Boksçularımızın Olimpiadada "bürünc sindrom"u - YAZI

Boksçularımızın Olimpiadada "bürünc sindrom"u - YAZI
Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının başlamasına sayılı günlər qalıb. Azərbaycan Rio-2016-da rekord sayda idman növü və idmançı ilə təmsil olunacaq.

Dördilliyin zirvə yarışında mübarizəyə, ilk olaraq Azərbaycanı boksçuları başlayacaq. Qazanılan 56 lisenziyadan 11 məhz bu idman növünün payına düşür. Kişilər arasında Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (-81 kq), Abdulkadir Abdullayev (-91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq), zərif cinsin nümayəndələrindən isə Yana Alekseyevna (60 kq) ölkəmizin idman şərəfini qoruyacaq.

Goal.az sizi Azərbaycan boksçularının indiyədək olimpiya oyunlarındakı iştirakını araşdırıb.

Azərbaycanda boksun yaranması
Azərbaycanda boks XX əsrin əvvəllərində Bakıya işləməyə gələn əcnəbi fəhlə və neft sənayesi üzrə mütəxəssislər tərəfindən yaranıb. Ötən əsrin 20-ci illərində paytaxt Bakıda həvəskar boksçuların ilk döyüşləri keçirilməyə başlayıb. 1924-cü ildə Azərbaycan Boks Federasiyası təsis edilib. Azərbaycan idmançılarının beynəlxalq döyüşləri isə 20-ci illərin sonlarına təsadüf edib.

Azərbaycan Boks Federasiyası AİBA-nın tam hüquqlu üzvü olduqdan sonra idmançılarımız Olimpiya oyunlarında, Dünya və Avropa çempionatlarında çıxış etməyə başladılar.


Olimpiya oyunlarında ilk uğur
Olimpiya oyunlarında boksçularımızın ilk uğuru 2000-ci ildə keçirilmiş Sidney Olimpiadasına təsadüf edib. Planetin ən böyük yarışında 75 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Ələkbərov müstəqil Azerbaycanın boks üzrə ilk medalını qazanıb.


Afina Olimpiadası - 2 medal
2004-cü il Afina Olimpiadasından da boksçularımız medalla döndülər. 51 kq çəki dərəcəsində Fuad Aslanov, 54 kq-da isə Ağası Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxdılar.


Pekin və Londonda da eyni ssenari
2008-ci ildə Pekində keçirilən Olimpiada da boksçularımız medalsız qalmadılar. Bu dəfə ölkəmizi 57 kq çəki dərəcəsində təmsil edən Şahin İmranov bürünc medal qazandı.

2012-ci il Londonda keçirilən XXX Yay Olimpiya oyunlarında 2 boksçumuz mükafatçılar sırasına düşdü. 91 kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov, 91+ kq çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov bürünc mükafata sahib çıxdılar.


Boksçularımızın "bürünc sindrom”u
Azərbaycan boksçularının Olimpiya oyunlarında qazandığı uğurlara nəzər saldıqda bir məqam diqqətdən yayınmır. Sidney, Afina, Pekin və Londonda keçirilən olimpiya oyunlarında 6 boksçumuz eyni əyarlı medal qazanıb. Söhbət bürünc medaldan gedir. Rio Olimpiadasında boksçularımızdan gözləntilər daha yaksəkdir. Bunu deməyə sözgüdən idmançıların son Dünya və Avropa Çempionatlarında göstərdikləri nəticələr əsas verir.


İlk boksçu - Bayraqdar
Bu il Olimpiya oyunlarında Azərbaycanın Olimpiya yığmasının bayraqdarı boksçu Teymur Məmmədov olacaq. Seçim 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi, sərbəst güləşçi Toğrul Əsgərovla Teymur Məmmədov arasında aparılıb. Sonda iki amilə əsasən, Məmmədova üstünlük verilib: Əsgərov olimpiya və Avropa çempionu, eləcə də "Bakı 2015" I Avropa Oyunlarının qalibi olmuşdusa, Teymur Məmmədov bütün yarışlarda medal qazanıb. O, Avropa çempionu və "Bakı 2015"in qalibi, London olimpiadasının, eləcə də 2 dəfə dünya, 1 dəfə qitə çempionatının mükafatçısı olub. Digər tərəfdən, boksçular Rio-de-Janeyroya hamıdan tez gedəcəklər. Onlar ABŞ-da təlim-məşq toplanışı keçdikdən sonra Braziliyaya yollanaraq, Olimpiya Kəndində yerləşəcəklər. Boksçuların döyüşləri də Açılış Mərasiminin ertəsi - avqustun 6-da başlayacaq. Güləşçilər isə mübarizəyə avqustun 14-dən start verəcəklər.

Məmmədov açıqlamasında bunun onun üçün fəxr olduğunu qeyd edib: "Bayraqdar olmaq mənim üçün çox böyük fəxrdir və çox xoşbəxtəm. Çalışacağam ki, ümidləri doğruldum. Bütün gücümlə çalışacağam ki, Azərbaycanın bayrağını dalğalandırım".


Ölkəmizi Rio-2016-da təmsil edəcək boksçular:

Adı: Elvin
Soyadı: Məmişzadə
Çəkisi: 52 kq
İdman növü: Boks
Təvəllüdü: 17.12.1991
Nailiyyətləri: Avropa çempionatının gümüş mükafatçısı (2010); Avropa çempionatının bürünc mükafatçısı (2013); Birinci Avropa Oyunlarının qalibi; Dünya çempionu (2015).
Rio-2016-ya lisenziyanı 2015-ci ildə Dohada keçirilən dünya çempionatında qazanıb.

Adı: Albert
Soyadı: Səlimov
Təvəllüdü: 05.04.1986
İdman növü: boks
Çəkisi: 60 kq
Nailiyyətləri: I Avropa Oyunlarının qalibi; dünya çempionatının gümüş mükafatçısı (2015).
Rio-2016-ya lisenziyanı 2015-ci ildə Dohada keçirilən dünya çempionatında qazanıb.


Adı: Pərviz
Soyadı: Bağırov
Təvəllüdü: 10.02.1994
İdman növü: boks
Çəkisi: 69 kq
Nailiyyətləri: I Avropa Oyunlarının qalibi; dünya çempionatının bürünc mükafatçısı (2015).
Rio-2016-ya lisenziyanı 2015-ci ildə Dohada keçirilən dünya çempionatında qazanıb.


Adı: Kollazo
Soyadı: Sotomayor
Təvəllüdü: 16.02.1985
İdman növü: boks
Çəkisi: 64 kq
Nailiyyətləri: I Avropa Oyunlarının qalibi.
Rio-2016-ya lisenziyanı 2016-cı ildə Samsunda keçirilən Avropa təsnifat turnirində qazanıb.


Adı: Abdulqadir
Soyadı: Abdullayev
Təvəllüdü: 17.07.1988
İdman növü: boks
Çəkisi: 91 kq
Nailiyyətləri: I Avropa Oyunlarının qalibi.
Rio-2016-ya lisenziyanı 2016-cı ildə Samsunda keçirilən Avropa təsnifat turnirində qazanıb.


Adı: Cavid
Soyadı: Çələbiyev
Təvəllüdü: 17.05.1993
İdman növü: Boks
Çəkisi: 56 kq
Nailiyyətləri: Dünya çempionu (2013).
Rio-2016-ya lisenziyanı Türkiyənin Samsun şəhərində keçirilən lisenziya turnirdə qazanıb.


Adı: Məhəmmədrəsul
Soyadı: Məcidov
Təvəllüdü: 27.09.1986
İdman növü: Boks
Çəkisi: + 91 kq
Nailiyyətləri: İkiqat dünya (2011, 2013) və Avropa çempionu (2013). London-2012 Olimpiadasının və I Avropa Oyunlarının bürünc mükafatçısı.
Rio-2016-ya lisenziyanı Türkiyənin Samsun şəhərində keçirilən lisenziya turnirində qazanıb.


Adı: Teymur
Soyadı: Məmmədov
Təvəllüdü: 11.01.1993
İdman növü: Boks
Çəkisi: 91 kq
Nailiyyətləri: Dünya çempionatının gümüş (2011) və bürünc mükafatçısı (2013); Avropa çempionu (2011). London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı (2012). Avropa Oyunlarının qalibi (2015).
Rio-2016-ya lisenziyanı Bakıda keçirilən dünya Olimpiya təsnifat turnirində qazanıb.


Adı: Kamran
Soyadı: Şahsuvarlı
Təvəllüdü: 06.12.1990
İdman növü: Boks
Çəkisi: 75 kq
Nailiyyətləri: Azərbaycan çempionu (2015).
Rio-2016-ya lisenziyanı Bakıda keçirilən dünya Olimpiya təsnifat turnirində qazanıb.




Adı: Rüfət
Soyadı: Hüseynov
Təvəllüdü: 25.04.1997
İdman növü: Boks
Çəkisi: 49 kq
Nailiyyətləri: Nankində keçirilən yeniyetmələr arasında II Yay Olimpiya Oyunlarının qalibi (2014).
Rio-2016-ya lisenziyanı Bakıda keçirilən dünya Olimpiya təsnifat turnirində qazanıb.


Adı: Yana
Soyadı: Alekseyeva
Təvəllüdü: 30.10.1987
İdman növü: Boks
Çəkisi: 60 kq
Nailiyyətləri: Dünya çempionatının gümüş mükafatçısı (2014).
Rio-2016-ya lisenziyanı Türkiyənin Samsun şəhərində keçirilən lisenziya turnirdə qazanıb.


20 günlük Amerika hazırlığından qayıdan boks yığmamız dünən axşam Rio-de Janeyroya yollanıb. Boks yarışları avqustun 6-da başlayacaq.

Zeynəb Əlizadə

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir