Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rio-de Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında gemeş medal qazanıb.
"Olimpiya dünyası" qəzetinin Rio-ya ezam olunmuş əməkdaşının məlumatına görə, ilk görüşündən 48 kiloqram çəki dərəcəsində inamla mübarizəyə başlayan atletimiz səkkizdəbir finalda argentinalı Patrisia Alexandra Bermudez ilə qarşılaşmada təmiz qələbə qazanıb. Bu qələbəsi ilə 1/4 finala yüksələn M.Stadnik Polşa təmsilçisi İvona Matkovskayanı da məğlub edərək yarımfinala çıxıb.
Yarımfinaldakı rəqibi bolqarıstanlı Elitsa Yankova şans verməyərək, Olimpiya oyunlarının finalına yüksəlib.
Həlledici görüşdə güləşçimiz Yaponiya idmançısı, üçqat dünya çempionu Eri Tosaka ilə münasibətlərə aydınlıq gətirib. Görüşdə qızıl medal uğrunda böyük əzmkarlıqla mübarizə aparan güləşçimiz xal hesabı ilə irəlidə olsa da, son saniyələrdə məğlub olaraq Olimpiya oyunlarının gümüş medalını qazanıb.
XXXI Yay Olimpiya Oyunlarının gümüş medalını qazanan Mariya Stadnik ilk Azərbaycan idmançısıdır ki, ardıcıl olaraq üç Yay Olimpiya Oyunlarında mükafatçılar sırasında yer alır. Dəfələrlə dünya və Avropa çempionatlarının qalibi olan Mariya Stadnik 2008-ci ildə Pekində keçirilən Olimpiya oyunlarında 3-cü, 2012-ci ildə Londonda keçirilən Olimpiadada isə 2-ci yeri tutmuşdu.
Murad Fərzəliyev,
Fotolar müəllifindir
Rio-de Janeyro
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir