Olimpiya kəndində idmançılarımıza necə şərait yaradılıb? - FOTOLAR, VİDEOLAR

Olimpiya kəndində idmançılarımıza necə şərait yaradılıb? - FOTOLAR, VİDEOLAR

Adətən, Yay Olimpiya Oyunları keçirilən zaman idmançıların və nümayəndə heyətlərinin məskunlaşdığı Olimpiya kəndi daha çox diqqət mərkəzində olur. Çünki idmançılar, digər iştirakçılar məhz Olimpiya kəndində yaşayır, burada qidalanırlar. Sözsüz ki, Olimpiya Oyunlarının əsas məkanlarından olan Olimpiya kəndində bütün tələblərə cavab verən şərait yaradılır. Rio Olimpiadasında da belədir. Rio-nun Olimpiya kəndində idmançıların rahat şəkildə məskunlaşması üçün bütün incəliklər nəzərə alınıb.

Olimpnews.az saytının məlumatına görə, azarkeşlər üçün həmişə qapalı olan bu məkanı "Olimpiya dünyası" qəzetinin Rio-ya ezam olunmuş əməkdaşı öz reportajında daha ətraflı işıqlandırmağa çalışıb.

Əməkdaşımız Azərbaycan nümayəndə heyətinin şef-demissionu İlham Mədətovdan Olimpiya kəndi ilə bağlı fikirlərini, təəssüratlarını öyrənib. İlham Mədətov hesab edir ki, Olimpiya kəndi müasir tələblərə cavab verir: «Rio Olimpiadasının Olimpiya kəndində idmançılar üçün çox rahat şərait yaradılıb. Burada onların qidalanması, dincəlməsi və yarışa psixoloji cəhətdən hazırlaşmasına diqqət yetirilir. Qidaların kalorisinə ciddi fikir verilir. Onlar istədikləri vaxt meyvə və tərəvəzlərlə təmin olunurlar. Bir sözlə burada hər şey yaxşıdır».

Şef-demission olimpiadanın növbəti günlərində idmançılarımızın daha uğurla çıxış edəcəyinə, medalların sayının artacağına inandığını vurğulayıb. «Biz çalışırıq ki, Azərbaycan idmançıları heç bir problemlə üzləşməsinlər. Komandamızın üzvləri ilə müntəzəm əlaqə saxlayır, onların problemlərini vaxtında həll etməyə çalışırıq. Təbii ki, idmançılarımızın üzləşdikləri müəyyən problemlər mövcuddur. Məsələn, çəki və psixoloji problemlər idmançıların hər zaman üzləşdiyi məsələdir. Bununla belə, deməliyəm ki, Olimpiya Oyunlarında çıxış edən atletlərimizin uğurları bu problemləri bir növ unutdurur. Cudoçularımızın əldə etdiyi 2 gümüş medal bizi çox sevindirdi. Əminəm ki, medallarımızın sayı növbəti yarışlarda çoxalacaq», - deyə o əlavə edib.







































Murad Fərzəliyev,
Fotolar, videolar müəllifindir
Rio-de Janeyro

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir