Cüdoçularımızın çıxışları yüksək qiymətləndirilir

Cüdoçularımızın çıxışları yüksək qiymətləndirilir

Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları davam edir.Cüdoçularımızdan Orxan Səfərov beşinci yerlə kifayətləndi, Nicat Şixalizadə isə mübarizəni erkən dayandırmalı oldu. 73 kq çəki dərəcəsində tatami üzərinə çıxan Rüstəm Orucov olimpiadanın gümüş medalına sahib çıxdı. Bu, Olimpiya yığmamızın ilk medalı oldu.

Ölkəmizə ikinci medalı da cüdoçumuz qazandırdı. 100 kq çəki dərəcəsində yarışan Elmar Qasımov komandamızın aktivinə növbəti gümüş medalı yazdırdı.

"Olimpiya dünyası” qəzeti olaraq,cüdo üzrə yığma komandamızın olimpiadadakı çıxışı barədə məşqçilərin, mütəxəssislərin fikirlərini öyrəndik.


"Biz cüdoçularımızdan hər zaman böyük nailiyyətlər gözləyirik”

Nazim Hüseynov (Olimpiya çempionu):

- Cüdo ölkəmizdə ən çox inkişaf etmiş və sevilən idman növlərindən biridir. Buna görə də biz cüdoçularımızdan hər zaman böyük nailiyyətlər gözləyirik. Rüstəm Orucov və Elmar Qasımov Olimpiya Oyunlarında gümüş medal qazanmaqla bizi sevindirdilər. Orxan Səfərov və Nicat Şıxəlizadəyə böyük ümidlər bəsləsək də, onlar mükafatçılar sırasına düşə bilmədilər. Onu da deyim ki, hər olimpiadada bizim nəticələrimiz yenilənir. London Olimpiadasında 10 medal qazanmışdıq. İnanıram ki, bu dəfə ən azı 11 medal əldə edəcəyik. Qarşıda boksçularımızın, güləşçilərimizin çıxışları bizi gözləyir. Mən bu növlərdə uğurlu nəticələr əldə edəcəyimizə əminəm.

"Mən də ən azı onun qədər həyəcan keçirirdim”

Fərhad Məmmədov (Rüstəm Orucovun şəxsi məşqçisi):

- Mən Rüstəmə çox inanırdım. O, hazırlıqlar zamanı çox əziyyət çəkirdi. Şükürlər olsun ki, çəkilən zəhmətlər öz bəhrəsini verdi. Rüstəm tatami üzərinə çıxanda mən də ən azı onun qədər həyəcan keçirirdim. O, finala qədər böyük əzmkarlıq göstərdi. Son görüşündə yorğunluq ona mane oldu. Amma gümüş medal da çox yaxşı nəticədir. Olimpiadanın medalçısı olmaq hər idmançıya nəsib olmur. Elmar Qasımovun çıxışlarını da həyəcanla izlədik onun gümüş medal qazanmasına sevindim. Komandamızın digər üzvləri Orxan Səfərov, Nicat Şixəlizadə və Məmmədəli Mehdiyev də çox güclü idmançıdırlar. Onların hər biri böyük nailiyyətlərə imza atan cüdoçulardırlar. Rio Olimpiadasında həmin idmançıların medal qazana bilməməsi, heç də onların zəif cüdoçu olması anlamına gəlməməlidir. Bu, bir idman mübarizəsidir və bu mübarizədə hər cür nəticəyə hazır olmaq lazımdır. Cüdo idman növündə edilən bir səhv və ya arxayınlaşma bağışlanılmır.

"Perspektivli idmançımız bizi çox sevindirdi”

Mehman Əzizov (Yığma komandanın məşqçisi):

- Mən Orxan Səfərovun mükafatçılar sırasında yer alacağını gözləyirdim. O, çox yaxşı mübarizə aparırdı. Amma idman sürprizlərlə doludur. Çox güman ki, Orxan finala gedən yolda lazımi abu-havada ola bilmədi. Nicat ilk görüşünü uğurla başa vursa da, növbəti mərhələdə məğlub oldu. Yəqin ki, daha çox hazırlaşmaq lazımdır. Onların uğursuzluğunun əvəzini sonrakı gün gücünü sınayan Rüstəm Orucov çıxdı. Perspektivli idmançımız bizi çox sevindirdi. Onun üzərində şəxsi məşqçisi Fərhad müəllimlə yanaşı, bizim hər birimizin çox böyük zəhməti var. Komandamıza ikinci gümüş medalı Elmar Qasımov qazandırdı. İnanırdım ki, digər idmançılarımız da Rüstəmin uğurunu təkrarlaya biləcəklər. Belə də oldu. Elmar gərgin görüşlərdən sonra olimpiadanın gümüş medalına layiq görüldü.

"Braziliyaya yollanan hər bir cüdoçudan medal gözləyirdim”

Ağayar Axundzadə (Azərbaycan Cüdo Federasiyasında Yarışların təşkili və keçirilməsi sektorunun sədri):

- Rüstəm Orucovun Olimpiya Oyunlarında gümüş medal qazanması bizim üçün böyük qələbədir. Çox sevinirəm ki, Azərbaycana ilk medalı məhz cüdoçumuz qazandırdı. Düzdür, Braziliyaya yollanan hər bir cüdoçudan medal gözləyirdim. Çünki təmsilçilərimiz bu mötəbər yarışa çox yaxşı hazırlaşmışdılar. Komandamızın heyətində yer alan digər cüdoçumuz Orxan Səfərov da medal qazanmağa çox yaxın idi. O, Avropa Oyunlarının dünya çempionatının mükafatçısıdır. Yəni yetərincə təcrübəyə malikdir. Vaxtilə bu çəki dərəcəsində Nazim Hüseynov Olimpiya çempionu olmuşdu. Düzdür, Orxandan da medal gözləyirdik. Lakin həlledici görüşlərdəki səhvlər onu Olimpiya medalından məhrum etdi.


Nicat Şıxəlizədədən isə bu cür çıxış gözləmirdik. Çünki onun da şansı yüksək idi. Məmmədəli Mehdiyev də gənc və perspektivli cüdoçudur. O, Rio Olimpiadasında çox güclü idmançılarla qarşılaşdı. Məmmədəli ilk görüşdə Olimpiya mükafatçısı, qitə çempionu və Avropa Oyunlarının qalibi Krill Denisovla qarşılaşdı və əzmkarlıq göstərərək rəqibinə qalib gəldi. İkinci görüşündə isə çox təcrübəli idmançı, dünya mükafatçısı braziliyalı Tiaqo Kamilonu üstələdi. Təəssüf ki, növbəti mərhələdə koreyalı dünya çempionuna məğlub oldu. Məmmədəli Mehdiyev ilk dəfə idi ki, Olimpiya Oyunlarında iştirak edirdi. O, əvvəllər 81 kq çəki dərəcəsində yarışırdı. Fikrimcə, o, 90 kq çəki dərəcəsində heç də zəif təsir bağışlamadı. Onun təcrübəli idmançılara qalib gələrək 7-ci yeri tutması böyük nəticədir. 100 kq çəkidə yarışan Elmar Qasımovun medal əldə edəcəyinə inanırdım. O, güclü rəqiblərlə qarşılaşdı. Elmarın gümüş medalı yüksək nəticədir. Bildiyiniz kimi, 2018-ci ildə cüdo üzrə dünya çempionatı ölkəmizdə keçiriləcək. Bu, ölkəmizə gəstərilən böyük diqqət və etimaddan irəli gəlir. Dünya çempionatının paytaxtımızda keçirilməsini Yaponiyada təşkil olunacaq Olimpiya Oyunlarına sınaq kimi də dəyərləndirmək olar.

Kənan Novruzov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir