Sabah Şəriəti: "Azərbaycan bayrağını Olimpiya Oyunlarında dalğalandırmaq mənə qismət oldu" - MÜSAHİBƏ + VİDEO
10:44 16.08.2016
30358
Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışlarında Azərbaycana ilk medalı Sabah Şəriəti (130 kq) qazandırdı. Olimpnews.az saytının məlumatına görə, güləşçimiz görüş başa çatdıqdan sonra fikirlərini "Olimpiya dünyası" qəzetinin Rio-ya ezam olunmuş əməkdaşı ilə bölüşdü.
- Görüş haqqında nə deyə bilərsən?
- Çox sevinirəm ki, qalib gəldim, Olimpiya medalı qazandım. Bu yarışa çox ciddi hazırlaşmışdıq. Məşqçilərimə, federasiya rəhbərliyinə təşəkkür edirəm. Şükürlər olsun ki, Azərbaycan bayrağını Olimpiya Oyunlarında dalğalandırmaq mənə qismət oldu.
- Sonuncu rəqibinlə görüşün, deyəsən, bir qədər çətin keçdi...
- Almaniyalı güləşçi güclü rəqibdir. Avropa çempionatında ona uduzmuşdum. Lakin burada məşqçilərin tövsiyəsi ilə fərqli taktika ilə güləşdim və qalib gəldim. Görüşün asan olacağını gözləmirdim.
- Almaniyalı məşqçilər etiraz etdilər ki, sən rəqibinin kürəyini yerə vurmamısan. Hakimlər həmin an baş verənləri aydınlaşdırmaq üçün monitora baxmalı oldular. Bəs, sən əmin idinmi ki, tam qələbə qazanmısan?
- Mən 100 faiz əmin idim. Ona görə də qəti narahat deyildim.
- Azərbaycan güləş tarixində ağır çəkidə ilk Olimpiya medalını sən qazandın…
- Bunu bilirəm və sevinirəm ki, bu nailiyyətimlə öz adımı Azərbaycanın güləş tarixinə yazdım. Əldə etdiyim qələbəni Azərbaycan xalqına həsr edirəm.
Murad Fərzəliyev,
video müəllifindir
Rio-de Janeyro
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir