Olimpiya Oyunlarında uğurla çıxış edən cüdoçularımız vətənə qayıdıblar - FOTOLAR

Olimpiya Oyunlarında uğurla çıxış edən cüdoçularımız vətənə qayıdıblar - FOTOLAR

Rio-de Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının cüdo yarışlarında iştirak edən Azərbaycan idmançıları avqustun 14-də vətənə qayıdıblar. Olimpnews.az saytının məlumatına görə, 25 nəfərdən ibarət nümayəndə heyəti Paris-Bakı reysi ilə paytaxta gəlib. Gələnlər arasında Rio-2016-da ölkəmizə gümüş medal qazandıran Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) da var idi.

Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunan qarşılanma mərasimində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, azarkeşlər və media nümayəndələri iştirak ediblər. Cüdo azarkeşləri idmançıları "Cəngi” sədaları altında, bayraqlarla, idmançıların şəkilləri olan plakatlar və şüarlarla qarşılayıblar. Milli musiqi sədaları altında təşkil olunan mərasimdə cüdoçulara gül dəstələri təqdim olunub.

Qarşılama mərasimində təəssüratlarını bölüşən Elmar Qasımov deyib: "Son on ay ərzində çox gərgin məşqlər edirdik. Bir sıra ölkələrdə təlim-məşq toplanışlarında olduq. Çox sevinirəm ki, əziyyətimiz hədər getmədi. Mükafatçılar sırasında yer aldığım üçün özümü xoşbəxt hiss edirəm. Təbii ki, Braziliyaya çempionluq üçün yollanmışdım. Ancaq istədiyim nəticəyə tam olaraq nail ola bilmədim. Yarımfinal görüşümdən sonra bir qədər yorğunluq var idi. Bu, final görüşündə bütün gücümü ortaya qoymağa imkan vermədi. Ona görə də finalda məğlub oldum. Çexiyalı rəqibimə bundan əvvəlki yarışlarda qalib gəlmişdim. Lakin bu dəfə alınmadı. Hücum edəndə əks fəndə düşdüm. Bununla belə, hesab edirəm ki, Olimpiya Oyunlarında gümüş medal qazanmaq heç də pis nəticə deyil. Mənim üçün əsas məqsəd Rio-da mükafatçılar sırasına düşmək idi. Üçrəngli bayrağımızı Rio-da dalğalandırdığım, xalqımızı sevindirdiyim üçün çox sevinirəm. Bu sevinci, həyəcanı bəlkə də heç bir yarışda keçirməmişdim. Şükürlər olsun ki, Olimpiya Oyunlarında mükafatçılar sırasına düşdüm. Bu, çox qürurvericidir. Yarışı zədəsiz başa vurduğuma görə də sevinirəm. Zədələnməkdən çox ehtiyat edirdim. Lakin Olimpiya Oyunlarının medalı hər şeyə dəyər. Bir qədər istirahət etdikdən sonra yenidən məşqlərə başlayacağıq. Qarşıda bizi yeni sınaqlar gözləyir. Çalışacağam ki, bundan sonra iştirak edəcəyim yarışlarda ölkəmizi layiqincə təmsil edim”.

Rio Olimpiadasının digər gümüş mükafatçısı Rüstəm Orucov finalda çox güclü rəqiblə qarşılaşdığını deyib: "Rio Olimpiadasında çox güclü idmançılar mübarizə aparırdı. Finala qədər çox yaxşı çıxış etdim. Bütün rəqiblərimi üstələməyi bacardım. Ən çətin görüşüm, sözsüz ki, finalda yaponiyalı idmançıya qarşı oldu. Qızıl qazanmaq üçün çox çalışdım. Düzünü desəm, finalda qızıl medal qazanmaq üçün nəyin çatışmadığını özüm də bilmirəm. Görünür, yaponiyalı idmançı məndən daha hazırlıqlı idi. Olimpiya Oyunlarından sonra özümə inam hissi daha da artdı. Qazandığım gümüş medal mənə əlavə stimul verdi. Hazırda komandamıza 10 gün istirahət verilib. İstirahətdən sonra yenidən məşqlərə başlayacağıq. Hələ qarşıda çox yarış var. Gələn il paytaxtımızda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Əsas məqsədimiz bu mötəbər idman yarışında ölkəmizi layiqincə təmsil etməkdir. Çox istərdim ki, İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanım. Əldə etdiyim nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdaram. Ona görə ki, ölkəmizdə idmançılar üçün hər cür şərait yaradılıb. Cüdo Federasiyasına, şəxsi məşqçimə və valideynlərimə də təşəkkür edirəm. Hava Limanında bizi böyük təntənə ilə qarşılayan media nümayəndələrindən və azarkeşlərdən razıyam”.

Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli cüdoçularımızın qısa zaman ərzində böyük nailiyyət qazandıqlarını vurğulayıb: "Azərbaycan cüdoçuları indiyədək keçirilən Olimpiya Oyunlarında bir qızıl və bir bürünc medal qazanıblar. Rio Olimpiadasında isə iki gümüş medal əldə olundu. Bu, böyük nailiyyətdir. Son 9 ay ərzində federasiyada hər şey yenidən formalaşdırılıb. Hər birimiz cüdoçularımızın uğurları üçün çalışırdıq. Olimpiya Oyunlarına hazırlıq üçün vaxtımız az idi. Lakin düşünürəm ki, federasiya, məşqçilər və cüdoçularımız bu qısa vaxtdan səmərəli istifadə etməyi bacardılar. Qısa zaman ərzində hazırlaşmaq və iki Olimpiya medalı qazanmaq çox böyük nailiyyətdir.

Rüstəm Orucov və Elmar Qasımov medal qazanmaqla xalqımızı çox sevindirdilər. Düzdür, Orxan Səfərov, Nicat Şıxəlizadə və Məmmədəli Mehdiyev də çox yaxşı güləşdilər. Lakin bu, onlara medal qazanmaq üçün kifayət etmədi”.

















Azər Əlizadə
Fotolar: müəllifindir

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir