XXXI Yay Olimpiya Oyunlarında müxtəlif idman növləri üzrə yarışlarda medal qazanmaq uğrunda atletlərin mübarizəsi davam edir. "Olimpiya dünyası" qəzetinin Rio-ya ezam olunmuş əməkdaşının məlumatına görə, boks yarışlarında 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Kollazo Sotomayor olimpiya komandamıza növbəti medalı qazandırıb.
1/16 finalda ukraynalı Volodimir Matviçuku, 1/8 finalda isə fransız boksçu Hassan Amzileni yolundan kənarlaşdıran dəri əlcək ustamız bu dəfə dörddəbir finalda London-2012 Olimpiya Oyunlarının bürünc mükafatçısı kubalı Yasnier Toledo ilə qarşılaşıb. Boksçuların gərgin keçən qarşılaşmasında hər üç raundda rəqibinə üstün gələn L.Sotomayor çətinlik çəkmədən qələbə qazanıb. Hər üç raundda rəqibindən güclü olduğunu sübut edən bokusçumuz kubalı idmançını 3:0 məğlub edərək yarımfinala yüksəlib. Bununla da təmsilçimiz ən az bürünc medalı təmin edib.
Bu qələbədən sonra boksçumuzun yarımfinaldakı rəqibi də müəyyənləşib. Belə ki, dəri əlcək ustamız finala çıxmaq üçün Almaniyanı təmsil edən erməni boksçu Artyom Harutunyan ilə döyüşəcək. Bu görüş avqustun 19-da Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Məlumat üçün bildirək ki, bu, boks yığmamızın Olimpiadada təmin etdiyi ikinci medaldır. Bundan əvvəl isə 75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı yarımfinala yüksəlməklə Olimpiya komandamıza boks yarışlarının ilk medalını qazandırmışdı.