Bu il Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında ölkəmiz velosiped idman növü üzrə 3 idmançı ilə təmsil olunacaq. Həmin idmançılardan ikisi zərif cinsin nümayəndələridir.
Olqa İsmayılova trek velosipedinin sprint və keyrin növlərində, Yelena Pavluxina isə şosse velosipedinin qrup yarışında qovvəsini sınayacaq. Olqa İsmayılova olimpiadaya hazırlıq prosesi, qarşıdakı yarışlar və Rio-2016 Olimpiadası ilə bağlı fikirlərini "Olimpiya dünyası” ilə bölüşdü.
- Olqa xanım, əvvəlcə olimpiadaya lisenziya qazanmağınızla bağlı məlumat verməyinizi istərdik.
- Rio-2016 Olimpiadasına lisenziya uğrunda mübarizə prosesi iki il davam edib. Belə ki, 2014-cü ildə bizə məlumat verildi ki, Avropa və dünya çempionatı, Dünya kubokunda lisenziya xalları toplamaqla olimpiadaya lisenziya əldə etmək mümkündür. Velosiped idmanında tez-tez dəyişikliklər baş verir, texnologiya yenilənir. Hər il qaydalarda müəyyən dəyişikliklər edilir. Bu şəraitdə təbii ki, olimpiadaya vəsiqə uğrunda gərgin mübarizə gedirdi. Mən bütün gücümdən istifadə edərək təmsil etdiyim ölkənin - Azərbaycanın adına lisenziya qazanmağı bacardım.
- Ölkəmiz bu vaxta qədər keyrin və sprint növləri üzrə Olimpiya Oyunlarında təmsil olunmayıb. Siz ilk dəfə bu növlərdə Azərbaycanı təmsil edəcəksiniz. Hansı hisslərinizi keçirirsiniz?
- Olimpiya Oyunlarında iştirak etmək hər bir idmançının arzusudur və bu yarışlarda Azərbaycanı təmsil etmək mənim üçün böyük şərəf və məsuliyyətdir. Dörd ildən bir keçirilən dünyanın mötəbər idman tədbirində ölkəmi layiqincə təmsil etmək üçün var gücümlə çalışacam. İntensiv məşqlər davam edir və ilk dəfə təmsil olunduğum keyrin və sprint növlərində uğurlu çıxış edəcəyimə inanıram.
- Olimpiadaya qədər hansısa yarışlarda iştirak edəcəksizinizmi?
- Artıq hazırlığın yekun mərhələsindəyik. Bir-iki yarışda iştirak etməyi planlaşdırıram ki, olimpiadaya start verilənədək daha hazırlıqlı olum. Polşada keçiriləcək beynəlxalq turnirdə iştirak etdikdən sonra Portuqaliyada təlim-məşq toplanışında çıxış edəcəyəm.
- Dünya və Avropa çempionusunuz. Sizin üçün ən böyük zirvə yəqin ki, Olimpiya çempionu tituluna yiyələnməkdir. Bu barədə nə düşünürsünüz?
- Bu, mənim iştirak edəcəyim ikinci olimpiadadır. İnşallah, 2-ci şansımdan maksimum yararlanmağa çalışacağam. London-2012 Olimpiya Oyunlarında Belarusu təmsil edirdim. Yarışa 6 ay qalmış adıçəkilən ölkənin velosiped idmanı üzrə hazırlıq prosesinə nəzarət edən məsul şəxs vəzifəsindən ayrıldığına görə olimpiadaya yaxşı hazırlaşa bilmədim. İdmançının olimpiada da daxil olmaqla yarışlarda uğurlu çıxış etməsi hazırlıq prosesindən və maliyyə dəstəyindən çox asılıdır. Olimpiya çempionu olmağı çox istərdim.
- Necə düşünürsünüz, qələbə qazanmaq üçün ilk növbədə nə lazımdır?
- İdmançının uğur əldə etməsi üçün çox çalışması mütləqdir. Bir də idmançı öz uğurlarına inanmalıdır. Özünəinam olmayan yerdə heç bir qələbədən, uğurdan söhbət gedə bilməz. Olimpiadaya vəsiqə qazandıqdan sonra bu inam daha da artır və sonra öz gücünə daha çox inanmağa başlayırsan. Əlbəttə, burada yarış təcrübəsi də böyük rol oynayır. Ancaq gərək tez-tez yarışlarda iştirak etməklə bu təcrübəni artırasan, dayanmaq olmaz. Yerində saysan, öz üzərində işləməsən uğurların davamı gəlməyəcək. Hər zaman özünü formada saxlamağı bacarmalısan.
- Rio-2016-da əsas rəqibləriniz kimlərdir?
- Olimpiya Oyunlarında Avstraliya, Almaniya, İngiltərə və Rusiya təmsilçiləri əsas favoritlər hesab olunurlar. Əslində bu, siyahını daha da uzatmaq olar. Çünki olimpiadada dünyanın ən yaxşı idmançıları iştirak edirlər. Milli federasiyalar təmsilçilərinin uğur qazanması üçün əlindən gələn edirlər.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir