Olimpiya Oyunlarının taekvondo yarışlarında 49 kq çəkidə bürünc medal qazanan Patimat Abakarova Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü” İdman Klubunun təmsilçisidir.
Olimpnews.az saytının məlumatına görə, idmançımızın çıxışları başa çatdıqdan sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayevlə əlaqə saxlayıb Patimat Abakarovanın Olimpiya Oyunlarında çıxışı ilə bağlı fikirlərini "Olimpiya dünyası” qəzeti ilə bölüşməsini xahiş etdik. Xəzər İsayev idmançımızın çıxışını yüksək qiymətləndirdiyini bildirdi.
Vitse-prezident, eyni zamanda, idmançılarımızın əzmkar mübarizəsi nəticəsində ayrı-ayrı növlərdə artıq 10 medal qazandıqlarını, qarşıdakı yarışlarda medalların sayının daha da artacağına, əyarının yüksələcəyinə əminliyini vurğuladı: ""Gömrükçü” İSM-in idmançısı Patimat Abakarovanın qazandığı bürünc medal ölkəmizin taekvondo idman tarixində böyük uğurdur. Qeyd edim ki, "Gömrükçü” İSM-in boksçuları - Vüqar Ələkbərov Sidney-2000-də, Ağası Məmmədov Afina-2004-də, Şahin İmranov Pekin-2008-də bürünc medallar əldə etmişdilər. London-2012-də gömrükçülərimiz medal qazana bilməmişdilər. Patimat ümidləri doğrultdu və ilk dəfə bu növdə Olimpiya medalı qazandıq.
Ümumilikdə, Rio Olimpiadasında idmançılarımızın yüksək nailiyyətlər qazandıqlarını xüsusi qeyd etmək istəyirəm. Ötən Olimpiya Oyunlarında cüdo üzrə medalımız olmamışdı. Rio Olimpiadasında bu növdə iki gümüş medal parlaq nəticədir. Kanoe sprint idman növü üzrə ilk dəfə Olimpiya medalı qazandıq. Yunan-Roma, qadın güləşçilərinin, boksçularımızın böyük uğurlarını qeyd etmək istəyirəm. London-2012 Yay Olimpiya Oyunlarında iki qızıl medal əldə etmiş sərbəst güləşçilərdən yenə də yüksək nəticələr gözləyirik. Rio Olimpiadasında yarışlar davam edir. Fürsətdən istifadə edib, Azərbaycan yığmasına böyük uğurlar arzulayıram".
Aysel Tağızadə