Boks üzrə yığma komandamızın üzvü Kamran Şahsuvarlı Rio-2016 Yay Olimpiya Oyunlarında yarımfinala yüksələrək, ən azı, bürünc medalı özü üçün təmin edib. Olimpnews.az saytının məlumatına görə, o, döyüş başa çatan kimi fikirlərini "Olimpiya dünyası" qəzetinin Rio-ya ezam olunmuş əməkdaşı ilə bölüşüb.
- Ardıcıl iki dünya çempionunu mübarizədən kənarlaşdırdınız. Belə bir şeyi əvvəldən sizə desə idilər inanardınızmı?
- İnanın ki, hələ indi də təəccüb içindəyəm. Sanki yuxudayam. İnana bilmirəm ki, mən bunu bacardım.
- Döyüş necə keçdi?
- Rinqə çıxmazdan əvvəl çox həyəcanlı idim. Beynimdə o qədər fikirlər var idi ki, nə edəcəyimi, necə vuruşacağımı bilmirdim. Lakin ilk raunddan sonra rəqibin döyüş üslubunu öyrəndim. Baxdım ki, rəqibim üstümə gəlir. Üç zərbə vurmalı idim, onu da bacardım.
- İndi hamı sizi ən az bürünc medalçı kimi təbrik edir. Bəs siz Rio-ya hansı medal üçün gəlmisiniz?
- Bu mərhələyə kimi gəldiyimə görə şükür edirəm. Təbii ki, hər idmançının əsas arzusu Olimpiya çempionu olmaqdır. Ona görə də sona qədər mübarizə aparacağam.
- Belə bir fikir var idi ki, məhz bu döyüşdə qələbə qazanan idmançı çempion olacaq. Bu barədə nə deyə bilərsiniz?
- Bilmirəm. Hər halda, kənardan yaxşı göründüyü üçün belə deyirlər. Mən də özümə inanıram. Buradan klubuma - "Qəbələ” İdman Klubuna və müəllimlərimə təşəkkür etmək istəyirəm.
- Sonuncu rəqibinizlə bir dəfə də qarşılaşmısınız...
- Bəli, mən Qazaxıstanda yaşayanda yeniyetmələr arasında yarışda Janıbeklə döyüşmüşdüm. Həmin döyüşdə məğlub olmuşdum.
- Belə çıxır ki, bu döyüş revanş almaq üçün əla fürsət idi?
- Elə də demək olar. Həm məğlubiyyətin əvəzini çıxmaq, həm də valideynlərimi və mənə inananları, dəstək olanları sevindirmək üçün döyüşdüm.
Murad Fərzəliyev,
Rio-de Janeyro
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir