Olimpiya tariximizdə ilk növün “qaranquşlar”ı - YAZI

Olimpiya tariximizdə ilk növün “qaranquşlar”ı - YAZI

XXXI Yay Olimpiya Oyunlarının başlanmasına az vaxt qalıb. Avqustun 5-dən 21-dək Rio-de Janeyroda təşkil olunacaq turnir Cənubi Amerikada keçiriləcək ilk Olimpiya Oyunları kimi tarixə düşəcək. Olimpiadada 206 ölkəni təmsil edən idmançılar 306 dəst medal uğrunda mübarizə aparacaqlar. Bu isə əvvəlki Olimpiya Oyunları ilə müqayisədə rekord göstəricidir. Azərbaycan Olimpiya komandası bu gün axşam saatlarında Rio-de Janeyroya yola düşəcək. Millimiz Olimpiya Kəndində Portuqaliya və Slovakiya yığmaları ilə eyni binada məskunlaşacaq.

Azərbaycan idmançıları da 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarında rekord sayda idman növü və idmançı ilə təmsil olunacaqlar. Ölkəmizin 56 idmançısı 18 növdə lisenziya qazanıb.

Azərbaycan Olimpiya oyunlarında ilk dəfə 4 yeni idman növü - oxatma, kanoe-slalom, trek velosipedi və triatlonla təmsil olunacaq.


Yuri Meqliç Azərbaycanı Rio-2016-da kanoe-slalom növü üzrə təmsil edəcək. 31 yaşlı idmançı 2012-ci ildə Londonda keçirilən Olimpiya oyunlarına lisenziya xarakterli dünya çempionatında 95,20 xalla 14-cü olub. Bu nəticə ilə Meqliç final mərhələsindən kənarda qalsa da, 15 ən güclü kanoe-slalomçu sırasına düşdüyündən, reqlamentə əsasən, olimpiadaya lisenziya qazanıb.

Yuri Meqliç Avropa çempionatlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Olqa Senyuk Azərbaycanı Rio-2016-da kamandan oxatma idman növü üzrə təmsil edəcək. 25 yaşlı idmançımız mayda İngiltərənin Nottingem şəhərində keçirilən Avropa Olimpiya Təsnifat turnirində 3-cü yeri tutmaqla Olimpiya oyunlarına vəsiqə qazanıb. Bununla da Senyuk ölkə idman tarixinə adını yazdırıb. Belə ki, buna qədər olimpiadalarda bu idman növündə də təmsil olunmamışıq.


Ukrayna əsilli Azərbaycanlı triatlonçu Rostislav Pevtsov Olimpiya Oyunlarında ölkəmizi yeni növdə təmsil edən növbəti idmançıdır. Bakı-2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilən Pevtsovun olimpiadada iştirakı Beynəlxalq Triatlon İttifaqı (İTU) tərəfindən Azərbaycan Triatlon Federasiyasına (ATF) göndərilən məktubla təsdiqlənib.

Reqlamentə əsasən, Yay Olimpiya Oyunlarından əvvəlki 2 il müddətində (2014/2015 və 2015/2016-cı illər mövsümü) triatlonçular dünya və Avropa çempionatları, Dünya kuboku yarışları da daxil olmaqla iştirak etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar. Bu müddət ərzində bir sıra yarışlarda uğurla çıxış edən Rostislav Pevtsov Olimpiadada iştirak hüququ əldə edən 52 triatlonçu sırasına düşməyi bacarıb.


Azərbaycanın Olimpiya oyunlarında ilk dəfə iştirak edəcəyi digər idman növü trek velosipedidir. Bu idman növündə təmsilçimiz Olqa İsmayılova olacaq. Dünya və Avropa çempionu olan Olqa İsmayılova Rio-2016-ya lisenziyanı 2014/2015-ci və 2015/2016-cı illər mövsümündə keçirilən qitələr üzrə dünya və Avropa çempionatlarında əldə etdiyi xallar əsasında qazanıb.


Olqa İsmayılova Olimpiya oyunlarında ilk iştirakı medalla qeyd etmək niyyətindədir: "Bu il Azərbaycanı Olimpiya Oyunları kimi mötəbər yarışda təmsil edəcəyəm. Azərbaycan ilk dəfədir bu növdə olimpiadaya vəsiqə qazanır. Sevinirəm ki, buna mən nail oldum. Belə mötəbər yarışda iştirak etmək, həm xoşdur, həm də böyük məsuliyyət. Uğurlu nəticə ilə azərbaycanlı idmansevərlərin ümidlərini doğrultmağa çalışacağam. Qələbə asan başa gəlmir. Çünki əksər idmançılar olimpiadaya ideal formada qatılır. Ancaq özümü də qələbəyə layiq görürəm. Olimpiadaya vəsiqə qazanmışamsa, qalib də gələ bilərəm”.

Zeynəb Əlizadə

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir