Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Olimpnews.az saytının məlumatına görə, yığma komandamızın üzvü Kamran Şahsuvarlı 1/2 final mərhələsində mübarizə aparıb.
İlk 2 döyüşündə Zao Minqqanqla (Çin) Artyom Çebotaryovu (Rusiya) mübarizədən kənarlaşdıran 26 yaşlı dəri əlcək ustamız 1/4 final çərçivəsində qazaxıstanlı Janıbek Alimxanuli ilə üz-üzə gəlib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız yarımfinala yüksəlməklə, özü üçün minimum bürünc medalı təmin edib.
75 kq çəkidə mübarizə aparan boksçumuz daha yüksək əyarlı medal hədəfini isə reallaşdıra bilməyib. Kubalı Arlen Lopezlə döyüş gərgin mübarizə ilə yadda qalsa da, Kamran məğlubiyyətlə barışmalı olub. Hər üç raundda rəqibindən geri qalan gənc boksçumuz 0:3 hesabı ilə məğlub olub. Buna baxmayaraq, o, boks yığmamızın ilk bürünc medalını qazanıb.
Qeyd edək ki, boks yığmamızın daha bir üzvü Lorenzo Sotomayor (64 kq) da yarımfinala vəsiqə qazanıb və çempionluq şansı davam edir.