Azərbaycan Olimpiya yığması Rio-de Janeyro şəhərinə yola düşdü

Azərbaycan Olimpiya yığması Rio-de Janeyro şəhərinə yola düşdü

Avqustun 1-də Azərbaycan idmançılarından ibarət nümayəndə heyəti XXXI Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Braziliyanın Rio-de Janeyro şəhərinə yola düşdü. Olimpnews.az saytının məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızın yolasalma mərasimi keçirildi. Təntənəli mərasimdə Mili Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, bir sıra idman federasiyalarının rəhbərləri, Olimpiya çempionları və idmansevərlər iştirak edirdilər.

Məlumat üçün bildirək ki, 4 illiyin zirvə yarışında dünyanın 206 ölkəsini təmsil edən idmançılar mübarizə aparacaqlar. Rio Olimpiadasına Azərbaycan idmançıları 57 lisenziya əldə ediblər. 56 idmançımız (42 kişi, 14 qadın) Rio-2016-da 18 idman növündə yarışacaq. London-2012 Olimpiadası ilə müqayisədə, Azərbaycan idmançıları Rio-da triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaqlar. Azərbaycan Olimpiya yığmasının heyətində dünya və Avropa çempionları, Olimpiya mükafatçıları ilə yanaşı, Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifov da yer alıblar.

Xatırladaq ki, 2012-ci ildə Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 16 idman növündə mübarizə apararaq 10 medal (2 qızıl, 2 gümüş və 6 bürünc) əldə etmişdilər. İnanırıq ki, Azərbaycan olimpiyaçıları XXXI Yay Olimpiya Oyunlarında da uğurla yarışaraq vətənə medallarla dönəcəklər.

Azərbaycan komandasının Olimpiya kəndində salamlanması və bayrağımızın qaldırılması mərasimi isə avqustun 3-də keçiriləcək.

Yolasalma mərasimində iştirak edən tədbir iştirakçıları fikirlərini "Olimpiya dünyası" qəzeti ilə bölüşdülər.

"Bu olimpiadada idmançılarımızdan yüksək əyarlı 
medallar gözləyirik”

Ağacan Abıyev (Milli Olimpiya Komitəsinin baş katibi, Boks Federasiyasının vitse-prezidenti):
- Braziliyada keçiriləcək Olimpiadayaa yola düşən idmançılarımız arasında dünya, Avropa, Olimpiya çempionları və mükafatçıları yer alıblar. Bunun üçün də biz bu olimpiadada idmançılarımızdan yüksək əyarlı medallar gözləyirik. Onu da qeyd edim ki, Rio-de-Janeyroda boks üzrə yığmamız böyük heyətlə mübarizə aparacaq. Yarışlara vəsiqə əldən edən yeganə xanım boksçumuzun da mükafat qazanacağına böyük ümid bəsləyirik. Boksçularımızın arasında dünya və Avropa mükafatçılarının və yetərincə güclü idmançıların olduğunu nəzərə alsaq, o zaman onlardan medal gözləmək olar. Medalların əyarının necə olacağını isə, yaxın zamanlarda biləcəyik. Boksçularımızla yanaşı, cüdoçularımız, güləşçilərimiz və avarçəkənlərimizin də şanslarını yüksək qiymətləndirirəm. Bütün komandamıza uğur diləyir, onların vətənə alnıaçıq dönəcəklərinə inanıram.

"Sübut edəcəyik ki, əvvəlki olimpiadada əldə olunan 
medallar təsadüfi deyil”

Firdovsi Umudov (Güləş üzrə yığma komandanın böyük məşqçisi):
- Olimpiya Oyunları bizim üçün böyük sınaqdır. Biz bu yarışlara yüksək səviyyədə hazırlaşmışıq. Heyətimizdə ən titullu pəhləvanlar yer alıb. İki Olimpiya, bir neçə dünya və Avropa çempionu ilə Olimpiyadaya yollanan heyətdə mükafatçıların olacağına inanıram. Hesab edirəm ki, güləşçilər onlara bəslənilən ümidləri doğruldacaqlar. Vətənə yüksək əyarlı medallarla qayıtmaqla sübut edəcəyik ki, əvvəlki olimpiadada əldə olunan medallar təsadüfi deyil.

"Vətənə ikinci dəfə Olimpiya çempionu kimi qayıtmaq istəyirəm”

Toğrul Əsgərov (Güləş üzrə yığma komandamızın üzvü):
- Komandamızın heyətində güclü idmançılar yer alıb. Bu Olimpiadada onlardan uğurlu çıxış gözləyirəm. Artıq bir dəfə Olimpiya çempionluğunu sevincini yaşamışam. Lakin ikiqat çempionluq da pis olmazdı. Rəqiblərim məni yaxşı tanıyır. Bu o deməkdir ki, qarşıda məni böyük sınaq gözləyir. Vətənə ikinci dəfə Olimpiya çempionu kimi qayıtmaq istəyirəm. Bu yalnız mənim özümdən asılıdır. Gərgin məşqlər və yığdığım təcrübə sayəsində bu arzumu həyata keçirəcəyəm.

"Rio-de Janeyroda hədəfim qızıl medaldır”

Rövşən Bayramov (Güləş üzrə yığma komandamızın üzvü):
- Olimpiya Oyunları mənim üçün böyük sınaq olacaq. Mən buna qədər iki dəfə qızıl medalın bir addımlığında fürsəti əldən vermişəm.
Düzdür, həm Pekində, həm də Londonda mükafatçılar sırasında yer almışam. Rio-de Janeyroda isə hədəfim qızıl medaldır. Zirvəyə gedən yolun asan olmadığını yaxşı başa düşürəm. Lakin zirvədə olmaq üçün həm gücüm, həm də təcrübəm yetərincədir. Hər şey Olimpiadada müəyyənləşəcək. Olimpiya çempionu olmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.

"Olimpiya yığmamızın say tərkibinin ildən-ilə çoxalması
 hər birimizi sevindirir”

İsmayıl İsmayılov (Gənclər və İdman nazirinin müavini):
- Olimpiya yığmamız ilk dəfədir ki, belə geniş heyətlə Olimpiya oyunlarında iştirak edir. Bildiyiniz kimi, Rio Olimpiadasında 56 atletimiz 18 növdə mübarizə aparacaq. Olimpiya yığmamızın say tərkibinin ildən-ilə çoxalması hər birimizi sevindirir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına diqqət və qayğı ilə yanaşmasından irəli gəlir. Ölkəmizdə idmanın bütün növlərinin inkişafına şərait yaradılıb. Məhz buna görədir ki, Rio-da atletlərimiz 18 növdə yarışacaqlar. Olimpiya yığmamız XXXI Yay Olimpiya Oyunlarında onlara göstərilən etimadı doğruldacaq. Mən buna əminəm.

"Qabaqcadan hansı nəticəni göstərəcəyimi
deyə bilmərəm”

Rəsul Çunayev (Güləş üzrə yığma komandamızın üzvü):
- Olimpiya Oyunları dünyanın ən mötəbər idman yarışıdır. Hər bir idmançı bu yarışa çox yaxşı hazırlaşır. Rəqiblərim arasında güclü idmançılar yetərincədir. Qabaqcadan hansı nəticəni göstərəcəyimi deyə bilmərəm. Çalışacağam ki, mənə bəslənən ümidləri doğruldum. Mənə elə gəlir ki, Olimpiya çempionu olmaq üçün təkcə fiziki hazırlıq əsas deyil. Gərək həmin gün idmançının şansı da olsun. İnanıram ki, mən də həmin şanslı insanlardan biri olacağam.

"Azərbaycan xalqını öz çıxışımla
sevindirmək istərdim”

Marina Durunda (Gimnastika üzrə yığma komandamızın üzvü):
- Bu, mənim üçün ilk olimpiada olacaq. Olimpiya Oyunları başqa bir aləmdir. Çalışacağam ki, mənə bəslənilən ümidləri doğruldum. Azərbaycan xalqını öz çıxışımla sevindirmək istərdim. Olimpiya mükafatçısı olmaq çox şərəflidir. Gimnastika yarışlarında güclü rəqiblərim var. Amma mən də son yarışlarda qazandığım nailiyyətlərimlə onlardan heç də geri qalmadığımı sübut etməyə çalışacağam.


"Ölkəmizi Rio-2016-da layiqincə təmsil edəcəyimə əminəm”


Maksim Averin (Velosiped üzrə yığma komandamızın üzvü):
- Azərbaycanı ilk dəfə Olimpiya Oyunlarının velosiped yarışlarında təmsil edəcəyəm. Bu, mənim üçün böyük şərəfdir. İndiyədək ölkəmiz velosiped idman növündə medal qazanmayıb. Ümid edirəm ki, Olimpiya Oyunlarında medal qazanan ilk Azərbaycan velosipedçisi kimi tarixə düşəcəyəm. Son aylarda plan üzrə təlim-məşqlərdə oldum. Bunun sayəsində fiziki göstəricilərimi daha da artırmışam. Ağır məşqlər zamanı şəxsi məşqçim və atamın dəstəyini daim hiss etmişəm. Ölkəmizi Rio-2016-da layiqincə təmsil etməyə çalışacağam. İnşallah vətənimizə medalla qayıdanda yenidən azarkeşlərin buraya gəlməsini istərdim.

Rahib Səmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir