Sorğu iştirakçıları idmançılarımıza inanırlar

Sorğu iştirakçıları idmançılarımıza inanırlar

Rio-2016 Yay Olimpiya Oyunları davam edir. Ölkəmizin idman ictimaiyyəti və azarkeşlərinin bütün diqqəti idmançılarımızın çıxışlarına yönəlib. Mötəbər yarışa ölkəmizdə kifayət qədər diqqətin olduğunu nəzərə alıb, sorğu keçirməyi qərarına gəldik. Müxtəlif peşə sahiblərinin iştirak etdiyi sorğuda respondentlərə aşağıdakı suallarla müraciət etdik.

1. Rio-2016-ya baxırsınız?
2. Təmsilçilərimizin medal qazanmaq şanslarını necə qiymətləndirirsiniz?
3. Sizcə, Azərbaycan Rio-2016-da neçə medal qazana bilər?


Adil Əliyev (millət vəkili): «Təbii ki, 4 ildən bir keçirilən olimpiadanı böyük həvəslə izləyirəm. London-2012-də olduğu kimi, bu dəfə də idmançılarımızın şanslarını yüksək qiymətləndirirəm. İnanıram ki, təmsilçilərimiz onlara bəslənən ümidləri layiqincə dəyərləndirəcəklər. Medal sayına gəldikdə isə, London-2012 olimpiadasında qazandığımızdan daha az olacağını düşünürəm».


Əzizə İsmayılova ("Radio Antenn”də aparıcı-müxbir): «Təbii ki, işim bunu tələb edir. Bir xəbər aparıcısının Olimpiya Oyunları izləməməsi mümkün deyil. İdmançılarımız arasında güvəndiyim və medal potensialı yüksək olanlar çoxdur. Həmin idmançılar yəqin ki, Vətənə medalla dönərlər. Hesab edirəm ki, dünyada yarışları izləyən azarkeşlər himnimizi, ən azı, 5 dəfə dinləyəcəklər. Digər medal əyarlarının sayını deməyə çətinlik çəkirəm. Amma lazım olan nəticəni qazanacağımıza inanıram».


Vüsal Məmmədov (Azvision.az saytının baş redaktoru): «Elə də böyük idman həvəskarı deyiləm. Olimpiadanın da yalnız ən maraqlı məqamlarını izləyirəm. İdmançılarımıza gəlincə, müstəqillik qazandığımızdan bu yana hər bir olimpiadada əvvəlkindən daha çox medal qazanmışıq. Ümid edirəm ki, bu il də ənənə pozulmayacaq”.


Elnur Eltürk (müstəqil jurnalist): «Olimpiya Oyunlarını izləyirəm. Nəzərə alaq ki, 4 ildən bir keçirilən yarışdır. Dünyanın diqqəti olduğu bir belə nüfuzlu yarışı həyəcanla izləməmək mümkün deyil. Üstəlik, Azərbaycan Olimpiya komandasının iştirak edəcəyini nəzərə alarsaq, həyəcanımız daha artıqdır. Diqqətimiz komandamız üzərindədir. Ümumiyyətlə, vaxtım olduqca bütün beynəlxaq idman yarışlarını izləməyə çalışıram.

İdmançılarımızın təcrübələrini nəzərə alsaq, şansı yüksək qiymətləndirirəm. Unutmaq olmaz ki, bu yarışdır. Burada udmaq və uduzmaq var. Məğlubiyyəti faciəyə çevirmək olmaz. Əsas odur ki, idmançılarımız özlərinə güvənsinlər. Burada məşqçilərin üzərinə böyük məsuliyyət düşür. Məşqçilər idmançılara mənəvi, psixoloji cəhətdən də güclü hazırlamalıdırlar. Yarışda bu amillər böyük rol oynayır. Məşqçilərimiz də bu, sahədə püxtələşmiş insanlardırlar. Onlar bu amili ciddi nəzərə almaya bilməzlər.

Mötəbər yarışda nə qədər medal qazanacağımızı əvvəlcədən demək çətindir. Çünki proqnoz vermək asan deyil. Xatırlayırsınızsa, Londonda keçirilən Olimpiya Oyunlarında da axırıncı günlər böyük dəyişiklər baş verdi. Güləşdə idmançılarımız medal qazandılar. Hər dəqiqənin bir hökmü var. Ancaq medallarımızın olacağı şübhəsizdir. Çünki qeyd etdiyim kimi təmsil olunan idmançılarımızın təcrübələri buna deməyə imkan verir. Fürsətdən istifadə edib, Rio-2016-da təmsil olunan idmançılarımıza uğurlar arzulayıram».


Rəvan Bəşirov (iş adamı): «Açığı, sualı verməsəydiniz Rio-2016 yadıma düşməyəcəkdi. Həmişə olduğu kimi, Azərbaycan təmsilçilərinin yarışlarına baxacağam. Təəssüflə deyim ki, komanda idman növlərində zəif çıxış etsək də, fərdi mübarizələrdə həmişə yüksək nəticələr göstərmişik. İdmançılarımızın Rio-2016-da medal qazanmaq şanslarını yüksək qiymətləndirirəm. Məncə, idmançılarımız olimpiadada 10 medal qazanacaqlar. Bu medallardan 4-ü qızıl, 2-si gümüş, 4-ü isə bürünc medal olacaq.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir