Qadın güləşçimiz Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu - FOTOLAR

Qadın güləşçimiz Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu - FOTOLAR


Azərbaycanın qadın güləşçisi Nataliya Sinişin Rio-de Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

"Olimpiya dünyası" qəzetinin Rio-ya ezam olunmuş əməkdaşının məlumatına görə, güləş yarışlarının beşinci günündə 53 kiloqram çəki dərəcəsində çıxış edən Nataliya Sinişin ilk görüşündə yaponiyalı 13 qat dünya və üçqat Olimpiya çempionu Saori Yoşidaya məğlub olub. Rəqibin finala yüksəlməsi ilə güləşçimiz təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb. Bürünc medala gedən yolda güləşçimizin ilk rəqibi seneqallı Elezabet Sambu olub. Rəqibini məğlub edən Nataliya Sinişin üçüncü yer uğrunda görüşdə venesuelalı Angelisa Arquelladan üstün olub və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Qeyd edək ki, Nataliya Sinişin 1985-ci il iyulun 3-də Ukraynanın Sosnivka şəhərində anadan olub. 2006-cı və 2009-cu illər dünya çempionatlarının bürünc medalçısıdır. Güləşçi 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında bürünc medal qazanıb.

Nataliya Sinişin 2009-cu ildə Vilnüsdə, 2012-ci ildə Belqradda və 2016-cı ildə isə Riqada Avropa çempionatının qızıl medalına sahib olub.














Murad Fərzəliyev,
Fotolar müəllifindir
Rio-de Janeyro

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir