərinə çevrilirlər


Azərbaycan xalqının apardığı mübarizə dövlətimizə müstəqillik, suverenlik qazandırdı. Hazırda ölkəmiz müstəqil dövlət kimi dünyanın ən aparıcı dövlətləri sırasında yer alır. Müstəqillikdən sonra aparılan islahatlar, quruculuq işləri Azərbaycanın dünyaya inteqrasiyasının əsasını qoydu. Ordu quruculuğunda aparılan köklü islahatlar isə hərb sahəsində əvəzsiz rol oynadı. Bu gün Azərbaycanın qüdrətli ordusu var və bu ordu vətən torpaqlarını işğaldan azad etmək, sərhədlərimizi qorumaq gücünə malikdir. Ümummilli lider Heydər Əliyev demişdir: "Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas vəzifələrimizdən biridir və bu vəzifələri ardıcıl surətdə həyata keçiririk. Hər bir azərbaycanlı gəncinə gənclik vaxtına çatana qədər özünü orduya xidmət etmək üçün hazırlamağı tövsiyə edirəm. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır. Milli dəyərlərimizi, milli ənənələrimizi, yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”.
Şübhəsiz ki, orduda xidmətə hazırlaşan gənclər həm də fiziki cəhətdən sağlam olmalıdırlar. Bu baxımdan Azərbaycanda görülən işlər, kifayət qədər yüksəkdir. Ölkəmizin hər bir bölgəsində yaradılan müasir idman qurğuları gənc nəslin sağlamlığına xidmət edir. Orduya hazırlaşan gənclərimiz fiziki cəhətdən inkişaf etməklə vətənimizin keşikçilərinə çevrilirlər.
Azərbaycanın ordu sıralarında xidmət edən yüzlərlə hərbçi-idmançısı müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir. Eyni zamanda, paytaxtımız dünya hərbçiləri arasında ayrı-ayrı növlər üzrə beynəlxalq turnirlərə ev sahibliyi edir. Məlumat üçün bildirək ki, hərbçilər arasında keçirilən yarışlar Beynəlxalq Hərbi İdman Şurası (CİSM) tərəfindən təşkil olunur. CİSM dünya miqyaslı hərbi idman təşkilatıdır. Onun məqsədi idman və fiziki məşqlər vasitəsilə iştirakçı ölkələr arasında daimi əlaqələr yaratmaqdır. Bu qurum 1948-ci il fevralın 18-də Fransada yaradılıb. Həmin iclasda Lüksemburq, Hollandiya, Belçika və Danimarka nümayəndələri bira yerə toplaşaraq CİSM-i yaradıblar. Qısa zaman ərzində öz fəaliyyətini genişləndirən bu təşkilat Beynəlxalq Olimpiya Komitəsi tərəfindən də tanınıb. Hazırda 137 üzv ölkəni özündə birləşdirən CİSM qitələrarası və regional yarışları keçirən ən böyük idman təşkilatlarından biridir. Əsas məqsəd və vəzifələrə nail olmaq üçün CİSM hər il hərbçilər arasında 20-yə yaxın dünya çempionatı və 100-dən çox qitələrarası və regional hərbi idman yarışları keçirir.
Azərbaycan 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının üzvüdür . Həmin vaxtdan bugünədək Azərbaycanın hərbçi idmançıları CİSM çərçivəsində keçirilən Avropa və dünya çempionatlarında, həmçinin beynəlxalq turnirlərdə 170-dən çox medal qazanıblar.

"Azərbaycanda, o cümlədən Silahlı Qüvvələrdə idmanın bütün növləri özünün tərəqqi dövrünü yaşayır”
2004-cü il noyabrın 16-da Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində hərbçilər arasında cüdo üzrə 30-cu dünya çempionatıdır. Turnirin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iştirak edib. Turnirdə Azərbaycanın idman şərəfini qadınlar arasında Pərvanə Ağacanova (48 kq), Nigar Cabbarova (52 kq), Kifayət Qasımova və Ramilə Usubova (57 kq), Sona Əhmədli (63 kq), Bəhriyyə Hüseynova (70 kq), Firdanə Şükürova (78 kq) qoruyublar. Kişilərin yarışında isə respublikamızı Elçin Əhədov (60 kq), Elçin İsmayılov və Ramil Qasımov (66 kq), Şahin Arzumanov və Elməddin Əhmədov (73 kq), Mehman Əzizov və Elxan Rəcəbli (81 kq), Qədir Qədirov (90 kq), Mövlud Mirəliyev (100 kq-dan yuxarı) təmsil ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində demişdir:
- Azərbaycan Silahlı Qüvvələrində hər il idmanın 14 növü üzrə birincilik yarışları keçirilir. İdman növlərinin sayı ildən-ilə artır. Hazırda Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda idmanın 26 növü üzrə bölmələr fəaliyyət göstərir. Hərbçilərin cüdo üzrə dünya çempionatı Qafqazda birinci dəfə, Rusiya Federasiyasından sonra Müstəqil Dövlətlər Birliyində birinci dəfə Azərbaycan Respublikasında keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının üzvüdür. Azərbaycanın bu təşkilata üzv olduğu vaxtdan bu günədək ordu idmançıları Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə iştirak edərək, 53 qızıl, 32 gümüş və 56 bürünc medal qazanıblar. Afinada keçirilən XXVIII Yay Olimpiya Oyunlarında ordu idmançısı Fərid Mansurov yunan-Roma güləşi üzrə Olimpiya çempionu olub.
Hərbçilərin cüdo üzrə əvvəlki dünya çempionatlarında ordu idmançıları Şahin Arzumanov, Əhliman Ağayev və Zülfiyyə Hüseynova birinci yeri tutublar. Azərbaycanda hərbçilərin cüdo üzrə 30-cu dünya çempionatının keçirilməsini də bu uğurların nəticəsi kimi qiymətləndirmək olar. Bu gün Azərbaycan cüdosu özünün tərəqqi dövrünü keçirir, gənclərimiz idmanın bu növünə xüsusi maraq göstərirlər.

Hərbçilərin cüdo üzrə 30-cu dünya
çempionatında
22 ölkənin - Azərbaycan, Avstriya Albaniya, Almaniya, Belarus, Belçika, Braziliya, Çin, Koreya Respublikası, İspaniya, İtaliya, Fransa, Litva, Özbəkistan, Hollandiya, Polşa, Rumıniya, Rusiya, Slovakiıya, Sloveniya, Tunis və Türkiyənin 300-dək idmançısı medallar uğrunda mübarizə aparıb. Azərbaycan cüdoçuları bu çempionatda 3 qızıl və 6 bürünc medal qazanıblar.
Ölkəmiz bu turnirdə qadınların komanda yarışlarında 3-cü, kişilərin mübarizəsində isə 1-ci olub.
Kişilərin yarışında Elxan Rəcəbli və Mövlud Mirəliyev bütün rəqiblərinə qalib gələrək, qızıl, Mehman Əzizov və Nurəddin Səlimov isə bürünc medala layiq görülüblər. Bu yarışda Elxan Rəcəbli həm də çempionatın ən texnikalı cüdoçusu adını qazanıb.
2006-cı ildə ölkəmiz hərbçiləri iştirakı ilə keçirilən daha bir turnirə ev sahibliyi edib. Həmin il oktyabrın 29-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində güləş üzrə dünya çempionatı keçirilib. Yarışda 20 ölkənin - Azərbaycan, Belarus, Çin, Misir, Estoniya, Finlandiya, Almaniya, Hindistan, İordaniya, Qazaxıstan, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya, Şri-Lanka, Suriya, Türkiyə, Ukrayna və Özbəkistanın 200-dək pəhləvanı 5 gün ərzində mükafatlar uğrunda mübarizə aparıb. Çempionatda uğurla çıxış edən güləşçilərimiz 4 qızıl və 1 bürünc medal qazanıblar.
55 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Bayramov finalda türkiyəli Bayram Özdəmirə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Digər yunan-Roma güləşçimiz Taleh İsrafilov da qızıl medal əldə edib. 60 kq-da mübarizə aparan Taleh həlledici final qarşılaşmasında rusiyalı Baslan Baktayevə heç bir şans verməyib. Bununla da, güləşçimiz hərbçilərin dünya çempionatları tarixində 4-cü dəfə qızıl medala yiyələnib.
55 kq-da çıxış edən Namiq Sevdimov finalda suriyalı Firaz Əl-Rifayeyə qalib gələrək, komandamızın aktivinə növbəti qızıl medalı yazdırıb. 60 kq-da çıxış edən Əsgərxan Novruzov isə bürünc medalla kifayətlənib. O, üçüncü yer uğrunda mübarizədə qazaxıstanlı Aslan Karpanovu məğlub edib. Dünya kuboku-2004-ün qalibi, 96 kq-da qüvvəsini sınayan Vüqar Qurbanov isə üçüncülüyün bir addımlığında büdrəyib: o, alman güləşçisi ilə görüşdə məğlubiyyətlə üzləşib.
Beləliklə, ölkəmizin yunan-Roma güləşçiləri hərbçilərin XXIV dünya çempionatını 3 qızıl, sərbəst güləşçilər isə 1 qızıl və 1 bürünc medalla başa vurublar. Yunan-Roma güləşçisi Elbrus Məmmədov (66 kq) və rusiyalı sərbəst güləşçi Georgi Ketoyev (84 kq) turnirin ən yaxşı idmançıları kimi xüsusi mükafata layiq görülüblər. Ümumi hesabda Rusiya yığması birinci (127 xal), Azərbaycan (99 xal) ikinci, Belarus (81 xal) isə üçüncü yeri tutub. Bu ölkələrin yığmaları yunan-Roma güləşi üzrə də eyni yerlərə layiq görülüblər. Sərbəst güləş üzrə isə Rusiya birinci, Azərbaycan ikinci, Türkiyə üçüncü yerdə qərarlaşıblar.
2008-ci il noyabrın 23-29-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində hərbçi boksçular arasında 52-ci dünya çempionatı keçirilib. Yarışda ölkəmizin idman şərəfini 11 boksçu qoruyub. Noyabrın 23-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən hərbçi boksçular arasında 52-ci dünya çempionatının açılış mərasimində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev də iştirak etdi. O, hərbçi boksçuların 52-ci dünya çempionatının paytaxtımızda təşkil olunmasını mühüm hadisə kimi qiymətləndirib.
Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) baş katibi polkovnik Mişel Van Meurs öz çıxışında Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğıdan söhbət açıb.
Qeyd edək ki, hərbçi boksçuların 52-ci dünya çempionatında Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Ukrayna, ABŞ, Barbados, Belarus, Bolqarıstan, Əlcəzair, Fransa, Hindistan, İtaliya, Konqo, Qvineya, Latviya, Misir, Hollandiya, Özbəkistan və Sloveniyanın 120 boksçusu mübarizə aparıb. Ölkəmizi bu yarışda 11 idmançı təmsil edib.
52-ci dünya çempionatında təmsilçilərimiz 6 medal qazanıblar. Final yarışlarında dəri əlcək ustamız Ceyhun Abiyev (48 kq) hindistanlı Paramit Sinqi sınağa çəkib. Ceyhun həlledici qarşılaşmada rəqibinə 6:4 hesabı ilə qalib gəlib. 51 kq çəki dərəcəsində qüvvəsini sınayan Rəhim Nəcəfov da eyni ölkənin təmsilçisi ilə üz-üzə gəlib. Bu dəfə də üstünlük həmyerlimizin tərəfində olub. Boksçumuz böyük xal üstünlüyü ilə (15:4) qələbə qazanaraq dünya çempionu tituluna sahib çıxıb.
54 kq çəki dərəcəsində mübarizə aparan Samir Məmmədov Özbəkistan idmançısı Tulacboy Donyarova 10:14 hesabı ilə məğlub olub və DÇ-də çıxışını dayandırıb. 57 kq-da çıxış edən təmsilçimiz Elşən İsmayılov isə özbəkistanlı Əbdüqafar Umarova qalib gəlib (10:8) və növbəti mərhələyə vəsiqə qazanıb.
Perspektivli idmançılarımızdan sayılan Elşən İsmayılov bu mərhələdə hindistanlı Chhote Lal Yadavla döyüşüb. Bütün raundlarda fəallığı və zərbələrinin dəqiqliyi ilə seçilən Elşən 11:2 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Ölkəmizi 75 kq çəki dərəcəsində təmsil edən Rahib Bəylərovun rəqibi qarşılaşmadan imtina etdiyinə görə həmyerlimiz birbaşa finala vəsiqə qazanıb. Maraqlıdır ki, boksçumuzun finalda qarşılaşacağı rəqib də rinqə çıxmayıb. Beləliklə, Rahib Bəylərov öz çəki dərəcəsində dünya çempionu adını qazanıb. Daha bir boksçumuz - Elnur Qədirov dünya çempionatında 81 kq çəki dərəcəsində mübarizə aparıb. İlk döyüşlərində olduğu kimi, final yarışlarında da böyük inamla mübarizə aparan idmançımız biri-birinin ardınca endirdiyi dəqiq zərbələri ilə Özbəkistan boksçusu Şerzod Əbdürəhimovu 12:9 hesabı ilə məğlub edib. Təmsilçimiz Elçin Əlizadənin (91 kq) dəqiq zərbələri qarşısında tab gətirməyən Hindistan boksçusu Sinq Manpret rinqi böyükhesablı məğlubiyyətlə tərk edib (1:11). Final yarışlarının gedişi zamanı Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi polkovnik Natiq Əliyev, MOİK-in rəis müavini polkovnik-leytenant Şamil Cəfərov və hərbçi boksçuların 52-ci dünya çempionatının əlaqələndiricisi polkovnik Nevzat Varol Beynəlxalq Hərbi İdman Şurası (CİSM) ilə fəal əməkdaşlığa görə CİSM-in xüsusi medalları ilə təltif olunublar. Turnirin bağlanış mərasimində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezideni Çingiz Hüseynzadə və MOK-un vitse-prezidenti Xəzər İsayev, CİSM-in baş katibi polkovnik Mişel Van Meurs, MOİK-in rəisi polkovnik Natiq Əliyev, Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
2010-cu il oktyabrın 25-28-də Bakıda Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) Avropa konfransı keçirilib.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov konfransda çıxış edərək, Azərbaycan xalqının müstəqilliyini bərpa etdikdən sonra hər sahədə olduğu kimi, idman sahəsində də bir çox uğurlar əldə etdiyindən danışıb. "Bu, ilk növbədə, ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra respublikada idman və bədən tərbiyəsi hərəkatı sürətlə inkişaf etməyə başlamışdır. Olimpiya kompleksləri şəbəkəsinin və müxtəlif idman federasiyalarının yaradılması idmanın tərəqqisinə güclü təkan verib. Nəticədə, Azərbaycan idmançıları qısa müddət ərzində Avropada və dünyada keçirilən idman yarışlarında, o cümlədən Olimpiya oyunlarında yaddaqalan uğurlar əldə ediblər. Ordu idmançılarının da qazandıqları medalların sayı artıb. Müxtəlif idman cəmiyyətlərinin fəaliyyət göstərdiyi Azərbaycanda idman, fiziki hazırlıq hərəkatı Silahlı Qüvvələrdə də möhkəm əsaslar üzərində qurulmuşdur. Hazırda Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda (MOİK) idmanın 26 növü üzrə bölmələr fəaliyyət göstərir”, - deyə Çingiz Məmmədov bildirib.
Nazir müavini əlavə edib ki, indiyədək Azərbaycanda CİSM-in çərçivəsində hərbçilərin 2004-cü ildə cüdo üzrə 30-cu, 2006-cı ildə güləş üzrə 24-cü və 2008-ci ildə isə boks üzrə 52-ci dünya çempionatları keçirilib. "Azərbaycanın ordu idmançıları o zamandan bu günədək Olimpiya, dünya və Avropa səviyyəli beynəlxalq yarışlarda iştirak etmişlər. Bu gün Azərbaycanda, o cümlədən Silahlı Qüvvələrdə idmanın bütün növləri özünün tərəqqi dövrünü yaşayır”, - deyə Çingiz Məmmədov əlavə edib.
Avropa Hərbi İdman Şurasının rəhbəri Mesut Cerit Bakıda keçirilən bu tədbirin çox yüksək səviyyədə təşkil edildiyini qeyd edib. O, Azərbaycanda idmanın inkişafına yüksək diqqət və qayğı göstərildiyini və bu cür qayğının Azərbaycana böyük uğurlar gətirdiyini bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi polkovnik Natiq Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Ağacan Əbiyev və digərləri konfransın əhəmiyyətindən danışıblar.


Azərbaycan ilk dəfə dünyanın hərbçi
futbolçularını bir yerə toplayacaq
Ölkəmiz hərbçi idmançılar arasında ilk dəfə keçirilən futbol üzrə Dünya kubokuna da ev sahibliyi edəcək. Bu, ölkəmizdə idmana göstərilən qayğının, respublikamızda yaradılan idman qurğularının müasir tələblərə cavab verməsini bir daha sübut edir. Şübhəsiz ki, dünya hərbçilərinin yenidən Azərbaycanda toplaşması ölkə futbolunun inikşafına öz müsbət təsirini göstərəcək. Həmçinin Azərbaycanın gənc nəslinin vətənpərvərlik ruhunun yüksəldilməsində əhəmiyyətli rol oynayacaq. Bu il fevralın 27-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Beynəlxalq Hərbi İdman Şurası (CİSM) arasında "Beynəlxalq Hərbi İdman Şurasının 1-ci dünya futbol kubokunun təşkili haqqında” müqavilə imzalanıb.
Müqavilə sənədini Azərbaycan Respublikası müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov və Beynəlxalq Hərbi İdman Şurasının, həmçinin Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Hamad Kalkaba Malboum imzalayıblar.
Mərasimdə çıxış edən müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov qeyd edib ki, bu müqavilə Bakıda keçiriləcək hərbçilərin futbol üzrə birinci Dünya kuboku yarışlarının yüksək səviyyədə təşkil edilməsi və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə imzalanıb.
Çingiz Məmmədov çıxışında qeyd edib ki, Azərbaycan Respublikası ikinci dəfə müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, idman sahəsində də böyük uğurlar əldə olunub. "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinə rəhbərliyə başladıqdan sonra ölkəmizdə idman və bədən tərbiyəsi hərəkatı sürətlə inkişaf edib. Bunun nəticəsi olaraq Azərbaycan idmançıları qısa müddət ərzində dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda və Olimpiya oyunlarında böyük uğurlar əldə ediblər. Azərbaycanda idman və fiziki hazırlıq hərəkatı Silahlı Qüvvələrdə də möhkəm əsaslar üzərində qurulub. İndiyədək Azərbaycan Beynəlxalq Hərbi İdman Şurası çərçivəsində cüdo, güləş, boks üzrə dünya çempionatlarına və bu qurumun Avropa konfransına ev sahibliyi edib.
Azərbaycan Silahlı Qüvvələri 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının üzvüdür və indiyədək bu qurum çərçivəsində keçirilən dünya və Avropa çempionatlarında 170-dən çox medal qazanıb”, - deyə nazir müavini bildirib.
Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba Malboum tədbirin təşkili üçün Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Kamerunlu qonaq qeyd edib ki, bu tədbirlər minlərlə hərbçini bir araya gətirir və dostluq məqsədi daşıyır. "Azərbaycan bu tədbirin təşkilində bizə öz yardımını göstərməklə sülhsevər ölkə olduğunu göstərir. Biz gələcəkdə minlərlə idmançılarımızla birlikdə burada keçirilən tədbirlərdə iştirak edəcəyik. İnanıram ki, hərbçilərin futbol üzrə I Dünya kubuku yüksək səviyyədə təşkil olunacaq. Azərbaycanın bütün beynəlxalq yarışları keçirməyə imkanı var”, - deyə Hamad Kalkaba Malboum vurğulayıb. Qeyd edək ki, kubok yarışlarında 16 komanda mübarizə aparacaq. Belə ki, yarışa Asiya qitəsindən Omanın, Qətərin, İraqın, Bəhreyinin, Amerika qitəsindən Braziliyanın, ABŞ-ın, Kanadanın, Afrika qitəsindən Kamerunun, Əlcəzairin, Fil Dişi Sahilinin, Keniyanın, Malinin, Avropa qitəsindən Almaniyanın, Fransanın və Hollandiyanın komandaları qoşulacaqlar. Birincilikdə 16-cı komanda isə ev sahibi kimi Azərbaycan olacaq.
Beynəlxalq Hərbi İdman Şurası tarixində ilk dəfə keçiriləcək birinci futbol kubokuna ev sahibliyinin Azərbaycana etibar edilməsi çox sevindirici haldır. Azərbaycan dövləti digər beynəlxalq turnirlər kimi, bu yarışın da yüksək səviyyədə keçiriləcəyinə təminat verib. Artıq bu məqsədlə müdafiə, gənclər və idman nazirliklərinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin üzvlərindən ibarət Təşkilat Komitəsi yaradılıb və fəaliyyətə başlayıb.
Bakıda keçiriləcək yarışlarda 16 ölkədən 500 hərbçi idmançının iştirakı nəzərdə tutulub. Bu tədbirin işıqlandırılması üçün beynəlxalq kütləvi informasiya vasitələrinin də Bakıya gəlişi gözlənilir. Yarışlar "Şəfa”, "Dalğa Arena”, "Bayıl” və "Zirə” stadionlarında keçiriləcək.
Yarışın püşkatması bu il aprelin 29-da, açılışı iyulun 2-də, bağlanış mərasimi isə iyulun 14-də olacaq.
Azərbaycanda bu cür möhtəşəm yarışların təşkil olunması ölkəmizin gənc nəslinin idmana olan marağının artması ilə yanaşı, onların milli mənlik şüurunun inkişafına da öz müsbət təsirini göstərir. Həmçinin ordu sıralarınada yer alan gənc əsgərlərimizin fiziki sağlamlığı möhkəmlənir. Hərbçi idmançılarımızın beynəlxalq miqyaslı yarışlarda əldə etdiyi nailiyyətlər ordumuzun qüdrətini bir daha sübut edir, əsgərlərimizin fiziki sağlamlığına dövlətimiz tərəfindən xüsusi qayğı ilə yanaşıldığını önə çəkir.
Anar Əhmədov

Azərbaycan Respublikasının Prezidenti yanında
 Kütləvi İnformasiya Vasitələrinin İnkişafına 
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.