Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak edən atletlərin məskunlaşdığı Olimpiya kəndində avqust ayının 3-də Azərbaycan bayrağının təntənəli surətdə qaldırılması mərasimi olmuşdur.
Olimpnews.az-ın Rio-ya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu münasibətlə keçirilən təntənəli mərasimdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ölkəmizin Braziliyadakı səfiri Elnur Sultanov, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, XXXI Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin təmsilçiləri, federasiya rəsmiləri, nümayəndə heyətinin, Olimpiya komandasının üzvləri və digər ölkələrin atletləri iştirak etmişlər.
Braziliyanın milli rəqs qrupunun çıxışından sonra Olimpiya himni səsləndirilib. Olimpiya kəndinin meri, basketbol üzrə ikiqat Olimpiya çempionu Janet Alkeyn idmançıları salamladıqdan sonra Azərbaycan nümayəndə heyətinin şef-de missionu İlham Mədətov J.Alkeynə xatirə hədiyyəsi təqdim edib. Daha sonra Azərbaycanın dövlət himninin müşayiəti ilə bayrağımız qaldırılıb. Həmin gün Azərbaycan ilə eyni zamanda Lixtenşteyn, Kolumbiya, Çin Taypeyinin də bayraqlarının qaldırılması mərasimi keçirilib.
Mərasimdən sonra Azərbaycan nümayəndə heyətinin rəhbərləri idmançılarımızın qaldıqları binaya gələrək, otaqlarla tanış olublar. Olimpiya kəndində Türkiyə, Sloveniya və Portuqaliya idmançıları da Azərbaycanın olimpiyaçıları ilə bir binada qalırlar. Baş nazirin birinci müavini Yaqub Eyyubov, nazir Azad Rəhimov və digər rəsmilər idmançılarla görüşüb, onlara uğurlar arzulayıblar.
Dünyada təxminən bir milyard televiziya tamaşaçısının izləyəcəyi XXXI Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi avqustun 5-də Rio-de-Janeyronun "Marakana” stadionunda keçiriləcək. Olimpiadada ölkəmizi idmanın 18 növü üzrə 56 atlet (57 lisenziya) təmsil edir. İdmançılarımızdan 36-sı Olimpiya oyunlarına ilk dəfə qatılıb. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, üç hakimlə və on nəfər media nümayəndəsi də təmsil olunur. Məlumat üçün bildirək ki, Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında rekord sayda – 206 ölkədən 10 min 500 idmançı 306 dəst medal uğrunda mübarizə aparacaq.
Murad Fərzəliyev,
Rio-de Janeyro
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir