Teymur Məmmədov: “Olimpiya medalını qazanmaq arzusundayam”

Teymur Məmmədov: “Olimpiya medalını qazanmaq arzusundayam”

XXXI Yay Olimpiya Oyunlarının proqramına daxil olan idman növləri üzrə qələbə uğrunda mübarizə aparan atletlərin yarış həyəcanı davam edir.

"Olimpiya dünyası" qəzetinin Rio-ya ezam olunmuş əməkdaşının məlumatına görə, Olimpiya Oyunlarının üçüncü günü boks üzrə növbəti qarşılaşmalar keçirilib. Rio-2016-ya tam heyətlə yollanan boks üzrə yığmamızın üzvü Teymur Məmmədov (81 kq) 1/16 final mərhələsində rinqdə ilk görüşə ukraynalı rəqibi Denis Solonenko ilə çıxıb. Gərgin keçən hər üç raundda əzmlə mübarizə aparan boksçumuz rəqibini məğlub edərək 1/8 finala vəsiqə qazanıb.




London Olimpiadasının bürünc və Avropa Oyunlarının qızıl medalçısı olan Teymur Məmmədov boks üzrə yığma komandanın ümidverici idmançılarından biridir. Rio-2016-da Azərbaycan Olimpiya komandasının bayraqdarı olan Teymur Məmmədov ona göstərilən etimadı doğruldaraq, qələbə uğrunda mübarizəyə inamla başlayıb.

Boksçumuz ilk qələbəsindən dərhal sonra əməkdaşımıza qısa müsahibə verib. Teymur Məmmədov Olimpiya medalı qazanmaq arzusunu dilə gətirib: "Rəqiblə döyüşü çətin keçsə də, qələbə uğrunda inamla mübarizə apardım. Bu qələbədən sonra arxayınlaşmamışam. Gələcək görüşlərimi də qələbə ilə başa vurmaq üçün bütün gücünü səfərbər edəcəyəm. Olimpiya medalını qazanmaq arzusundayam”.

Qeyd edək ki, Rio-da boks üzrə yığma komandamız 10 kişi və 1 qadın boksçu ilə təmsil olunur. Bu gün Olimpiadanın rinqinə daha bir boksçumuz - Abdulqadir Abdullayev (91 kq) çıxacaq. Onun rəqibi fransalı boksçu Pol Omba Bionqolo olacaq.

Murad Fərzəliyev,
Fotolar müəllifindir
Rio-de Janeyro

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir