Rio-2016: Daha 3 boksçumuz növbəti mərhələdə - FOTOLAR + VİDEO
03:29 10.08.2016
30538
Rio-da təşkil edilən Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. "Olimpiya dünyası" qəzetinin Rio-ya ezam olunmuş əməkdaşının məlumatına görə, mötəbər turnirdə daha 3 boksçumuz rinqə çıxıb.
Azərbaycan boksçusu Kamran Şahsuvarlı keçirdiyi ilk qarşılaşmasını qələbə ilə başa vurub. 75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/16 final mərhələsində çinli Minqqanq Cao ilə üz-üzə gəlib. Çinli rəqibini 3:0 hesabı ilə məğlub edən K. Şahsuvarlı növbəti mərhələyə vəsiqə qazanıb. Təmsilçimizin 1/8 finaldakı rəqibi rusiyalı Artyom Çebotaryov olacaq. Tərəflər arasındakı döyüş isə avqustun 13-də olacaq.
60 kiloqram çəki dərəcəsində mübarizə aparan Albert Səlimov da ilk görüşünə çıxıb. Boksçumuz 1/8 final mərhələsində irlandiyalı Devid Coysla qarşılaşıb. Rəqibindən aşkar üstün olan təmsilçimiz 3:0 hesabı ilə qələbə qazanaraq, 1/4 finala vəsiqə qazanıb.
Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov Rio-2016-da ilk döyüşünə çıxıb. +91 kq çəkidə çıxış edən təmsilçimiz mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Məhəmmədrəsul bu mərhələdə mərakeşli Mohammed Arjaoui ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən boksçumuz 1/8 finala yüksəlib. M. Məcidov növbəti mərhələdə qazaxıstanlı İvan Diçko ilə üz-üzə gələcək.
Qeyd edək ki, yığmamız Rio-2016-da tam heyətlə (10 kişi, 1 qadın) təmsil olunur. Turnirdə 49 kq çəkidə yarışan Rüfət Hüseynov ilk turda mübarizəni dayandırıb. Teymur Məmmədov (81 kq) və Abdulqadir Abdullayev (91 kq) də Olimpiadada ilk qarşılaşmalarında qələbə qazanıblar.
Murad Fərzəliyev,
Fotolar, video: müəllifindir
Rio-de Janeyro
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir