Ölkəmizi bu ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında təmsil edəcək velosipedçilərdən biri də Yelena Pavluxinadır. Olimpiadada şosse velosipedinin qrup yarışında çıxış edəcək idmançımızın "Olimpiya dünyası”qəzetinə verdiyi müsahibəni oxuculara təqdim edirik.
- Yelena, velosiped idmanı ilə çoxdan məşğul olursunuz?
- Ukraynanın Qorlovka şəhərində doğulmuşam. 10 yaşımdan velosiped idmanı ilə məşğul oluram. Demək olar ki, velosiped idmanının hər 3 növündə özümü sınamışam. Əvvəlcə dağ velosipedi, sonra isə şosse velosipedində yarışmışam. Azərbaycana gəldikdə isə trek növündə qüvvəmi sınadım. Federasiya rəhbərliyi sonradan mənim yenidən şosse yarışlarında çıxış etməyimi məsləhət bildi.
- Olimpiadaya lisenziyanı necə qazandınız?
- Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, yay Olimpiya Oyunlarından əvvəkli il ərzində velosipedçilər təmsil etdikləri qitələr üzrə klub və yığma səviyyəsində yarışlarda iştirak etməklə olimpiadaya lisenziya xalları toplayırlar. Ötən il mayın 31-dən bu ilin həmin tarixinədək keçirilən yarışlar lisenziya xarakteri daşıyırdı. Mümkün qədər turnirlərdə çox xal toplamağa çalışırdım ki, reytinqdə yüksəlim. Apreldə böyük ölçüdə lisenziyanı özüm üçün təmin etmişdim. Çexiyada keçirilən beynəlxalq turnirin qalibi olmağım lisenziya qazanmağımda həlledici rol oynadı. Çində keçirilən beynəlxalq turnirdə isə xal ehtiyatımı artırdım. Rio-2016 Olimpiadasında Azərbaycanı təmsil edəcəyimdən qürur duyuram.
- Olimpiya Oyunlarında ilk dəfə iştirak edəcəksiniz. Bu yarışlardan nə gözləyirsinız?
- Finişə qədər dəqiq bir söz söyləmək çox çətindir. Əlbəttə, bu yarışlarda yaxşı nəticə göstərəcəyimə inanıram. Şübhəsiz ki, hazırlıq prosesi müəyyən nəticənin əldə olunmasında mühüm rol oynayacaq. Olimpiya Oyunlarında iştirak etmək çox yaxşıdır. Amma qalib adını qazanmaq ondan qat-qat yaxşıdır. Mən də buna nail olmağa çalışağacam.
- Rio-de Janeyroda şosse velosipedi üçün nəzərdə tutulan marşrutla tanış olmusunuzmu?
- Braziliya paytaxtında yürüş iştirakçılarını təqribən 140 km uzunluğunda mürəkkəb marşrut gözləyir. Şosseyə iki yoxuş və eniş, 2 km uzunluğunda daşlarla döşənmiş yol daxildir. Trekdə döngələr çoxdur. Ümumiyyətlə, maşrut xətti qarşıda bizi gərgin yarışın gözlədiyindən xəbər verir.
- Olimpiya Oyunlarındakı rəqiblərinizi tanıyırsınız?
- Yürüşdə 67 idmançı qüvvəsini sınayacaq. Olimpiya çempionu Marianna Vols yarışın favoritlərdən biri olacaq. Polşa və Hollandiya təmsilçilərini ən güclü rəqiblərim hesab edirəm.
- Necə düşünürsünüz, olimpiadada uğurlu çıxışınız ölkəmizdə qadınlar arasında bu idman növünə marağı artıracaqmı?
- Düşünürəm ki, uğurlu nəticə qazanmağım Azərbaycanda qadınlar arasında velosiped idman növünün təbliği və inkişaına daha da təkan verəcək. Şosse velosipedi növü üzrə qadınlardan ibarət yığma komandanın formalaşması gözəl nəticə olardı.
Səadət Hakıyeva
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir